Modern.az

"Şöhrət" ordenli cərrah Cəfər Quliyevin 60 illik "üsyanı"  

"Şöhrət" ordenli cərrah Cəfər Quliyevin 60 illik "üsyanı"   

11 İyun 2017, 08:53

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt bölməsinin və Əli Kərim adına Poeziya klubunun təşkilatçılığı ilə şəhər Poeziya Evində Azərbaycanın tanınmış cərrahı, "Şöhrət" ordenli Hacı Cəfər Quliyevin "Tüstü də var, ocaq söndürür..." kitabının təqdimat mərasimi keçirilib.

Respublikamızın və Sumqayıtın tanınmış ziyalılarının, həmçinin Milli Məclisin deputatları  Muxtar Babayevin, Fərəc Quliyevin, Fazil Mustafanın, Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının, Sumqayıt şəhər İcra Hakimiyyətinin, müəssisə və təşkilat rəhbərlərinin, mətbuat və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri açan Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt bölməsinin sədri, respublikanın Əməkdar jurnalisti Rafiq Oday müəllifin sayca 6-cı olan kitabının ölkə əhalisinin, xüsusən də gənclərin sağlamlığının qorunmasına yönəldilmiş dəyərli bir əsər olduğunu diqqətə çatdırıb.

O, kitabın redaktoru (sponsoru Bakı Metropoliteninin sabiq rəisi, YAP-ın Yasamal rayonu üzrə sədri Tağı Əhmədov, rəssamı Qorxmaz İsrafiloğludur) kimi bildirib ki, Hacı Cəfər Quliyev zəngin təcrübəli, xalqını sevən, daim onun tibbi xidmətində sayıqlıqla dayanan  nüfuzlu, vətənpərvər bir həkim kimi dünyanın "sakit", lakin ən müdhiş bəlalarından biri olan siqarerin insan sağlamlığına vurduğu ciddi zərər və fəsadları danılmaz fakt və arqumentlərlə diqqətə çatdırmaq, siqaret aludəçilərini onların ömrünü qısaldan, minlərlə ailəyə bədbəxtçilik gətirən bu zərərli vərdişdən uzaqlaşdırmaq üçün uzun illər elmi-praktiki araşdırmalar, tədqiqatlar aparıb, maraqlı və olduqca faydalı olan bir kitab ərsəyə gətirib.

Tədbirdə çıxış edənlər -  Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, Milli Məclisin deputatları Sabir Rüstəmxanlı və Fazil Mustafa, ehtiyatda olan polis polkovniki Həmid Cəfərov, şairlərdən Əşrəf Veysəlli, Əvəz Mahmud Lələdağ, ziyalı qadınlar adından İndira Şəmsivari, tanınmış həkim, Sumqayıt Bələdiyyəsinin üzvü Kifayət Vidadiyeva və digərləri söz alaraq, belə bir mühüm mövzuda yazılan, indiki və gələcək nəsillər üçün çox faydalı olacaq kitabın müəllifinin vətəndaşlıq mövqeyini yüksək qiymətləndirib, Hacı Cəfər Quliyevin nə vaxtsa həkimlik fəaliyyətini dayandırsa da belə, insanların sağlamlığı uğründa onun xidmətinin bu kitabla hələ uzun illər davam edəcəyini bildiriblər. 

 

"SOS" siqnalı yayan belə bir kitab yazmağa həkim-cərrahı nə vadar etdi?

 

Ömründə heç vaxt nəinki siqaret çəkməyən, hətta onun tüstüsünü belə qəbul edə bilməyən Cəfər həkim hələ tələbəlik illərindən gələcək tibb işçisi kimi tütünün, siqaretin insan orqanizminə, bəşəriyyətə vurduğu ziyanlar barədə fakt və materiallarla tanış olduqca, onun bir çox xəstəliklərə, hətta xərçəngə, mədə xorasına, vərəm xəstəliyinə və s. bəlalara səbəb olduğu və hər il milyonlarla siqaret aludəçisinin həyatdan vaxtsız köçdükləri barədə məlumatları oxuyub-öyrəndikcə, o "zəhri-mar"a olan nifrəti daha da artırdı. Təsadüfi deyil ki, Cəfər həkim 60 ildir ki, siqaretə və onun aludəçilərinə qarşı "üsyan"a qalxıb, respublikanın əksər qəzet və jurnallarında siqaretin törətdiyi bəlalarla bağlı "SOS" xarakterli çoxlu sayda yazılar dərc etdirib. Lakin bəzən onun xeyirxah niyyəti birmənalı qarşılanmayıb. Hətta vaxtilə "Azərbaycan dəmiryolçusu" qəzetində  onun "Mədəni narkomanlar" adlı məqaləsi dərc olunmuşdu ki, bu da Mərkəzi Komitədə bir para yüksək vəzifəli siqaret aludəçilərinin qəzəbinə, həkimə qarşı ciddi təzyiqlərinə səbəb olmuşdu. Əgər görkəmli şair Məmməd Arazın xahişi ilə Ulu öndərimizin böyük qardaşı, akademik Həsən Əliyev işə qarışmasaydı, o məqalə Cəfər həkimə çox ağır başa gələ bilərdi.

Siqaretin insan üçün hansı bəlalar, faciələr törətdiyini bilmək üçün isə kitabdakı bir-neçə fakta diqqət yetirmək kifayətdir. Həkimin araşdırmaları göstərir ki, siqaretrin tərkibində 40-a yaxın narkotik maddə, 4000-ə qədər kimyəvi maddə var ki, onlar da insanların qanına, iliyinə işləyir, uzun müddət öz zərərli təsirləri ilə əzələ və dərialtı toxumalarda "ilişib qalır".

Müəllif  öz əsərində vaxtilə Moskvanın bir kibrit çöpündən, yəni iki tacirin evlərdən birinin zirzəmisində çəkdikləri siqaretin odundan tamamilə yanmasını (havanın da çox küləkli olması üzündən), bu səbəbdən Rusiya çarının fərmanı ilə siqaret çəkənlərin İngiltərədə də olduğu kimi meydanlarda dar ağacından asılmasından, əsrlərlə Türkiyəyə məxsus olmuş Azov qalasını Rusiyanın ələ keçirməsinin, bununla həm də Azov dənizinə yiyələnməsinin əsas səbəbinin   məhz siqaret "xəyanəti" olmasından və s. misallar gətirərək, tütünün xalqlara, bəşəriyyətə vurduğu ziyanlardan tarixi faktlarla söz açır və iqtisadçıların araşıdırmalarına əsaslanaraq bildirir ki, siqaret hər il birbaşa və dolayısı ilə dünya iqtisadiyyatına 200 milyard dollara qədər ziyan vurur və hər il 4 milyondan çox adam siqaret bəlasından dünyadan köçür.

 

Cəfər həkimin Azərbaycanda şahidi olduğu siqaret bəlalarından bəzi faktlar

 

Sanballılığına və dəyərinə görə namizədlik dissertasiyaı səviyyəsində bir elmi əsər olan kitabda göstərildiyi kimi, siqaret Azərbaycanda da  əhalinin həyatında bədbəxt hadisələrə, faciələrə heç də az səbəb olmamışdır...

...1941-45-ci il müharibəsindən sağ-salamat qayıdan, lakin "dünyanın düz vaxtında" siqaretin ucbatından dünyadan köçmüş Şahbaz kişinin ailə faciəsi Cəfər həkimi bu gün də göynətməkdədir. Belə ki, azyaşlı nəvəsini yanına alaraq "baba-bala" yatmağa hazırlaşarkən Şahbaz kişi elə yataqda, uzandığı yerdəcə "bir qüllab" siqaret çəkmək istəyir. Lakin onun havasını "can dərmanı" kimi sinəsinə çəkdikdən bir-neçə dəqiqə sonra kişini mürgü vurur və siqaret yanılı halda əlindən xalçanın üzərinə düşür. Faciə qaçılmaz olur - baba ilə nəvə evlə birgə yanıb külə dönürlər. Uşağın anası da bu ağır dərdə, faciəyə dözməyərək, bir ayın içində dünyadan köçür. Müharibə veteranı olan, "dünya görmüş" Şahbaz kişinin başına gələn bu dəhşətli ailə faciəsi adamın qanını dondurur,  ciddi düşündürməyə bilmir.

Siqaretin dağıdıb, məhv edə biləcəyi başqa bir ailəni - hüquqşünas Mahir bəyin və Cəfər həkimin tələbə yoldaşı Solmaz həkimin ailəsini isə bu loğman həkimin məsələyə vaxtında müdaxiləsi qoruyub-saxlaya bilmişdi. O, ailədəki müxtəlif məişət problemlərinə, qadının sağlamlığına çox pis təsir edən anlaşılmaz fiziki-psixoloji dəyişikliklərə, qadının bir vaxtlar dəlicəsinə sevdiyi Mahir son aylar hər dəfə işdən evə dönərkən ona qarşı güclü nifrət, qorxu, dəhşət hissi keçirməsinə, qışqırıb, huşunu itirmək dərəcəsinə gəlməsinə məhz Mahirin son vaxtlar siqaretə aludə olmasının səbəb olduğunu aşkar edib, ər və arvadın yenidən doğma ocaqda birləşmələrinə, ailəni  qorumalarına nail ola bilmişdi. 

Başqa bir ailədə isə evin balaca körpəsinin yuxusuz qaldığını görən gənc ata-ana uşaq həkiminin müalicəsindən bir fayda olmadığını görüb, tanışlarının məsləhəti ilə Cəfər həkimə müraciət etməli olurlar. Ailədə gənc atanın siqaret çəkən olduğunu bilən həkim anadan da şübhələnir və ərinin iştirakı olmadan onu söhbətə tutur. Olduqca həssas olan həkim gənc ananın da siqaretə meylli olduğunu duyur. Gənc qadın Cəfər həkimin dəqiq müşahidə və duyumundan heyrətə gələrək, uşağının müalicəsi xatirinə etiraf etməli olur ki, həqiqətən "əsəblərini soyutmaq" üçün hərdən ərindən gizli olaraq siqaret çəkir. Evdə vaxtaşırı siqaret çəkilməsi isə, valideynlərin qətiyyən ağlına gəlməsə də, heç bir yaşı da olmayan körpənin yuxusunun dağılmasına, əsəbiliyinə səbəb olur. Cəfər həkim ata-anaya tapşırır ki, əgər övladlarının yaşamasını istəyirlərsə, siqareti birdəfəlik tərgitməlidirlər. Hətta onları məcbur edir ki, siqareti birdəfəlik atmaqla yanaşı evdə olan bütün pal-paltar tərtəmiz yuyulsun və ev kosmetik təmir edilsin ki, uşaq siqaretin narkotik təsirindən azad olsun. Düzdür, həyatı xilas edilsə də, müalicə gecikdirildiyindən, uşaq sonralar əlil olmuşdu.

Haqqında danışılan bu və digər xoşagəlməz faktlar tədbirə gələnlərin çoxunu əslində zahirən zərərsiz görünən, "elə də qorxunc olmayan" siqaret və onun gözlənilməz fəsadları barədə ciddi düşünməyə, həyata siqaret dumanı arxasından yox, daha ayıq gözlə baxmağa sövq edirdi.

 

O, bəzi cərrahlar kimi "əlinə düşəni" heç vaxt tələm-tələsik "doğramağa" çan atmayıb

 

Çox sadə və səmimi bir adam olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədovun rəsmi çıxışının sonunda Cəfər həkim ilə ilk tanışılığı barədə söhbəti çox maraqla dinlənildi. O, təxminən 30 il əvvəl başına gələni danışaraq bildirdi ki, tələbə vaxtı Sumqayıt yataqxanalarından birində qalarkən axşama yaxın qatıq içmək istəyir. Və tələsdiyindən qatığı stəkana tökmədən, o zaman deyildiyi kimi "kefir şüşəsi"ni başına çəkməklə içir. 10-15 dəqiqədən sonra mədəsində kəskin ağrı hiss edir. Nədənsə, gecə vaxtı heç kimi narahat etmək istəməyərək, ağrıya əzabla, birtəhər olsa da, dözür. Səhər təcili olaraq özünü poliklinikaya çatdırır. Terapevt ona dava-dərman yazsa da, heç bir səmərəsi olmur. Növbəti gecə ağrıdan qovrulan gənc tələbə təcili tibbi yardım maşını ilə şəhər xəstəxanasına çatdırılır. Növbətçi həkim çarəni ancaq sabah aparılacaq cərrahi əməliyyatda - "operasiya"da görür. Ancaq Teymurun bəxtindən səhər işə gələn Cəfər həkim onun vəziyyəti ilə maraqlanır, analizlər götürülməzdən əvvəl onun dünən nə yediyini və s. soruşa-soruşa əlini yumşaqlıqla, hərdən də barmağını qəfil basmaqla bir-neçə dəqiqə onun mədəsi üzərində gəzdirir. Necə olursa, gənc oğlan birdən uzandığı yerdən dik atılaraq, oturur və diqqətlə ona göz qoyan həkimə deyir: "Həkim, siz neylədiz? Ağrı keçib-getdi".

Cəfər həkim isə qayıdır ki, "bilirəm, bacıoğlu, keçib-getdi. Səndə əməliyyatlıq heç nə yoxdur. Bir az uzan, bir-iki stəkan çay iç, sonra da dur, "haydı!" - gedə bilərsən".  

- Həkim, axı deyirdilər ki, cərrahi əməliyyat lazımdır... - Gənc Teymurun sözü ağzında qalır.

- Heç nə lazım deyil, gedə bilərsən...

Teymura nə olmuşdusa, mədəsində hansı "tüğyanlar, təlatümlər" baş vermişdisə,  onu yalnız Cəfər həkim özü bilirdi, bir də - onun loğman duyumu, loğman barmaqları...

Analoji bir hadisə barədə öz çıxışında Sumqayıtın tanınıb-seçilən və sevilən ziyalılarından olan İndira xanım Şəmsivari də danışdı. O yada saldı ki, nəvəsi hələ məktəbli ikən onun da səhhətində anlaşılmaz bir gərginlik, ağrılarla davam edən narahatçılıq yaranmışdı. Həkimlər uşağın gecikmədən cərrahiyyə olunmasını israr edirdilər. Uşağın əməliyyat olunmasını (özü də narkozla!) istəməyən İndira xanım isə cəld Cəfər həkimin üstünə qaçmış və uşağın dərdinə əlac etməkdə ondan kömək diləmişdi. Həkim uşağın üz-gözünü nəzərdən keçirib, sinəsinə, mədəsinə loğman əlləri ilə əl gəzdirdikdən sonra demişdi: "götürün aparın uşağı, onu nahaq bura gətirmisiniz, cərrahlıq işi yoxdur. Aparın evə, bu dərmanları və çoxlu mürəbbəli çay içirdin, vəssalam. Uşaqda qorxulu heç nə yoxdur..."

İndira xanım vaxtilə nəvəsini lazımsız cərrahiyyə əməliyyatından qurtardığına görə tədbir zamanı Cəfər həkimə bir daha təşəkkür etdi və məmnunluqla bildirdi ki, bu gün həmin "uşağın" 35 yaşı var və sağlam bir gəncdir.

 

29 yaşlı baş həkim və komandir C.Quliyevin Qazaxıstanda 24 nəfərlik qatı cinayətkar bandanı tərksilah etməsi, orada "Azərbaycan" adına sovxozun yaradılması

 

...Yeni il qabağı - 1934-cü ilin dekabrının son günündə, Azərbaycanın qədim və əsrarəngiz guşəsi olan Ordubad diyarının Üstüpü kəndində dünyaya gəlmiş Cəfər Quliyev 1958-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində oxuduğu ilk tələbəlik illərindən ictimai fəallığı, coşqunluğu ilə daim seçilirdi. Elə bu səbəbdən də hələ 29 yaşında ikən Azərbaycandan Şimali Qazaxıstana göndərilən 575 nəfərlik tələbə-inşaat dəstəsinin baş həkimi və komandiri təyin edilmişdi. 

Orada inşaat dəstəsində hamı ilə birgə fədakarlıqla çalışan Cəfər Quliyev, necə olursa, bir gün xəbər tutur ki, həmin əyalətdə 20 ildən çox öz zorakılıqları, soyğunçuluqları ilə vilayətin sakinlərinə qan udduran, adı "Adam", üzvləri isə adamlıqdan uzaq olan 24 nəfərlik cinayətkar banda fəaliyyət göstərir. Həmin banda məhz fiziki cəhətdən güclü və iradəli, haqsızlıqlara qarşı barışmaz və mübariz, qətiyyətli və üsyankar-davakar olan Cəfər Quliyevin dəstəsinin sayəsində tutularaq, tərksilah edilmişdi. Həmin qarşıdurmada Cəfər həkimin hər iki qolu "çıxsa" da, az qala ölümlə üzləşsə də, döyüşdən çəkilməmiş,  tələbə dostlarının köməkliyi ilə qudurğan banda ilə axıracan vuruşmuş, səhərə yaxın isə onların hamısını almanların iri yük maşını olan "Sudabeker"ə uzanıqlı şəkildə dolduraraq, vilayət mərkəzinə aparıb, yerli orqanlara təhvil vermişdi.

Buna görə bütün yerli əhali o zaman 29 yaşlı bu qeyrətli Azərbaycan oğluna, onun dəstəsinə təşəkkür edərək, daim duaçı idilər. Vilayət rəhbərlyinin təqdimatı ilə Cəfər Quliyev qorxmaz, cəsur hərəkətinin nəticəsi kimi haqlı olaraq o vaxt "İgidliyə görə" medalı ilə təltif edilmişdi. Əslində həmin igidliyinə görə günü elə bu gün də həkim Cəfər Quliyev "Qazaxıstanın Milli Qəhrəmanı" adına layiqdir!

Məhz həmin dövrdə - 1964-cü ildə Cəfər həkimə və ilk növbədə belə igid, cəsur oğul böyütmüş vətəninə minnətdarlıq əlaməti olaraq Çernoqrad vilayətindəki sovxozlardan biri "Azərbaycan" adlandırılmış və Cəfər  həkimin təklifi ilə onun yeni salınmış küçələrinə xalqımızın böyük, klassik şairlərinin - Nizaminin, Füzulinin, Nəsiminin, Səməd Vurğunun, Mikayıl Müşfiqin adları verilmişdi. Minnətdarlıq, təşəkkür ifadəsi olaraq!   

 

50 ildən də artıq müddətdə on minlərlə adama şəfa bəxş etmiş "Şöhrət" ordenli, "SSRİ-nin səhiyyə əlaçısı" olan  82 yaşlı həkim Cəfər Quliyev hələ bugünədək nədənsə "Azərbaycanın Əməkdar həkimi" fəxri adını almayıb...

 

Hacı Cəfər həkim uzun illərdir ki yalnız Sumqayıtda deyil, respublikanın ən ucqar güşələrində belə yaxşı tanınır və sevilir. Sumqayıt səhiyyəsində çalışdığı 50 ildən artıq müddətdə Azərbaycanın müxtəlif bölgələrindən nicat, ümid yeri kimi çoxları məhz Cəfər həkimə pənah gətirmişlər. Təsadüfi deyil ki, o, xalqın sağlamlığı yolunda təmənnasız çalışan CƏFAkeş və ŞƏFAkeş həkim kimi respublikada böyük nüfuza malikdir. Azərbaycanın bu məşhur, "Şöhrət" ordenli görkəmli cərrahı vaxtilə həm də "SSRİ-nin Səhiyyə əlaçısı" fəxri adına layiq görülmüşdür.

Bununla belə çox qəribədir ki, mənəvi saflığı, təmiz ruhu ilə əsl Hacı, respublika əhəmiyyətli "Əmək veteranı", Sumqayıtın Səhiyyə İşçiləri Ağsaqqallar Şurasının sədri, Azərbaycanın iki nüfuzlu yaradıcılıq təşkilatının - Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, vaxtilə iki dəfə Sumqayıt şəhər Sovetinin deputatı seçilmiş, 52 il ərzində on minlərlə adama şəfa bəxş etmiş, yüzlərlə adamı ölümdən, yüzlərlə ailəni bədbəxtlikdən xilas etmiş, həqiqətən zəhmətkeş, əməkdar olan Cəfər həkimə - artıq 82 yaşında olan bu məşhur loğmana, əksəriyyətin haqlı şəkildə düşündüyünün əksinə olaraq hələ bugünədək "Azərbaycanın Əməkdar həkimi" fəxri adı və xalqa şərəfli, vicdanlı xidməti ilə çoxdan layiq olduğu fərdi Prezident təqaüdü verilməyib. Lakin çoxları elə bilir ki, Cəfər həkim artıq çoxdan həm Əməkdar həkim, həm də Prezident təqaüdçüsüdür. İnanmaq istərdik ki, çox yaxın bir vaxtda məhz belə də olacaqdır və respublikanın hər yerindən minlərlə adam Cəfər həkimi böyük sevinclə təbrik edəcəkdir!

 

Rəhman ORXAN,
Azərbaycanın Əməkdar jurnalisti,
Osman Mirzəyev adına
Respublika mükafatı laureatı

 

P.S. Maraqlıdır ki, kitabda göstərilən acı, üzücü faktlardan təsirlənən iki nəfər tədbirdən sonra Hacı Cəfər Quliyevə yaxınlaşaraq, onları "ayıltdığı" üçün təşəkkür etmiş və elə bu gündən etibarən siqareti tamamilə atdıqlarını bildirmiş, həkimin gözü qarşısındaca siqaret qutularını əzib atmışlar...

Fotolar Şakir Rəhmanındır. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir