Modern.az

"Qüdrət Piriyevlə birgə Azərbaycana tanıtdığımız İqor Mehmandarov" - Bir yazının İZİ İLƏ

"Qüdrət Piriyevlə birgə Azərbaycana tanıtdığımız İqor Mehmandarov" - Bir yazının İZİ İLƏ

19 İyun 2017, 16:19

Modern.az saytında dərc olunmuş "Səməd bəy Mehmandarovun Bakıda səssiz ölən oğlu - İqor Mehmandarovdan qalan yeganə nişanə kimdir..." başlıqlı yazı məni xəyalən xeyli illər əvvələ qaytardı...

Mən 1974-cü ildə əsgərlikdən gələndə əlavə iş axtarışına başladım. Keçmiş partiya işçisi Təhminə xanım Qiyasbəyova Bakı Şəhər İcraiyyə Komitəsindəki yeni iş yerindən "Bakı" və "Baku" qəzetlərinin redaktoru, görkəmli jurnalist Nəsir İmanqulyevə zəng etdi. Səhəri gün Nəsir müəllim məni ləyaqətlə qarşılayıb, şöbə müdiri Səfər Məmmədova tapşırdı. Mən bir günün içində "bakılı" və "bakulu" oldum. Ştatdankənar müxbir kimi Azərbaycan və rus dillərində qəzetə yazılar yazmağa başladım. Redaksiyanın iş planlarının hazırlanmasında fəal iştirak etdim.

Mən hələ də o qəzetlərdəki iş yoldaşlarımı - Əliabbas Əliyevi, Şakir Abdullayevi, Səfər Məmmədovu, Dağbəyi İsmayıovu, Tamilla Hacıyevanı hörmətlə xatırlayır, indi həyatda var olanlarla rastlaşanda  səmimiyyətlə salamlaşıram.

Redaksiyada ünsiyyət qurduğum jurnalistlərdən biri də ağsulu Qüdrət Piriyev idi. Səhv etmirəmsə, o da, Dağbəyi də qəzetlə təzəcə əlaqə qurmuşdu. Bəlkə də təçrübə keçirdilər.

Mənim əsas iş yerim Azərbaycan KP Nərimanov PK müəssisə siyasi maarif kabinetinin müdirliyi idi. Siyasi təbliğatla məşğul olsam da, Azərbaycanın ictimai fikir tarixinə, dilçilik əlaqələrinə, dil tarixinə, pedaqogika məsələlərinə aid araşdırmalar üzərində işləyirdim. Bu, məmim aspirant kimi  elmi işimin mövzusu ilə ilgili idi.

Bir dəfə seçkilər zamanı Qüdrət Piriyev əvvəlcədən zəng edərək, müdiri olduğum seçki məntəqəsinə gəlmişdi. Məntəqə leytenant Şmidt adına Zavodun Mədəniyyət Evində yerləşirdi. Qüdrət seçicilərin siyahısı ilə maraqlandı, elə bil qeyri-adi nə isə axtarırdı. Mən bu qeyri-adiləri əvvəlcədən bir qovluğa toplamışdım. O, bəzi qeydləri bloknotuna qeyd etdi, yenidən siyahıya baxmaq fikrinə düşdü. Mən də bu işdə ona qoşuldum. Birdən Qüdrət "Mehmandarov İqor Samedoviç" adını görüb, başını siyahıdan qaldırdı.

  ...Hə, axtarılan tapılmışdı. Sən demə, İqor Mehmandarov məçhur generalın oğlu imiş. Birlikdə Qədirbəyov küçəsi-63 ünvanlı evə getdik.

Maraqlı seçici axtarışına çıxmışdıq. Qapını boyca özündən kiçik olan arvadı İza xanım açdı. Özümüzü təqdim etdik. Bizi içəri dəvət etdilər.

İqor Mehmandarov təxminən 70-72 yaşlarında ucaboy bir  ziyalı idi. Danışığı rəvan və cəlbedici idi. Həyatından söhbət açdı, Leninqraddan Bakıya Heydər Əliyev tərəfindən dəvət edildiyini söylədi. Rusça danışsa da, uşaq vaxtı Bakıda oxuyarkən əzbərlədiyi şeirlərdən də sitat gətirməyi xoşlayırdı. Uşaqları yox idi. Sonradan məlum oldu ki, bu xanım onun ikinci  həyat yoldaşıdır.
(indi təxminən 90 yaşında olan general qızı və general gəlini sağ-salamatdır, ərinə bağışlanan evdə tək yaşayır -N.N.).

İqor Səmədoviç gəmi mühəndisi idi. Təqaüdə çıxandan sonra Bakıya köçmək təklifi ilə razılaşmışdı. Zövcəsi də məmnun görünürdü. Geniş və işıqlı beton evdə  yaşasalar da, özlərini burada daha rahat hiss edirdilər. Dil problemləriərindən də şikayətçi deyidilər. Hamı onları yaxşı başa düşürdü.

Qüdrət Piriyev İqor Mehmandarovla ünsiyyətimizi bir gündən sonra qəzetə yerləşdirdi. Yazının rus dilinə tərcümə edilib-edilməsindən xəbərim yoxdur.

İ.Mehmandarovun evi ilə mənim kabinetimi Gülarə Qədirbəyova küçəsi ayırırdı. Hərdən vaxt tapıb binanın qarşısında - Tofiqin mağazasınınönündə söhbət edirdik. Söhbət zamanı məlum oldu ki, İqor müəllimlə ortaq tanışlarımız çoxdur.

Onlardan biri - AMEA xarici dillər kafedrasının müəllimi - mənim aspiranturadakı ingilis dili müəllimim Bəhicə xanım  idi. Bəhicə xanım  aspirantların ən  sevimli müəllimi idi. Səməd Vurğun küçəsi ilə A.Bakxanov küçəsinnin tinindəki möhtəşəm binanın üçüncü mərtəbəsində yaşayırdı. Anası xəstə olduğu üçün bir neçə dərsimizi onların evində keçmişdik. Bəhicə xanım sonralar ailəsi ilə birlikdə Kanadaya köçdü.

 

Bəhicə xanım məşhur dilçi, repressiya qurbanı Xaild Səid Xocayevin qızıdır. Bəhicə adı ona ailənin dostu Hüseyn Caviddən yadigar idi.

Sən demə, İqor Mehmandarovun Bəhicə xanımgillə - Lənkəran tərəfdən qohumluğu var imiş.

İ.Mehmandarovun daha bir qohumu  mənim ADU-nun filologiya fakültəsindəki tələbə yoldaşım Aliyə Mehdiyeva (Təhmasib) imiş. Aliyə müəllimə ADU-ya qəbul zamanı bütün imtahanlardan əla qiymət almışdı. Biz tələbələr sonralar həmişə onunla fəxr edirdik. O, sonralar vaxtilə qaynanasının müəllim işlədiyi 132 nömrəli məktəbin direktoru işlədi, SSRİ Ali Sovetinin deputatı  oldu. Hazırda təqaüdçüdür. Deyilənə görə, fəxri direktor kimi kabineti hələ də  öz yerindədir.

Bir dəfə söhbət zamanı İqor Mehmandarova dedim ki, müdafiə ərəfəsindəyəm, elmi işimi yazıb qurtarmışam, amma partiya işindən ayrılmaq istəmirəm.

Burada bir çətinliyim odur ki, raykom katibi olmaq üçün ya Moskvada, ya da Bakıda Ali Partiya Məktəbibini bitirməliyəm. Bu da ki çətin məsələdir.

İqor Mehmandarov söz verdi ki, bu məsələdə mənə kömək edəcək. Lakin o, bu işlə məşğul olanlarla dil tapa bilmədi. Kabinetımə gəlib təəssüfləndiyini bildirdi və üzrxahlıq elədi. Bu, bizim son görüşümüz oldıu.

İqor Mehmandarov1989-cu ilin avqust ayında vəfat edib. Məzarı Yasamal qəbiristanlığındadır.

İqor Mehmandarov  mənim  yadımda  uşaq vaxtı  orta məktəb dərsliyinində çap olunmuş şeirləri uşaq kimi şövq və  həvəslə söyləyən əlaçı məktəbli kimi qalıb.

 

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri və müəllimi,
türkoloq.
Bakı.
19.06.2017

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir