Modern.az

Türkiyənin məşhur universitetində qalib seçilən azərbaycanlı bacılar Milli Məclisdə - FOTOLAR

Türkiyənin məşhur universitetində qalib seçilən azərbaycanlı bacılar Milli Məclisdə - FOTOLAR

22 İyun 2017, 17:55

Bu gün Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Türkiyənin Bahçeşehir Universitetinin QALİB MƏZUNLARI olan azərbaycanlı tələbə bacılar Günel və Xeyransa Musayevaları parlamentdə qəbul edib.

Modern.az saytıxəbər verir ki, Fuad Muradov çıxışı zamanı Azərbaycan prezidentinin gənclərlə bağlı apardığı siyasətə toxunub və bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq,  hər bir azərbaycanlı gənc Azərbaycan dövlətinin diqqətində və marağındadır.

“Gənclərə qayğı və diqqət hər zaman davam edəcək. Cənab Prezident də çıxışlarında dəfələrlə vurğulayıb ki,  Azərbaycanda neft kapitalını insan kapitalına çevirmək lazımdır. Bu məsələ hər zaman prioritet olub. Hər kəs bilir ki, Azərbaycanın gələcəyi gənclərin üzərindədir. Uğurlu gələcək Azərbaycan gənclərinin adı, potensialı, təhsili, savadı ilə bağlıdır. Statusundan asılı olmayaraq, uğurlu gənclər hər bir azərbaycanlı üçün qürurvericidir”.


Komitə sədri qeyd edib ki, xüsusilə Azərbaycan bayrağını ölkəmizin hüdudlarından kənarda dalğalandıran, Azərbacan adını hər şeydən yüksək tutan gənclər fəxr yerimzidir.

“Bu mənada hesab edirəm ki, siz bacılar Türkiyənin  Bahçeşehir Universitetinin qalibi olmaqla həm sizdən sonra gələn gənclərimiz üçün mühüm rol oynayırsınız, həm də 100-dən çox ölkənin içərisində dövlətimizin adını tarixə yazdınız.

Hər bir Azərbaycan vətəndaşının, xüsusilə Azərbaycan gəncinin hədəfində Azərbaycanın müstəqilliyinin daimiliyi, əbədiliyi əsas olmalıdır. Bu, Azərbaycanın müstəqilliyinin var olması ilə bağlıdır. Vətənimizi canımızdan, qanımızdan əziz bilməliyik. Bu gün Azərbaycanda inkişaf var.

Təbii ki, aparılan quruculuq və digər işlərin hamısı göz önündədir. Bu, dünya səviyyəsində etiraf olunan, qəbul edilən  məsələdir.

Ancaq Azərbaycanın ərazi bütövlüyü məsələsində problem var. Ermənistan işğalçılıq siyasətini davam etdirir. Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, işğal olunmuş bir qarış torpağımız belə, müzakirə mövzusu ola bilməz. Sadəcə, Ermənistan havadarlarının köməyi ilə işğalçılıq siyasətini davam etdirməklə məşğuldur. Azərbaycan tərəfi isə sülh yolu ilə torpaqlarını azad etmək istəyir. Müharibənin fəsadlarını bilirik.

 

Buna baxmayaraq, Azərbaycanın çox güclü ordusu var və həmin ordu torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Cənab İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclik Azərbaycanın dövlətçilik tarixində heç zaman olmayıb. Bu gənclik müstəqilliyə, istiqlaliyyətə, torpaqlarına elə bağlıdır ki, bununla yalnız qürur duymaq olar. 
2016-cı ilin aprel hadisələri hamımıza tanışdır. Azərbaycan gəncliyinin harada yaşamasından asılı olmayaraq, aprel hadisələri zamanı bütövləşərək necə ayaqda olduğunu yaxşı xatırlayırıq”.



Fuad Muradovla görüşən Musayeva bacıları deyib ki,  təhsillərini bakalavr səviyyəsində yekunlaşdırmaq fikrində deyillər.

“Güman ki, magistr təhsilimizi Bahçeşehir Universitetində, sonra isə Amerikada və ya İngiltərədə davam etdirəcəyik. Harda olmağımızdan asılı olmayaraq, Azərbaycançılığı, müstəqilliyi göz bəbəyi kimi qorumağa çalışmaq bizim müqəddəs borcumuzdur. Biz ailə, məktəb tərbiyəsində bunu öyrənmişik. Biz təkcə təhsil sahəsində deyil, sosial və  ictimai sahələrdə də aktiv olmağa çalışırıq.

 

Daha geniş işlər görməyi düşünürük. Türkiyədə və Amerikada olduğumuz müddətdə belə, bizim üçün əsas məsələ Azərbaycan olub. Azərbaycan sərhədlərindən kənarda ata-ana, qohum-əqrəba, yaxud da, hansısa başqa maraqlar yoxdur, yalnız Azərbaycan var, müstəqilik var, Qarabağ var”.


Görüş zamanı Günel və Xeyransa Musayeva  bacıları Milli Məclislə daha yaxından tanış olublar.


Onlar bu tanışlıqdan və diqqətdən məmnun olduqlarını və təşəkkürlərinin diqqətə çatdırıblar.
 

Qeyd edək ki,Günel və Xeyransa Musayeva bacıları bu il Türkiyənin Bahçeşehir Universitetindən məzun olublar. Bahçeşehir Universitetinin Beynəlxalq maliyyə və iqtisad fakültəsinin azərbaycanlı məzunu Günel Musayeva universitet birincisi olub və “Altun beyin” ödülü qazanıb. Günel Musayeva 106 ölkə təmsilçisi içərisində universitet birincisi olub.

Digər bacı, Bahçeşehir Universitetinin Beynəlxalq maliyyə və menecment fakültəsinin azərbaycanlı məzunu Xeyransa Musayeva isə yüksək nəticə göstərərək, universitet üçüncüsü olub.

Xatırladaq ki, Bahçeşehir Universiteti Türkiyədə ən çox xarici tələbəyə sahib olan, tam ingilis dilində təhsil verən bir ali təhsil ocağıdır. 106 ölkədən 3200 xarici tələbəyə sahibdir. Hazırda 3 qitə, 8 ölkəyə yayılmış Silikon vadisindən Honk-Konqa qədər uzanan 5 universiteti, 4 dil məktəbi, 5 akademik mərkəzi olan Bahçeşehir Universiteti Türkiyənin ən nüfuzlu vəqf universitetidir.

 


Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...