Modern.az

Söz dünyasının xiridarı

Söz dünyasının xiridarı

20 İyun 2017, 10:48

Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə yeni yollar, yeni cığırlar açırlar, yeni formalar meydana gətirirlər.

Heydər Əliyev

Nə yatmısan qoca vulkan, səninləyəm!
Ayağa dur Azərbaycan, səninləyəm!
Səndən qeyri,
biz hər şeyi bölə billik.
Səndən qeyri,
biz hamımız ölə billik.
Bu Şəhriyar harayıdır,
Bu Bəxtiyar harayıdır.
Ayağa dur Azərbaycan!..


...2016-cı ildə aprel döyüşlərinin qızğın çağında ordumuzun tarix yazdığı, vətən nisgilinə işıq düşən günlərin birində internetdən qulaq asdığım qəlbə məlhəm bir səs, munis bir ifa - Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi Zülfiyyə Eldarqızı (İsmayılova) Məmməd Araz yaradıcılığına üz tutaraq ifası ilə o qələbə müjdəli anların ruhuna bir gözəllik əlavə edirdi.

...Zülfiyyə xanımın həzin səsi Məmməd Araz hayqırtısını, böyük bir vətəndaşın çağırışını, harayını damla-damla dinləyicinin qəlbinə süzdürürdü. Yaxın keçmişimizdə unudulmaz qiraət ustası Mikayıl Mirzənin möhtəşəm ifasında tez-tez dinlədiyimiz Məmməd Arazın “Ayağa qalx, Azərbaycan!” şeri Zülfiyyə xanımın ifasında da vətənin cəsur övladlarını bir daha mübarizəyə, qələbəyə səsləyirdi. Elə bil Zülfiyyə xanım Məmməd Arazın bu ecazkar şeirini bütün Azərbaycanın eşitməsi üçün ata-baba yurdunun zirvələrində - Laçının şiş qayalarının üsütündə durub ifa edirdi.

...Zülfiyyə xanım əslən Laçından olsa da Sumqayıtda anadan olub. Hələ 10-cu sinifdə oxuyanda bədii qiraətlə məşğul olmağa başlayıb. Sumqayıtın mədəniyyət evində və digər yerlərdə keçirilən tədbirlərdə iştirak edib. 1988-ci ildə II Ümumittifaq Xalq Yaradıcılığı Festivalının iştirakçısı olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindəki tələbəlik illərində - təhsil prosesində də, ali məktəbin ictimai həyatında da fəallığı ilə seçilib.

O hələ tələbəlik illərində Cəfər Cabbarlı və Səməndər Rzayevin şərəfinə təsis edilən mükafatlara layiq görülüb. Səməndər Rzayevin anadan olduğu kənddəki sovxoz hər ay Zülfiyyə İsmayılovaya təqaüd verib.

Zülfiyyə xanım 1994-cü ildə ali məktəbi bitirdikdən sonra elmi yaradıcılığa marağı onun taleyini doğma Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə bağlayıb, 1998-ci ildən başlayaraq 17 il burada fəaliyyət göstərib, müəllim və professor heyətinin qayğısı sayəsində pedaqoji sahədə uğurlar əldə edib.

Onun müəllim kimi formalaşmasında görkəmli ziyalı Əzizağa Quliyevin böyük əməyi olub. Zülfiyyə Eldarqızı sevmili müəlliminin metodik vəsaitlərindən aktyor sənəti fənnini tədris etməkdə bəhrələnib. Əzizağa Quliyevin bütün tələbələri kimi o da  istedadla, zəhmətlə, insanları inandırmaq bacarığı ilə, sistemli, məntiqli biliyə malik olmaqla, aydın və səlis danışmaqla sənət zirvələrini fəth etməyi öyrənib, danışdıqlarını onu dinləyənlərin təkcə qulağına deyil, ürəyinə çatdırmaq məharətinə yiyələnib.

...Və günlərin birində Əzizağa müəllim Zülfiyyə xanımı auditoriyaya təqdim edib. İlk dəfə onun əlindən tutub tələbə auditoriyasına öz assistenti kimi aparan, müəllimlik peşəsinin çətinliyini, sirrini, müqəddəsliyini öyrədən Əzizağa Quliyev dili-dodağı əsən bu xanıma “Sən yaxşı müəllim olacaqsan!” deməklə onun həyatında mayaka çevrilib. Beləcə, tələbə auditoriyası Zülfiyyə xanımın ən çox sevdiyi məkana çevrilib.

Azərbaycan mətbuatında 100-dən çox elmi-publisistik, tənqidi yazıların müəllifi olan Zülfiyyə Eldarqızı gecəsi-gündüzü zəhmətli günlərində elmin zirvələrini fəth etməkdə də inamlı addımlar ataraq xalq yazıçısı Anarın bədii əsərlərinin ekran təcəssümünü tədqiq edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Son illər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi tədbirlərdə mütəmadi olaraq iştirak edən bədii qiraət ustası Zülfiyyə xanım aparıcı kimi geniş tamaşaçı rəğbəti qazanıb. Türkiyədə “Türk Dünyası Bəyaz Pərdədə Buluşur” adlı Beynəlxalq Festivalda, Naxçıvanda Qurtuluş Gününə həsr edilən tədbirdə, Gülşad Baxşıyevanın quruluşunda İlyas Əfəndiyevin “Büllur sarayda” tamaşasında, Rəsul Rza haqqında çəkilmiş “Yaşıl atlas ömründən səhifələr” adlı filmdə, “Ağlar güləyən Sabirimiz” adlı tamaşada, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli Sərəncamı və YUNESKO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı” çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, TÜRKSOY təşkilatının, Türk Mədəniyyəti və İrsi Fondunun və Azərbaycan Milli Kitabxanasının “Molla Pənah Vaqif ili”nin açılışı münasibətilə TÜRKSOY-un qərargahında və Sakarya Bələdiyyəsində keçirilən tədbirlərdə Zülfiyyə Eldarqızı səsinin əlvanlığı, məlahəti, qəlbəyatımlığı, poetik zövqü, yaddaşı, sözün məqamının, yerinin bilməsi, oxuyacağı poeziya nümunəsinə qarşı hədsiz tələbkarlığı ilə respublikamızın hüdudlarından kənarda da tamaşaçıları sənətinin sehrinə salıb.

Bədii qiraət sənətinin sirlərini gənclərə öyrədən Zülfiyyə Eldarqızının bir neçə albomu işıq üzü görüb. O, ifalarında aydın diksiyası, savadı, poetik nümunəni tamaşaçıya çatdırmaq məharəti ilə minlərlə pərəstişkarının məhəbbətini qazanıb. Bədii qiraətin spesifik sənət olduğunu qeyd edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızının sözlərinə görə qiraətçi mətni elə çatdırmalıdır ki, dinləyiciyə zövq versin. Zülfiyyə İsmayılova deyir ki, qiraətçi əsərin məzmununun yaxşı anlaşılmasında dinləyicilərə kömək edir, əsərin ruhunu duymaqda dinləyiciyə yardımçı olur və bədii qiraət prosesində ifaçının üzərinə yazıçının ideyasını, personajların daxili dünyasını dinləyicilərin qarşısında canlandırmaq kimi böyük bir vəzifə düşür.

Zülfiyyə xanım bədii qiraət ustası olaraq elə şeirlər seçir ki, həm tamaşaçının ruhunu təlatümə gətirsin, həm də öz qəlbini titrətsin. Bədii qiraətçi kimi o hər an çalışır ki, ifalarında müəllifin fikri ilə bərabər bədii qiraətin imkanlarından istifadə edərək şeirə öz münasibətini bildirsin.

Zülfiyyə xanım şeir dediyi zaman öncə öz obrazını yaratmağa, tamaşaçıya, dinləyiciyə səsinin müxtəlif çalarlarını təqdim etməyə can atır. Onun səsində kədər notları da var, qəzəbli, üsyan dolu çağırışlar, fəryadlı ağrılar, zərif məhəbbət etirafları da eşidilir. O, şeir oxuyanda sanki dünyanın bütün qapıları onun nurlu simasına açılır, sanki bütün çərçivələr sınır, o daxilən azad olur. Hər bir ifa Zülfiyyə xanım üçün sanki Ulu Tanrı ilə bir dialoqdur. Poeziya xanım sənətkar üçün dərdin anasıdır. Dəyərli sənətkarımız qeyd edir ki, poeziya ilə məşğul olanın qəlbində bir təmizlik olur.

Həm klassik, həm də müasir poeziyanı da eyni dərəcə də sevən Zülfiyyə Eldarqızı heç bir vaxt məşhurluq, şöhrət arxasınca qaçmayıb. O zirvələr fəth etmək niyyətində də olmayıb. Fəqət, bütün istedadını, biliyini, təcrübəsini sənət, təhsil yolunda səfərbər etmək onun həyatının məramı olub.

Zülfiyyə xanım üçün məşhurluq yox, sənət adamının təqdim etdiyi sənət və yaradıcılıq əhəmiyyətlidir. İstedadın pulla alınmasının, nə də satılmasının mümkünsüzlüyünə əmin olan sənətkar xanım həmişə çalışıb ki, istedadı, zəhməti, insanları inandırmaq bacarığı, məntiqli biliyə malik olması, aydın və səlis danışması ilə özünün cığırı olsun. Bəli, Zülfiyyə Eldarqızı peşəkar bədii qiarət ustası kimi heç kəsi yamsılamamağa, heç kəsi təkrarlamamağa çalışaraq özünə qiymət verməyi, sənətini dəyərləndirməyi bacararaq işıqlı əqidəsi ilə həm müəllim, həm dost, həm məsləhətçi kimi sevilməyi bacarıb.

Zülfiyyə xanım hazırda Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışır. Doğma sənət ocağında Zülfiyyə Eldarqızı yüksək bədii zövqü ilə oynadığı rollarda da teatrsevərlərin qəlbinə yol tapıb. Elə bir neçə gün öncə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində İrəvan Dövlət Azərbaycan Dram Teatrının dünyaca məhşur əfqan əsilli ABŞ yazıçısı Xalid Hüseyninin “Min möhtəşəm günəş” adlı romanı əsasında hızırlanmış eyni adlı tamaşada Zülfiyyə Eldarqızı yaratdığı obrazla pərəstişkarlarının növbəti dəfə alqışlarını qazandı.

Zülfiyyə Eldarqızı bir sıravi vətəndaş olaraq nəcib hisslərin, bəşəri ideyaların, humanist baxışların, ülvi duyğuların daşıyıcısıdır. Sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana, sadiq dost olan Zülfiyyə xanım sadə Azərbaycan xanımı olmaqla da diqqətəlayiqdir. Qəlbi hər an Böyük Yaradanın eşqi ilə döyünən və dilindən Məhəmməd Peyğəmbərin (s) “Allah-taala mehribançılıqla yetim bir uşağın başını sığallayan şəxsin əməl dəftərinə əlinin altındakı tükün sayı qədər savab yazar” kəlamı düşməyən Zülfiyyə xanım uşaq evlərinə baş çəkməyə də, yetim başını sığallamağa da vaxt tapır. O dəyərli vaxtından saatlar, günlər ayırıb hərbi hissələrdə əsgərlərlə görüşə də gedir, vətənimizin keşiyində duran igidlərə söz çələngi bəxş etməkdən qürur hissi keçirir.

Zülfiyyə Eldarqızı bütün varlığı ilə ata-baba ellərinə bağlı olan, doğma yurd yerinin təəssübkeşi kimi tanınan vətən sevgili xanımdır. O bütün ifalarında daxilində paralel bir səslə hayqırır - könül dünyasında soy-kökünün əmanəti olan Laçınla bağlı kədərli şeirlər oxuyur.

Beləcə, ömrünün 45-ci baharını qarşılayan Zülfiyyə xanıma Uca Yaradan bu nəciblikləri, gözəllikləri, ülvi və saf duyğuları səxavətlə bəxş edib. Rəbbimiz onu gözəllik mücəssəməsi kimi yaradıb. Böyük qəzəlxanımız Əliağa Vahid demişkən, BÜTÜN GÖZƏLLİYİ TANRIM O SƏRVİNAZƏ VERİB...


Hikmət Xudiyev (Cəmilzadə)
əməkdar jurnalist

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır