Modern.az

Əcnəbi şairələr Azərbaycan haqda: “Nizami Gəncəvi və Müslüm Maqomayevi tanıyırıq”

Əcnəbi şairələr Azərbaycan haqda: “Nizami Gəncəvi və Müslüm Maqomayevi tanıyırıq”

Aktual

10 İyun 2017, 17:34

Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində “Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənc şairlərin Bakı Forumu keçirilib. 11 müxtəlif ölkədən gələn şairələr üçgünlük Forumda  Bakı  şəhəri, Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatı haqqında bilgilərə sahibləniblər.

Modern.az saytının əməkdaşı  əcnəbi şairələrin Azərbaycan, oranın insanları və ədəbiyyatı haqqında təəssüratlarını alıb.  Xarici ölkələrdən olan xanımlar  Bakı şəhəri və insanların qonaqpərvərliyi barəsində ağızdolusu danışıblar:

 

Adamia Qvantsa (Gürcüstan)

 

“Foruma Gürcüstandan  qatılıram. Burada öz şeirimi təqdim etmək və insanlarla mütəmadi yaradıcı əlaqədə olmaq  istəyirəm.  Təəssüf ki, bundan əvvəl Azərbaycan ədəbiyyatı haqqında xəbərim olmayıb. Amma Foruma qatıldıqdan sonra təkcə  Azərbaycan ədəbiyyatı deyil, ümumiyyətlə, ölkənizdəki hər şeyə marağım artıb. Azərbaycana gələcəyimi biləndə  çox həyəcanlandım. Çünki burada heç vaxt olmamışdım. Amma indi ölkənizə çox öyrəşdim. Burada hər şey gözəldir.

Bakıda ən çox möhtəşəm binaları  və  memarlıq abidələrini çox sevdim. Şəhərdə həm qədim, orijinal binalar, həm də müasir tikililər var. Bir də insanlarınızı çox sevdim. Onlar həqiqətən də, mükəmməldirlər.

 

Sanja Sain (Xorvatiya)

 

“Xorvatiyanı təmsil edirəm, lakin özüm İsveçdə yaşayıram.  Təəssüf ki, Azərbaycan ədəbiyyatı  haqqında çox məlumatım yoxdur.  Azərbaycan haqqında ən çox bildiyim “Avroviziya” mahnı müsabiqəsidir. Bir neçə il bundan əvvəl sizin ölkə orada qalib gəldi və sonra “Avroviziya” Bakıda keçirildi. Bakının arxitekturası çox zəngindir. Bu şəhərdə mədəniyyətlər birləşir.  İnsanlar burada İslam memarlığı ilə yanaşı modern binaları da görə bilirlər. Bakıda fərqli mədəniyyətlər çox gözəl sintez olunub.

 

Morami Das (Hindistan)

 

“Hindistanı təmsil edirəm. Foruma gəldiyimi biləndə həm Azərbaycan, həm də paytaxtı Bakı şəhəri haqqında internet üzərindən məlumatlar öyrəndim. O zaman gördüm ki, sizin çox gözəl şəhəriniz var. Amma təəssüf ki,  ölkənizin ədəbiyyatı və tarixi haqqında heç nə bilmirəm. Azərbaycanı, Bakını yalnız xəritə üzərindən tanıyırdım. Bilirdim ki,  Rusiya və Türkiyənin yanında yerləşir. Amma Foruma gəldikdən sonra Azərbaycan haqqında çox şeylər öyrəndim. Ölkənizin tarixi də, ədəbiyyatı da, mətbəxi də zəngindir. Ən çox isə insanlarını sevdim. Onlar çox qonaqpərvərdilər.

 

Əfqanıstanı təsmil edən Nazi Karim:

 

“Əfqanıstandan gəlmişəm. Həm şairə, həm də sosioloqam. Azərbaycanı Böyük İpək Yolunun keçdiyi ölkələrdən biri kimi tanıyırıq. Əfqanıstan və Azərbaycan  İpək Yolunun qovşağında yerləşir.  Amma təəssüf  ki, mən Azərbaycan haqqında çox şey bilmirəm. Şəhərinizdə olmamışdım.  Bakı  çox gözəldir. Əfqanıstandakı insanlarla buranın vətəndaşları arasında oxşarlıqlar çoxdur.  Azərbaycan ədəbiyyatından ən çox tanıdığım Nizami Gəncəvidir. Onun yaradıcılığını çox sevirəm. Ümumiyyətlə, bizdə əfqanlar Nizamini çox sevir və oxuyuruq.  Başqa şairləri isə  tanımıram.

 

Şəhərinizin memarlığı Şərq ruhundadır və bu, çox gözəldir.

 

Ukraynalı təmsilçi Karina Tumayeva qeyd edib:

 

“Sizin ölkədə olduğum üçün çox xoşbəxtəm.  Azərbaycan  və Bakı şəhəri haqqında əvvəllər çox şey bilməsəm də, indi bir çox məlumatları öyrəndim. Özüm həm də sosioloqam. Sizin ölkənin ədəbiyyatı və tarixini Ukraynada təmsil etmək üçün əlimdən gələni edəcəyəm.

Azərbaycan adı çəkilərkən, gözümün qarşısına bir neçə tanınmış simalar gəlir. İndi onların adını xatırlaya bilmirəm. Amma Müslüm Maqomayevin adını mütləq çəkmək lazımdır. Mən onu Azərbaycandan olan böyük opera müğənnisi kimi tanıyıram”.

 

Elmin Nuri

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!