Modern.az

Aygün Səmədzadə: “O “uşaq”dan bərk-bərk yapışmışam” - MÜSAHİBƏ

Aygün Səmədzadə: “O “uşaq”dan bərk-bərk yapışmışam” - MÜSAHİBƏ

9 İyun 2017, 16:20

Modern.az saytının müsahibi tanınmış bəstəkar Aygün Səmədzadədir.

“Tut ağacı”, “Məktəb illəri”, “Ruhumuz qovuşacaq”, “Bu dünyanı nağıl bilək” və bu kimi onlarla məşhur mahnının müəllifi bəstəkar Aygün Səmədzadə həm də musiqi tarixinin mahir bilicisidir.
 

- Aygün xanım, uzun müddət musiqi tarixinin tədrisi ilə məşğul olmusunuz. Azərbaycan musiqi tarixi Şərq incəsənətini nə dərəcədə zənginləşdirib?

- Professional Azərbaycan musiqisi şifahi ənənələrə əsaslanan Şərq musiqisinə yazılı not ədəbiyyatı gətirib. İrihəcmli musiqi janrlarının Şərqdə ilk və ən gözəl təməllərini qoyub. Şərq və Qərbin musiqi dünyalarının ən vacib bərabər nailiyyətləri sözün əsl mənasında, professional Azərbaycan musiqisi ilə çox baglıdır. Muğam operası, simfonik muğam, caz muğamı və ümumiyyətlə, adları bir yazıya sığmayan yüzlərlə klassik janrda meydana çıxan Azərbaycan münasibəti buna parlaq misaldır. Bu zənginliyi yaradanlar isə Üzeyir bəy və onun ardınca gələn nəhəng musiqi ordusu idi.

 

- 2017-ci ildəyik... Zəngin musiqimiz və tarixi ənənələrimiz var... Hazırda musiqinin dərkinin zəif olduğu bir cəmiyyətə bunu aşılamaq bir bəstəkar kimi sizin üçün nə dərəcədə çətindir?

- Bu çox ağır məsələdir... 2017-ci il və musiqi dərkinin inkişafı əvəzinə, zəifləməsindən danışmaq... Biz peşəkar musiqi təhsili olanların bir qismini kənara qoysaq, ümumi dinləyici kütləsi musiqiyə münasibət baxımından doğrudan da, geriləyir. Az-çox zövqü, dərketmə qabiliyyəti olanlarını da kütləvilik incidir. Adamların müəyyən bədii fikri doğru-düzgün anlaması üçün bu gün cümlələri ixtisar etmək məcburiyyətindəyik. Musiqi dərki bir az arxa plana keçib. Çünki buna ağılla, savaşla, münbit mühitdən gəlməlisən. O da çətindir... Amma harada olsa da, Azərbaycanda belə olmamalı idi. Çünki musiqi ənənələrimiz və zəngin nümunələrimiz var. Avropa musiqisinin minilliklərlə yarada bildiyini Üzeyir bəy və məsləkdaşları bir yüzillikdə Azərbaycan üçün yaradıb bu xalqın ovcuna qoydular, ruhuna hopdurdular. Hələ ki bu sütunlara arxayınıq. Sonra nə baş verəcək, bilmirəm. Amma bu, bütün dünyada gedən bir  prosesdir, yəqin ki, azı-çoxu hər zaman olub. Dərk edən və dərk etməyənlər də hər zaman var olacaq ki, aradakı fərq duyulsun. Amma bu fərqin kəskin dərinləşməsini heç istəməzdim. Bunun müalicəsini yalnız musiqinin düzgün təbliğatında və təhsilində görürəm. 

 

- Musiqiyə bu cür ziyalı yanaşma sizə haradan formalaşıb?

- “Musiqiyə ziyalı yanaşma” - bu ifadəni çox sevdim. Qeyri-təvazökar səslənsə də, nə vaxtsa yazdıqlarıma görə belə bir fikir eşidəcəyimi də gözləmişəm. İçində ziya varsa, sənətində görsənməlidir. Yoxdursa, istəyirsən, hər kitabdan 5-10 sitat əzbərlə, xeyri olmaz. Musiqi əsl kimliyini ələ verə biləcək qüvvəyə malikdir və yazdıqların sənin düşüncə tərzini və səviyyəni nümayiş etdirir

 

- Atanız, akademik Ziyad Səmədzadə musiqiyə sevgisi ilə fərqlənir. Sizin bu sənəti seçməyinizdə atanızın nə kimi rolu olub?

- Sənəti seçənə qədər oxuyursan, öyrənirsən. Atamın və anamın rolu desəm, daha dogru olar; qabiliyyəti görmə qabiliyyəti və onu düzgün istiqamətləndirmə. Bir də şübhəsiz ki, genetika və inkişafım üçün münbit mühit...


-  Ziyalı ailədə anadan olmanız musiqiyə baxışınızda nələri dəyişdi?

- Böyük bir ziyali nəslin nümayəndəsiyəm. Ona görə mənimçün heç nə dəyisməsə də, hər şey dəyişdi...


- Bəstələriniz elə bil ki, içinizdə gizlənən uşaqlığın harayıdır. O “uşaq” bəzən tut ağacına çıxmaq istəyir, bəzən, isə məktəb illərinin həsrətini çəkir. Aygün xanım, o “uşaq” olmasaydı, siz bir bəstəkar kimi nəyi itirərdiniz?

- İçimdəki “uşaq” itsə, ürəyim küsər. Musiqimin xarakteri gedər. Mənim uşaq tərəfim ruhumun qanadlarıdı. Təkcə mahnılarımda yox, həyatda da bèləyəm. O “uşaq”dan bərk-bərk yapışmışam. Qaçsa, özüm itərəm.


- Aygün xanım, ən məşhur bəstələrinizdən birinin - “Tut ağacı” mahnısının yaranma prosesindən danışaq...

- Yazdıqlarımın yaranma prosesi özüm üçün də maraqlıdır. Gəlir, yazıram... Hiss, emosiya, haradasa məntiq, haradasa xaos - bütün bunların inadla, sevgiylə, ağrıyla və ən əsası səliqəylə və mədəni şəkildə ərsəyə gəlməsini ugurum hesab edirəm.

 

- Bugünkü Azərbaycan estradası nə üçün Aygün Səmədzadə mahnılarının səviyyəsində deyil?

- Səviyyəyə qalxmaq və səviyyəyə düşmək problem oldugu üçün (gülür).

 

- Aygün xanım,  bizə uşaqlığınızdan bir xatirə danışın... Hansı mahnınızı həmin xatirənin ovqatında görürsünüz?

        

- İndi hansısa bir xatirəni yada sala bilmərəm. Amma fraqmentar şəkildə deyim: Yayın istisi... Tut agacının hasarları aşan budaqlarına söykənib "Kəndimiz" mahnısını oxuyardım. Həyətimizdə yalançı “mikrafon”larla konsert verərdim. Sıraya düzülüb dənizə gedərdik. Hər meyvəni öz vaxtında yeyərdik və buna görə sevinərdik. Bilgəhdə namaz qılan ağ araqçınlı babama necə maraqla baxdığım da yadımdadır, isti yay gecəsi ilıq qum üzərində, meynələrin arasında uzanıb ulduzları saya-saya anamın nağıllarıyla yuxuya getməyim də... Buzovnada “Ata-Boba evi”ndə böyük bir masa arxasında, hər iki başında nənəm və babam üçün nəzərdə tutulan daha hündür kreslolar qoyulmuş geniş ailə süfrəsində səhər yeməyi də gözəl idi və deyim ki, o çörəyin, o qəndin, pendirin dadı heç yerdə yoxdu. (gülümsəyir).

Ən köhnə xatirələrimdən biri isə körpəykən atamın məni "Ağ çiçəyim" mahnısıyla yatırmasıdır. Sonralar bunu özünə deyəndə "axı çox balacaydın, necə qalıb yadımda” söylədi. Bir də pianonun klavişlərinə aşağıdan-yuxarıya baxmağımı unutmuram. Fortepianonun altından yuxarı boylanmaqçun da çox balaca və çox bilmək istəyən olmalısan məncə. Bəlkə, kiməsə maraqlı, kiməsə gülməli gələr deyə, bunu da deyim: "Bizim Cəbiş müəllim” filmi bir müddət ekranlarda olmayıb. Ona görə biz də doğrudan da HADİSƏ olan bu filmə baxmaq üçün uşaqlarla dərsdən kinoteatra qaçmışdıq.

...Və bu gün də seçimimiz düz olduguna görə bunu fəxrlə qeyd edirəm (gülür). Sadaladıqlarımdan gələn enerji bütün mahnılarıma hopub..

- Hər xatirənin öz xəyali musiqisi varmı?

- Xatirələr mahnıda da, sönmüş arzuda da, soyuq torpaqda da, külə dönmüş kağızda da qala bilər. Və hər xatirənin baxtına mahnıya çevrilmək düşsəydi,  dünyanın musiqisi elə xatirə dəftərlərində olardı. Xatirənin mahnıya çevrilməsi üçün ordan səndə bir sevgi qıgılcımı qalmalıdı.

 

- Son illərin müşahidəsi göstərir ki, Aygün xanım daha əvvəlki kimi şou-biznes nümayəndələri ilə işləməyə və televiziya proqramlarına maraqlı deyil. Bunun səbəbi nədir?

- Heç bir zaman ekranlarda səbəbsiz şəkildə çox görünməyə maraqlı olmamışam. Əgər məni ardıcıl olaraq verilişlərdə görsəniz, bilin ki, ya zaman baxımından rahat vaxta düşüb, ya dəfələrlə təkid olunduqdan sonra inciməsinlər deyə, çıxmışam. Söhbət özündənrazılıq və ədəbazlıqdan, “mənəm mənəmlik”dən getmir. Tamaşaçı qarşısına çıxmağa səbəbin saç, paltar, ayaqqabı və dişləri nümayiş etdirməkdirsə, efirdən kimisə söymək, bilmədiklərini məsləhət vermək, dərs keçmək, öyüd-nəsihət verməkdirsə, burada mənə ehtiyac yoxdur. Maraqlı aparıcılarla müsahibəni sevirəm. Verdiyi sualı və alacağı cavabı anlayanları yəni...

O ki qaldı şou-biznes nümayəndələrinə, gözəl müğənnilərdisə, onlara kəskin də olmasa, marağım var. Çünki yazdıqlarımı gözəl ifalarda eşitmək həm mənə , həm də musiqimi sevənlərə xoş əhval gətirər.

 
- Aygün xanım, son olaraq həm hazırki, həm də qarşıdakı  elmi-nəzəri və bəstəkarlıq planlarınızdan danışardınız...

- Hazırda həm elmi iş, həm musiqi əsərləri üzərində çalışıram. Çox mühüm bir dram əsərinə musiqini tamamlamaq üzrəyəm. Məşqlərin başlanmasını səbirsizliklə gözləyirəm.

Hər şey yaxşı olsa, gerçəkləşdirmək istədiklərimizlə reallıq uygunlaşa bilsə, yaxında yenə də konsertim olacaq.

 

 

 

- Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov və s. kimi klassik bəstəkarlarımızın əsərlərində bəzi qatlar, incə detallar var ki, onlar əsl musiqi hadisəsi olsa da. diqqəti çəkməyiblər. Bu kimi hallara münasibətiniz....

 

- Əsl musiqi hadisəsi olub diqqət çəkməmək çox əsərlərin başına gələ bilər. Və bu onu yaradan üçün ağır olsa da, zaman hər şeyi yerinə qoyur. Eşidilmək, sevilmək qismətindədirsə, bu, nə vaxtsa, olacaq..

...Və bu dahilərin musiqisindəki daha dərin qatları görməmək, eşitməmək sənətin deyil, ona dəyər verə bilməyənin itkisidir.



Elmin Nuri

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir