Modern.az

Bakının məşhur qonaqları - Əsərinin Azərbaycan dilinə tərcüməsinə heyrətlənən Nobel mükafatçısı

Bakının məşhur qonaqları - Əsərinin Azərbaycan dilinə tərcüməsinə heyrətlənən Nobel mükafatçısı

22 İyun 2017, 16:33

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər. 

Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların belə qısa və ya uzunmüddətlik səfərləri Bakının və insanlarımızın keçmişində silinməz izlər qoyub. 

Modern.az saytı məşhurların Bakı səfərləri haqqında silsilə məqalələrini davam etdirir.


“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələri təqdim edilir. Bakıya kimlər gəlməyib?!

Bu dəfə haqqında danışacağımız şəxs 1986-cı ildə ədəbiyyat üzrə Nobel mükafatının sahibi, “qara qitə”nin qəhrəmanı, əfsanəci şəxsiyyət Nelson Mandelanın yaxın silahdaşı yazıçı-dramaturq Vole Şoyinkadır.

 

DOSYE: Nigeriya yazıçısı Vole Şoyinka 1934-cü ildə anadan olub. 1986-cı ildə ədəbiyyat üzrə Nobel mükafatını almaqla tarixə düşüb. Belə ki, Afrikada təkcə ədəbiyyat yox,  ümumilikdə bütün sahələrdə ilk Nobel alan şəxs məhz odur. “Nəhəng mədəni və poetik perspektivləri olan teatr yaratdığına görə” Nobelə layiq görülüb.

O, Nigeriyanın Yoruba tayfasındandır. Həmin tayfanın  mifologiyaya, ritual rəqslərə, teatrlaşdırılmış səhnələrə bağlılığı, orijinal əsatir və əfsanələri Vole Şoyinkanın yazıçı-dramaturq kimi yetişməsinə ciddi təsir göstərib. İngilis dilində təhsil alması, Qərb mədəniyyətini mənimsəməsi onda ədəbi sintez üçün geniş imkanlar yaradıb.

İngiltərənin Lids Universitetində oxuması və ingilis dilini mükəmməl öyrənməsi onun dünyagörüşünü xeyli inkişaf etdirmişdi. O artıq ingilis dilinin imkanlarından yararlanaraq, dünyaya çıxmaq üçün əla fürsət əldə etmişdi. Amma Şoyinka sonradan siyasətə qoşulur. Əfsanəvi şəxsiyyət Nelson Mandelanın əsas silahdaşlarından birinə çevrilir.



Nigeriyada 1967-ci ildə başlanan vətəndaş müharibəsi ərəfəsində Şoyinkanın siyasi fəallıq göstərməsi, milli qırğının qarşısını almaq üçün üsyançı tayfa başçısı Odjukvu ilə gizli şəraitdə görüşməsi və danışıqlar aparması sonda yazıçının həbsi ilə nəticələndi. Bundan əvvəl o, bir dəfə də seçki saxtakarlığı əleyhinə sərt çıxışlarına görə həbs edilsə də,  Amerika və ingilis yazıçılarının etiraz aksiyaları nəticəsində iki aydan sonra azadlığa buraxılmışdı. İkinci dəfə isə Şoyinka 27 ay məhbəsdə, təkadamlıq kamerada saxlanıldı. Ümumi əfv nəticəsində azadlığa çıxdıqdan sonra İbadan universiteti yanındakı dramatik məktəbə rəhbərlik etdi. Yazıçının Afrika despotizmini ələ salan "Konqo biçini" komediyası 1969-cu ildə tamaşaya qoyuldu. Bir il sonra həmin komediya əsasında onun özünün baş rolda oynadığı bədii film çəkildi.

Nigeriyada növbəti dövlət çevrilişi və prezident Qovonanın devrilməsindən sonra Şoyinka yenidən vətənə döndü və  ölkəsində   universitet professoru kimi fəaliyyətini davam etdirdi. Bir-birini əvəz edən iqtidarlarla münasibətini tənzimləyə bilməsə də, o, Nigeriya mədəniyyətinin, ilk növbədə milli teatrın inkişafı üçün həqiqətən, böyük işlər gördü. Şoyinka ölkəsində baş verən heç bir mühüm prosesə laqeyd və seyrçi qalmırdı. Hələ 60-cı illərdə o, neft bumunun Nigeriya üçün necə fəlakətlə nəticələnəcəyi haqqında xəbərdarlıq etmişdi. Şoyinkanı düşündürən başqa bir məsələ isə Afrika ölkələrində insan haqlarının qorunması idi.

Onun uzun illər davam edən ictimai və ədəbi fəaliyyəti öz məntiqi yekununu tapdı. Şoyinka 1986-cı ildə Nobel mükafatını qazandı. Ən maraqlısı bu idi ki, o, Nobel çıxışını həmin vaxt həbsdə olan silahdaşı Nelson Mandelaya həsr etdi.

Şoyinka Bakıda

O, 82 illik həyatında Bakıda cəmi bir dəfə olub - 2016-cı ilin sonunda… Özü haqqında danışarkən bir cümləni tez-tez işlədir: “Ömrümün üçdə biri Nigeriyada keçdi, üçdə biri ABŞ-da, yerdə qalan üçdə biri isə təyyarələrdə”. Odur ki, uzaq Bakıda olmaq ona yalnız ötən il nəsib olub. Nobel mükafatçıları və tanınmış alimlərin iştirak etdiyi beynəlxalq foruma  o da dəvət edildi. Lakin Vole Şoyinka imzası başqa qonaqlardan seçildiyindən onu bir neçə tədbir və görüşlərə də dəvət etdilər.

 

Nobel mükafatı laureatı V.Şoyinka Bakıdakı müxtəlif görüşlər zaçanı çıxışlarında  ədəbiyyat aləmində ilk qələm təcrübələri, eləcə də Afrika ədəbiyyatının özəllikləri, milli azadlıq hərəkatı dövrü və ondan sonrakı ədəbiyyat barədə görüş iştirakçılarına ətraflı məlumat verirdi. Sanki, uzaq Azərbaycanda Afrika ədəbiyyatına maraq yaratmağı özünə borc bilirdi. Həm də bir azadlıq fədaisi olduğu üçün Azərbaycandakı məcburi köçkünlərin sayının 1 milyondan çox olması faktı onu sarsıtmışdı. Bakıdakı bir çıxışında da bunu aydın görmək olar:

 

“İnsanlar get-gedə daha çox məcburi köçkün və didərgin vəziyyətinə düşürlər: Biz öncədən proqnozlaşdırmadığımız üçün qaçqın böhranı ilə üzləşmişik. Söhbət böyük şəhərlərin yer üzündən silinməsindən gedir və biz burada təbiəti günahlandıra bilmərik. Bu gün müəyyən imperialist dairələrin Afrikada da maraqları var. Aldatmaq imkanları getdikcə azalır və qitəmizin insanları getdikcə daha çox suallar verirlər. Biz demaqoqlardan soruşmalıyıq ki, bəşəriyyət üçün nə edirlər? Biz problemlərin həlli üçün birgə səylər göstərməliyik”.


V Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı dediyi sözlər də iştirakçılar tərəfindən maraqla qarşılandı:


"Terrorçu Bako Haramın pis əməlləri kütləvi şəkildə məktəbli qızların öldürülməsinə gətirib çıxardı. Bu, bir növ dözümsüzlükdür və insanların bir yerdə yaşamasının inkar edilməsidir. Bu, nasizmdən çox da fərqlənmir. Onlar qeyri-bərabərlik, dözümsüzlük nəzəriyyəsini aşılamağa çaılışırlar.

Eyni zamanda ən yaradıcı yanaşmalar bunun altında qələmə verilə bilər. Bu, sonda xeyli sayda insanın bölünməsinə, onların şüurlarının zəhərlənməsinə gətirib çıxarır. Əsas məqsəd isə hakimiyyəti ələ almaqdır. Bunun nasizm ideologiyasından heç bir fərqi yoxdur. Artıq onun pis nəticələrini görmək olur. Sonda bunlar zorakılığa əsas yaradır. Həmin o qrupların lidərləri tərəfindən insanlar təsir altına düşür. Din dəyişir və bir növ təhdid olunur. Bütün bunlar təzyiq altında baş verir".

 

Humanitar Forumla bərabər,  nobelli yazıçı ilə AMEA-nın Ədəbiyyat İnstitutunda da görüş keçirildi. Görüşün təşkilatçısı institutun direktoru, akademik İsa Həbibbəyli  ora tərcüməçi Nəriman Əbdürrəhmanlını da dəvət etdi. Çünki bu zamana qədər Şoyinkanın Azərbaycan dilinə yalnız bir əsəri tərcümə olunub ki, onu da Nəriman müəllim həyata keçirib. Tərcüməçi  tərtib etdiyi “Ədəbi Nobel antologiyası” buraxılışına Şoyinkanın da romanından bir parçanı çevirərək kitaba əlavə edib.
 

Nəriman Əbdürrəhmanlı Modern.az saytına müsahibəsində bu faktın Şoyinkanı çox təəccübləndirdiyini bildirdi. Afrikalı yazıçı heç zaman gözləməzdi ki, onun hər hansı əsəri nə zamansa Azərbaycanda da tərcümə edilə bilər:

“Dörd il bundan əvvəl ədəbiyyat üzrə Nobel alan yazıçıların nəsr nümunələrindən tərcümələr edərək, kitab hazırlamışdıq. “Ədəbi nobel antologiyası” adlanan kitabda əvvəldən indiyə qədər bütün mükafatçılardan hekayələr tərcümə olunub. Kitab millət vəkili Qənirə Paşayevanın dəstəyi ilə çap edildi. Nobelin Bakıdakı mülkündə təqdimatı keçirildi, həmçinin, Nobel ailəsinin üzvləri də orada iştirak etdilər. Tərcümə olunan əsərlər arasında Vole Şoyinkanın da romanından bir parça var idi. Onu özüm tərcümə etdim və bu zaman nigeriyalı yazıçının həyat və yaradıcılığı ilə yaxından tanış oldum. Kitab AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, akademik, millət vəkili İsa Həbibbəyliyə də təqdim edilmişdi. O da ötən il Ədəbiyyat İnstitutuna Vole Şoyenkanı dəvət edəndə mənim də iştirakımı istədi. Məni Nobel laureatı olan yazıçı ilə tanış etdi. Həmin antologiyanı da Şoyinkaya hədiyyə verib, burada onun da əsərini tərcümə olunduğunu deyəndə afrikalı yazıçı çox təəccübləndi. Ümumiyyətlə, Azərbaycanda oxunması, tanınması və hətta əsərinin Azərbaycan dilinə tərcümə olunması onu həm təəccübləndirdi, həm də sevindirdi. Çıxışında da bu barədə xeyli danışdı. Təəssüratları çox dərin idi.

Mən də çıxış etdim. Şoyinkanın  yaradıcılığı haqqında məlumat verdim. O zaman İsa Həbibbəyli belə bir ideya irəli sürdü ki, Şoyinkanın ən məşhur əsərləri dilimizə tərcümə edilsin və kitab halında buraxılsın. Ədəbiyyat İnstitutunun həm tərcümə, həm də kitab çapını öz üzərinə götürdüyü bildirdi. Doğrudur, hələlik o istiqamətdə bir iş görülməyib. Amma inanıram ki, həmin ideya kağız üzərində qalmayacaq. Kitab tezliklə çapdan çıxacaq və Azərbaycan oxucusu Şoyinkanın yaradıcılığı ilə yaxından tanış olacaq.

Görüşdə Şoyinka çıxışı zamanı öz yaradıcılıq yolundan, ədəbiyyata gətirdiyi yeniliklərdən danışdı. O, həm də çox usta bir dramaturqdu. Elə 1986-cı ildə Nobel mükafatını da dramaturq kimi fəaliyyətinə görə alıb. İnanıram ki, gələcəkdə onun dram əsərləri Azərbaycan teatrlarına yol açacaq. Əgər bu baş tutsa, o zaman Azərbaycan tamaşaçısına Şoyinkanın dram əsərləri çox maraqlı olar. Çünki o, dramaturq, yazıçı olmaqla yanaşı, həm də Afrikanın ən məşhur azadlıq fədailərindən biridir. Elə əsərlərində də bu məqam qırmızı xətlə keçir. Azadlıq, insan hüquqları  ideyaları uğrunda mübarizəsinə görə bir müddət həbsdə də qalıb. Uzun müddət ABŞ-da yaşayıb. Həm orada, həm də başqa yerlərdə Afrikanın azadlıq və rifahı üçün mübarizəsindən əl çəkməyib. Belə bir insanın dram əsərlərinin bizim teatrlarda nümayişi çox faydalı olardı. Teatrlarımız Şekspirin və başqa Avropa dramaturqlarının əsərlərindən ayrılıb, Amerika və Afrikaya baxsalar, xeyli maraqlı səhnə əsərləri görə bilərlər. Amma bu o demək deyil ki, Şoyinka ancaq dramaturq kimi tanınır. O, həm də usta bir romançıdır. Romanları da Azərbaycan dilinə tərcümə edilsə, bizim gənc oxucularımızın dünyagörüşünə çox ciddi təsir göstərmiş olarlar. Ümumiyyətlə, bizdə üzdə olan yox, gərəkli olan dünya yazıçılarına müraciət edilməlidir. Şoyinka da təbii ki, o siyahının başında gəlir.

Tərcüməçi vasitəsilə onunla danışdıq. Azərbaycana, onun təbiətinə olan vurğunluğunu heç cür gizlədə bilmirdi. Cəmi bir əsəri antologiyanın içində çap edilmişdi. Amma bunun özü də ona çox böyük təsir etmişdi. Bunun özü də onun üçün sanki sürpriz oldu. 82 yaşı vardı, amma mənə dedi ki, bir daha Azərbaycana qayıtmağın xəyalı ilə yaşayacaq. Çünki burada keçirdiyi bir neçə gün onun həyatında sarsılmaz iz buraxıb. Həmçinin, Azərbaycan oxucusunun onu necə qəbul edəcəyinin həyəcanını yaşadığını da bildirdi”.

 


Son olaraq… Yaxud, Trampa üsyan

Uzun müddət Nyu-Yorkda yaşayan və Nyu-York Universitetinin Afrika-ABŞ əlaqələri fakültəsində çalışan V.Şoyinka ötən il Oksford Universitetində çıxış edərkən Tramp qələbə qazandığı təqdirdə Yaşıl Kartını kəsib atacağını və ölkədən ayrılacağını bəyan etdi.

Lakin “Yaşıl karta” zərbə vurmaq ona problem yarada bilərdi. Yeganə çıxış yolu isə ABŞ-ı könüllü olaraq tərk etmək idi. Şoyinka sözünün üstündə durdu və Trampın qələbəsini qəbul etməyərək uzun müddət yaşadığı ABŞ-ı tərk etdi.

 

Elmin Nuri

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir