Modern.az

ATƏT-in Bakı Ofisinin rəhbəri: “İctimai Palataya deyildi ki, xalqın qarşısına yalnız mitinqlərlə çıxmaq olmaz”

ATƏT-in Bakı Ofisinin rəhbəri: “İctimai Palataya deyildi ki, xalqın qarşısına yalnız mitinqlərlə çıxmaq olmaz”

Müsahibə

6 May 2011, 13:52

Əli Cankorel müxalifətin diplomatik korpusla olan görüşünün detallarını açıqlayıb

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilgə Cankorelin APA-ya müsahibə verib. Modern.az müsahibəni təqdim edir.

- Azərbaycanla ATƏT arasındakı münasibətlərinin bugünkü səviyyəsi sizi qane edirmi?

- Hər yaxşının daha da yaxşısı var. Azərbaycanın ATƏT-lə münasibətlərindən mən ona görə razıyam ki, ATƏT Azərbaycanda fəaliyyət göstərməsəydi, bu gün gördüyümüz bir çox yenilik olmaya bilərdi. Azərbaycan ATƏT-in, Avropa Şurasının normalarını, hədəflərini tətbiq və həzm edə biləcək səviyyədə imkanları olan ölkədir. Bunlar romantik və fantastik hədəflər deyil. Elə bir ölkə ola bilər ki, imkanları, inkişaf səviyyəsi çox aşağı olar, orada bütün bunlara formal münasibət olar. Azərbaycan elə bir yer deyil. ATƏT-in burada çox böyük faydası olur. Artıq uzun müddətdir - 11 ildir ki, iç-içə yaşamağa öyrəşmişik. ATƏT burada fəaliyyət göstərməsəydi, düşünürəm ki, Azərbaycan hazırda əldə etdiyi bir çox nailiyyətləri qazana bilməyəcəkdi. Bu baxımdan, münasibətlərin səviyyəsindən razıyam. Ancaq bu gündən sabaha hər şeyi əldə edə bilmirik. Bunlar asan məsələlər deyil. Proseslər yavaş-yavaş inkişaf edir. Şüurları dəyişdirmək çox vacibdir. Bu da insanların təbiətinə ziddir və çox yavaş gerçəkləşir. Fəqət, bu işlərə, qarşılıqlı səmərəli münasibətlərə mümkün olduğu qədər davam etməliyik. Səbirsizlik bu işin ən böyük düşmənidir. Səbrli olmaq, təmkinlə hərəkət etmək lazımdır. Əlaqələrin səviyyəsinə gəlincə, protokol səviyyəsini nəzərdə tutursunuzsa, səviyyə çox yüksəkdir. İki ildir buradayam, mən gəldikdən sonra ATƏT-in fəaliyyətdə olan 3 sədri Azərbaycana səfər edib - əvvəl Yunanıstan, sonra Qazaxıstan, ən sonda Litvanın xarici işlər nazirləri. Hər il mütləq buraya səfərlər təşkil edilir, yüksək səviyyəli xeyli nümayəndə gəlir. Keçən il ATƏT Parlament Assambleyasının sədri gəldi. Yaxın vaxtlarda onun növbəti səfəri olacaq. ATƏT PA-nın komitələrindən gələnlər olur. Yəni belə səfərlər çoxdur. Sizin Vyanadakı nümayəndə heyətiniz olduqca aktivdir. Mən ümumi olaraq Azərbaycan və ATƏT arasında münasibətlərin bugünkü səviyyəsindən razıyam. Münasibətlər hədəflənən yolda davam edir. Azərbaycan əngəlləri aşacaq, hədəflərinə çatacaq.

- Sizcə, Azərbaycan ATƏT qarşısındakı öhdəliklərini necə yerinə yetirir?

- Bunlar vaxt tələb edən şeylərdir. İndiyədək ATƏT olmasaydı, bəlkə də çox dəyişiklik gerçəkləşməzdi. Dəyişikliyi o mənada deyirəm ki, Azərbaycanda demək olar ki, mükəmmələ yaxın qanunlar qəbul edilib. Bu, çox böyük işdir. 10-12 ildə bunları həyata keçirmək asan deyil. Çatışmazlıqlar da sürətlə tamamlanır. Ancaq qanunların tətbiqinə gəlincə, bu, tamam başqa mövzudur. Cəmiyyət yeni öyrənir, bu keçidin olması məcburidir. Qanunların tətbiqinin təmin olunması çox vacibdir. Demokratiya qanunun aliliyini, məhkəmələrin sərbəstliyini, məhkəmə qərarlarının icrasını təmin edə bilməkdir. Çünki bəzən hakim doğru qərar qəbul edir, amma bu qərarı icra etmək mümkün olmur. Hakimiyyət bölgüsünü təmin etmək şərtdir. Yəni qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin bir-birindən müstəqil fəaliyyəti təmin olunmalıdır. Bunlar demokratiyanın təməl prinsipləridir. Bunları demək çox asandır, amma tətbiqi çox çətindir. Çox ölkədə bu çətinliklə qarşılaşırıq. Bəzən inkişaf etmiş ölkələrdə də olur. Azərbaycanda bu sahədə xeyli iş görülməlidir. Bu işlər görülür də. Konkret nəticələr də var. Məsələn, “Məişət zorakılığı” haqqında qanunun qəbulu çox əhəmiyyətlidir. Son vaxtlar korrupsiya ilə mübarizə sahəsində görülən işlərə çox əhəmiyyət verirəm. Bunu davam etdirmək lazımdır. Korrupsiya ilə demokratiyanın yaxın əlaqəsi var. Çünki korrupsiya rəqabəti aradan qaldırır. Rəqabətin olmadığı cəmiyyətdə inhisarçılıq həm iqtisadiyyatda, həm siyasətdə özünü göstərir. Bu cəmiyyətlərdə heç bir inkişaf mümkün deyil. Korrupsiya bunların içində olan mikrobdur. Bunu yox etmək çox mühümdür. Bu işlərdən çox məmnunam. Zənn edirəm ki, diffamasiya ilə bağlı məsələ bu günlərdə həll olunacaq. Bu məsələdə ofisimizi təbrik etmək istərdim. Xeyli iş görüldü. Başqa qanunlar da qəbul olunacaq.

- Razılaşdırılmamış kütləvi aksiyalara münasibətiniz necədir?

- Təbii ki, aksiyalar olacaq, aksiyalar keçirilməlidir. Xalq öz iradəsini göstərməlidir. Bu, xalqın özünü ifadə etməsinin bir formasıdır. Azərbaycandakı etiraz aksiyalarına gəldikdə, o aksiyalarda iştirakçılar tərəfindən zorakılıq yox idi. Onsuz da aksiyaçıların sayı az olur. Çox da ola bilər təbii ki. Məsələn, Türkiyədə 1 mayda təkcə İstanbulun Taksim meydanında 30-40 min adam vardı. Onların arasında futbol azarkeşi də, sağçı da, solçu da, oraq-çəkicli kommunistlər də vardı. Hamısı birlikdə yürüş etdi, fikrilərini bildirdi. Partiyalar hər gün açıq havalarda mitinq keçirir, 10-15 min adam yığılır. Bu aksiyalar demokratiyanın bir hissəsidir. İnsanlar küçəyə çıxıb özlərini ifadə etmək istəyəcəklər.

- Mitinqlərlə bağlı ATƏT, Avropa Birliyi və digər beynəlxalq təşkilatların bəyanatları iqtidar tərəfindən etirazla qarşılandı. Buna necə baxırsınız?

- Bu bəyanatlar doğru idi, yanlış deyildi. Hakimiyyət də o qədər etiraz etmədi, sadəcə, bəzi şəxsi bəyanlar oldu. Bu sahədə biz ATƏT olaraq öz mandatımız çərçivəsində fəaliyyət göstəririk. Aksiyalarda iştirak edirik, xüsusi işarələrlə qatılırıq. Bu, işimizin bir hissəsidir. Biz iki tərəfdən izləyirik: Birincisi, demokratik baxımdan müşahidə edirik ki, görək nələr baş verir, ikincisi də polisin ifrat güc tətbiq etməməsi üçün treninqlər, seminarlar təşkil edirik. Bizə elə də etiraz olmadı. Bəzi səfirliklərlə əlaqəli etirazlar oldu. Məncə, bunu başqa ölkələrdəki hadisələrlə müqayisə etmək də düzgün deyil. Azərbaycanda bu məsələlərlə maraqlanan diplomatik korpus məsələlərə xoş niyyətlə yanaşır, onların arxasında heç bir gizli məqsəd yoxdur. Onsuz da çox bəsit şeylər istənilir. 100-300 nəfərə istədiyi yerdə aksiya keçirmək imkanı yaratmaq lazımdır. Onların istədiyi xırda şeylərdir. Məncə ölkə rəsmiləri də bu sahədə dialoqa hazır olmalıdırlar, aksiyaların təşkilatçıları ilə görüşmək lazımdır. Onları qane edəcək yerlər göstərilməlidir, Bakının mərkəzindən xeyli uzaqda, bir stadionda keçirilən tədbir aksiya sayıla bilməz. Onlar xalqın arasında olmaq istəyirlər, özlərini bir-birlərinə yox, xalqa, başqalarına göstərmək istəyirlər. İstəyən bəyənər, istəməyən bəyənməz. Xalqdan müsbət və ya mənfi reaksiya gələ bilər. Bakı Şəhər İcra Hakimiyyəti dialoqa meylli olmalıdır.

- Müxalifət yeni mitinq təyin etmədi və Bakı Şəhər İcra Hakimiyyəti ilə yeni yerlərlə bağlı dialoq apardığını açıqladı. Bu dialoqlarda siz də iştirak edirsinizmi?

- Müxalifətin belə bir dialoq axtarışları oldu. Ancaq istəklərinə müsbət cavab gəlmədi. ATƏT daha əvvəl, seçkilər vaxtında BŞİH ilə bu mövzuda müştərək iş görmək üçün təşəbbüs irəli sürdü. Bu təşəbbüsü XİN vasitəsilə çatdırdıq. BŞİH-nin başçısı ilə şəxsən mən də görüşdüm, işçi qrupu yaratmaq istədik. Ancaq müsbət nəticələr tam olmadı, aksiya təşkilatçılarını qane edən nəticə əldə edilmədi. Bu dəfə mən yenidən belə bir təşəbbüslə çıxış etdim. Əgər BŞİH qəbul etsə, işçi qrupu qurub bu prosesi asanlaşdırmağa, daha şəffaf hala salmağa bəlkə nail olmaq olar.

- Yəni bu mitinqlərdən sonra belə bir təşəbbüs olub?

- Bəli, mitinqlərdən sonra, keçən həftə, hətta hələ cavab da almamışıq. Bilirsiniz, qanunda aksiyalara görə icazə yox, xəbərdarlıq nəzərdə tutulub. İcazə almaq deyə bir maddə yoxdur. BŞİH-in icazə vermək, ya da verməmək səlahiyyəti yoxdur. Bu qurum “aksiya keçirə bilməzsiniz” deyə bilməz. Həmçinin, BŞİH müraciətlərə aksiyaya ən gec 3 gün qalmış cavab verməlidir. Bu, o deməkdir ki, aksiya təşkilatçıları 3 gündə məhkəməyə müraciət edə bilər, sonda məhkəmə qərar verər ki, bu etiraz qəbul olunur, ya yox. Çox vaxt 3 yox, aksiyaya 2 və ya 1 gün qalmış cavab verilir. Bu durumda siyasi partiya məhkəməyə gedə bilmir. Partiyalar məhkəməyə müraciət etdikdə isə etirazları qəbul edilmir. Bu durumda partiyalar Avropa İnsan Haqları Məhkəməsinə üz tutur və AİHM də onları haqlı sayır. Bütün bunlara yol verməkdənsə, bunu burada dialoqla həll etmək daha doğru deyilmi? Bu durumda Azərbaycan həm daxildə, həm də xaricdə rahat olar. Mənim fikrim budur. “Sərbəst toplaşmaq azadlığı” haqqında qanunun 5-ci maddəsi xəbərdar etməkdir. 7-ci və 9-cu maddələrdə məhdudlaşdırma var ki, burada da qadağan ifadəsi yoxdur. İcazə adında heç nə yoxdur. Burada icazə yox, razılaşdırmamış və ya razılaşdırılmış aksiyalardan söhbət gedir.

- Siz də daxil olmaqla səfirlərin İctimai Palata ilə bir görüşü oldu. Bu görüş təklifi kimdən gəldi?

- Tamamilə İctimai Palatanın təklifi idi. Bizimlə görüşmək istəyən hər kəslə imkan daxilində görüşmək istəyirik. Diplomatların cinayət törətmiş şəxslər istisna olmaqla, siyasi cərəyanların təmsilçiləri, partiya liderləri ilə görüşməsi vəzifələrinin tərkib hissədir. Mən çox çətin ölkələrdə, vətəndaş müharibəsinin olduğu yerlərdə işləmişəm. Adını çəkməyəcəyəm. Həmin ölkələrdə ilk görüşümüzdə prezidentə “mən müxalifət partiyaları və fraksiyalarla görüşəcəyəm, bu, mənim işimdir” – deyirdim. Cavabları “biz özümüz sizə təyyarə verib, görüşə göndərək” şəklində olurdu. Yəni dediyim odur ki, İP çağırdı, biz getdik. İqtidar partiyası da istəyəndə görüşürük.

- Görüşün detallarını açıqlaya bilərsiniz?

- Təbii ki. Bununla bağlı mətbuat üçün açıqlama da yayıldı. Yəni çətinliklərdən danışdılar, icazə ala bilməmək, başqa yerlərə göndərilmək, aksiyaların zorakılıq ehtiva etməməsi, islahatlar tələb etmələri və s. məsələlərdən bəhs etdilər. Səfirlər bu mövzuda heç bir şərh vermədilər. Sadəcə, bəzi səfirlər müxalifət partiyalarının hansı proqramlarının olduğunu soruşdular. Deyildi ki, xalqın qarşısına yalnız mitinqlərlə çıxmaq olmaz, təbii ki, aksiya onların haqqıdır, amma konkret proqramlar da olmalıdır. Bu mövzularda danışıldı.

- Sizin dialoq çağırışınız vardı, hətta toplantı təyin olundu və sonra təxirə salındı. Bu sahədə işlər nə yerdədir?

- Bəli, belə bir toplantı planlaşdırıldı, amma sonradan təxirə salındı. Bu sahədə fəaliyyətimiz davam edir. O vaxtın şərtləri uyğun deyildi, buna görə təxirə salındı, lakin ləğv olunmadı. Önümüzdəki günlərdə bu toplantılar olacaq. Bilirsiniz ki, seçki dönəmində bizim ofis çox belə tədbir keçirdi. Yenidən partiyaların dialoqu üçün toplantılar keçirmək niyyətindəyik, edəcəyik.

- Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi məsələsi gündəmdədir. Sizin təklifləriniz nədir?

- Bu, çox faydalı olar. Bu məsələyə xüsusi diqqət yetirəcəyik, toplantılar təşkil edəcəyik. Azərbaycanın şərtləri daxilində bir çox siyasi partiyanın maliyyə imkanı yoxdur. Ya bir biznesmen dəstəkləyir ki, onda da biznesmenin partiyası olur, ya da partiya vətəndaşların xırda yardımları ilə fəaliyyət göstərə bilər, bu da yoxdur. Bir çox ölkədə, o cümlədən Türkiyədə partiyalara dövlət büdcəsindən pul ayrılır. Siyasəti canlandırmaq üçün bu, lazımdır.

- Meyarlar necə müəyyənləşəcək? Hansı partiyaya yardım ayrılacaq, sadəcə parlamentdə təmsil olunanlara, yoxsa hamısına? Sizin təkliflər necədir?

- Sadəcə, parlamentlə məhdudlaşdırmaq olmaz. Bu, parlamentin xaricindəki siyasi prosesləri bəri başdan əngəlləmək demək olar. Yəni parlamentdən kənar partiyalar fəaliyyətlərini davam etdirə bilməyəcək. Parlamentdəki partiyaların klubunu yaratmaq digərlərinə yaşam haqqı verməmək kimi bir şeydir. Bəlli standartlara uyğun olan qurumlara maliyyə verilməlidir. Parlamentdən kənar siyasi qüvvələri də nəzərə almaq lazımdır. Təbii ki, hamısını yox. Məsələn, Azərbaycanda 53 siyasi partiya var...

- ...Belə bir şey olsa, sayı daha da artacaq.

- Buna görə də hamısına yox, müəyyən tələblərə cavab verənlərə maliyyə ayrılmalıdır. Yoxsa, hamı dövlətdən yardım almaq üçün partiya yaradar. Bunun meyarları var, başqa ölkələrdə olduğu kimi. Məsələn, bir neçə seçkidə topladığı səs faizi, üzvlərinin sayı, şöbələrinin sayı və s. nəzərə alına bilər.

- “Fredoom House” dünyada medianın durumu ilə bağlı hesabatını açıqlayıb və Azərbaycan 197 ölkə arasında 171-ci yerdə göstərilib. Bu hesabatı necə qiymətləndirirsiniz?

- Belə hesabatlar zaman-zaman olur. “Bunlar həmişə tam obyektiv olur” deyə bilmərəm. Kimsə 171 deyər, başqası 100, 150 deyər, nə fərqi var? Hamımız bilirik ki, uğurlar da var, çatışmazlıqlar da. Parlamentdən reaksiya gəldi. Bunu da təbii qarşılayıram. Mətbuat nümayəndələrinə maddi yardımların olması çox yaxşıdır, bununla bərabər mətbuat azadlığını məhdudlaşdıran hallar da var. Bunların hər ikisini inkar etmək düzgün deyil. Məsələn, bəzi mətbuat nümayəndələri həbsdədir. Onların başqa səbəbdən həbs olunduqlarını bilirik. Amma beynəlxalq ictimaiyyət bu məsələdə inandırılmayıb. Mən də şəxsən bəzi mətbuat nümayəndələri üzərində basqı görürəm. Amma digər tərəfdən, qəzetləri də görürük, hətta tez-tez sərt tənqidlərə də rast gəlirik. Azərbaycanda mətbuat azadlığı ilə bağlı ən mühüm məsələ mətbuatın keyfiyyəti ilə əlaqəlidir. Həmçinin, mətbuatın sənayeləşməməsi ilə bağlıdır. Mətbuat bir sənaye deyil. Hər mətbuat orqanının bir sahibi var. Ya siyasi partiya, ya da hansısa adamların adı çəkilir. Hər bir mətbuat orqanı birinin sözçülüyünü həyata keçirir. Amma bunu belə etmək zorundadır. Çünki qəzetlərin satışı yüksək deyil, gəlir gətirmir. Reklamlara məhdudiyyətlər var, bundan da qazanc yoxdur. Onda qəzetçilik formal olur. Azadlıq problemi də bundan qaynaqlanır. Rəqabət yoxdur, keyfiyyət yoxdur. Əslində keyfiyyətə tələb də yoxdur. Keyfiyyətli və ya keyfiyyətsiz, nə yazılsa, orada çıxacaq. Bəzən haqqımızda yazılanları görürük, inanmaq mümkün deyil. Çıxan hər hansı xəbərin doğruluğuna kim inanır, bilmirəm... Bu güvən yoxdur. Bəlkə də içində doğru olanlar çoxdur, haqsızlıq etməyək. Bunları aradan qaldırmaq lazımdır. Hökumətin jurnalistlərlə bağlı təşəbbüslərini, onların maddi imkanlarının yaxşılaşdırılması sahəsində işlərini dəstəkləyirəm, amma kafi deyil. Həm də bu yardımlar hökumət tərəfindən olanda sonucda hökumətə qulluq problemi ortaya çıxır. Mətbuat sənayeləşməlidir, xarici sərmayə cəlb olunmalıdır. Əvvəllər Azərbaycanda xarici radiolar vardı, indi yoxdur. Yəni əvvəllər əldə olunan nailiyyətləri bu gün görmürük, bunları nəzərə almaq lazımdır. Xarici sərmayə və xarici media şirkətlərini cəlb etmək lazımdır.

- Azərbaycana bu yaxınlarda ATƏT rəsmilərinin səfərləri nəzərdə tutulubmu?

- Gələn həftə demək olar ki, ATƏT həftəsi olacaq. Gələn həftə medianı maraqlandıran bir hadisə baş verəcək. ATƏT və Mətbuat Şurasının birgə toplantısı keçiriləcək. Mayın 11-də keçiriləcək konfransda ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç də iştirak edəcək, diffamasiya ilə bağlı təkliflər müzakirə olunacaq. Bundan başqa, ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiu gələn həftə Azərbaycana gələcək və rəsmi şəxslərlə görüşəcək. Ən yüksək səviyyədə təmaslar olacaq, həm iqtidarla, həm də müxalifətlə...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?