Modern.az

Polis Bakıda maşın qaçıran "dicey”i yaxaladı

Polis Bakıda maşın qaçıran "dicey”i yaxaladı

23 İyun 2017, 11:36

İyunun 22-də səhər saat 12 radələrində Daxili İşlər Nazirliyinin (DİN)  "102 Zəng Mərkəzi"nə Nəsimi rayonu ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub.

           
DİN-dən Modern.az-a verilən məlumata görə, aidiyyatı üzrə Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə dəvət edilən zərərçəkmiş - Bakı şəhər sakini Mehdi Əliyev izahatında ötən gecə saat 4 radələrində içkili olduğundan özünə məxsus "Daevoo" markalı avtomobilini evinin yaxınlığında saxladığını, açarı da götürməyi unudaraq evinə getdiyini bildirib. Səhər qalxanda isə maşınını həmin yerdə tapmayıb.     

           
Dərhal 22-ci Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu maşının tapılması istiqamətində tədbirlərə başlayıb, bu barədə DİN-in "Təhlükəsiz Şəhər" Xidmətinə müvafiq məlumat veriblər.

           
Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanları ilə həmin maşının Səbail rayonu ərazisində hərəkətdə olması müəyyən edilərək aidiyyatı üzrə Bakı BPİ-nin Dövlət Yol Polisi İdarəsinə müvafiq məlumat ötürülüb. Yol polisləri qaçırılmış maşını Səbail rayonunun T.Əliyarbəyov küçəsində saxlanıldığını aşkar edərək onu 22-ci Polis Bölməsinin əməkdaşlarına təhvil veriblər.

           
Əməliyyatçılar maşını qaçıran şəxsin həmin ərazinin yaxınlığındakı gecə klublarından birində "DJ" işlədiyi barədə məlumat əldə ediblər. Şübhəli qismində saxlanılaraq 22-ci Polis Bölməsinə gətirilən şəxsin ətrafında aparılan araşdırmalarla onun Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Maksimov olması müəyyən edilib. O, gecə vaxtı həmin ərazidən keçərkən maşının qapısının açıq vəziyyətdə, açarının da üstündə olduğunu görərək bu əməli törətdiyini etiraf edib.

           
Faktla bağlı cinayət işi başlanılıb.

 

 

           
Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?