Modern.az

Çapıqlı çağırışçılar... - Sağlam gəncin əsəb dispanserinə göndərilməsi və karyeraya vurulan ZƏRBƏ

Çapıqlı çağırışçılar... - Sağlam gəncin əsəb dispanserinə göndərilməsi və karyeraya vurulan ZƏRBƏ

Hadisə

23 İyun 2017, 12:28

Məlum olduğu kimi, 18 yaşını tamamlamış gənclər həqiqi hərbi xidmətə çağırışçı sayılır və buna görə onlara qeydiyyatda olduqları rayonun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsi tərəfindən çağırış vərəqəsi göndərilir. Bu gün toxunmaq istədiyimiz mövzu bəzi çağırışçıların qarşılaşdıqları problemlə bağlıdır. Məsələ burasındadır ki, xüsusilə bölgələrdə yaşayan bəzi gənclər rayonda, kənddə təsərrüfatla məşğul olan zaman aldıqları zədə qalıcı olur. Nəticədə onların bədənin hansısa nayihələrində çapıq (“şram”) izləri qalır. Beləliklə, əsgərliyə getmək üçün tibbi müayinədən keçəndə vaxtilə hansısa ağacın cızdığı “çapıq”lı gəncin gələcək karyerasını sual altında qoyur.

Qeyd edək ki, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə görə, ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər:

A - hərbi xidmətə yararlıdır;

B - sıradankənar hərbi xidmətə yararlıdır;

C - sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır;

Ç - hərbi xidmətə müvəqqəti yararsızdır;

D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır.

Çağırışçıda çapıq aşkarlandıqda, Əsasnaməyə əsasən, əsəb dispansirinə göndərilir. 3 gün ərzində onun ruhi pozuntuları olub-olmadığı yoxlanılır. Təbii ki, bu zaman onu dispanserdə qüydiyyata alırlar. Bu şəxsdə ruhi-əsəb xəstəlikləri aşkarlanmasa belə, əsgərlikdən əvvəlki həmin “3 gün” çağırışçı hərbi xidməti başa vurub qayıtdıqdan sonra işə düzələndə qarşısında sədd rolunu oynayır...

 

Modern.az mövzu ilə bağlı parlament üzvlərinin mövqeyini öyrənib.

 

Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.az-a deyib ki, hərbiyə yollanan hər bir çağırışçı sağlam olmalıdır:

 

“Bölgələrdə bu problem var”

 

“Biz xalq arasında “şram” adlandırılan cızığın şəxsin sağlamlığına, xüsusilə də əqli vəziyyətinə nə dərəcədə aid olduğunu müəyyən etməliyik. Doğrudur, əksər kənd yerlərində çağırışçıların belə bir problemlə qarşılaşdığının şahidiyik. Çünki onlar həyat fəaliyyəti ərzində istər uşaqlıqdan, istərsə də təsərrüfat işləri zamanı belə vəziyyətlə üzləşirlər. Onların bədənlərinin hansısa nahiyələrində bu cür cızıqlar yaranır. Hərbi qeydiyyata alınanda və çağırışa cəlb edildiyi zaman qeyd olunduğu kimi, bədəndəki çapıq izləri xüsusi formada aktlaşdırılırlar. Onlar göndərişlə əsəb dispanserinə yönləndirilirlər. Bu, çağırışçının ağlına, durumuna şübhə etmək, hətta sadə xalq arasında deyildiyi kimi “yarasızdır” anlamına gəlmir. Sadəcə, burada kiminsə öz-özünə xəsarət yetirib-yetirmədiyi araşdırılır. Bu zaman diaqnozlar adi gözlə qoyulur və baxıldığı zaman çapıqların iş şəraitində yarandığı dərhal sezilir. Bütün bunlar çağırışçının cəbhənin önəmli işlərini yerinə yetirə biləcəyinə əminlik üçün edilir. Ondan sonrakı dövrdə, hüquqi müddəanın tələbindən çıxış edərək, hər hansı bir şəxs-hətta çağırışçıların on mindən biri qeyd olunan səbəbdən çağırışa tam yararsız sayıla bilər”.

 

Sağlam şəxs və əsəb dispanseri...

 

Deputat qeyd edir ki, xəstəliyi olmayan şəxs heç bir halda məcburi şəkildə əsəb dispanserində yatırıla bilməz:

 

“Söhbət üç gün ərzində əsəb dispanserində diaqnoz qoyulub, reaksiya verilməsindən gedir. Yoxsa həmin şəxslər üç günün üçünü də orada olmalıdırlar deyə, bir tələb qoyulmur. Məsələnin əsas tərəfi bunun çağırışçıların hərbi xidməti başa vurduqdan sonra onların gələcək karyeralarına təsiridir. Xidmət başa çatdıqdan sonra geri dönən şəxs xüsusi yanaşma tələb edilən orqanlarda-daxili işlər, prokurorluq sistemi və s. kimi digər təsisatlara gedəcəyi təqdirdə, onlar, yenidən Səfərbərlik İdarəsinə müraciət edirlər. Müraciət əsasında Mərkəzi Xəstəxanaya xüsusi göndəriş verilir. Xəstəxana təsdiq edir ki, geri dönən şəxsin psixi xəstəliklərlə bağlı problemi yoxdur. Vətəndaşın şəxsi işi tam şəffaf, dürüst, onun əqli durumuna dair hər hansı mənfi rəy olmadan qəbul edilir. Dövlət orqanları şəxsin məhz həmin “şram”a görə idarəetmə sisteminə yararsızlığı haqqında qərar çıxarırsa və yaxud bundan nəticələr meydana gəlirsə, bu, yanlış ümumiləşdirmələrdir. Bəlkə də haradasa epizodik fakt baş verib, səbəb ayrı olub, kim isə bunu belə əlaqələndirib. Bunu demək çətindir, amma praktikada bir qayda olaraq, təmsil etdiyim rayonun həyatı ilə bağlı həmin cızıq probleminə görə şəxsin gələcəyinin zərbə altında qalmağından qətiyyən söhbət getmir”.

 

“Hərbi xidmətə tam sağlam şəxslər qəbul olunur”

 

Mili Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a bildirib ki, əqli problemi olan şəxslərin 90 faizi hərbi xidmətə qəbul olunmur:

“Əgər yüngül nevroz, nevrasteniyası varsa, vətəndaş çağırışa qədər müalicə alıbsa, o, hərbi xidmətə qəbul olunur. Qalanları- nə şizofreniya, nə epilepsiya, nə də depressiyalı şəxslər hərbi xidmətə qəbul olunur”.

 

“Problem ola bilməz”

 

M.Quliyev bildirir ki, hərbi xidmətdən qayıdan zaman hansısa problemlərin yaşanması mümkün deyil:

“Əgər vətəndaş  hərbi xidmət keçibsə və hərbi rütbəli işə qəbul olunmaq istəyirsə, gedib arayış almalıdır. Dispanserdə yoxlayırlar, əgər onun psixoloji problemi qalırsa,  yaxud davam edirsə, ona xəstə olduğu bildirilir və həmin vəzifələrdə işləmək icazəsi verilmir. Yox, müalicə nəticəsində problemi aradan qalxıbsa, sağlamdır diaqnozu yazırlar və uçotdan da çıxarırlar. Burada heç bir problem yoxdur”.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi