Modern.az

“Minsk qrupu Azərbaycana mane olur” - ŞƏRH

“Minsk qrupu Azərbaycana mane olur” - ŞƏRH

21 İyun 2017, 13:18

ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistana və Azərbaycana səfəri ərəfəsində işğalçı tərəf təmas xəttində hərbi təxribatlar törətməyə çalışır. Baxmayaraq ki, düşmən Azərbaycan Ordusunun bu təxribatlara adekvat cavab verəcəyini qabaqcadan bilir.

Son günlərdə də eyni hal müşahidə olunur. ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfləri təmas xəttində və Azərbaycan-Ermənistan dövlət sərhədində gərginliyin azaldılmasına istiqamətlənmiş tədbirləri nəzərdən keçirməyə çağırsa da, hazırda cəbhədə vəziyyət kifayət qədər gərgindir. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 82 millimetrlik minaatanlardan (4 mərmi) istifadə etməklə son sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub.
Dünən isə Ermənistan silahlı qüvvələrinin  kəşfiyyat-təxribat qrupunun qarşısı alınıb. İtki verərərk geri çəkilən kəşfiyyat qrupunun bir üzvü hərbiçərimiz tərəfindən ələ keçirilib.

 
Həmsədrlərin  son bəyanatına baxmayaraq, vəziyyətin daha da gərginləşməsinin səbəbi nədir?


“Minsk qrupunun bəyanatından nəsə gözləməyə dəyməz”

Politoloq Eldar Namazov Modern.az-a açıqlamasında cəbhədə gərginliyin artmasının artıq qaçılmaz hal olduğunu bildirib:

“ATƏT-in Minsk qrupunun rolu, imkanları haqqında artıq Azərbaycanda, o cümlədən regionda və dünyada müəyyən fikirlər formalaşıb. Bu tərkibdə  Minsk qrupu heç bir ciddi fəaliyyət göstərə və ya heç bir nəticə əldə edə bilməz. Onların bu proseslərə təsiri sıfıra yaxındır. Hətta mən deyərdim, onlar bizə mane olurlar.  Ayrı-ayrılıqda Rusiyanın və ABŞ-ın gedən proseslərə təsiri daha güclüdür, nəinki ATƏT-in Minsk qrupunun. Halbuki, bu qurumda hər iki dövlət də təmsil olunur. Bu format artıq qeyri-effektivliyini, bacarıqsızlığını sübut edib. Bunun səbəbləri haqqında uzun danışmaq olar. Qısaca deyim ki, Minsk qrupunun səfərləri və ya bəyanatlarından nəsə gözləməyin mənası yoxdur”.


“Ermənistana ciddi təzyiq etmək lazımdır”

“Son dövrlərdə cəbhədə gərginliyin artması halları isə artıq qaçılmazdır. Ermənilər heç bir razılığa gəlmir, yeganə şərtləri  Dağlıq Qarabağın müstəqilliyini tanımağımızdır. Yalnız o halda işğal olunmuş bəzi rayonlarımızı qaytara bilərlər.  Onlar bu mövqedə israrlıdırlar. Bu da o deməkdir ki, qarşı tərəflə danışıq yolları ilə məsələnin həll edilməsi qeyri-mümkündür.  Ermənistana çox ciddi təzyiq etmək lazımdır ki, bu mövqedən geri çəkilsinlər. Bunu da yalnız Minsk qrupu edə bilərdi, amma bacarmır.  Həmçinin, bu təzyiqi Rusiya da təkbaşına edə bilərdi. Lakin onlar da bu imkanlardan istifadə etmirlər. Belədə torpaqların işğaldan azad edilməsi məsələsini  yalnız Azərbaycanın özü həll edə bilər”.

“Tək çıxış yolumuz müharibədir”


E. Namazov düşünür ki, cəbhədə gərginliyi aradan qaldırmaq üçün Azərbaycan tərəfi məsələni müharibə yolu ilə həll etməlidir:

“Mən bu barədə Azərbaycan ictimaiyyətinə müharibənin qaçılmaz olduğunu bildirmişdim. Aprel döyüşlərindən sonra sülh danışıqlarında irəliləyiş əldə olunması üçün imkanlar yaransa da, istifadə edə bilmədik. Ona görə də müharibə qaçılmazdır. Rusiyanın Ermənistana təsiri və ya Ermənistanda siyasi böhran nəticəsində hakimiyyətin dəyişməsi kimi fövqəladə hallar baş vermirsə,o zaman Azərbaycan tərəfi müharibə yolu ilə məsələni həll etməlidir.

ATƏT-in Minsk qrupu həmsdərlərinə uzun müddətdir ki, bu məsələ ilə məşğul olmaqlarına baxmayaraq,  sülhə nail ola bilmədiklərini dedikdə, gülməli bəhanə irəli sürürlər. Guya, məqsədləri yeni müharibənin qarşısını almaqdır.  Əgər Ermənistan da, biz də öz sərhədlərimiz daxilində olsaydıq, o zaman yeni müharibənin qarşısını almaq fikrini müsbət məqsəd kimi qəbul edərdik. Amma Azərbaycanın torpaqlarının 20 faizi işğal altındadır.  Minsk qrupunun məqsədi yeni müharibənin qarşısını almaqdırsa, deməli torpaqlarımızın işğal altında qalmasına şərait yaratmaq da onların məqsədlərindəndir. Ona görə də Minsk qrupu özləri də bilmir ki, nə istəyirlər. Yenə də deyirəm, tək çıxış yolumuz müharibədir”.

Günay RƏSULQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir