Modern.az

AZƏRBAYCAN DİLİ: milli varlığımız, mənəvi sərvətimiz - VII

AZƏRBAYCAN DİLİ: milli varlığımız, mənəvi sərvətimiz - VII

9 İyun 2017, 11:04

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor


Bunlar tarixi həqiqətdir


Azərbaycan Respublikasının yeni konstitusiya layihəsi (1995-ci ildə) mətbuatda çap olunmuş və xalqın müzakirəsinə verilmişdir. Layihə mətbuatda çap olunandan sonra dövlət dilinin adının necə adlanması barədə təkliflər olmuşdur. 18 adam dövlət dilinin “türk dili” olmasını təklif etmişdir. Səsvermə hüququna malik olan 4 milyon əhalidən 18 nəfərin dövlət dilini “türk dili” kimi təklif etməsi onu göstərir ki, heç bununla müqayisəyə uyğun gəlməyən böyük əksəriyyət “Azərbaycan dili” ifadəsinin tərəfdarı olmuşdur. Ancaq buna baxmayaraq, yenə də Heydər Əliyev səbrlə bu məsələnin müzakirəsini aparırdı. O, müzakirə zamanı deyirdi: “...layihə mətbuatda veriləndən sonra 18 adam təklif eləyibdir ki, “türk dili” olsun. Qalan heç bir kəs təklif eləməyibdir. Yəni səsvermə hüququna malik olan 4 milyon əhalimiz var. 4 milyondan 18 adam təklif eləyibdir. Demək, əgər mən bu işə formal, mexaniki yanaşsaydım, mən deyərdim 18 adam nədir ki, əksəriyyət Azərbaycan dilinin tərəfdarıdır. Amma görürsünüz ki, nə qədər dözümlə, nə qədər səbrlə bunu müzakirə eləyirik”. Heydər Əliyev 1950-ci illərdə, konkret olaraq 1956-cı ildə dövlət dilinin “Azərbaycan dili” olması barədə qərar qəbul edildikdən sonra respublikamızın başına gələn oyunları da xatırladırdı. Belə ki, bu oyunda iştirak edən tərəflərin şəxsi mənafeyi ona gətirib çıxardı ki, guya Azərbaycanda millətçilik var. Yəni konstitusiyaya “Azərbaycan dili” ifadəsinin yazılmasını o vaxt millətçilik kimi Moskvaya satdırdılar. Heydər Əliyev tarixi həqiqətlər barədə belə deyirdi: “... məlumatlar yazdılar Moskvaya ki, burada millətçilik, filan var, peşməkan var. 1959-cu ildə Siyasi Büronun böyük qərarı çıxdı. Ondan bir il qabaq Sadıq Rəhimovu (Nazirlər Sovetinin sədri- B.X.) işdən götürdülər. ...1959-cu ildə Siyasi Büronun böyük bir qərarı çıxdı ki, Azərbaycanda millətçilik var. Vəli Axundov oldu başçı. ...Vəli Axundov oldu respublikanın rəhbəri”. Heydər Əliyev həmin dövrün didişmələr, çəkişmələr dövrü olduğunu çoxlarının xatirinə salır, o dövrü yaşamayanlara isə tarixi həqiqətləri anladırdı. Məhz bununla belə, Heydər Əliyev fikrini davam etdirərək deyirdi: “Ondan sonra nə etdilər? (Vəli Axundov respublikanın rəhbəri olduqdan sonra – B.X.) Gəldilər ki, - xatirinizə salmaq istəyirəm, - niyə siz Nərimanovu bir belə şişirtmisiniz? Niyə bunu belə etmisiniz? Yəqin ki, bizim tarixçilərin xatirindədir bunlar. Böyük bir bəlaya düşdük biz. Ondan sonra – həmin o 1959-cu ildən 1969-cu ilə qədər, bizim dövrümüzə qədər yenə də didişmələr dövrü oldu. Ona görə, mən bunların şahidi olduğuma görə, 1969-cu ildən Azərbaycanda camaatı birləşdirməyə, xalqı birləşdirməyə, rəhbərlikdə birlik yaratmağa, sabitlik yaratmağa çalışdım və buna da nail oldum”.

        
Heydər Əliyev 1978-ci il konstitusiyasında “Azərbaycan dili” ifadəsinin yazılmasının asan olmayan bir məsələ olduğunu, o dövrdə çox böyük çətinliklərlə üzləşildiyini, respublikaların hüquqlarını məhdudlaşdırmaq istiqamətində proseslərin getdiyini Moskvada şovinistlik əhval ruhiyyəsinin yüksəlməsi ilə bağlayırdı və yaranmış maneələrin gizli məqamlarını da açıqlayırdı. Məhz tarixi həqiqətin bu məqamlarını Heydər Əliyev qədər dərindən bilən və təhlil edən ola bilməzdi. Görün o, nə qədər mənalı, məzmunlu və tarixin çoxlarımıza qaranlıq olan məqamları barədə izah, təhlil verirdi: “... 1977-ci ildə, 1978-ci ildə konstitusiya müzakirə olunarkən böyük maneələrə rast gəldik. O vaxtlar artıq Moskvada şovinistlik əhval-ruhiyyəsi çox yüksəlmişdi. İndi bu incəlikləri bilmirsiniz, məsələn, 1973-cü ildə partiya biletləri dəyişiləndə götürdülər partiya biletlərindən respublikalara aid olan bəzi sözləri çıxardılar. Bu proses gedirdi ki, lazım deyil Azərbaycan Kommunist Partiyası olsun, ya Ukrayna Kommunist Partiyası olsun. Elə bir dənə Sovet İttifaqı Kommunist Partiyası var, bəsdir. Sonra orada bu proseslər gedirdi, yəni respublikaların hüquqlarını məhdudlaşdırmaq, ümumiyyətlə bir dövlət etmək, xalqları birləşdirmək, guya ki, bir vahid Sovet xalqı var, - bu proses gedirdi. Ona görə 1977-78-ci illərdə çox gərgin mübarizə gedirdi ki, hərə öz konstitusiyasını nə cür edəcəkdir. Və bunlardan biri bizim milliliyimizi, müstəqilliyimizi müəyyən hədd daxilində də olsa təmin etmək üçün dövlət dilinin olması idi. O vaxt buna nail olduq və siz də çox sağ olun ki, kömək elədiniz”. Heydər Əliyev “ O vaxt buna nail olduq və siz də çox sağ olun ki, kömək elədiniz” deyəndə 1978-ci il konstitusiyasında dövlət dilinin “Azərbaycan dili” olması ifadəsinin yazılmasını nəzərdə tuturdu. Eyni zamanda onu da xatırladırdı ki, o vaxt konstitusiyada dövlət dilinin “Azərbaycan dili” olması ifadəsinin yazılmasına mane olunurdu. Elə bu maneənin nəticəsi idi ki, 15 müttəfiq respublikadan ancaq 3 respublikanın (Azərbaycan, Gürcüstan, Ermənistan) konstitusiyasında dövlət dili yazılmışdı. Baxmayaraq ki, Ukraynanın, Belorusiyanın, Qazaxıstanın, Özbəkistanın ərazisi, əhalisi, iqtisadi imkanları bizimlə müqayisədə çox böyük olmuşdur. Həmin respublikalara rəhbərlik edən şəxslərin o vaxt nüfuzu da az olmamışdır. Ancaq onlar öz konstitusiyalarında dövlət dilinin adını yazmamışlar, ya da ki bunu yazmağa cürət etməmişlər. Bu mənada Heydər Əliyev deyirdi: “Bəli, o vaxtlar, məsələn, rəhbərliyin qarşısında Şerbitskinin bir sözü iki olmurdu. Amma bunu yazmadı (dövlət dilini- B.X.) . Özü yazmaq istəmədi, ya yaza bilmədi. Yaxud da ki, Kunayevin bir sözü iki olmurdu. Birinci, Qazaxıstan böyük respublika idi, ikinci o, çoxdan işləyən bir adam idi, hörməti var idi, üçüncü də Brejnev ilə onun şəxsi dostluğu var idi. Qazaxıstanda bir yerdə işləmişdilər. Ona görə də Siyasi Büroda onun bir sözü iki olmurdu. Rəşidov da həmçinin. Amma bunların heç biri cürət eləmədi götürsün yazsın ki, Qazaxıstanın dövlət dili qazax dilidir, yaxud Ukraynanın dövlət dili Ukrayna dilidir, yaxud da ki, Özbəkistanınkı özbək dilidir”.


Heydər Əliyev 1978-ci il konstitusiyasında “Azərbaycan dili” ifadəsinin yazılmasında şəxsən onun ziyalılara, xalqın özünə o vaxt ehtiyacı olduğunu gizlətmirdi. Bu, Heydər Əliyev şəxsiyyətindəki səmimiyyətin göstəricilərindən biri idi. 1978-ci il konstitusiyasında “Azərbaycan dili” ifadəsinin yazılması üçün Heydər Əliyev istəyirdi ki, Moskva anlasın ki, bu istək təkcə rəhbərin (Heydər Əliyevin) istəyi deyil, bunu xalq istəyir. Ona görə də mərkəz (Moskva) buna mane olmasın deyə Azərbaycanın bütün rayonlarından Moskvaya teleqramlar göndərilmiş, Yazıçılar İttifaqında müzakirələr aparılmışdır. Məhz konstitusiyada dövlət dilinin “Azərbaycan dili” yazılması üçün Heydər Əliyevə kömək məqsədilə Moskvaya teleqramların göndərilməsi də, Yazıçılar İttifaqında müzakirələrin aparılması da lazımlı bir iş olmuşdur. Bu işə mane olanlara qarşı həqiqətin nədən ibarət olduğunu göstərmək üçün Heydər Əliyevin  teleqramlara da, müzakirələrə də ehtiyacı olmuşdur. Heydər Əliyev həqiqətin bu məqamı ilə bağlı deyirdi: “Biz yazdıq. Onda, əlbəttə ki, mənim sizə ehtiyacım var idi, mən istəyirdim ki, bir tək mənim səsim olmasın, xalqın səsi olsun, ziyalıların səsi olsun. Çünki, mən çox böyük müqavimətlərə rast gəlirdim”.

 
“Azərbaycan dili” ifadəsinin “türk dili” kimi yazılması bir məsələdə dolaşıqlıq yarada bilərdi ki, bunu da müzakirə zamanı səsləndirən ziyalılarımız olmuşdu. Belə ki, hər bir dilin arxasında o dilə aid olan, o dildə yazılan ədəbiyyat da vardır.Əgər dilimizin adı “Azərbaycan dili” deyil “türk dili” yazılardısa, onda ədəbiyyatımızın adı necə olmalı idi?! Türk dili ifadəsinin arxasında bu dildə yazılmış ədəbiyyatın adı gəlir. Onda həmin ədəbiyyat türk ədəbiyyatı olmalı idi. Beləliklə, böyük bir dolaşıqlıq yaranırdı. Məsələnin bu cəhətinə Elçin Əfəndiyev həssaslıqla yanaşırdı: “...Fikirləşirəm ki, əgər mən, tutalım, Azərbaycan dilini yalnız “türk dili” adlandırıramsa, onda Azərbaycan ədəbiyyatına nə deməliyəm? Çünki, Azərbaycan ədəbiyyatı, aydın məsələdir ki, dillə bağlı bir şeydir, dilin üzərində qurulmuş bir şeydir. Əgər mən Azərbaycan dilinə yalnız  “türk dili” deyirəmsə, onda Azərbaycan ədəbiyyatına nə deməliyəm? Onda “türk ədəbiyyatı” deməliyəm. Və bu zaman çox böyük qarışıqlıq əmələ gəlir...”


Elçin Əfəndiyevin fikrincə təkcə “türk dili”, təkcə “Azərbaycan dili” yazmaq düzgün deyildir. O, hər iki ifadəni “türk” və “Azərbaycan” sözlərinə haqq qazandıraraq belə bir təklif irəli sürürdü ki, “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan (türk) dilidir”. Burada o, “Azərbaycan” və “türk” sözlərinin mənəvi haqqını nəzərə alırdı. Məsələn, “Azərbaycan dili” ifadəsi barədə deyirdi: “Azərbaycan dilindən nə qədər əsər tərcümə olunub (o cümlədən Azərbaycan dilinə də dünya ədəbiyyatı tərcümə olunub – B.X.), çap olunub, bunların hamısında yazılıb ki, Azərbaycan dilindən tərcümədir. Yenə də təkrar eləyirəm dediyim sözü ki, bu “Azərbaycan dili” ifadəsi son 60 ildə Azərbaycan xalqının nəinki mənşəyinə daxil olub, bu, Azərbaycan xalqının özünü ifadəsinə, bir hissəsinə çevrilib”. “Türk” sözünün yazılması isə Elçin Əfəndiyevə görə, onu göstərir ki, “bu, türk dilidir”. Yəni “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan (türk) dilidir”, deyəndə mötərizədəki, “türk” sözü Azərbaycan dilində nəyi nəzərdə tutduğumuzu aydın edir. “...yəni mötərizədə deyirik ki, bu, türk dilidir”.


Ümumiyyətlə, “Azərbaycan dili” ifadəsinə etiraz edənlər bir neçə siyasi məqamı unudurdular. Birincisi, “Azərbaycan dili” ifadəsini qəbul etməməklə özləri də bilmədən belə bir damğanı vururdular ki, Azərbaycan dili formalaşmayıbdır. Halbuki bu dilin formalaşmamasından danışmaq və bunu ağıla gətirmək əsası olmayan bir məsələ idi. Bir sözlə, Azərbaycan dilinin formalaşmaması barədə heç bir dəlil və sübut yoxdur. Bu barədə Elçin Əfəndiyevin fikirləri yerində olan məntiq idi: “Mən deyərdim ki, başqa türkdilli dövlətlərin arasında dilimiz bəlkə də ən mükəmməl ədəbi dillərdən biridir. Azərbaycan ədəbi dili yaranıb, Azərbaycan ədəbi dilinin normaları yaranıb. Hamsı öz qaydasındadır”.

        
“Azərbaycan dili” ifadəsinə etiraz edənlərin unutduğu ikinci siyasi məqam onunla bağlı idi ki, Azərbaycanın gələcək müstəqilliyində, gələcək taleyində “Azərbaycan dili” ifadəsi çox şey vəd edirdi. Bunu unutmaq olmazdı. Üçüncü bir tərəfdən, göz görə-görə “Azərbaycan dili” ifadəsinə qarşı olmaq şərhi olmayan, olsa da, həmin şərhlərdə elmi-məntiqi əsaslara söykənməyən məqamlar vardı. Bu məqamlarla bağlı Heydər Əliyevin mövqeyi, daha doğrusu, fikirləri çox tutarlı görünürdü. Diqqət edək: “Hətta bu gün “Millət” qəzetində yazıblar ki, Nizami deyibdir ki, mən türkəm, Xaqani belə deyibdir, nə bilim, Füzuli bunu deyibdir, ondan sonra gələnlər də bunu deyillər. Bunlar hamısı doğrudur. Mən hesab edirəm ki, bütün müzakirələrimiz və gedən bu mübahisələr heç vaxt o qərara gətirib çıxara bilməz ki, biz mənşəyimizi düzgün bilmirik. Biz bilirik mənşəyimizi. Biz türk mənşəli millətik və türkdilli xalqların dilinə mənsub olan dilimiz var. Elədirmi?


Yerdən səs: Elədir.


H.Ə.Əliyev: Bunu inkar edən yoxdur ki?


Yerdən səs: Yoxdur”.


Heydər Əliyev bizim əcdadlarımızın və mənşəyimizin məlum olduğunu, dilimizin türkdilli olduğunu söyləməklə yanaşı, milli mənsubluğumuzu da diqqət mərkəzində saxlayırdı. Bəlkə də bir çoxları məsələnin müzakirəsində dövlət dilinin adı və millətin adı dedikdə natamam mövqe nümayiş etdirirdilər. Heydər Əliyev isə deyilən hər bir fikri müzakirə etməklə əsl həqiqəti təqdim etmək istəyirdi. Ona görə də o, bu istiqamətdə fikir yürüdənləri də, seyrçi mövqedə olanları da düşündürürdü. Həqiqət olmayan nə vardısa, onların hər birini məntiqli mühakiməsi ilə təkzib edirdi. Onun məntiqi məcbur edirdi ki, hər bir kəs-ziyalılar, dilçilər, ictimai xadimlər müzakirəyə qoşulsunlar. Məsələn, dövlət dili “Azərbaycan (türk) dili” olsun fikrindəki həqiqəti üzə çıxartmaq üçün deyirdi: “Dövlət dilinin adını yazaq: “Azərbaycan (türk) dili”, millətimizin adını nə yazaq?


Yerdən səslər: Ona toxunmayaq.


H.Ə. Əliyev: Ona toxunmayaq? Bəs nə təhər ona toxunmayaq? Əgər toxunuruqsa, gərək hamısına toxunaq da”. Bəli, əgər dövlət dilinin adı qeyd olunan variantda və digər variantlarda olarsa, bəs millətimizin adı necə olmalıdır? Sadəcə olaraq təkliflərin və fikirlərin bir qismi siyasi cəhətdən tam görünmürdü. Belə ki, siyasi terminologiya ölçülü-biçili olmalıdır. Bu mənada Heydər Əliyev emosiyalara uyanlara, populist şüarlar irəli sürənlərə çox soyuqqanlı yanaşırdı və zaman, vaxt müqabilində onları siyasi cəhətdən maarifləndirirdi. Bu yolda bütün imkanlardan və vasitələrdən istifadə edirdi. Belə bir məqamda Həsən Həsənovun fikri müzakirənin son qərara yaxınlaşmasını göstərirdi. Beləliklə, Heydər Əliyev müzakirə və təhlil əsasında son qərara yaxınlaşmağa şərait yaradırdı. Emosional, populist çıxışlar geri çəkilməklə öz yerini son qərara verirdi. Bu mənada Həsən Həsənovun fikri də maraqlı idi: “...Azərbaycan dili Azərbaycan adı ilə qəbul olunur. Bu hamının fikridir. Bununla yanaşı, təklif olunur ki, mötərizədə Azərbaycan dilinin hansı dil qrupuna daxil olduğu konstitusiyada qeyd edilsin. Bunu dünyanın heç bir dövləti qeyd eləməyib. Onda ingilislər yazmalıdırlar: İngiltərənin dövlət dili ingilis dilidir, mötərizədə - german. Onda fransızlar yazmalıdırlar: Fransanın dövlət dili fransız dilidir, mötərizədə -roman. Onda ruslar yazmalıdırlar: Rusiyada dövlət dili rus dilidir, mötərizədə-slavyan. Konstitusiya mövzusu deyil, bu, elmi tədqiqtların mövzusudur”.


Dilimizin adı ilə bağlı xalqın içərisində elə bir fikir ayrılığı yox idi. Yuxarıda qeyd olunduğu kimi, konstitusiya layihəsinin müzakirəsində 18 nəfər “türk dili” adını təklif etmişdi. Səsvermə hüququna malik olan 4 milyon əhalinin yerdə qalanı “Azərbaycan dili” ifadəsinin tərəfində olmuşdu. Ancaq bununla belə, Heydər Əliyev ziyalılar arasındakı fikir müxtəlifliyini təbii qəbul edirdi. O, bu məsələdə iki məqama xüsusi diqqət yetirirdi. Birinci məqam o idi ki, “Müstəqil Azərbaycan Respublikası deyəndə biz Azərbaycan Respublikası deyirik. Buna başqa ad vermək olmaz. Əgər buna kimsə başqa ad versə, bu bizim xalqımıza, torpağımıza, millətimizə xəyanət ola bilər. Bu, Azərbaycan Respublikasıdır və bizi Azərbaycan Respublikası kimi tanıyırlar”. İkinci bir məqam milli mənliyimizlə, milli kimliyimizlə bağlı olan məqam idi. Bununla bağlı olaraq Heydər Əliyev deyirdi: “...milli mənliyimizi gərək itirməyək. Milli mənliyimiz də var, onunla da biz fəxr edə bilərik”. “Azərbaycan dili” ifadəsinin dövlət dili kimi konstitusiyada yazılmasında əsas hədəf məhz milli mənliyimizin qorunması idi. Milli mənliyimizin yaşaması idi, milli mənliyimizin gələcəyə getməsi idi.       

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir