Modern.az

Azərbaycanda memuar yazan siyasilər: “Bu xatirələri ailəmdə belə, heç kəs oxumayıb”

Azərbaycanda memuar yazan siyasilər: “Bu xatirələri ailəmdə belə, heç kəs oxumayıb”

Ədəbi̇yyat

20 İyun 2017, 13:02

Bir çox siyasətçilər, məmurlar, yazıçı və şairlər həm siyasi, ictimai proseslərdəki aktiv dövrlərində, həm də karyeralarını başa vurandan sonra memuar-xatirə yazırlar. 
Bəzən olur ki, xatirə yazan insanlar dünyasını dəyişəndən sonra heç vaxt demədikləri gizlinlər onların memuarlarında üzə çıxır.

Hazırda Azərbaycanda xatirə-memuar janrında yazanlar kimlərdir?

Onlar əsasən nədən və kimdən yazırlar?

Modern.az saytı mövzuya münasibət öyrənib.

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov çoxdan memuar yazdığını deyir.


“Tələbəlik illərindən bu günə kimi memuar yazıram. Kiminlə görüşdüyümü, necə təsir bağışladığını, kimin mənə kömək etdiyini, kimlə yola getmədiyimi yazmışam. Həm də Azərbaycanın ümumi problemlərindən, ölkəmizə qarşı münasibətlərdən, Qarabağ məsələlərindən yazmaqda davam edirəm. Onu da deyim ki, yazdığım memuarı ailəmdə belə, heç kəs oxumayıb. Mənə məxsusdur. Memuarlarımı kitab halına çevirməyi düşünürəm, amma tələsmirəm. Belə fikrim var ki, memuarlarımdan olan müxtəlif parçaları mətbuat səhifələrində işıqlandırım. Yazdığım memuarımda obyektiv olmağa çalışıram. Üzə çıxanda kimsə inciməyəcək. Memuarlarımda özüm haqqında etiraflar da var. Zaman gələcək oxucular bunu biləcək”.

Azərbaycanın xalq şairi, keçmiş deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı memuar yazmağa çalışır, amma boş vaxt tapa bilmir.


“Amma çalışıram ki, yazım. Memuarlarımı əsasən əsərlərimdə hissələrlə qeyd etmişəm. Amma fikrim var ki, ayrıca kitab halında nəşr etdirim. 1988-1992-ci illər ən qaynar illər olub. Həm uşaqlığım, həm də digər vaxtlarda keçirdiyim günləri romanlarımda qeyd etmişəm. Amma hər kəs üçün şirin olan onun uşaqlıq, gənclik illəridir. Dünyanın bir çox ölkələrində rastlaşdığım, şahidi olduğum hadisələr memuar olaraq bədii əsərlərdə hissə-hissə artıq yazılıb. Konkret olaraq ayrıca memuar-xatirə janrında hələ ki, heç nə çap etdirməmişəm. Həm də memuar yazmağı davam etdirirəm. Memuar yazılarımda illərlə üzə çıxartmaq istəmədiyim hadisələrə də yer verilə bilər”.


Azərbaycanda uzun illər hansısa quruma rəhbərlik etmiş nazirlər, digər yüksək çinli məmurlar vəzifədən gedəndən sonra mütaliəyə daha çox vaxt ayırdıqlarını deyirlər. Görünür, vəzifə postunda qərarlaşan zamanlarda vaxt məhdudluğundan çox əziyyət çəkiblər.

İstisna deyil ki, hansısa məmura, ya da nazirə kreslo həvalə olundusa, hər dəqiqələri bir xatirəyə çevrilir. Amma təbii ki, baxır hansı formalarda. Elələri var ki, vəzifə başına keçərkən şəxsi mənfəəti üzərində dövlətə və xalqa xəyanət edərək, o qədər nöqsanlara yol verir ki, onun xatirə-memuar yazmasının zərrə qədər əhəmiyyəti olmur. Elələri də var ki, vəzifə başındada ziyalılığını qoruyur, aydın təfəkkürünü xalqına xərcləyir.

Xatirə - memuar oçerk kimi faktiki həyat materialı və sənədlilik əsasında yazılır. Amma oçerkdən fərqli olaraq, xatirədə konkret bir şəxsdən bəhs etmək məhdudiyyəti yoxdur. Xatirədə əsas şərt müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələri təsvir etməkdir. Bundan əlavə, xatirədə həcm məhdudiyyəti də yoxdur. Xatirə - memuar həcmcə oçerkdən xeyli böyük də ola bilər. 


Maraqlıdır, xarici ölkələrdən fərqli olaraq Azərbaycanda siyasi xadimlər, eks-nazirlər, digər keçmiş məmurlar memuar yazmağa həvəsli olmurlar. Hətta belələri barmaqla sayılacaq qədər də deyil. 


Halbuki, müstəqillik dönəmində Azərbaycanda o qədər təlatümlü hadisələr baş verib ki, həmin olaylardan yazılan xatirələr gələcək üçün qiymətli real tarixi material sayıla bilər..

 

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər