Modern.az

Deputat və Milli Qəhrəmandan şəhidin məhkəməyə verilməsinə ETİRAZ: “Həmin bankirlər, hakimlər oğullarını əsgər göndəriblərmi?”

Deputat və Milli Qəhrəmandan şəhidin məhkəməyə verilməsinə ETİRAZ: “Həmin bankirlər, hakimlər oğullarını əsgər göndəriblərmi?”

22 İyun 2017, 17:26

“Para" BOKT ASC “Aprel şəhidi” Xaliq Əzizadəni məhkəməyə verib. Bu barədə deputat Qənirə Paşayeva bildirib ki,  Xətai rayon Məhkəməsində qaldırılan iddia əsasında şəhid cavabdeh qismində məhkəməyə çağırılıb.

 Bu, bankların şəhid ailələri ilə bağlı etdiyi ilk səhv deyil. Belə hallar bir neçə dəfə yaşanıb. Həmçinin, bankların bu cür davranışı vətən üçün canını fəda edən şəhidə böyük hörmətsizlikdir.

 Bəs oxşar yanlışlıqların qarşısını almaq üçün nə etmək lazımdır?

Milli Məclisin deputatı Elman Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, günahkar yalnız banklar deyil, həmçinin məhkəmə hakimləridir:

“Fərz edək ki, haram pulla harınlamış bankirlər heç Azərbaycan televiziyalarına baxmır və ya mətbuatı izləmirlər. Çünki başları həmin haram pullarla gəzməyə, yeyib-içməyə qarışıb. Bəs məhkəmə hakiminə nə deyək?  O, araşdırmır ki, bankirin iddia qaldırdığı şəxs kimdir? Belə çıxır ki, hakimlər bankirlərin çaldığı zurnaların havasına oynayırlar. Onların maddi maraqları var və  bankirlər nə desələr gözlərini yumub əməl edəcəklər.

İstər “Aprel şəhidləri”nə, istərsə də torpaqlarımız uğrunda 25-30 il ərzində canını qurban edən digər şəhidlərə, həmçinin, onların övladlarına, ailələrinə müqəddəs yanaşmalı və sayğı göstərməliyik. Tutaq ki, o ailənin adı çəkilən banka beş-on manat  borcu var. Yəni onun vətən uğrunda tökülən qanı 5-10 qəpiyə dəymir?!. Yaxud bankirlər fikirləşmirmi ki, bu insanın sərhədlərimizi qoruması, şəhid olması hesabına sakit və əmin-amanlıqda yaşa bilirlər? Həmin bankirlərin, şəhidə iddia qaldıran hakimlərin oğul övladları varmı? Əgər varsa, onlar həqiqi  hərbi xidmət keçiblərmi, yoxsa adlarını yazdırıb, aylığa çıxıblar?. Yaxud  bəlkə xaricdə təhsil almaq adı ilə  orda-burda gizlənib, başlarını qatırlar. Bunları araşdırmaq lazımdır.

Düşünürəm ki, belə yaramazlıqların qarşısı dövlət rəhbərliyi səviyyəsində alınmalıdır. Həmin insanlar ölkə başımızın “Aprel şəhidləri”nə verdiyi qiyməti gözlərinin qarşısına gətirsinlər və öz hərəkətlərinə baxıb utansınlar!”.

Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev düşünür ki, şəhid ailəsinin xüsusi imtiyazları olmalıdır:

“Bəzi məmurlar heç nəyi nəzərə almır və bu cür səhvlərə yol verirlər. Şəhid ailəsi Azərbaycan üçün müqəddəs sayılmalı və onların xüsusi imtiyazları olmalıdır. Əgər şəhid ailəsinin borcu varsa, bu dövlət və ya dövlət qurumları, hətta bankın hesabına silinməlidir. Buna ölkəmizin qüdrəti də çatır.

Elə həmin bank məmurları da imkanı olmayan şəhid ailələrinin borcunu silmək imkanına malikdirlər. Bu işə dövlətin müdaxilə etməyi yaxşı olardı. O cümlədən Milli Məclis  bu cür halların qarşısını almaq üçün rəsmi qərarlar qəbul etməlidir”.

 

Günay RƏSULQIZI

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi