Modern.az

Azərbaycanda rekorda imza atan yeganə bank mütəxəssisi: “Uğur qazanmaq istəyən hər kəs öncə özünü tanımalıdır” - MÜSAHİBƏ

Azərbaycanda rekorda imza atan yeganə bank mütəxəssisi: “Uğur qazanmaq istəyən hər kəs öncə özünü tanımalıdır” - MÜSAHİBƏ

13 İyun 2017, 15:52

Zamanın "Təhsil + Karyera" cəminə bölgüsündən qismətdə "Uğur" əldə edənlər həqiqətən də uğurlu insanlardır. İlk baxışda sadə əməliyyat kimi görünsə də, amma heç də göründüyü kimi bəsit deyil. Müsahibəmizi oxumaqla bir daha əmin olacaqsınız ki, həyatın "Qızıl nisbət" formulunu əldə etmək üçün nələri bilmək vacibdir. Beləliklə, uğurlarının sirlərini Modern.az-ın oxucuları ilə bölüşəcək bugünkü müsahibimiz HDN GROUP-da çalışan Daşqın Həmidzadədir...

- Daşqın bəy, bu bizim layihəmizin dəyişməz ənənəsidir ki, müsahiblərimizlə söhbətə uşaqlıq, daha dəqiq məktəb illərindən başlayırıq. Sizin də məktəb xatirələrinizi və ali məktəbə hazırlıq dövründəki təəssüratları eşitmək bizlərə maraqlıdır.

-
Məndə məktəb illəri biraz fərqli keçib, buna 4-cü sinifdə oxuyarkən atamın məktəbimizə direktor vəzifəsinə təyin edilməsi səbəb olmuşdu. Atamın idarəetməsində “Yaxşıdırsa birinci başqası, pisdirsə birinci özümünkü” fəlsəfəsini tədbiq etdiyini nəzərə alsaq, məktəb həyatının mənim üçün necə keçdiyini təsəvvür edə bilərsiniz.  Şagird üçün yaxşı olacaq hər işlərdə axırıncı, pis hesab ediləcək işlərdə isə ön sırada olmuşam...

Lakin məhz atamın - Nizami müəlimin - məktəb direktoru olması mənim gələcək həyatımda çox böyük rol oynadı. Belə ki, şagirdlərin təhsilə marağının artırılması üçün məktəbdə daim  bilik yarışları təşkil edir, yaşımın kiçik olmasına baxmayaraq məni də bu tədbirlərə cəlb edirdir. Atam təhsilə olan marağımı görüb bilərəkdən məni bəzən hər kəs içində tərifləyir və yuxarı sinif uşaqları ilə bilik mübarizəsinə çıxarırdı. Mən isə həm atamı, həm də özümü pərt etməmək üçün daha yüksək siniflərin dərslərini də oxumağa başlamışdım və demək olar ki, bilik yarışlarının qalibləri arasında yer alırdım. Bunun nəticəsi idi ki, 8-ci sinifdə oxuyarkən 11-ci sinif proqramını tam bitirmişdim. Nəticədə bütün bu şərait mənə hazırlaşdığım ixtisas qrupu üzrə rayon səviyyəsində ən yüksək nəticə toplayaraq, universitetə daxil olmağıma səbəb oldu.

- Sizcə universitetə repetitorsuz qəbul olmaq mümkündürmü? Sualımı biraz da dəqiqləşdirsəm, repetitor olmadan istədiyin ali məktəbin istədiyin fakültəsini qazanmaq nə dərəcədə realdır?

-
Burda yanaşmalar tamam fərqli ola bilər. Əlbəttə ki, bir şeyi həqiqətən etmək istəyirsənsə və buna beynin inanırsa, demək olar ki, onu mütləq bacaracaqsan. Lakin mənim fikrimi soruşursunuzsa, repetitor yanında hazırlaşmağa üstünlük verərdim. Səbəb isə vaxt məhdudiyyəti və rəqabət mühitidir. Yəni mənim vaxt itirərək düşünüb tapacağım hər hansı bir informasiyanı müəllim mənə izahlı formada olmaqla anında verə biləcək ki, nəticədə qazanacağım zamanı da digər bilikləri əldə etməyə xərcləyəcəm. Qrup formasında hazırlaşmaq isə öz növbəsində qrup daxilində digər abuturiyyentlərlə rəqabətə girməyə, nəticədə isə imtahanda daha yüksək bal yığmağa motivasiya edəcək.

- Hansı universitetdə təhsil almısınız və sizcə oxuduğunuz həmin ali məktəbin bugünkü uğurlarınızda neçə faiz payı var?

-
Bakalavr təhsilimi Azərbaycan Dövlət İqtisad Universitetində almışam. Bu universitetin uğurlarımdakı payı isə işə qəbul zamanı lazım olan zəruri sənədləri təqdim edərkən nə qədər köməyi dəyə bilibsə,  o qədər payı var...


- Səhv etmirəmsə, Harvardın da təhsilini almısınız? Hansı zərurətdən xarici təcrübəyə ehtiyac duydunuz?

-
Bəlkə də ad-soyadımın universitetin adı ilə oxşar olmasındanmı ya nədəndirsə, hər zaman Harvard Universitetində təhsil almağı arzulamışam.  Bu səbəbdən Harvard Business School-un HBX proqramına müraciət etdim və müraciətimin qəbul edilməsi ilə bu proqram üzrə maliyyə təhsili aldım. Proqramı uğurla bitirərək, mayın 6-da Harvard Business School-un kampusunda təşkil edilmiş  “ConneXt” adlı məzunlarla görüş tədbirinə dəvət alıb, iştirak etdim. Zərurətə gəldikdə isə, oxumağın və öyrənməyin yaşı yoxdur, deyib atalarımız...

- İlk iş yeriniz hanşı şirkət olub və ilk təcrübə sizə nələr qazandırıb?

-
Birinci kursun birinci semestrində oxuyarkən, qəzetlərdən birinin mənim haqqımda olan yazısını müdirinə göstərən dayım işlədiyi gəmi təmiri zavodunda maliyyə nəzarətçisi kimi işə başlamağıma səbəb olmuşdu. İşə başlayanda hələ 18 yaşım tamam olmadığından zavodda ən azyaşlı işçi mən idim, yəni mənim iş yoldaşlarım məndən daha yaşlı və daha təcrübəli insanlar idi. Bu isə mənə həyatı daha erkən yaşlarımdan başa düşməyə səbəb olmuş, eləcə də qanımın qaynayan vaxtında pis vərdişlərə aludə olmaq riskindən qorumuşdu. Bundan əlavə, daha erkən yaşlarımdan kollektivdə işləmək, insanlarla ünsiyyətə girmək kimi bacarıqlara yiyələnmək şansını qazanmışdım...

- Azərbaycanda rekorda imza atmış yeganə bank mütəxəssisiniz. İstərdim bu uğurunuz haqda özünüz ətraflı məlumat verəsiniz.

-
Hələ universitetdə oxuyarkən bankda kredit mütəxəssisi kimi işləməyi qarşıma hədəf qoymuşdum. Odur ki, hərbi xidmətimi başa vurduqdan sonra biz neçə banka CV göndərdim. “Access Bank” QSC-nin işəgötürmə müsabiqəsində 100% imtahan nəticəsi göstərərək, biznes kreditləri üzrə kredit mütəxəssisi kimi işə başladım. İşə başlayarkən bankın 500-dən çox kredit mütəxəssisinin olduğunu bildiyim üçün fərqli nəysə etməliydim. Bunu başa düşərək, bütün filialların yeni işçiləri arasında təşkil edilən treninqdə 39 nəfər arasında bilik və şəxsi keyfiyyətlərə görə qiymətləndirmə nəticəsi üzrə birinci yerə çıxaraq, “Təşəkkürnamə” ilə təltif edildim.

Bundan əlavə, işimdə satış sayı və digər göstəricilərə görə bir neçə nailiyyət əldə etdim ki, bütün bunlar nəticədə mənə “Mikro kreditlərin əfsanəsi” ləqəbini qazandırdı.  Belə ki, kredit mütəxəssisi kimi işlədiyim 3 ildən artıq müddət ərzində kredit portfelimi mikro kreditlər üzrə çox yüksək sayılacaq həddə çatdıraraq, 400-dən çox aktiv müştəriyə sahib olmağı bacardım. Kredit portfelimdə olan bütün kreditlər üzrə heç vaxt 1 günlük, hətta 1 dəqiqəlik də olsa belə, gecikmə halı müşahidə edilmədən kredit mütəxəssisi missiyamı tamamladım.

“Access Bank” QSC-də mikro kredit şöbəsinin müdiri vəzifəsinə qədər yüksəldim, sonra inkişaf etmək və daha stabil karyera qurmaq üçün respublikanın ən böyük banklarından birinə keçdim...


- "Kredit portfelində 1 gün belə gecikməsi olmayan kredit mütəxəssisi" - bunu necə edə bildiniz?

-
Demək olar ki, məndən ən çox soruşulan suallardan biridir bu sual. Birincisi deyərdim ki, istəyərək və xəyal edərək. Xəyal etməsən, istəməsən, hədəf qoymasan bacarmazsan. İkincisi isə işini sevərək, insanları tanıyaraq, vəziyyəti başa düşərək, gözəl nitqə sahib olub, müştərilərlə gözəl münasibətlər quraraq və bu münasibətləri müsbət müstəvidə qoruyub saxlayaraq...

- İmza atdığını bu rekordda çalışdığınız bankın daxili imkanlarının (kredit şərtləri, güzəştlər və s.) payı varmı?

-
Yəqin ki, bu fikrimlə hər kəs razılaşar ki, “Access Bank” QSC biznes kreditləri üzrə bir məktəbdir. Yəni bankın daxili imkanları bir kredit mütəxəssisi üçün istər bacarıq, istərsə də iş təcrübəsinin qazandırılması baxımından  əvəzedilməzdir. Ən vacibi “Access Bank” QSC işçisinin qeydinə qalmaqda mahir olan bir iş yeridir. Məhz bu səbəbdən orda işləyən hər bir şəxs bankı öz şirkəti kimi görür, öz şirkətinin qeydinə necə qalarsa, işinə o həssaslıqla yanaşır.  Bütün bunlar isə bütünlükdə işçilərdə ən üstün bacarıqlarını işə əks etdirməkdə həvəs yaradır və ən yaxşı nəticələri əldə etdirir.  Bundan əlavə, bu rekordu əldə etməyimdə rəhbərlərimdən Zaur Əhmədov ən başda olmaqla Elşən Pirmalıyevin, Elvin Pənahovun, Səbuhi Abdullayevin də əvəzsiz xidmətləri olmuşdu...

- "Problemli müştəri" termini ən çox bank sektorlarında işlənir. Sizcə, müştərini problemli edən nədir, bank şərtləri, yoxsa müştərinin özündən qaynaqlanan digər amillər?

-
Mövcud iqtisadi vəziyyəti nəzərə almasaq, müştərinin problemli olması üçün iki səbəb var. Birincisi, onun ödəmə gücü, ikincisi isə onun ödəmə istəyi.
Hər iki amili düzgün qiymətləndirmək, hər bir kredit mütəxəssinin ən ümdə vəzifə öhdəliyidir. Müraciətçinin həm ödəmə gücü, həm də ödəmə istəyi düzgün qiymətləndirilsə,  müştəri heç zaman problemli olmaz. Lakin bəzi iqtisadi və həyat reallıqları kredit qiymətləndirilməsindən sonra müştərilərin ödəmə gücünə təsir edir ki, bu da bir müddətdən sonra həmin müştərinin ödəmə istəyinə mənfi təsir göstərir. Bunu nəzərə alaraq kredit mütəxəssisləri kredit verdiyi şəxslərlə münasibətləri düzgün qurmalı, müştəridə yaranmış problemləri vaxtında aşkar etməli və onlarla münasibətləri mehriban formada saxlayaraq, hər iki tərəf üçün uyğun olan addımı atmalıdır.

- Kifayət qədər təcrübəli bank mütəxəssisi kimi Azərbaycanda fəaliyyətini bəyənmədiyiniz banklar varmı?

-
Əslində mən özümü kiminsə fəaliyyəti haqqında rəy bilidirəcək səviyyədə mütəxəssis hesab etmirəm, amma bank sektorunda çalışan və ya adi bir vətəndaş olaraq  qeyd edə bilərəm ki, bəli var.

- Biraz da təlimlərinizdən danışaq. Təlimçilik fəaliyyəti ilə nə zamandan məşğul olursunuz?

-
Demək olar ki, 6 ilə yaxındır ki, maliyyə təhlili və biznesin qiymətləndirilməsi üzrə təlimçi kimi fəaliyyət göstərirəm. Bundan əlavə, kredit sektoruna aid bank işçiləri üçün kredit qiymətləndirilməsi, portfelin idarə edilməsi, satış və  motivasiya yönümlü təlimlər və seminarlarda təlimçi kimi fəaliyyət göstərmişəm. Hal-hazırda “Honours Academy” adlı maliyyə və biznes idarəçiliyi institutunda maliyyə sahəsində sertifikatlaşdırma proqramları üzrə dərslər deyirəm...

- Hər bir uğurlu insan bugünkü "relsə salınmış"  həyatı üçün dünənki çətinliklərinə və hətta deyərdim səhvlərinə borcludur. Sizin üçün aşılması  zor olan çətinlik və ya böyük dərs aldığınız səhvləriniz olubmu?

-
Olub, 2008-ci il yanvarın 28-də məndən 10 yaş böyük olan doğma əmim oğlu, atasının yəni rəhmətlik əmimin goruna and içərək, məndən 3 saatlığa 500 manat borc pul alıb, 3 saatdan sonra isə atama zəng edib “əmi, Daşqın qumarda pul uduzub, indi məndən gəlib 500 manat istəyir, verim-verməyim?” deyəndən sonra həyatda heç kimin sözünə inanmıram..


- Sizinlə tanışlığımız Xəzər Universitetində oldu. Buradakı konfransda çıxışınız zamanı vurğuladınız ki, bir gün əvvəl Amerikadan qayıtmısınız. Amerika təəsüratlarınız maraqlıdır, ümumiyyətlə xaricdəki təhsil, təcrübə, iş və yaşayış imkanlarını ölkəmizlə necə müqayisə edərdinuz?

-
Əslində hər bir ölkənin iqtisadi və siyasi vəziyyətini, eləcə də coğrafi yerləşməsi səbəblərini nəzərə alaraq, müqayisə edilməsini doğru saymıram. Hər bir ölkənin daxili və xarici imkanlarından , eləcə də şəraitdən asılı olaraq, edə biləcəkləri imkanları və etməli olmaqdıqları öhdəlikləri var. Ancaq ümumilikdə deyə bilərəm ki, hər bir insana onun və əzizlərinin bağlı olduğu, yəni öz vətəni daha əzizdir, həmçinin mənə...

- Və sonda, uğurlu karyera qurmaq arzusunda olan gənclərə demək istədikləriniz...

-
Uğurlu olmaq istəyən insan öncə özünü tanımalı, hansı peşəni sevdiyini, hansı sahəyə daha çox tələb olduğuna görə yox, hansı sahədə daha bacarıqlı olacağına əsasən karyerasını müəyyən etməlidir.

Uğur fəlsəfəsi isə budur: “Hara gedəcəyinizi bilin, hara gedəcəyinizi bilməsəniz, hansı yöndən getdiyinizin heç bir önəmi qalmayacaq...”.

 

P.S Yazı AR Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Bank istehlakçıları arasında maliyyə savadlılığına dair maarifləndirmə işinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir