Modern.az

Dünya mülkünü işıqda görən sənətkar

Dünya mülkünü işıqda görən sənətkar

Aktual

12 İyun 2017, 17:40

Rüfət Zəbioğlu - 85

                                

Vətən son mənzildir, Vətən ilk beşik,  
Onsuz nə sevmişik, nə sevilmişik.     
Vətəni duymaqdan doymamışıq biz,
Eşqinin zirehi olub kinimiz.    
Vətən nəslimizin yeddi qatında
Füzuli eşqində, Sabir odunda. 
Onu kamanında, tarında dindir     
Dindir, onunsansa, o da sənindir. 
Biz övlad vətənik, o ana vətən.       
O, bizə vətəndir, biz ona vətən.     
Vətən son mənzildir, vətən ilk beşik,
Onsuz nə sevmişik, nə sevilmişik.


Bəli, Vətəni bu cür sevən, görən, duyan, əzizləyən, ona varlığı qədər dəyər verən, çox kövrək qəlbli, söz alovlu bir şairimiz vardı- Rüfət Zəbioğlu.                                                                   
Mehriban, təvazökar şair Rüfət Zəbioğlu düz 85 il öncə 1932-ci il avqust ayının 6-da Bakı şəhərində, ziyalı ailəsində dünyaya göz açıb. Neçə-neçə şeiri Xəzərin qumlu sahillərində, İçərişəhərin tarixi dalanlarında, Bakının məşhur Dağlı məhəlləsində yaranıb, həyata vəsiqə alıb. Tez-tez həyat pəncərəsindən boylanan şair xəyala dalardı:      


Açılıb pəncərəm dan ulduzuna,
Baxıram, uyğusuz şirin aləmə. 
Nə dağda qartal var, nə göldə sona
Uyğu kimi bənd atıb sevincə, qəmə. 
Dincəlir, əsrlər yorğunu yollar         
Yarpaqdan düşən şeh torpağa hopur.
Dincəlir yamaclar, zəmilər, kollar. 
Nə çəmən tapdanır, nə çiçək qopur.      
Qayalar üzündə dumandan rübənd       
Görən ismətini kimdən qoruyur?           
Dağların saçına bir dən düşər, dən   
Qayalar gəncləşir, dağlar qarıyır.      

                                                                         
Azərbaycanın övladı olmağını özünə səadət bilən şair dünyaya gəlişindən Vətən məhəbbəti, eşqi, bütöv, yenilməz Azərbaycan onun həyat devizi olub. Bütün varlığını , hiss və duyğularını daim Azərbaycana kökləyib:  


Azərbaycan dənizi eşq, gölü məhəbbət
Alışdırır burda hətta külü məhəbbət.  
Azərbaycan hər çiçəyi, gülü məhəbbət  
Oğlanları od parçası, qizları çıraq.    
Səadətdir bu diyarın övladı olmaq.     
Yenilməyib, neçə dəfə düşüb tufana    
Yenilməzlik yaraşıbdır Azərbaycana    
O, qalibdir, döyüşlərdə hər zaman ona        
Ədaləti, həqiqəti, haqqıdır yaraq           
Səadətdir, bu torpağın övladı olmaq.   
                                                                  

Şair Rüfət Zəbioğlu poeziyanın müxtəlif sahələrində qələm çalıb. Lirik, satirik, nəğməkar şair kimi, həmçinin, uşaq şeirlərinin müəllifi kimi tanınıb. Ədəbiyyatşünaslar, tənqidçilər daim şairin yaradıcılığına böyük qiymət verər, zamanının nadir tapıntısı kimi dəyərləndirərdilər.         
      

Ədəbiyyatşünas alim, akademik Bəkir Nəbiyevin dediklərindən: “Rüfət Zəbioğlu 50-ci illərin axırlarında yaradıcılıq aləminə qədəm qoymuşdur.Təhsil illərimizdə bir qədər fərq olduğuna baxmayaraq biz, hər ikimiz, Azərbaycan Dövlət Universitetində eyni illərdə oxumuşuq. O zamankı Azərbaycan yaradıcı gəncliyinin bütün maraq dairəsi, bizim də maraq dairəmiz olub. Yazıçılar İttifaqında gənclər günü ilə əlaqədar tədbirlərdə iştirakımızı, ayrı-ayrı ədəbi məclislərdə çıxışlarımızı yaxşı xatırlayıram. R.Zəbioğlu şəxsən, özünün real həyatdan götürülmüş mövzulara münasibəti ilə, eyni zamanda yaradıcılığının  xalq ədəbiyyatı, xalq yaradıcılığı ilə əlaqələri baxımından həmişə seçilən bir şair olmuşdur.O, həqiqətən, çoxşaxəli yaradıcılığa malik bir sənətkar olmuşdur. Təbiətən o, lirik bir şair idi, o, anadan lirik şair kimi doğulmuşdur. Vətənin gözəllikləri, cavanların məhəbbət duyğuları, ekoloji təmizlik məsələsi, bütün bunlar onun yaradıcılığında özünün çox incə, çox zərif inikasını tapmışdır. Bununla belə sovet imperiyasının tüğyan etdiyi bir zamanda fəaliyyət göstərən şair, təkcə tərənnüm ruhlu şerləri ilə kifayətlənə bilmirdi. Bütün ətrafda baş verən hadisələr içərisində çox ciddi qüsurlar, çox naqiş adamlar, əliəyrilər, rüşvətxorlar elə baş alıb gedirdilər ki, R.Zəbioğlu bunların yanından elə-belə saymazyana bir şair kimi keçib gedə bilməzdi. Ona görə də bütün bunlardan tüğyana gəlir, öz etiraz sədasını satirik şeirlərində ucalırdı. Doğrudur, o zamanlar satirik şeirlər yazmaq, xüsusən də onu çap elətdirmək elə də asan deyildi. Buna görə də R.Zəbioğlu bir sıra ciddi müqavimələrə rast gəlirdi. Lakin o, bütün bunlara baxmayaraq, öz yaradıcılıq bağlılığını qoruyub saxlayırdı, xüsusən, rüşvətxorluğu özünün amansız atəş hədəflərindən birinə çevirməyi bacarırdı. Moskvada Qorki adına Ədəbiyyat İnstitutunu müvəffəqiyyətlə bitirən, bütün yaradıcılığı boyu 9 kitab nəşr etdirən Rüfətin yaradıcılığında hər şeydən əvvəl Azərbaycan klassik ədəbi irsinin, poeziyamızın, xüsusilə də, Azərbaycan şifahi xalq yaradıcılığının çox ürəyə yatan bir təsiri var. Bəzi əsərlərində folklorun təsiri onun yaradıcılığına dərin rişələrlə daxil olub ki, Azərbaycan xalqına həsr etdiyi şeirdə deyirdi:    

 
Arzuları çıraq-çıraq, 
Şəfəqdir o, işıqdır o, 
Dahi xalqdır mənim xalqım
Qəhrəmandır, aşıqdır o.      
Koroğlusu, Babəki var,       
Məcnunu var, Leylisi var,                                                                                                             
Gözəllərin yanağında iki oğrun baxan söz izi var. 

                                     
Bu son misralar məşhur bir Azərbaycan bayatısını xatırladır:    


Əzizim baxtı yarım,
Baxtımın taxtı yarım.       
Üzündə göz yeri var,      
Sənə kim baxtı yarım.    
                                                                                          

Burada göründüyü kimi, R.Zəbioğlu folkloru olduğu kimi təkrar eləmir, bayatının özünü də qətiyyən əsərinə də salmayıb. Amma, oradakı balaca bir cizgi, ştrix onun bu şeirində orijinal təfəkkürün məhsulu kimi beləcə meydana çıxmışdır. Məncə, Rüfət Zəbioğlunun özünün bir şeirində verdiyi portret cizgilərindən yaxşı heç kim onun əsl portretini çəkə bilməz. O şeir “Şairlərik” adlanır. Bu, əslində böyük istedad sahibi olan şairlərimizə həsr olunmuş bir şeirdir. Lakin, şair haqqında, sənətkar haqqında orada o qədər dəqiq, o qədər incə təfərrüatlar və onların hamısının elə təbii, ahəngdar ifadəsi var ki, onunla da şairin- R.Zəbioğlunun özünün portretini görmək mümkündür:        


Biz soluxmuş bir gül üstə 
Zülüm-zülüm, ağlarıq.          
Biz tapdanan qarışqanın         
Matəmini saxlarıq.           
Görünməyən çox şeyləri     
Duyan bizik, görən biz.         
Ulduzları çiçək kimi        
Qoxlayan biz, dərən biz.   
Biz şairik, çala bilsən       
Yanğı dolu neylərik.  
Soruşma ki, bu atəşi 
Bu yanğını neylərik?    
Şairlərik, bizdən başqa         
Kimsə bilməz, kimlərik        
Şəfəq dolu zülmətlərik          
Sevinc dolu qəmlərik.      


Bəli, bu əvvəldən, axıracan elə bil ki, R.Zəbioğlunun boyuna biçilib. Bu şeirdə əksini tapdığı qədər həssas, haqsızlığa dözməyən, təbiətin ən adi bir incəliyindən, bir gül yarpağının tərpənməyindən təsirlənən dərəcədə həssas bir şair idi.            
                                                                      
Şair Rüfət Zəbioğlu Bakının məşhur Dağlı məhəlləsində dünyaya göz açdı. İçərişəhərdə yaşadı, ömrünü sona çatdırdı. Özündən sonra xatirələri, bir də şeirləri qaldı. İnsan qəlbini ovsunlayan şeirləri. İçərişəhər. Bu qədim daş məhəllələr xatirələrdə necə qorunub yaşayırsa, Rüfət Zəbioğlu da yaddaşlarda eləcə qaldı: Təbii ki, qəlb ovsunlayan gözəl misraları ilə:   


Mehriban qız sən gəzməyə çıxanda
Külək olub tellərini oxşayım.          
Qara gözün göy Xəzərə baxanda     
Mən ay olub, ləpələrə nur yayım.        
İsti olsa sənə bir yay günündə           
Məni səslə dönüb sərin yel olum.      
Dəniz olum, dalğalanım önündə      
Ayna kimi suyu duru göl olum.       
Sən bir şirin nəğmə istə elindən,     
Mən ən gözəl nəğmə çalan saz olum.
Məni səslə, məni səslə, məni sən       
Mən şaxtaya qələm çəkib yaz olum.     
                                                                

Şair Rüfət Zəbioğlu respublikamızın bölgələrini, dilbər guşələrini tez-tez gəzib dolaşsa da ən çox gedib gəzdiyi yer Xızı olardı. Onu Xızıya bağlayan bəlkə də, şair, dramaturq, maarifçi,pedaqoq Mirzə Əbdülqədir Vüsaqi, rəssam Nəcəf Rasim Nəzərli, dahi dramaturq Cəfər Cabbarlı, romantik və şəhid şair  Mikayıl Müşfiq, yazıçı-dramaturq Seyfəddin Dağlı, akademik Məmməd Arif Dadaşzadə ilə birgə şairin öz ata-analarının Xızı torpağında olmalarıdır.                                  

1850-ci ildə Xızıda dünyaya göz açan babası Axund Zəki Ərşi Hacızadə İraqda Nəcəf şəhərində ali ruhani təhsili alıb, 15 il Qubada qazilik etmişdir. Türk, ərəb, fars dillərini mükəmməl bilən “Ərşi” təxəllüsü ilə bu dillərdə seirlər yazan Zəki Hacızadənin 1914-cü ildə   Bakıda nəşr edilən “Yədi Beyza” kitabında əsasən, tərbiyəvi əhəmiyyətə malik əsərlər toplanmışdır. Atası Zəbi Axundov da türk, ərəb, fars dillərini mükəmməl bilib klassik irsimizi tədris edən ədəbiyyat müəllimi olmaqla yanaşı, həm də həvəskar rəssam olub. Bütün bunlar Rüfəti Xızıya möhkəm tellərlə bağlayıb. Şair dönə-dönə ilhamla öz şeirlərində Xızını vəsf etmişdir: 


Könlümə Xızı  düşüb,
Xızının qismətinə ömrümün azı düşüb.  
Gedək seyrinə, qardaş               
Qulaq asaq Xızının              
Xızı şeirinə qardaş.            
Dilimdə bitib Xızı,                  
Gedək budaqlarında            
Pak edək dünyamızı         
Yüksəlib üfüqlənək, 
Biraz da Cəfərlənək, 
Biraz da Müşfiqlənək.  
Dözmürəm, Xızısız mən,
Elə bil ki, qalmışam
Havasız mən, susuz mən.
Gedək, o doğma yurda     
Gedək, şeir yağdıraq        
Xızıya xırda-xırda.       
                                                                                           

Mütərəqqi dünya və rus ədəbiyyatına dərindən bələd olması şairin yaradıcılığına böyük təsir göstərib. Klassik irsimizi, əruz vəznini mükəmməl bilən R.Zəbioğlu çox duzlu qəzəllər yaratmağa da müvəffəq olub.                                                                                                                                        
          
Bir ahu ki, var, bir dənədir, kimsədə yoxdur
Vardırsa da bu işvədə, bu qəmzədə yoxdur.  
Yarın baxışından elə mahir yaralandım     
İmdada gələnlər dedilər ki, zədə yoxdur.
Canan mənə bir söz dedi, yüz şerə bərabər
Seiriyyatı divanədə yox, xəmsədə yoxdur.      
Həmsöhbət olardı keçən əyyamda tez-tez        
Son vaxt bu imkan bizə hərdəmsə də yoxdur.    
Canan, səninəm, gözlə deyib, gözləyirəm mən
İllər keçir ancaq hələ ki, səmsə də yoxdur.           
Rüfət, gözünün yaşı dönüb leysana gülçün   
Bax, gül gözünə zərrəcə Şəbnəmsə də yoxdur.                                                       


Dərin yumor hissi şairi səciyyələndirən keyfiyyətlərdən idi. Hətta satirik şeirlərində bu yumoru sevməmək mümkün deyil. O, yumorla kəskin satirik ifadə tərzi ilə mənfi ünsürləri qamçılayırdı. Təbii ki, R.Zəbioğlu bu qəbil əsərlərində M.Ə.Sabir, C.Cabbarlı, S.Rüstəm, M.Rahim ənənələrindən məharətlə istifadə edə bilib. “Tiplər tanıyıram”, “Müsibətnamə”, “Sırtığam”, “Əlin cibində olsun”, “Mənim əlimdir”, “Mürdəşir yusun”, “Mənzilbaz”, “Düzələn zad deyiləm” və s. şairin satirik şeirlərinin ən gözəl nümunələrindəndir. Pul hərislərinə aid etdiyi “Budu bu” şeiri xüsusilə maraq doğurur:
                       

Tağ atıb pul zoruna cibdə badımcan yetişir, 
Pul üçün düşmən olur qardaşa qardaş,
     didişir,                                                                                                  
Əlimə pul gələcəkdir, qağa, ovcum  
gicişir,                                                                                               
Nə gözəl şeydi bu pul, hər şeyə imkan   
budu, bu.                                                                                          
Nədi pul? Mülk, maşın, tazə kəsilmiş əl        
əti,                                                                                                 
Sənə pul göstərərəm Yalta bilərsən Ələti,                                                                                       
Pula qeyrət deyənin zərrəcə yoxdur qələti,                                                                                                  
Mənə pulsuz demə insan, kişi, insan budu, bu.                                                                                       
Demaqoqlar qocalar çəkmənə daş-qaş düzəsən,                                                                                       
Şığıyıb toyxanada meydana leytək süzəsən,  
Nə gərək gündə gedib çirkli dənizdə         
üzəsən,                   
Pul içində üz, oğul, üzməli ümman         
budu, bu.
Hər işin əvvəli-pul, ortası-puldur,       
sonu-pul,          
İtirib siqlətini yüz qram eylər tonu pul,                                                                                     
Nə sağalmaz mərəzin olsa sağaldar onu pul,   
Pula aç dərdini sən, dərdinə loğman        
budu bu                                                                            
Pul ilə gəzməyə çıx, aləmi yıxsın küləyin,                                                                            
Pulu bük, həb kimi at ağrısa hərgah ürəyin,                                                                                  
Qazana pul salıram ətri çoxalsın xörəyin,                                                                                             
Xörəyin ətri, dadı anla kişi, qan,   
budu, bu.                                                                                 
O deyil pul ki sayırsan pul odur ki,  
sayı yox,                                                                                  
Haya dərhal yetir, amma səsi çıxmır,   
hayı yox,                                                                                
Pulun aləmdə gözəllikdə, canımçın,
tayı yox,                                                                             
Adı məşhuri-cahan, afəti-dövran budu, bu,                                                                                     
Nə ki məşhuri-cahan, ruh, bədən, can   
budu, bu,                                                                                 
Mənə canımdan əziz sevgili canan
budu, bu!

 

Rüfət Zəbioğlu öz yaradıcılığında Vətənə, torpağa bağlı olan şeirlərindən məhəbbət dolu lirik şeirlərindən, duzlu qəzəllərindən, satirik şeirlərindən  kifayətlənməyərək yaradıcılığının müəyyən hissəsini uşaq şeirlərinə də həsr eləyib.                                                                                   

1983-cü ildə işıq üzü görən “Ayselin kitabı” doğma balalarımıza, Rüfətin özünün də çox sevdiyi körpə balalara töhfəsi olub:


                                                                                                                                              
Hər mirzab başqa cür toxunur simə                                                                                                 
Hər gözə xoş gələn gül yaxşı olmaz.                                                                                               
Gözüm heyran deyil hər təşəbbüsümə                                                                                            
Hər baxış anamın baxışı olmaz.                                                                                                      
Hanı min sədalı, min ahəngli tar                                                                                                         
Hər incə səsində dünya duyulsun.                                                                                                     
Mən ki, tanımıram elə bəstəkar                                                                                                       
Ana laylası tək əsəri olsun.                                                                                                              
Mən yaşad olduqca gülləri sayıb                                                                                                    
Nə bezib, nə də ki, cana gəlibdir                                                                                                     
Elə bil, anamı ana doğmayıb                                                                                                           
Elə bil dünyaya ana gəlibdir.
         
                                                                           
Rüfət Zəbioğlu öz elinə, obasına, torpağına  bağlı olub. Sevilən oğul, ailə başçısı, ata, baba, qardaş kimi də əzizlənib. Dostluqda sədaqətli olmaqla, həm də çox qohumcul olması ilə də seçilib. Xeyirxah, qayğıkeşliyi ilə diqqət çəkən şair kimsənin qəlbinə dəyməz bacardığı qədər əl tutan dəstək durardı. Öz müsbət insani keyfiyyətləri ilə Azərbaycan elm və mədəniyyət tarixində,icyimai fikrində özünə məxsus yeri olan Axundovlar şəcərəsinin ən layiqli üzvlərindən biri kimi adı daim bir örnək kimi fəxarətlə çəkilir.                                                                                           
Bütün ömrünü gördüyü dərdlər, haqsızlıqlar üstə kökləyən kövrək şair ömrü bir gün o dərdlərdən doydu, yumruq boyda qəlbi bir yolluq dayandı. 1983-cü il iyulun 20-də işıqlı dünyaya vida etdi, əsərlərini qoca dünyaya miras qoydu. Bir də oğluna vəsiyyətini:

                       
Oğlum, oğulların qardaşı oğlum,                                                                                                    
Qoru hər çiçəyi, hər daşı oğlum.                                                                                                 
Qoru bu dünyada gözəllikləri,                                                                                                  
Qovğalı səmanı, bəlakeş yeri.                                                                                                         
Yazıqdır, dünyanı qoru xətərdən,                                                                                                   
Qoru daha bəddən, daha betərdən...                                                                                                          
Qoru bu dünyanı, qoru, amandır,                                                                                                   
Qoru ki, dünyanın halı yamandır.                                                                                                   
Dünyanın könlünə yenə dəyən var,                                                                                                 
Onu neçə yerdən hədələyən var.                                                                                                         
Oğlum, hər əzəldən əzəldi dünya,                                                                                                          
Qoru bu dünyanı, gözəldi dünya.                                                                                                   
Təmizlə nankordan, xəbisdən onu,                                                                                                    
Mənə xəbər elə düzəldi dünya.           
                                                        

İnanıram ki, şair Rüfət Zəbioğlunun adı və sənəti əbədiləşdiriləcəkdir. Onun 85 illik Yubiley tədbirləri respublikada, xüsusilə də Bakıda, Xızıda təntənə ilə qeyd olunacaqdır.    

                                                                            

Qafar Əsgərzadə,
Əməkdar jurnalist,
pedaqogika üzrə fəlsəfə doktoru  

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı