Modern.az

Bircəcik qızılgülün qüdrəti    

Bircəcik qızılgülün qüdrəti    

24 İyun 2017, 10:36

Azad Müzəffərli

 
(hekayə)

         

Az qala başını itirmişdi. Heç cür kələfin ucunu tapa bilmirdi. Gecələr də gözünə yuxu getmirdi. Aylin ha fikirləşsə də, suallar okeanından sahilə yan almaqda acizdi. Son ümidini Tanrıya bağlasa da,  göylərdən də xəbər-ətər yoxdu. Tam çaşqınlıq içindəydi. 

       
İş orasındaydı ki, çalışdığı elmi-tədqiqat institutunda son  günlərdə gözləmədiyi mənzərə ilə qarşılaşırdı. Hər səhər işə gələndə stolunun üstə tər bir qızılgüllə rastlaşırdı. Bu güllərin məhz qırmızı rəngdə olması onu lap çaş-baş salmışdı. Bu nə sirrdi, heç cür baş aça bilmirdi.

       
Ali təhsilini başa vurandan bəri iki ildən çoxdu bu institutda işləyirdi. Ötən müddətdə tay-tuşlarından hansınınsa şirin gözlə ona baxdığını sezməmişdi. İşdi, kiminsə onda gözü olsaydı, ən azı iş yoldaşları bundan xəbər tutardı. Sevgi yeganə nəsnədir ki, onu çuvalda gizlətmək hələki kimsəyə qismət olmayıb.

      
Elmi işinə nə təhər aludə olmuşdusa, ailə qurmaq hələki ağlının ucundan belə keçmirdi. Düzdü, bununla bağlı evdə başını keçəl eləmişdilər. Xüsusilə, anası ona göz verib, işıq vermirdi. “Ay qızım, yaşın azcana ötəndən sonra sənə kimsə göz yetirməyəcək, elm isə həmişə var. Sənsə yatmısan fil qulağında, yetər, ayıl. Arada bir ətrafına da boylan, bəlkə, hansısa halal süd əmmişin birinin qəlbində sənə deyiləsi sözləri var!?.” – anasının buna bənzər kəlmələri qulağını yağır eləmişdi. O, isə öz işindəydi, universitet illərində olduğu kimi yenə də meyli kitablara, yazıb-pozmağa idi. Oğlanlara göz qoymaq onluq deyildi. İş yoldaşlarından təkcə Kənan  ötəri də olsa, diqqətini çəkərdi. O da arada-bir. Elmə, biliyə tükənməz həvəsi, özünütəsdiq hikkəsi onu hey başqa sahilə yönəldərdi.  Universitetdə də bir neçə tələbə yoldaşını gözü yolda qoymuşdu. Onların ailə qurmaq təklifi müqabilində hələki elmi işini müdafiə eləmək fikrində olduğunu bildirmişdi.  Anası bunlardan xəbər tutsaydı, ona dag çəkərdi. Yazıq rahatlıq tapmırdı, axı, necə ola bilər ki, mənim bu cür yarlı-yaraşıqlı, ağıllı-kamallı, diplomlu qızıma yiyə durmaq istəyən yoxdu. Onun buna heç cür inanmağı gəlmirdi. Ürəyində əmindi ki, bu məsələ ortalığa atılanda Aylinin “aradan çıxmağı” elə-belə deyil, qızı həmişə ondan nəyisə gizlədir. Dəfələrlə çalışsa da, “maqqaşla olsa da”  övladından heç nə qopara bilməmişdi ki, bilməmişdi. Artıq səbr kasası daşmaq üzrəydi.  Di gəl, qarşısında keçilməz bala səddi vardı. Dərdi kimsəyə söylənəsi deyildi. Ən azı fəhmi ilə anlayırdı ki, iş Aylinə qalsa, deyəsən, ona və həyat yoldaşına bala toyu, nəvə-nəticə görmək qismət olmayacaq. Elə, bu səbəbdən də gecəsi-gündüzü yoxdu. Baş sındırmaqdaydı.

       
Aylin səssiz-səmirsiz növbəti qızılgülü də stolunun üstündəki güldana yerləşdirdi. Nədənsə, onun bu gülləri atmağa heç cür əli gəlmirdi. Qızılgülləri evə aparmağındansa söhbət belə gedə bilməzdi. Anasına elə bu lazımdı, günü səhərisi onu gəlin köçürməyə hazırdı. Aylin gül məsələsi ortaya çıxandan işdə özünə yer tapa bilmirdi. Dördgöz olmuşdu. İş yoldaşlarının cınqırlarını çıxarmasalar da, gün ərzində altdan-altdan onu süzmələrindən, xəlvətcə xısınlaşmalarından hali idi. Nə edəcəyini kəsdirə bilmirdi. Əlacsızdı. “Qızılgül məsələsi”nin sirrini tapmaqdan ötrü təpəsindən tüstü çıxırdı. Kəlləsi pis işləməsə də, nəticə hasil olmurdu ki, olmurdu. Bu azmış kimi, son günlərdə anasının onu sakit buraxması da Aylinə qəribə gəlirdi, heç evlənmək mövzusuna yaxın da düşmürdü. İnanılası olmasa da, amma bu beləydi.

      
Nəhayət, günlərin birində Aylin işdəki yaxın rəfiqəsi Aysu ilə “dərdi”ni bölüşmək məcburiyyətində qaldı:

-      Bacım, bilirəm, indi hamı məndən danışır. Mənimsə reallıqda nə baş verdiyindən xəbərsizəm, doğru sözümdür. Özün bilirsən ki, mənim yalan-palanla işim yoxdu. Bəlkə, kimsə halidir bu “qızılgül məsələsi”ndən?!. Nə olar, ürəyim partladı,axı, deyin, mən də bilim də?!.

-      Doğrudan, bizsə elə bilirik ki, sən qəsdən özünü bilməmızliyə vurursan. Vallah, düzünü deyim, kimsə konkret fikir söyləyə bilmir, hər ağızdan bir hava tökülür.

-      Aysu, son iki gündür,qəsdən işə birinci özüm gəlirəm ki, bəlkə, bu qızılgülləri masamın üstünə kimin qoyduğundan xəbər tutam. Di gəl, nə qədər tez özümü bura yetirsəm də, yenə də  gülü stolumun üstə görürəm...

-      Bir söz desəm, inciməzsən, səncə, bu, Kənanın işi ola bilər!?.

Eşitdiyindən anındaca çöhrəsi allanan Aylin tezcə özünü yığışdırdı:

-      Aysu, Kənanın bu məsələyə nə dəxli?!.

-      Ay, xatakar, özünü avamlığa qoyma, hamı sənin ona biganə olmadığından xəbərdardı, - deyə Aysu bic-bic gülümsədi, - Onun da canında, deyəsən, nəsə var axı!?.

-      Bacım, nə danışırsan, oğlan evində toydu, qız evininsə bundan xəbəri yoxdu, - Aylin and-aman elədi, - Axı, sən bilirsən ki, indiyə qədər mənim müdafiə eləməkdən başqa heç bir ayrı niyyətim olmayıb.

-      Yaxşı, özünü həlak eləmə, elə-belə sözarası dedim bunu. Mənim, ağlıma gələn başqa nəsə yoxdu, yenə də, sən bilərsən, bir az da başını yaxşı işlət, hər halda, geci-tezi hər şey üzə çıxacaq.

    Söhbətin bu məqamında şöbə müdiri Aylini səslədi. Ona nəsə tapşırdı.

      Evlərinə könülsüz dönən Aylini anası həmişəki kimi böyük mühribanlıqla qarşıladı. Maraqlıydı,o, yenə də ailə qurmaq məsələsindən kəlmə belə kəsmədi. Başqa vaxtı Aylinin mənzillərinə ayaq basmağı ilə “evlilik”lə bağlı yaylım atəşinə tutulmağı bir olardı. İndi əmin-amanlıqdı. Arada bir üstü örtülü də olsa, bu məsələdən  söz salan atası da son vaxtlarda ağzına su almışdı.

      Şam yeməyindən azca dadan Aylin şöbə müdirinin ona yazı tapşırdığını deyərək ayağa qalxmaq istəyərkən anası ona yeməyi axıra çatdırmağı tövsiyyə etdi:

-      Qızım, sənin qırımına bələdəm, yəqin gecəyə qədər işləyəcəksən, barı, doyunca yemək ye ki, təpərin yetsin.

-      Ana, elə bir iştaham yoxdur, düzü, işim də çoxdur, səhərə qədər Şəbnəm xanım üçün yazını yekunlaşdırmalıyam. Beynəlxalq seminara gedəcək, çıxışı mənim mövzumla bağlı olduğu üçün kömək istədi.

-      Lap yaxşı, mənim əziz balam, düz eləyirsən, çalış lap yaxşı hazırla, ola bilər, xoşu gəlsə, gələcəkdə Şəbnəm xanım səni də özüylə xaricə aparar. İnşallah, sənin də böyük elm aləminə yolun açılar. Yaxşı yazmaq üçün yaxşı yemək də lazımdır. Sözümü yerə salma, hə, yeməyin hamısını nuş etməyincə ayağa durdu yoxdu.

     Ana-bala bir-birinə sarıldılar. Aylin yeməyini bitirincə Səmayə onun başına fırlandı:

-      İndi, atana deyərəm, televizorun səsini də alar ki, sənə mane olmasın. Bir azdan sənə pürrəngi çay və təzə tort da gətirəcəm, di, tərpən, haydı iş başına.

      
Yenə də sarmaşıq tək bir-birinə qovuşdular. Aylin sevincindən qanad açmışdı. İşə girişdi, nə girişdi, barmaqları görünməz olmuşdu. Bəlkə də, ömründə belə sürətlə yazı yazmamışdı. Bir qədər sonra mahiyyətinə vardı ki, onu cuşa gətirən başlıca səbəb təkcə anasından gördüyü doğma münasibət deyil, axı, bu həmişə beləydi. Artıq çələngə çevrilən qızılgüllərin təkrarolunmaz ətri yenə də ruhuna və qəlbinə hakim kəsilmişdi. Yazı da ürəyincə alındığından gecə yarıdan keçənə qədər çalışdı. Bu müddətdə özünün də dəqiq adını verə bilmədiyi, ilk dəfə ona güc gələn məhrəm hisslərin qanadında xumarlanmağından da qalmadı. Arada bir ona şirniyyatla çay gətirən anası da qızının bu sərməst halından qəlbinin dağa döndüyünü biruzə verməmək üçün çaba göstərirdi.

      
 Rəfiqəsinin dedikləri az da olsa ağlına batdığından və qızılgüllərlə bağlı başqa bir mülahizə yürüdə bilmədiyindən Aylin işdə oğrun-oğrun Kənana göz qoymağa başlamışdı. İlk günlərdə fərqli nəsə duya bilməsə də, “pusqusu”ndan da əl çəkmirdi. Yalnız bir müddət sonra Kənanın ciddi-cəhdlə büruzə verməməyə çalışsa da, ona məxsusi nəzər yetirdiyini anladı. Arada baxışları toqquşanda ildırım çaxmasa da, qığılcımlar özünü aydınca büruzə verirdi. Aylinin hardan ağlına gələ bilərdi ki, artıq işdə onların “Leyli-Məcnun” dastanı dillər əzbəri olmuşdu.  

      
Günlər bir-birini əvəzlədikcə, Aylin daha dalğın görünürdü, elmi işinə həvəsi səngidiyi də göz qabağındaydı. Yaman qayğılı idi. Hər gün Kənanda indiyəcən bir o qədər əhəmiyyət vermədiyi  müsbət keyfiyyətlər “aşkarlayırdı”. Hərdən bu fikri özündən uzaqlaşdırmağa çalışsa da, tam əksinə, həmin gəncin gündə bir buğda boyu ona doğmalaşdığını aydınca sezirdi. Yəqinki, məhz elə bu səbəbdən, “qızılgül məsələsi”nə aydınlıq gətirmək üçün cürət edib Kənana yaxınlaşa bilmirdi. Gündən-günə Aylinin stolunun üstə qalaqlanan qızılgüllər isə  Kənana göz dağıydı. O, Aylinin güldanını pəncərədən çölə fırlatmaqdan özünü güclə saxlayırdı.

       
Qızılgüllər artıq güldana sığışmırdı. Nisbətən solanlarını da Aylinin atmağa ürəyi gəlmirdi. Belə getsə, deyəsən, ona ikinci güldan da gərək olacaqdı. Günlərin birində çıxılmaz vəziyyətdə çapalayan Aylinin ağlına belə bir fikir gəldi; necə olub ki, indiyə qədər bu qızılgül məsələsini hər gün səhər tezdən onların otağını təmizləyən xadimədən soruşmaq fikri beyninə batmayıb!?.

      
Səhər hamıdan tez işə gələn Aylin tələm-tələsik xadiməyə yaxınlaşdı:

-      Maral xala, sabahınız xeyir. Çox üzr istəyirəm, sizdən təvəqqem var. Xahiş edirəm, deyin də, yəqinki, siz bilirsiniz bu gülləri kim gətirib hər gün mənim masamın üstə qoyur?!.

  Xadimə dodaqlarını büzərək qəribə tərzdə ciyinlərini çəkdi:

-      Yox, qızım, mən bunu haradan bilim?!. Mən səhər tezdən işə gələndə bu güllər həmişə sənin stolunun üstə olur. Yəqin, kimsə o başdannan onları gətirir. Düzü, çoxdandı, məni də maraq götürüb!?. Görəsən, kimdi bu əməlin sahibi!?.

     
Aylinlə xadimənin mat-məəttəl bir-birinə baxışdıqları məqamda gözlənilmədən Kənan otağa daxil oldu. Qızlgülləri Aylinə kimin ərmağan etdiyinin şahidi olmaq üçün səbrini basa bilməyərək işə tezdən gələn Kənan bu cür səhnə ilə qarşılaşacağını heç cür təxmin etməmişdi. Özünü itirsə də, bunu büruzə verməməyə çalışaraq onlarla salamlaşdı. Dodağı qaçan Maral cəld silib-süpürməyinə davam elədi. O, otaqda səliqə-sahman yaradıb buranı tərk edəndə hələki Aylinlə Kənandan başqa kimsə işə gəlməmişdi. Bayaqdan kəlmə belə kəsməyən bu gənclərin əslində ürəkləri doluydu. Təbii ki, hər ikisini ilk növbədə “qızılgül məsələsi” maraqlandırırdı. Aylinin qızılgülü “dostundan” şəxsən “təhvil almaq” üçün alatorandan işə gəldiyini zənn edən Kənan qara bulud kimi dolmuşdu. Dodaqlarını gəmirməkdən qançır eləmişdi. Aylinin stolunun üstündəki qızılgüllər, sanki,  onun bağrına sancılan oxlardı. Həmin yayı çəkən şəxs əlinə düşsəydi, uf demədən, anındaca param-parça eləməyə hazırdı. Aylinin də səbri tükənmişdi. Ona da elə gəldi ki, gözəgörünməz şəkildə  qızılgülü onun stolunun üstə qoyandan sonra, yəqin, Kənan izi itirmək üçün ötən müddətdə iş yerlərinin həyətində var-gəl edirmiş.

      
Nəhayət ki, səbri tükənən Aylin Kənana yaxınlaşdı:

-      Kənan, mənim razılığım olmadan, hər gün masamın üstə bu qızılgülləri sıralamağa sənin nə haqqın var!?.

     
Eşitdiklərindən yerindəcə donub qalan Kənan bir müddət qaradinməz oldu. Çöhrəsindəki qırışlar açılar-açılmaz, sifəti ətə-qana dolar-dolmaz, o, dili ağzında dolaşa-dolaşa barıt çəlləyi kimi partladı:

-      Belə de, mən günlərlədir, özümə yer tapa bilmirəm, elə sanıram ki, kimsə bu gülləri şəxsən sənə təqdim edir, sən də bundan ötrü sinov gedirsən, səhər tezdən işin başının üstünü kəsdirirsən. Deməli, sənin də bundan xəbərin yoxdu!?.  De, Allah eşqinə, de ki, bu həqiqətən belədir, mən bunu bir də eşitmək istəyirəm, yalvarıram, bu həqiqətdirsə, təkrarla!?.

-      Kənan, deməli, doğrudan da, bu sənlik deyil!?.

-      Əlbəttə, yox, - bir anlığa duruxan Kənan şahə qalxdı, - Özün bilirsən ki, mən səni gül-çiçək dəryasına qərq eləməyə hazıram, sadəcə, “yox” cavabı eşidəcəyimdən çəkinərək, indiyəcən sənə qəlbimi açmağa cəsarət etmirdim, sənin də mənə qarşı biganə olmadığını təxmin etsəm də!?.

     
Qarşısındakı mənzərədən heyrətə gələn Aylinin Kənanın qoşalayaraq ona sarı uzatdığı əllərini boş geri qaytarmağa gücü yetmədi. Bu məqamda, təkcə gənclərin deyil, giriş qapısının qıfılının açar yerindən həmin səhnəni gizlincə seyr edən xadimənin də sevinci yerı-göyə sığmırdı.

      
Səhərisi gündən etibarən qızılgüllərdən xəbər-ətər çıxmaması istər Aylinlə Kənanın özləri, istərsə də birgə çalışdıqları kollektiv üçün sirli-sehrli müəmma olaraq qaldı.

     
Aradan bir müddət ötəndən sonra Kənanla Aylinin haylı-küylü toy məclisi idi. Maral xanım da öz xahişi ilə bu büsata qoşulanlar sırasındaydı. Hər iki gənc birgə çalışdıqları kollektivdə kifayət qədər böyük hörmət sahibi olduqlarından qonaqlar vur-çatlasındaydılar, musiqiçilərin barmaqları yağır olmuşdu. Onların da, məclis iştirakçılarının da çul düşdükləri məqamda gözlənilmədən Maralın təbrik üçün söz istəməsi hamının ürəyincə oldu.

    
Gənclərə ən xoş arzularını yetirən Maral bir qədər sonra mötəbər görkəm alaraq davam elədi:

-      Ey mənim əzizlərim, halallıq mütləqdir, hamı buna əməl etməlidir. Ona görə də, hesab edirəm ki,  sizin üçün uzun müddətdir sirr olaraq qalan bir həqiqətin üstünü açmağımın məqamı yetişib, bu mənim mənəvi borcumdur, - O, hamının diqqətini cəlb etmək üçün qəsdən kiçicik fasilə eləyərək əsas mətləbə keçdi, - Əminəm ki, bir neçə ay bundan əqdəm bizim iş yerində cərəyan edən “qızılgül filmi” hamınızın yaxşı yadındadır. Bilin və agah olun ki, hər gün səhər tezdən Aylinə gül yollanan “film”in baş qəhrəmanı mən, ssenari müəllifi və rejissoru isə bizim gəlinimizin anası Səmayə xanım idi. O vaxt, Səmayənin təkidli xahişini nəzərə alaraq Aylinə yalan danışmaq məcburiyyətində qaldığıma görə ondan israrla üzr istəyirəm. Yəqinki, məni bağışlayar!?. Həmin dövrdə məhəbbət təndirində alışıb-yanan Kənanın da nələr çəkdiyini təsəvvür edirəm, ondan da məni bağışlamasını diləyirəm!?.

      
Məclisin bu gur məqamında Maralın açıqlaması ildırım effekti doğurdu. Daha kimsə nəsə eşitmək iqtidarında deyildi. Qızının xoşbəxtliyi naminə analıq borcunu layiqincə yerinə yetirən, ağlagəlməz “tapıntısı” həsəd doğuran Səmayəni və bu xoş məramında ona yaxından yardımçı olan Maralı bağırlarına basmaqdan ötrü məclis əhli vur-çatlasındaydı. Ara qarışıb, məssəb itdiyindən, bəylə-gəlinə “qızılgül filmi”nin yaradıcı heyətinə minnətdarlıqlarını çatdırmaq növbəsi ən sonda yetdi.  

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...