Modern.az

Maşın bazarında anormallıq-  Alıcı azalır, qiymət bahalaşır 

Maşın bazarında anormallıq-  Alıcı azalır, qiymət bahalaşır 

20 İyun 2017, 14:23

Müşahidələrimiz göstərir ki, avtomobil bazarında  durğunluq dövrü yaşanır. Amma əhalinin gəlir yerlərinin ciddi şəkildə məhdudlaşdığı bir zamanda ikinci əl avtomobillərin qiymətinin artması ilə bağlı bəzi məlumatlar yayılmaqdadır.

Hazırda avtomobil bazarında vəziyyət necədir?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı Modern.az-a açıqlamasında  deyib ki, avtomobil bazarında qiymətlərin qalxması son 1-2 ayın prosesləri deyil.

 

“Hazırda avtomobillərin qiyməti stabilləşməyə doğru gedir. Aparılan tədqiqatlar göstərir ki, son 1 il ərzində ikinci əl avtomobillərin qiymətində əvvəlki illərlə müqayisədə artım olub. 2000-ci ilə qədər istehsal olunmuş avtomobillərdə 10-15 faiz, 2000-2009-ci illərdə istehsal olmuş avtomobillərdə 20 faizə qədər, 2009-2015-ci illərdə istehsal olunan avtomobillərdə isə 20-30 faiz arasında qiymət artımı baş verib. Hazırda maşın bazarında alıcı qıtlığı müşahidə edilir. Avropa istehsalı olan maşınlara təlabat isə Rusiya istehsalı olanlardan daha çoxdur”.

 

Ekspert bildirib ki, ölkəyə idxalın məhdudlaşması istismarda olan nəqliyyat vasitələrinin qiymətinə təsir göstərir.

“Bu artıq baş verib.  Məsələn, 2013-2014-cü illərdəki göstəricilərlə müqayisədə hazırda idxal 10 dəfə azalıb. 2016-ci ildəki göstəricilərlə müqayisədə isə indiki idxal 5-6 dəfə azalıb. Ölkəyə idxalın azalması  avtomobil bazarına da öz təsirini göstərib. Əvvəlki illərlə müqayisə etsək, avtomobil alanların sayında da xeyli azalma müşahidə olunur. Mən hesab edirəm ki, bundan sonrakı dövrdə avtomobillərin qiymətində elə bir ciddi artım müşahidə olunmayacaq. Çünki təkrar avtomobil bazarı üzrə avtomobil parkı qocalmağa doğru gedir. Yəni ölkədə olan avtomobillərin ili köhnəlir, istər-istəməz onların qiyməti azalacaq. Hazırda isə heç bir avtomobilin qiymətində azalma müşahidə olunmur. Sadəcə olaraq stabilləşmə var”.

 

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?