Modern.az

ADU-nun Konfutsi İnstitutunda  seçim turu keçirilib

ADU-nun Konfutsi İnstitutunda  seçim turu keçirilib

23 İyun 2017, 16:10

İyunun 23-də Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən (ADU) Konfutsi İnstitutunda “Çin dilini öyrən – bütün dünyada dostlar tap” devizi altında məktəblilər arasında Çin dili üzrə “Çin dili körpüsü” adlı X Beynəlxalq müsabiqənin Azərbaycan üzrə seçim turu keçirilib.

 

Seçim turu Çin Xalq Respublikasının (ÇXR) Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə ÇXR-in Çin dilinin yayılması üzrə Dövlət Dəftərxanası – Konfutsi İnstitutlarının (Xanban) qərargahı və ADU-nun Konfutsi İnstitutu tərəfindən təşkil olunub. Müsabiqədə orta məktəblərin və gimnaziyaların şagirdləri, eləcə də ADU-nun Konfutsi İnstitutunun təşkil etdiyi Çin dili kurslarının dinləyiciləri iştirak ediblər.

Modern.az xəbər verir ki, tədbiri açıq elan edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov əsası Ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı qoyulmuş Çin və Azərbaycan arasında təhsil sahəsində sürətlə genişlənən əməkdaşlıqdan söz açıb. Azərbaycan gənclərinin Çin dili və mədəniyyətinə marağının artdığını qeyd edən R.Abbasov tarixi İpək yolu ilə əlaqəli olan iki ölkə - Azərbaycan və Çin arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümündə bu müsabiqənin keçirilməsinin simvolik xarakter daşıdığını vurğulayıb.

 

 

Tədbirdə çıxış edən ÇXR-in Azərbaycandakı səfirliyinin nümayəndəsi Can Xaynin müsabiqənin məqsədinin Azərbaycan məktəblilərinin Çin dili və mədəniyyətinə dair biliklərini nümayiş etdirmək olduğunu qeyd edib. O, müsabiqə iştirakçılarına Çin dilinin öyrənilməsində uğurlar və bu “dil körpüsü” vasitəsi ilə Azərbaycan və Çin arasında əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfələrini verməyi arzu edib.

 

 

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova çıxış edərək, təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edib və müsabiqə iştirakçılarına Çin dilinin öyrənilməsində müvəffəqiyyətlər arzu edib.

 

 

Tədbirdə iştirak edən Çin MilliNeftKorporasiyasının Azərbaycan filialının direktor müavini Din Tsinçun Azərbaycan və Çin arasında mədəni və iqtisadi əməkdaşlığın genişləndirilməsinin iki ölkə gəncliyinin qarşılıqlı anlaşmasının inkişafı üçün yaxşı imkanlar yaratdığını bildirib. Qonaq müsabiqə qaliblərinin Çin dili sahəsində yüksək bacarıqlarını nümayiş etdirərək, “Çin dili körpüsü” adlı beynəlxalq müsabiqənin Pekində keçiriləcək final mərhələsində Azərbaycanı layiqincə təmsil edəcəklərinə əmin olduğunu vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycan Respublikası üzrə seçim turu bir neçə mərhələdə keçirilib. Belə ki, iştirakçılar verilmiş mövzu üzrə Çin dilində çıxış edib, Çinin mədəniyyəti haqqında sualları cavablandırıb və bədii nömrələr nümayiş etdiriblər.

Məktəblilərin çıxışları ADU və Konfutsi İnstitutunun professorları və müəllimlərinin, ÇXR səfirliyinin və Çin ictimaiyyətinin Azərbaycandakı nümayəndələrinin daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə qaliblər Çin dili üzrə Beynəlxalq müsabiqənin finalında iştirak edəcək və növbəti mərhələlərdə Çində təhsil alacaqlar.

Onu da əlavə edək ki, müsabiqənin bütün iştirakçıları sertifikatlar əldə ediblər. Onlar, həmçinin ADU-nun Konfutsi İnstitutunda Çin dilini ödənişsiz öyrənmək imkanından yararlana bilər.

 

Qafar Ağayev

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır