Modern.az

Mənzil bazarında fırıldaq: dəllallar bahalaşma xəbəri yayır, evlərsə ucuzlaşır

Mənzil bazarında fırıldaq: dəllallar bahalaşma xəbəri yayır, evlərsə ucuzlaşır

21 İyun 2017, 12:01

2016-cı il daşınmaz əmlak bazarı üçün ən ağır illərdən biri kimi proqnozlaşdırılırdı. Həqiqətən də belə oldu. Ötən il paytaxtın mənzil bazarı həm aktivlik, həm qiymət baxımından çətin keçdi. Dolların manata nisbətən kəskin bahalaşması bu bazara ciddi təsirlər göstərməyə başladı. Bir tərəfdən əhalinin real gəlirlərinin azalması, digər yandan inflyasiya mənzil bazarında qiymətlərin tərəddüdünə səbəb olub.

 

İndi əlində pulu olan alıcı onu mənzilə yatırmaq istəmir, bazarın stabilləşməsini gözləyir və nəticədə daşınmaz əmlak bazarında durğunluq yaranır.

 

Bu ərəfələrdə mənzil bazarında dəllallıq edənlər dövriyyəyə belə xəbərlər buraxırlar ki, guya, evlərin qiyməti bahalaşır və daha da bahalaşacaq. Və belə xəbərlərin fonunda qiymətləri sabit saxlamağa çalışırlar. Halbuki, araşdırmalar daşınmaz əmlak bazarına aid belə iddaların reallığı əks etdirmədiyini, mənzil alanların barmaqla sayılacaq qədər olduğunu deməyə əsas verir.

 

Bəs ekspertlər daşınmaz əmlak bazarındakı hazırki vəziyyəti necə qiymətlənririlər?

 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı Modern.az-a deyib ki, daşınmaz əmlak bazarında indiki halda aktivliyin artacağını düşünmək bir qədər yanlışlıq olardı.


“Bazarda alıcı qıtlığı müşahidə olunmaqdadır. Daşınmaz əmlak bazarında aktivliyin artması  daha çox Azərbaycanın makroiqtisadi vəziyyətinin müsbətə doğru dəyişməsindən asılı ola bilər. Yəni ölkənin gəlirləri artarsa, (neft qiyməti 60-70 dollar təşkil edərsə) hökumət də şəhərsalma və infrastruktur, tikinti layihələrinə ayırdığı vəsaitləri artıracaq. Bu halda daşınmaz əmlak bazarında müsbətə doğru dəyişiklik ola bilər. Ancaq hazırda qiymət artımı üçün hər hansı bir əsas yoxdur”.

 

R.Osmanlı  bildirib ki, daşınmaz əmlak bazarında yalnız yeni tikilən binalara istisna olmaqla, qiymətlərdə azalma müşahidə edilir.

 

“Yeni tikililərdə qiymət artımı və ya azalması müşahidə edilməyib. Çünki bu binalara nəzarəti birbaşa olaraq investorlar edir. Həmin investorlar isə qiyməti heç cür aşağı salmır. Bu il ərzində daşınmaz əmlak bazarında qiymət artımı barədə danışmaq əsassız olar. Xüsusilə təkrar mənzil bazarında (köhnə tikililərdə) qiymətlər təqribən, 23% aşağı düşüb. Bu tendensiya hələ də davam edir. Kiçik ölçülü ipoteka üçün əlçatan olan ucuz mənzillərin qiymətində nisbi artımlar müşahidə olunur. Həmçinin qiymət artımı qiyməti 100 min manat və ondan aşağı olan mənzillərdə müşahidə olunur. Həyət evlərinin qiyməti son 2 ilə nisbətən 15-20 faiz azalıb. Bu da bazara olan təlabatın azalmasında irəli gəlir”.

 

 

Mirmahmud KAZIMOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!