Modern.az

Media informasiya müharibəsində necə davranmalıdır? - Baş redaktorlar incə maqamları SADALADILAR

Media informasiya müharibəsində necə davranmalıdır? - Baş redaktorlar incə maqamları SADALADILAR

Media

22 İyun 2017, 09:25

İnformasiya müharibəsinin əsas məqsədi qarşı tərəfi səhv addım atmağa sövq edərək siyasi, hərbi, iqtisadi, psixoloji və sosial sahələrdə qələbə qazanmaq, rəqibdən üstün olmaqdır. Öz istəklərini həyata keçirmək məqsədi ilə mübarizə aparan tərəflər bir-birilərinin informasiya və intellektual sahələrinə təsir göstərə biləcək hər bir vasitələrdən istifadə edirlər.

Məlumdur ki, Azərbaycan müharibə şəraitində olan dövlətdir. Belə olan halda medianın üzərinə çöx böyük yük düşür. Bəs biz informasiya müharibəsində necə davranmalıyıq ki, düşmənə  uduzmayaq?

Modern.az saytı bu sualla bir neçə jurnalistə müraciət edib.


“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev
düşünür ki, informasiya müharibəsindən ən effektiv vasitə həqiqəti deməkdir:



“Həqiqətə xidmət etməklə hər şey əldə etmək mümkündür. Əgər siz bir dəfə, iki dəfə yalan danışırsınızsa, avtomatik olaraq mötəbər mənbə kimi təsirinizi itirirsiniz. Nə deməyinizdən asılı olmayaraq sizi eşitmirlər, qulaq asmırlar və inanmırlar. Bu səbəbdən doğruları demək ən vacib məsələdir. İnformasiya müharibəsində etibarlı olmağı bacarmaq lazımdır. Belə olduğu halda daha çox sizi eşidəcək, istinad və müraciət edəcəklər. İnformasiya müharibəsi zamanı hansısa kütləvi informasiya vasitəsi uzağı bir dəfə yanlış məlumat yaya bilər. İkinci dəfə bunu edəndə artıq şühbə yaranır. 
“Turan”  İnformasiya Agentliyi 27 ildir ki, fəaliyyət göstərir və bu müddət ərzində beynəlxalq arenada mötəbər mənbə kimi qəbul olunub. Yəni imicimiz var və bizə hörmət edilir. Ona görə də biz bunu qiymətləndirir və həqiqətlərin işıqlandırılmasına riayət etməyə çalışırıq”.

“APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı bildirib ki, media hər zaman öz üzərinə düşən işi yerinə yetirməlidir. Onun fikrincə, informasiya müharibəsində də bu cür davranmaq ən yaxşı yoldur:

“İnformasiyalar verilərkən media ölkə qanunlarını, vəziyyəti-yəni müharibə şəraitində olmasını nəzərə almalıdır. Ölkə müharibə şəraitindədirsə, konkret düşmən və işğalçı tərəf var. İnformasiyaları təqdim edərkən iki nöqtədən yanaşmaq lazımdır. Birincisi, bizim verdiyimiz informasiyalardan düşmən  əleyhimizə necə istifadə edəcək, ikincisi isə düşmənin yaydığı informasiya toruna düşməmək. Bu iki məsələ çox önəmlidir. Biz istənilən informasiya, xüsusilə də xarici dildə informasiya yayan zaman  “düşmən bununla necə manipulyasiya edə bilər” sualına cavab tapa bilməliyik. Lakin bu o demək deyil ki, ana dilli media qurumları bu məsuliyyətdən kənardadırlar.  Düşmənin Azərbaycan dilini bilən kifayət qədər mütəxəssisi, təhlükəsizlik işçisi var”.


V.Mahirqızı bildirib ki, media yalnız xəbərlərə deyil, foto və video görüntülərə də fikir verməlidir:

“Eyni zamanda son dövrlərdə sosial şəbəkələr üzərindən düşmən qüvvələri, onların sosial diversiya qrupları müəyyən təxribatlar edirlər. Xüsusilə cəbhədə vəziyyət gərginləşən zaman bu hallarla tez-tez rastlaşırıq. Azərbaycan mediası bu məsələdə çox diqqətli olmalıdır. İnformasiyalar yoxlanılmalıdır və belə məqamlarda ən yaxşı iki mənbə var. Birincisi, bu sahəyə cavabdeh olan Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti kimi rəsmi qurumlardır. İkincisi isə etibar edilən informasiya agentlikləridir. Bu mövzuda üçüncü tərəflər də var, bu, ekspertlərdir. Azərbaycanı sevməyən, xüsusilə Ermənistan və digər bir neçə ölkənin ekspertləri tərəfindən müəyyən informasiyalar dövrüyəyə buraxılır.

Təəssüf ki, mətbuat bəzən həmin şərhlərin toruna düşür və xarici ekspertlərin rəyi ilə ictimaiyyətdə şübhələrin yaranmasına səbəb olur. Mətbuat bu məsələlərdə çox diqqətli olmalıdır. Jurnalistlər, xüsusilə redaktorlar nəzərə almalıdırlar ki, Azərbaycan müharibə şəraitində yaşayır və informasiyalarımızdan düşmənin maksimal dərəcədə istifadə etmək imkanları var. Söhbət təkcə xəbərlərdən getmir, həmçinin foto və video görüntülərdə də buna fikir vermək lazımdır”.



“Amerikanın səsi” radiosunun Bakıdakı əməkdaşı Tapdıq Fərhadoğlu
informasiyanı müharibə anlayışı ilə yanaşı qoymağı düzgün hesab etmir:

“İnformasiya əslində müharibə deyil və bu, doğru, düzgün ədalətli olmalıdır. Onun kimin göz yaşına və ya sevincinə səbəb ola biləcəyinin mətbuata aidiyyatı yoxdur. Mətbuat informasiyanı cəmiyyətə olduğu kimi çatdırmalıdır. Jurnalist əgər hansısa mövqedən çıxış edirsə, bu ədalətsizlik sayılır.

Jurnalistika üçün müharibə anlayışı yoxdur. Məlumat, informasiya anlayışı var. Bizim işimiz bu məlumatları düzgün çatdırmaqdan ibarətdir. Müharibə aparanlar siyasi tərəflər, dövlətlərdir. Amma jurnalistikanın vəzifəsi informasiyaları ölkənin qanunlarına uyğun və dəqiq çatdırmaqdır.

Ölkədə reallıqlarımızın əks etdirilməsinə cavabdeh olan insanlar düşünməlidir ki, Azərbaycanın  informasiya məkanı azad olmalıdır. Bunun nəticəsində isə jurnalistlərin informasiyanı insanlara ötürmək imkanları yaransın. İnformasiyanın toplanması, istehsalı üçün ciddi mənbələr olmalıdır. Müharibə aparmaq orduların işidir, jurnalistikanın yox. Hansı cəbhə bölgəsində və ya hadisə yerində olmağından asılı olmayaraq, informasiyanı tərəfsiz çatdırmalısan”.


“Qafqazinfo”nun baş direktoru Elbrus Ərud
informasiya müharibəsindən öncə tənzimləməli olduğumuz məqamları vurğulayıb:


“İnformasiya müharibəsi getdiyini düşünmürəm. Bu cür müharibə olmur. Açığı, Azərbaycan Müdafiə Nazirliyinin mətbuata münasibəti və informasiyanın yayılması, hazırlanması, forması ilə bağlı mediaya qoyduğu bəzi qadağalar bir KİV rəhbəri kimi məni qane etmir. İnformasiyanın paylaşımında çox xəsislik nümayiş etdirirlər. Müdafiə Nazirliyi ordu ilə bağlı xəbərlərin yazılmasına normadan artıq nəzarət edir. Bəzən “düşmən dəyirmanına su tökürsən” deməklə normal xəbərlərin də yazılmasına imkan verilmir.  Buna görə də öncə öz aramızda, yəni mətbuat və Müdafiə Nazirliyi arasındakı münasibətləri müəyyən etməliyik. Əvvəlcə bunu həll etməli, daha sonra düşmənlə müharibə məsələsinə baxmalıyıq.

Bir sıra hallarda “bəzi informasiyalar Ordunun mövqeyinə ziddir, dövlət sirridir, bu haqda məlumat yaymaq olmaz” prisipi ilə informasiyaların çatdırılmasına qarşı çıxırlar. Əslində bu, başa düşüləndir. Dövlət qurumu informasiyanın qorunmasında, mətbuat isə yayılmasında maraqlıdır.  Bu minvalla  həm də yazılmalı, ölçü götürülməli, ictimailəşdirilməli xəbərlərin də üstündən keçirik. Bu da gələcəkdə daha mənfi hadisələrin baş verməsinə səbəb ola bilər. Əgər mətbuat yazmırsa, deməli, məsələ həm də gözdən kənarda qalır.

Bu cür məlumatları yazan və ya işıqlandıranın olmamasından istifadə edən işbazlar var və nəticədə bildiklərini edirlər. Biz məsələyə real baxmalıyıq. Hələ öz aramızda məsələləri tənzimləyə bilmirik.  Müharibə yalnız aprel döyüşlərindəki kimi həyata keçirilməlidir”.


Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov
düşünür ki,  müasir dünyanın informasiya məkanında nəyin baş verməsi deyil, baş verənin necə təqdim olunması önəmlidir:


“Bu, o qədər geniş mövcudur ki, rahatca bir neçə qalın kitab yazmaq olar. Qısaca bunu deyim: müasir dünyanın informasiya məkanında nəyin baş verməsi önəmli deyil, baş verənin necə təqdim olunması önəmlidir. Cırtdanın nağılını belə danışa bilərik ki, bir dəstə yaramaz uşaq yazıq qoca divin evinə gedir, onun çörəyini yeyir, ona nağıl danışdırır, su daşıtdırır, əziyyət verir, axırda da çayda boğurlar.

Baxın: o boyda nağılın mahiyyətini kökündən dəyişmək üçün iki xırda şey lazımdır: bir neçə detalın üzərindən səssiz keçmək və məntiqi vurğunun yerini dəyişmək. Və hər şey kəlləmayallaq olacaq. Halbuki, danışdığımız da yalan deyil. Məzmunca yalan deyil, amma mahiyyətcə yalandır! Bu, dəhşətlidir. Və biz bu cür dəhşətli informasiya dünyasında yaşayırıq.

İnformasiya dünyasında heç bir xəbər sadəcə informasiya çatdırmaq xətrinə deyil. Hər bir xəbər, hər bir yazı ikinci məqsəd də daşıyır: ictimai şüuru formalaşdırmaq. Biz bunu bilməli və ona uyğun davranmalıyıq. Bilməliyik ki, hər bir cümlənin informasiya ötürməkdən başqa, bir də ictimai fikir formalaşdırmaq funksiyası var.

Bu, xüsusilə ölkə miqyaslarından kənarda daha qabarıq görünür. Əgər hansısa ölkə hədəfə alınıbsa, orada baş verən hər bir hadisədən onun imicini korlamaq üçün vasitə kimi istifadə olunur. Hər informasiya gülləyə çevrilib, həmin ölkəyə tərəf atılır. Heç kim təmiz, saf xəbərçiliklə məşğul olmur, hamı hansısa maraqlara bağlıdır. Biz bunu bilməliyik, belə hallarla üzləşəndə səbəbini başa düşməliyik və imkan daxilində bizimlə informasiya müharibəsi aparanlara cavab atəşi açmalıyıq”.


Günay RƏSULQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi