Modern.az

Həyat yoldaşını intihardan xilas edə bilməyən, bölünmüş Almaniyanın xilaskarı - Helmut Kol

Həyat yoldaşını intihardan xilas edə bilməyən, bölünmüş Almaniyanın xilaskarı - Helmut Kol

17 İyun 2017, 21:57

Həm fiziki, həm də siyasi cəhətdən nəhəng olan Helmut Kol Almaniyanın ən nüfuzlu siyasətıilərindən biri kimi qəbul edilib. Boyu 193 sm, çəkisi 140 kiloqrama çatan Helmut Kol 1982-1998-ci illərdə ardıcıl olaraq dörd dəfə Almaniya kansleri seçilən yeganə siyasətçidir.

Bu görkəmli dövlət xadimi və nəhəgs soyasətçi dünən vəfat etdi...

Modern.az saytının tanınmış siyasətçilər silsiləsindən növbəti yazısı Helmut Kol haqqındadır.

3 aprel 1930-cu ildə Almaniyanın kiçik Lyüdviqshafen şəhərciyində anadan olmuş  Kolun atası maliyyə işçisi olub. Aylıq qazancı az olduğundan ailə çox vaxt ehtiyac içində yaşayıb. Bunları nəzərə alan kiçik Kol uşaqlıq illərindən heç olmasa öz kiçik maddi tələbatlarını ödəmək üçün qazanc haqqında düşünüb. Ev dovşanları saxlayaraq onları böyüdüb satıb, tikintidə yük daşıyıb, xırda təsərrüfat işlərində böyüklərə kömək edərək qazanc əldə edib.

İkinci Dünya müharibəsi də ailənin həyatına acı izlər buraxıb. Atası və böyük qardaşı döyüşən orduya göndərilib. Atası müharibədən zabit kimi qayıtsa da qardaşı həlak olub.

Orta təhsil illərində Kol öz həmyaşıdlarından fəallığı ilə fərqlənib, bilik səviyyəsinə görə yox, təşkilatçılığı, liderlik etmək bacarığı ilə ətrafdakılarının diqqətini cəlb edib.


Beləliklə də ağır və çətin həyat tərzi ilə orta təhsilini başa vuran Helmut Kol əyalətdən uzaqlaşmağa can atıb. O, 1950-ci ildə Frankfurt universitetinin hüquq fakültəsinə qəbul olub. Gələcək kansler bu təhsil ocağında bir il qərar tutub, 1951-ci ildə  təhsilini Heydelberq universitetinin tarix və ictimai-siyasi elmlər fakültəsində davam etdirib. Ali təhsil aldıqdan sonra elə həmin universitetdə dissertasiya müdafiə edib.

Helmut Kol məktəb illərindən Xristian Demokratik İttifaqının üzvü olub. Elə bu ittifaqda da o, zaman-zaman öz siyasi karyerasını qurmağa başlayıb. 1959-cu ildə Helmut Kol dairə seçkisində daha çox səs toplayaraq, ən cavan deputatlardan biri olub. 1969-cu ildə isə o, daha yüksək bir pilləyə, Reynald-Pfalts torpaqlarının baş naziri vəzifəsinə sahib olub.

Helmut Kolun Xristian Demokratik İttifaqınıdakı dinamik fəaliyyəti onun daxili gücünü, siyasi talantını bir daha açaraq onun bu partiyaya sədr seçilməsi ilə nəticələnib. Gənc siyasətçinin bacarığı nəticəsində Xristian Demokratik İttafaqının üzvlərinin sayı kəskin şəkildə artmağa başlayıb. Məhz Helmut Kolun cəlb etmək, inandırmaq bacarığı bu ittifaqın nüfuzunu ölkədə liderlik səviyyəsinə qaldırıb.

Nəhayət, 1982-ci ildəki seçkilərdə bütün rəqiblərini geridə qoyan Helmut Kol Almaniya Federativ Respublikasının kansleri olub.


Almaniyanın inkişafı ilə bağlı bir çox hadisələr Helmut Kolun adı ilə bağlıdır. AFR-lə ADR-in birləşməsi isə Helmut Kolun tarixi xidməti sayılır. Və o, 20-ci əsrin dünya tarixinə “Alman birliyinin kansleri” kimi düşüb. Bəli, Helmut Kol Qorbaçova “sən”, Yeltsinə “dostum” deyə-deyə öz ölkəsi üçün çox işlər görüb. “Sərxoş Yeltsin bir çox ayıq siyasətçilərdən daha ağıllıdır” deyən Kol hər bir siyasi liderlə onun öz dilində danışmağı bacarıb.

Ancaq zaman heç də həmişə siyasətçilərin xeyrinə işləmir. 1998-ci ildə Helmut Kol kansler kürsüsünü təhvil verdikdən sonra mətbuat onun haqqında müxtəlif ittihamlarla çıxış edib. Helmut Kol Xristian Demokratik İttifaqının maliyyələşməsində qanin pozuntularında günahlandırılıb. Kol bu ittihamlardan yayınmayıb və 2 milyon marka yaxın xeyriyyə pulunun ittifaq üçün şəxsən aldığını etiraf edib. Amma pulun kim tərəfindən verildiyini bütün cəhdlərə baxmayaraq açıqlamayıb. Bu hadisə Helmut Kolun siyasi nüfuzuna kifayət qədər ciddi zərbə vurub.


Siyasi karyerasında olduğu kimi, Helmut Kolun şəxsi həyatında da ilk onilliklər uğurlu olub, amma sonluq faciə ilə bitib. Gələcək həyat yoldaşı ilə rəqs meydançasında tanış olan Kol bu tanışlıqdan düz 11 il sonra Hannilore ilə ailə həyatı qurub. Xoşbəxt sayıla biləcək cütlüyün iki oğlu olub. Hər ikisi yüksək təhsil alıb və şəxsi bizneslərini qurublar. Heç bir qalmaqalda adları hallanmayan Kolun övladları siyasi müstəviyə can atmayaraq, öz biznesləri ilə məşğul olmağa üstünlük veriblər. Ümumiyyətlə, almanlar Kolun ailəsinə nümunəvi ailə kimi baxıblar.

2001-ci ildə baş verən faciə Kol ailəsinin xoşbəxtliyinə sarsıdıcı zərbə vurub. Hannilore uzun illər günəş işığı allergiyasından əziyyət çəkib. Ailənin yaşadığı mənzildə Helmut Kolun iş otağından başqa digər otaqlar həmişə tünd pərdələrlə bağlanıb. Xəstəliyinin ağırlığına tab gətirməyən Hannilore 2001-ci ildə intihar edib. Xanımının bu cəhdindən xəbər tutan Helmut Kol onu xilas edə bilməyib.


2008-ci il mayın 8-də 78 yaşlı Helmut Kol ixtisasca iqtisadçı olan Mayke Rixterlə ailə həyatı qurub. Bu münasibətlə ziyafət isə yaxın dostların iştirakı ilə Kolun müalicə aldığı Heydelberq xəstəxanasında keçirilib.

Bu nikahdan az sonra Kolun oğulları analıqlarını ataları ilə münasibətlərin soyumasında, ümumiyyətlə Kolun yaxın dostları ilə münasibətlərinin məhdudlaşdırılmasında günahlandırıblar.

Bəli, bütün bunlara baxmayaraq nə vaxtsa hamının təəcüblə baxdığı, kəskin əyalət ləhcəsi ilə danışan, köntöy zarafatlar edən, qeyri-adi iştahaya və bədən quruluşuna malik olan, ömrünün 87-ci ilində bütöv Almaniyaya əlvida deyən Helmut Kol tarixin yaddaşında elə öz çəkisində silinməz izlərlə qalacaq.


İlham Cəmiloğlu
 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?