Modern.az

İpəkqurdu baramaya necə çevirilir... - REPORTAJ

İpəkqurdu baramaya necə çevirilir... - REPORTAJ

İqtisadiyyat

24 İyun 2017, 09:21

 Bu gün də qadınların sevə-sevə istifadə etdiyi təbii ipəkdən hazırlanan məhsullar dəbdədir. İpəyin alınmasında isə ipəkqurdlarının baramalarından istifadə olunur. İpəkçiliyin ən qədim vətəni olan Şəkinin müxtəlif yerlərində barama qurdları yetişdirən şəxslərə və müəssisələrə rast gəlmək mümkündür. İpəkqurdları yetişdirən şəxslər barama hazır olduqdan sonra baramaları ipəkçilik müəssisələrinə təhvil verirlər. Əgər baramalar vaxtında boğulmazsa, ipəkqurdu kəpənəyə çevirilib baramanı deşərək uçur.

Şəkinin “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, M.F.Axundzadə prospektində fəaliyyət göstərən “Yurd yaddaşı” ekspozisiya zalında da ipəkqurdları və barama yetişdirilib. Həmin ipəkqurdlarını yetişdirən Pakizə Fətəlizadə bunun çətin və əziyyətli bir iş oduğunu qeyd edir.

Modern.az saytı gənc baramaçıyla söhbəti təqdim edir.

- Zəhmət olmasa, oxucularımıza özünüz haqqınızda bir az məlumat verərdiz.


- 1996-cı ildə Şəki şəhərinin Oxud kəndində anadan olmuşam. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının ingilis dili fakültəsinin məzunuyam. Hal-hazırda “Yurd Yaddaşı” ekspozisiya zalında bələdçi işləyirəm.

- Necə oldu ki, barama yetişdirmək qərarına gəldiniz?


- Muzeydə işləmək üçün müraciət etdiyimdə  müdirəm Xatirə xanım dedi ki, ipəkçilik bölməsi yaradasıyıq və mən orada ipəkqurdlarının fiqurlarını gördüm. Sonra belə qənaətə gəldim və axtardım ki, canlı ipəkqurdları olsa, həm bizim – yerli qonaqların, həm də xarici - əcnəbi qonaqların diqqətini cəlb edər.


- Bəs ipək qurdlarını necə əldə etdiz?


- Kəndimizdə də ipək qurdu yetişdirənlər var. Mən də muzey üçün axtardım və kəndimizdə barama yetişdirən birindən 40 ədəd ipək  qurdu alıb burada yetişdirməyə başladım.


- İpək qurdlarını yetişdirərkən hansı çətinliklər oldu?


- Yarpaq tapmaq  bir az çətin məsələdir. Onları qidalandırma və təmizləmə əziyyətli işdir.


- Təqribən nə qədər yarpaq yeyirlər?


- Onlarda 4 yuxu olur. Birinci yuxuda balaca olurlar. Yuxudan ayılan kimi yeməyə  başlayırlar. Çox yeyirlər. Hər yuxudan ayıldıqda əvvəlkindən daha çox yarpaq yeyirlər. Məsələn, əvvəl 2 dəfə yarpaq verirdinsə, 4-cü yuxudan ayılandan sonra  4-5 dəfə yarpaqlar  dəyişilir. Həmçinin bu yarpaqlar düz yerdə olmamalıdır və elə qoyulmalıdır ki, ipəkqurdları  yuxarı qalxıb barama qura bilsinlər.



- İpəkqurdlarının yetişdirilməsində kimlərsə sizə kömək edirmi?


- Muzeyin işçiləri kömək edir. Yarpaq tapılmasında,onun təmizlənməsində köməklik göstərirlər.


- Barama yetişdirməyin ən maraqlı cəhəti nədir?


- Həqiqətən çox maraqlı prosesdir. Mən də əvvəllər bilmirdim. Artıq mən onun canlı şahidi oldum ki, qurd baramaya necə çevirilir. Bu da mənimçün çox maraqlıdır.

- Barama olduqdan sonra onları nə edəcəksiniz?


- Barama olandan sonra düşünürük ki, onlar bir eksponat kimi muzeydə qalsın.

 

Tərlan Yusif

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?