Modern.az

Hərbi təlimlər Ermənistanda müharibə qorxusu yaradıb

Hərbi təlimlər Ermənistanda müharibə qorxusu yaradıb

20 İyun 2017, 14:14

İyunun 19-dan başlayaraq Azərbaycan Ordusu yeni hərbi-taktiki təlimlərə başlayıb. Bu, Silahlı Qüvvələrimizin son bir ayda  keçdiyi 3-cü təlimdir. Bəs bu təlimlərin əhəmiyyəti nədir?


Məsələ ilə bağlı Modern.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki,  23 min şəxsi heyətin iştirakı ilə keçirilən bu təlimlərin əhəmiyyəti çox böyükdür.


“Ola bilsin ki, bu, adi hərbi təlimlərdən biri kimi təsir bağışlasın. Amma bu genişmiqyaslı təlimlər çox mühüm istiqamətdə keçirilir. Qərargahların döyüşə hazırolma qabiliyyəti, o cümlədən qərargahlar arasında hərbi hissələrin bir-biri ilə qarşılıqlı fəaliyyətinin yoxlanılması məsələsi həyata keçirilir. Bu taktiki təlimlər ayın 24-ü yekunlaşacaq və Müdafiə Nazirliyinin rəhbərliyi təlim zamanı əldə olunan  uğurlarla yanaşı, hansı məsələlərə daha çox diqqət yetirilməlidir, o nüansları dəqiqləşdirəcək.

İyunun 24-dək davam edəcək bu təlimlərdə 23 min şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, pilotsuz uçuş aparatları iştirak edir. Bütün qoşun növləri təlimdə gördükləri işlə bağlı hesabat verəcəklər və ona uyğun qərarlar qəbul ediləcək. 

Ordu bir komanda kimidir, qarşıya qoyulan vəzifəni yerinə yetirir. Ayrı-ayrı hərbi hissələr döyüşə uyğunlaşdırılmış şəkildə bir-biri ilə əlaqələri, hansı tapşırığı necə yerinə yetirəcəyini icra edir. Burada məsuliyyət də çox böyükdür. Bu yaxınlarda Azərbaycanla Türkiyə Naxçıvanda birgə təlimlər keçirildi, ondan əvvəl Azərbaycan, Türkiyə, Gürcüstan arasında hərbi təlimlər reallaşdı. Budəfəki təlimdə isə sırf Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri iştirak edir”.


Ü.Cəfərov bildirib ki, Azərbaycanda keçirilən hərbi təlimlər Ermənistanın qorxuya düşməsinə səbəb olub.

“Ermənistan tərəfi hər zaman Azərbaycanın hücum edəcəyi qorxusu ilə yaşayır. Bunun da başlıca səbəbi ermənilərin özgə ərazilərində olmasıdır. Ermənilər işğal olunmuş ərazilərimizdədir və Azərbaycan Silahlı Qüvvələri Ali Baş komandanın əmri ilə hər zaman hərəkətə keçə bilər, bunu da heç kim qadağan edə bilməz. Nə olsun ki, atəşkəs imzalanıb? Biz atəşkəsi ömürlük imzalamamışıq. Ona görə də düşmən tərəfi çox narahatçılıq keçirir. 23 min nəfər hücuma keçsə, Ermənistan tərəfinin onların qarşısında durması mümkün olmayacaq”.

 

Qafar Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?