Modern.az

“Əsgərə məktub” layihəsinə tanınmışlar da qoşulub

“Əsgərə məktub” layihəsinə tanınmışlar da qoşulub

Aktual

20 İyun 2017, 13:23

Mover.az şirkəti daha bir sosial layihəsi ilə gündəmə gəlib. Belə ki, Silahlı Qüvvələr Günü ərəfəsində şirkətin dəstəyi ilə www.esgeremektub.com saytı hazırlanıb.

Bu sayt vasitəsilə hər kəs Azərbaycan Əsgərinə yaza biləcək, ona ürək sözlərini, mənəvi dəstəyini ifadə edəcək, vətənin keşiyində dayanmış, Azərbaycan sərhədlərini göz-bəbəyi kimi qoruyan yenilməz Ordumuza öz minnətdarlığın çatdıracaq.

Mover.az şirkətinin təsisçilərindən Vüsalə Mahirqızı Modern.az saytına layihənin məqsədindən geniş söz açıb:

“Layihə APA Holdingin vitse-rezidenti, eyni zamanda həmin şirkətin direktoru Arif Şəmistanlınındır. Bilirsiniz ki, ötən il “Asan könüllüləri” də “Əsgərə məktub” adlı layihə ilə çıxış etmişdilər. Yəni biz bunu birinci edənlərdən deyilik. Lakin  “esgeremektub.com” internet üzərindən yayılan ilk layihədir. Biz istədik ki, insanlar öz ürək sözlərini sayta göndərsinlər.

Daha sonra bu məktubları çap etdirərək əsgərlərimizə çatdıracağıq. Hər halda əsgərlər üçün kiçik bir sevinc olacaq. Yəni tanımadığı, görmədiyi insandan aldıqları məktublar vasitəsilə qürur hissi keçirəcəklər. Layihənin əsas məqsədi ordu və cəmiyyət arasındakı əlaqəni, isti münasibətlərin olduğunu göstərmək, onu qoruyub saxlamaq və daha da inkişaf etdirməkdir.

“Esgeremektub.com” layihəsi sırf sosial layihədir. Heç bir reklam əhəmiyyəti kəsb etmir. APA Holding və Mover.az şirkətinin resursları hesabına hazırlanıb. Layihə çərçivəsində həmçinin videoçarx da çəkmişik. Videoda tanınmış hərbçi Şəmistan Əlizamanlının çağırışı olub. 21-ci məktubu yazıb və onu oxuyaraq video formasında təqdim edib. Həmçinin, Mover.az şirkəti “İgid  əsgər möhkəm dayan”  çərçivəsi hazırlayıb. 26 iyun ərəfəsində ordumuzun  şərəfinə insanlar öz Facebook  profillərini bu çərçivə ilə bəzəyə bilərlər”.


V. Mahirqızının sözlərinə görə  “esgeremektub.com” layihəsinə tanınmışlar da maraq göstərir:

“Bu dəqiqəyə qədər  sayta 666 məktub yazılıb. Sevindirici haldır ki, məktub yazanların əksəriyyəti gənclər, məktəblilər, xanımlardır. Eyni zamanda, onların arasında tanınmış şəxslər də var. Millət vəkillərindən Fazil Mustafa, Qənirə Paşayeva, digər tanınmışlardan Faiq Ağayevin adını çəkmək olar. Hətta Azərbaycanın məşhur idmançılarından Mariya Stadnikin mesajını da gördüm. Yəni ölkənin bütün bölgələrindən bu layihəyəyə qoşulan insanlar var”.

Mover.az şirkəti 2015-ci ildə yaranıb. Şirkət Türkiyə alış-veriş saytlarından edilən online sifarişlərin Azərbaycana çatdırılması ilə məşğul olur.

 

Günay RƏSULQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq