Modern.az

Vəli Xramçaylının sərgüzəştləri

Vəli Xramçaylının sərgüzəştləri

20 İyun 2017, 15:14

Hidayət Elvüsal


Və birdən fikirləşdim ki, son vaxtlar yazdıqlarımı da, bala-bala öz adlarına çıxanlar peyda olub. Bu səbəbdən də dedim, ey Dəli Ceyran, bu utanmazları utandırmaq üçün o kiçik miniatürləri bir yerə yığ, altına imzanı qoy. Yoxsa telekanallarda, konsertlərdə səslənən, göstərilən halal-hümmət yazıların kimi bunlar da yağmalanacaq. Odur ki, gündə 1 litr araq içən Vəli qağamdan yazdıqlarımı və bir neçə yazacaqlarımı yığıb-yığışdırdım.

Məsəlçün, yazmışdım ki, Aqil Abbası və Vəli Xramçaylını bir nəfər yazı-pozu fanatı kəndə qonaq çağırır. Üstəlik o boyda qələm adamlarını balaca oğluna sürpriz eləmək istəyir.

Dağ kəndi olduğundan maşın gedə bilmir və həmin adam bir at tapıb gətirir ki, sənətkarlar tərkləşib, kəndə getsinlər. Gedirlər!

Evə çatanda oğlu atasının qabağına yüyürür. Ata da şəstlə, fəxrlə, qürurla bir oğluna, bir də atdan düşən yazıçı Aqil Abbasa və şair Vəli Xramçaylıya baxır. Sonra uca səslə soruşur:

- Oğlum, tanıdınmı?

Uşaq tez dillənir:

- Tanıdım, ata! Mərdan əminin atıdır.

Kişi də, Aqil də, Vəli də… o söz…

Bu hələ harasıdır. Bir neçə gündən sonra qonaqlar geri qayıtmalı olurlar. Amma Mərdan kişinin atı tapılmır. Əlacsız qalıb bir eşşək gətirirlər və sənətkarları yola salırlar. Asfalt yola, yəni maşina yaxın yerə çatanda tez eşşəkdən düşürlər ki, görüb, eləyən olmasın. Aqil:

- Ə, tez ol, ə! Eşşəyi burax, özü qayıdacaq.

Vəli kövrəlir:

- Yox, bu, hörmətsizlik olar, - deyir.

Sonra heyvanın boynunu qucaqlayıb, o üzündən, bu üzündən öpür. Aqil Abbas çəmkirir:

- Ə, nağayrırsan?

Vəli Xramçaylı məzəmmətlə ona baxır:

- Ayə, ağlına başqa şey gəlməsin! Mən insanlığımı yerinə yetirirəm.

- Nə insanlıq, ə?

- Ayə qıvlasız, bizi kənddən bura qədər hörmətlə, izzətlə beşidə gətirib dana. İndi bu eşşəkdi qanmır. mənim adamlığıma noulub?

- …

Və Samirə Zeynalova adlı çox gözəl bir xanım dostumuz var. Kitabı da çıxıb.

Günlərin birində “Azərbaycan” nəşriyyatının yeməkxanasında oturmuşduq. Vəli qağam da boğazını yaşlayıb təzə şeirini oxuyurdu. Samirə çox təsirlənmişdi. Xeyli keçəndən sonra Vəliyə dedi:

- Şair, bugünkü konsertə iki biletim var. Nə deyirsən?

Vəli qağa tez dilləndi:

- Çox yaxşı, iki dəfə gedərsən dana!

- …

Bir neçə gündən sonra isə Vəli onu dəvət elədi. Özü də necə? Samirə xanıma dedi:

- A Samirə, sənə iki sualım var.

Samirə incimişdi və elə incik halda, başını qaldırmadan dilləndi:

- Eşidirəm.

- Birinci sualım budur ki, mənimlə kinoya gedirsənmi? İkinci sualım da belədir ki, niyə getmirsən?

- …

Və o gün Vəli Xramçaylı nə demişdisə, Samirə xanım içəri girib, hirslə soruşdu:

- O Vəli Vurançaylı hardadı?!

- Noulub ki?

- Ona kitab bağışlamışam, oxumadan, eləmədən aparıb bir şüşə arağa dəyişib.

Amma ürəyi yumşaqdır, Samirə xanımın. O gün pulunu itiribmiş. Çox axtarıb, tapa bilməyib. Gəldi nəşriyyata. Pulun aqibətini soruşdum:

- Tapa bilmədim, - dedi.

- Tapsan neynəyəcəksən?

Tərs-tərs üzümə baxdı:

- Müəllim, tapsam, Vəli Xramçaylıya iki litr araq alacam.

- Tapmasan?

- Tapmasam, iki qram zəhər!

Allah qorusun! Sən pulunu itirmisən, Vəli neynəsin? Amma Vəli, Samirə xanımın xətrini dünyalarca istəyir. Bilmirəm, siz də görmüsünüzmü? Samirə feyzbukda bir fotoşəkil paylaşıb. Yəni səyahət tədarükünə oxşayır. Yol çantaları, filan.

Bu gün Vəlini gördüm. Dilxor idi. Üz-gözündən hüzn yağırdı. Fikirləşdim ki, yəqin Samirə xanımın getməsinə dözə bilmir.

- Nə olub, şair?

- Ayə, hessat, qağa!

- Yenə də!

- Samirə getdi.

- Onun dərdindən…

- Ayə, qulaq as! Bir butulka su doldurmuşdum ki, arxasınca səpəm. Gedəni belə yola salmırlarmı ki, tez qayıtsın?

- Hə!

- Ayə, ta nə hə? Dünəndən bəri özümə gələ bilmirəm. Su olan butulkanı qoyub, bir litr arağı Samirənin arxasınca atmışam…

Görəsən gedənin arxasınca su yox, araq atanda nə olur?!

Salamatçılıq olar, inşallah! Elə o biri şair də yaxşı deyib:

- Saqi, boşaldı badəmiz, eşq ilə doldur da içək…

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir