Modern.az

“Azərsu”dan Gigiyena və Epidemiologiya Mərkəzinə ETİRAZ: "Ehtimalla danışmasınlar!"

“Azərsu”dan Gigiyena və Epidemiologiya Mərkəzinə ETİRAZ: "Ehtimalla danışmasınlar!"

13 İyun 2017, 14:21

İyunun 10-da Sumqayıt şəhəri H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində uşaqlar arasında kütləvi zəhərlənmə faktı qeydə alınıb. 150-ə yaxın uşaq Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın ötən gün Modern.az-a verdiyi məlumata görə, uşaqlar arasında mədə-bağırsaq infeksiyasının baş verməsilə əlaqədar dərhal operativ qərargah yaradılıb:

 “Uşaqların qanından götürülmüş nümunələrin laborator müayinələrinin nəticəsində xəstələrdə Rotavirus infeksiyası aşkar edilib. Yayılma yolunun əsasən su olduğu nəzərə alınaraq, infeksiyanın başvermə səbəbinin paylayıcı su şəbəkəsinin olduğu ehtimal edilir. Qeyd olunanlarla əlaqədar suyun təmizlənməsi və zərərsizləşdirilməsi tibbi nəzarətə götürülüb”.

Səhiyyə Nazirliyinin iyunun 14-nə olan məlumatına görə, 46 uşağın stasionar müalicəsi davam etdirilir.


Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbəri İmran Abdullayev nəticələrlə bağlı Modern.az-a deyib ki, Rotavirus qısa müddətdə içməli suya çirkli suyun qarışması nəticəsində yayılıb:

“H.Z.Tağıyev qəsəbəsində içməli sudan götürülən analizlərin nəticələri də virusun məhz sudan keçdiyini təsdiqləyir”.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbarayıllı isə bütün bu açıqlamalarla razılaşmır. Qurum rəsmisi Modern.az-a növbəti dəfə deyib ki, Sumqayıt şəhəri və H.Z.Tağıyev qəsəbəsinə verilən suyun keyfiyyətilə bağlı heç bir problem yoxdur:


“Bizim apardığımız araşdırmalarla məlum olub ki, virus aşkarlanan insanlar əsasən, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən və Sumqayıt şəhərinin mikrorayonlarından müraciət edib. “Azərsu” müraciətlər olan əraziləri 3 fərqli mənbədən-Şollar Su Kəməri, Bakı Su Kəməri, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi vasitəsilə suyla təmin edir. Ötən müddətdə apardığımız yoxlamalar onu deməyə əsas verir ki, bizim verdiyimiz suyun keyfiyyətində heç bir problem olmayıb. Su keyfiyyət standartlarına tam cavab verir”.

A.Cəbrayıllı İ.Abdullayevin açıqlamasına da münasibət bildirib: “Qısamüddətli deyirlərsə, ünvan desinlər. İmran Abdullayev deyir ki, “ola bilsin ki, ayın 7-də, 8-də, 9-da suyun tərkibində qısamüddətli problem olub”. “Ola bilsin” ehtimaldır.

Biz “Azərsu” Açıq Səhmdar Cəmiyyəti olaraq, məsələnin tam araşdırılmasında maraqlıyıq. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi həmin ərazidəki satış obyektlərində, süd, dondurma, müxtəlif qidaların tərkibini yoxlasın. Rotavirus çirkli əllər deməkdir, bağırsaq qripidir. Virus sudan çox qida maddələrində aşkarlanır. İmran Abdullayevin açıqladığı Rotavirus suda yox, xəstələrin nəcisində aşkarlanıb. O nəcisin tərkibində su ilə yanaşı bir çox maddələr var. Biz əminliklə deyirik ki, suyun tərkibi tam təmizdir. Rotavirusun yayılması su ilə əlaqəli deyil. Nədən yaranmasını isə aidiyyatı qurum araşdırıb tapsın”.

 

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir