Modern.az

Zakir Həsənovdan düşmənə MESAJ: “Torpaqlarımızı azad etməyə qadirik”

Zakir Həsənovdan düşmənə MESAJ: “Torpaqlarımızı azad etməyə qadirik”

23 İyun 2017, 21:16

“Müasir texnologiyaların tətbiqi ilə qoşunlarda yaradılan avtomatlaşdırılmış komanda idarəetmə məntəqələri Silahlı Qüvvələrin bütün qoşun növlərinin dayanıqlı, operativ, gizli və fasiləsiz idarə olunmasına imkan yaradıb. Hərbi hissələrin, əsasən də cəbhə xəttindəki bölmələrin yeni növ silah, döyüş texnikası və digər hərbi vasitələrlə təchiz edilməsi onların əməliyyat imkanlarını, manevr qabiliyyətini artıraraq düşmən üzərindəki üstünlüyü təmin edib”.

 

 

Modern.az xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov  Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin 40x46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılış mərasimində çıxışı zamanı deyib.

 

O deyib ki, raket və artilleriya qoşunlarının arsenalında olan müasir raket kompleksləri və atəşi idarəetmə sistemləri qoşunların döyüş qabiliyyətini xeyli yüksəldərək düşmənin canlı qüvvəsini, döyüş texnikasını və hərbi infrastrukturunu məhv etmək imkanlarını genişləndirib.

 

“Dağıdıcı gücə və uzaq məsafədən yüksək dəqiqliklə zərbə endirmək xüsusiyyətinə malik sistemlər raket və artilleriya qoşunlarının istənilən vaxt effektiv tətbiqini mümkün edir. Hərbi Hava Qüvvələrinin döyüş tətbiqi və uçuş imkanlarının təkmilləşdirilməsi, aviabazaların infrastrukturunun və aerodrom avadanlıqlarının yenilənməsi üzrə layihələr həyata keçirilir. Zenit-raket, radiotexniki birləşmə və hissələrin müasir hava hücumundan müdafiə sistemləri ilə təchizatı hava məkanımızın etibarlı müdafiəsini, düşmənin təhlükəli aerodinamik hədəflərinin vaxtında aşkarlanaraq məhv edilməsini təmin edir. Düşmən haqqında tam və dəqiq məlumatın əldə edilməsi, onun fəaliyyətinin daim nəzarətdə saxlanılması və izlənilməsi məqsədilə kəşfiyyat bölmələrinin lazımi vasitələrlə təchizatı həyata keçirilir”.

 

Nazir bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar nəticəsində hərbi xərclərin artması ordumuzun zirehli texnikasının, aviasiya vasitələrinin və digər hərbi təyinatlı məhsulların daim yenilənməsinə və təkmilləşdirilməsinə şərait yaradıb.

 

“Elmin son nailiyyətləri nəzərə alınmaqla və yeni texnoloji elementlərin tətbiqi ilə dünyanın aparıcı silah istehsalçıları tərəfindən hazırlanan yüksək dəqiqliyə və dağıdıcı qüvvəyə malik döyüş texnikası, silah-sursat və digər hərbi vasitələrin Silahlı Qüvvələrimizin təchizatına daxil edilməsi davam edir.

Hərbi sənayemizin inkişafı ordumuzun silah arsenalının yerli istehsal olan müasir silahlar və digər hərbi təyinatlı məhsullarla gücləndirilməsinə imkan verir. Ölkəmizdə və digər dövlətlərlə əməkdaşlıq şəraitində hazırlanan yüksək dağıdıcı gücə, dəqiqliyə malik döyüş vasitələri və sursatları qoşunlarımızın düşmən üzərində üstünlüyünü tam təmin edir.

 

Güclü və müasir tələblərə cavab verən Silahlı Qüvvələrin inkişafında hərbi təhsil sisteminin müstəsna əhəmiyyəti var. Bu sahədə aparılan işlər qoşunlarda yüksək döyüş hazırlığının təmin edilməsinə, hərbi qulluqçuların ixtisas hazırlığının, bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib. Yeni təlim mərkəzlərinin, o cümlədən dağ hazırlığı poliqonlarının istifadəyə verilməsi şəxsi heyətin döyüş vəziyyətinə tam uyğunlaşdırılmış şəraitdə peşəkar hazırlığının yüksəldilməsinə hesablanıb.

 

Silahlı Qüvvələrin hazırlıq planına uyğun olaraq, bütün qoşun növlərinin cəlb olunması ilə müxtəlif səviyyələrdə gecə və gündüz genişmiqyaslı döyüş atışlı təlimlər keçirilir. Bu təlimlər birlik və birləşmələrin idarə edilməsini, qarşılıqlı fəaliyyətini, əməliyyat imkanlarını və döyüş qabiliyyətini artırıb.

Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində son illər hərbi qulluqçular və onların ailə üzvləri müasir standartlara cavab verən mindən çox xidməti və daimi mənzillə təmin olunub. Qısa müddətdə xüsusən cəbhəboyu zonada 20-dən çox yeni hərbi şəhərcik, əsgər yataqxanaları, yeməkxanalar, hamam-camaşırxana kompleksləri, digər xidməti və inzibati binalar inşa edilib. Bu iş bu gün də davam etdirilir.

 

Cənab Ali Baş Komandan, xüsusi qeyd etmək istəyirəm ki, Sizin rəhbərliyinizlə həyata keçirilən islahatlar 2016-cı ilin aprel ayında düşmən üzərində Azərbaycan Ordusunun qələbəsini təmin etdi. Ağır döyüşlərdə düşmən çoxlu canlı qüvvə və hərbi texnika itirdi. Ağdərə, Füzuli və Cəbrayıl istiqamətlərində strateji yüksəkliklər azad edildi. Cəbhə xəttində əməliyyat baxımından üstünlük Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Həmin dövrdə Azərbaycan Respublikası Prezidentinin və Birinci vitse-prezidentin cəbhəboyu kəndlərə səfəri, şəhid olmuş hərbi qulluqçuların ailələrinə və yaralılara göstərilən diqqət şəxsi heyət arasında böyük ruh yüksəkliyi yaratdı.

 

Cənab Ali Baş Komandan, Sizin yüksək diqqət və qayğınız nəticəsində ordumuzun döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı yüksəlib, təminat və təchizatı xeyli təkmilləşib. Sizi əmin edirəm ki, Silahlı Qüvvələr dövlətimizin və xalqımızın etimadını doğruldaraq, qarşıda duran ən əsas vəzifəni - torpaqlarımızı düşməndən azad etməyə və ərazi bütövlüyümüzü təmin etməyə qadirdir”-deyə Z. Həsənov qeyd edib. 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir