Modern.az

Həmsədrlərin səfəri– Qarabağ düyünü çözüləcək yoxsa müharibə olacaq? 

Həmsədrlərin səfəri– Qarabağ düyünü çözüləcək yoxsa müharibə olacaq? 

20 İyun 2017, 12:12

Azərbaycan prezidenti İlham Əliyev iyunun 19-da ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib. 

O cümlədən həmsədrlər xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənovla da görüşüb.

 

Minsk qrupu regiona səfərlərinin yekunları ilə bağlı bəyanat da verib.

 

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında bildirib ki, bəzi məsələləri ATƏT-in Minsk qrupunun nəzərinə çatdırmaq lazımdır:

 

“ATƏT-in Minsk  qrupunun həmsədrləri açıqlamasında bildirib ki, bölgədəki, xüsusilə təmas xəttindəki gərginliyi azaltmaq və  danışıqlar prosesinə stimul vermək niyyətindədirlər. Bu məqsədlə də xarici  işlər naziri, həmçinin prezidentlərlə görüş keçiriblər. Məqsədləri prezidentləri yeni görüşə hazırlamaqdır. Amma Azərbaycan tərəfi xüsusilə tez-tez danışıqları pozan Ermənistan tərəfini  vurğulamaq istəyir. Ölkə başçısı da bununla bağlı  qeyd edib ki, Azərbaycan tərəfi atəşkəs rejiminə sadiqdir. Yəni Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe tutduğunu həmsədrlərin nəzərinə çatdırmaq lazımdır”.

Politoloq qeyd edib ki, həmsədrlər  fərqli mövqe nümayiş etdirdikləri üçün problemlərin konkret həllinə nail olmaq mümkün deyil:

 

“Məsələ burasındadır ki, həmsədrlər bildirirlər ki, onlara verilən səlahiyyətlər  tərəfləri hansısa üsullarla sülhə təhrik edəcək dərəcədə deyil. Amma söhbət təhrikdən getmir. Həqiqi vəziyyətin siyasi təhlilini beynəlxalq hüquq normalarına uyğun  vermək lazımdır. Ermənistanın təcavüzkar dövlət olduğunu və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olduğunu birmənalı qaydada vurğulamalıyıq.

 

Məsələn, keçmiş həmsədr Metyu Brayza  həmsədrlikdən çıxdıqdan sonra bu yaxınlarda verdiyi müsahibədə  Ermənistanın təcavüzkar dövlət olmasını və torpaqlarımızı işğal etməsini pisləyir, bu səhvi düzəltməyə çağırır. Yəni burada ikili standartlardan xilas olmaq, problemə yanaşmada fəxri təmayüllərin yaranmasının qarşısını almaq üçün mövcud vəziyyətin dəqiq siyasi təhlili verilməlidir.

 

Eyni zamanda Ermənistana sanksiyaların tətbiqi gündəmə gətirilməlidir ki, günahkar tərəf olduğunu anlayıb geri çəkilsin. Ermənistan hazırda yeni torpaqları işğal etmək ritorikasını yaymaqdadır. Deyilən məsələlərə isə beynəlxalq ictimaiyyət çox zəif reaksiya  verir. Halbuki Azərbaycan təcavüz təhlükəsi ilə üz-üzədir və bu, separatçı qurumların bilavasitə təsiri altında baş verib.

 

Gürcüstanın problemlərinə yanaşmada bir mövqe, Dağlıq Qarabağ məsələsinə isə başqa mövqe nümayiş etdirilir. Bax bu, ATƏT-in Minsk qrupunun ən böyük səhvlərindən biridir. Belə olduğu halda isə hər hansı konkret nəticədən söhbət gedə bilməz”.

 

Həmsədrlərin bəyanatında bildirilir ki, iyun ayında regiona baş tutmuş səfərin əsas məqsədi bu il aprelin 28-də xarici işlər nazirlərinin Moskvada keçirilmiş üçtərəfli görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti addımlarla bağlı tərəflərin mövqelərini, habelə münaqişə zonasında ümumi vəziyyəti müzakirə etmək olub.

 

Bəyanatda qeyd olunur ki, iyunun 10-da həmsədrlər İrəvanda Ermənistan prezidenti Serj Sarkisyan və iyunun 19-da Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşlər keçiriblər. Hər iki paytaxtda onlar xarici işlər və müdafiə nazirləri ilə də məsləhətləşmələr aparıblar. İyunun 12-də həmsədrlər Dağlıq Qarabağa səfər edib və oradakı de-fakto hakimiyyətin nümayəndələri ilə görüşüblər. Vasitəçilər Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları da daxil olmaqla, Dağlıq Qarabağın ətraf rayonlarına səfər ediblər.

 

Bakıda aparılan danışıqlar zamanı həmsədrlər bu yaxınlarda, Azərbaycana səfərləri ərəfəsində, təmas xəttində itkilərə səbəb olmuş atəşkəs pozuntusundan dərin narahatlıqlarını bildiriblər. Onlar Azərbaycan rəhbərliyinə müraciət edərək vəziyyətin bundan sonrakı eskalasiyasından çəkinməyə çağırıblar. Həmsədrlər eyni müraciəti Ermənistan rəhbərliyi və Dağlıq Qarabağın de-fakto hakimiyyətinə də ünvanlayıblar. Onlar tərəfləri təmas xəttində və Azərbaycan-Ermənistan dövlət sərhədində gərginliyin azaldılmasına istiqamətlənmiş tədbirləri nəzərdən keçirməyə çağırıblar.

 

Hər iki paytaxtda həmsədrlər tərəfləri danışıqlarda yenidən mahiyyəti üzrə, siyasi iradə göstərərək vicdanla iştirak etməyə çağırıblar. Onlar qeyd ediblər ki, bu, münaqişənin həllində tərəqqi gözləyən və buna layiq olan bölgə sakinləri üçün möhkəm sülhə nail olmağın yeganə yoludur. Prezidentlər həll prosesinin ən mübahisəli məsələləri üzrə kompromis tapmaq üçün siyasi dialoqu bərpa etmək niyyətlərini bəyan ediblər. 

 

Həmsədrlər iyunun 3-də ATƏT-in Minsk qrupu üzvlərini məlumatlandırmaq üçün Vyanaya yola düşəcək. Onlar tezliklə qarşıdakı işləri müzakirə etmək üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə tezliklə görüşməyi planlaşdırır.  

 

Günay RƏSULQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi