Modern.az

Ramazan ikitirəliyi - Bayram namazını sabah qılanlar da olacaq...

Ramazan ikitirəliyi - Bayram namazını sabah qılanlar da olacaq...

24 İyun 2017, 12:56

Hər il Ramazan bayramının qeyd olunması zamanı ikitirəlik yaranır.  Bu il də oxşar vəziyyət müşahidə olunur. Belə ki, oruc tutmuş bəzi inanclı insanlar bayramı iyunun 25-dı, digərləri 26-da qeyd edəcəyini deyir. Bu da insanlar arasında müəyyən anlaşılmazlıqlar yaradıb. Qafqaz Müsəlmanları İdarəsi isə Ramazan bayramı ilə bağlı fətvasında bayramın iyunun 26-da keçiriləcəyini açıqlayıb.

 

Azərbaycanda Ramazan bayramı hansı tarixdə keçirilməlidir?

 

 Modern.az saytı bununla bağlı dindarların fikirlərini öyrənib.

 

“Məşədi Dadaş” məscidinin imam-camaatı hacı Şahin Həsənli bildirib ki, “Quran- Kərimdə” açıq-aşkar qeyd olunub ki, ayı gördüyünüz zaman oruc tutun.

“Ümumiyyətlə orucluğun daxil olub, çıxması ayın görünməsi nilə bağlıdır. Azərbaycan ərazisində ay iyunun 24-ü axşam görünə bilməz ki, 25-i bayram olsun. Bunu mütəxəssislər də təsdiqləyir ki, ayın bu gün axşam görünməsi mümkün deyil. Ona görə də bayram təkcə Azərbaycanda yox, bir çox ölkələrdə iyunun 26-da keçirilməlidir. Qafqaz Müsəlmanları İdarəsi elmi hesablamalara və dini görüşlərə uyğun olaraq təqvimlər tərtib edir.  Mən də bu prosesdə iştirak edirəm. Tam məsuliyyətlə deyirəm ki, bu gün axşam ay görünə bilməz. Sabah bayram ola bilməz. Ramazan bayramı ayın 26-ı keçiriləcək. Hamı da bu təqvimə əməl etməlidir. Onun da məsuliyyəti bizim üzərimizdədir. Mən tam məsuliyyətlə deyirəm ki, bu qaydalar şəriət qanunlarına və elmi hesablamalara uyğundur”.


“Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov
 deyib ki, dövlət nə zaman təsdiq etsə, o gün də bayramdır.

“Bizdə Ramazan bayramı iyunun 26-na elan olunub. Ona görə də, iyunun 26-ı bayram günüdür. Biz nə Türkiyənin, nə İranın, nə də başqa ölkələrin təqvimi ilə gedirik. Bizim ölkəmiz Azərbaycandır və biz burada yaşayırıq. Dövlət də bayram gününü iyunun 26-na təyin edib”.

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, oruclu deputat Fazil Mustafa isə deyib ki, bayram gününün əvvəldən müəyyən olunması düzgün deyil:

“Ramazan bayramı yeni ayın görünməsi ilə qeyd olunur. Mən məlumatları mülahizələrinə inandığım mənbədən almağa üstünlük verirəm. Bayram namazı 26 iyuna təyin olunub, həmin gün bayram namazı qılınacaq. Amma mənim Türkiyə və Ərəbistandan aldığım bilgilərə görə, bayram iyunun 25-dir. Həmin gün oruc tutmayacam. Kimin hara istinad etməyi azad seçimdən irəli gəlir. Ona görə də bu məsələyə qarışmağı doğru saymıram. Özüm daha çox Türkiyəni, Ərəbistanı referans götürməyin tərəfdarıyam. Onlara istinad etmək ümumi İslam prinsiplərinə daha çox uyğundur. Bayramın bir gün sonraya saxlanması bir az siyasi xarakter daşıyır. Biz də çalışmalıyıq ki, müstəqil dövlət olaraq qərarı özümüz daha çox verək. Rəsədxanada nə deyilirsə, o da olmalıdır”.

Deputat bildirib ki, QMİ rəsmisi Hacı Salman Mürsəlov bayramın 25-də qeyd oluna biləcəyini istisna etməyib:

“Dünən cümə namazında Hacı Salman Musayev bildirdi ki, “ola bilsin 24-ü ay görünsün, onda 25-i bayramdır”. Ona görə, bayramı əvvəldən təyin etməklə deyil. Bayramın 25-nə düşməsinə güman var ki, bu, açıqlanıb. Bütün hallarda 26 iyunda hər kəs bayram namazı qıla bilər. Amma oruc tutmaq məsələsində hər kəsin öz seçimi var. Mən də çox güman ki, 24-ü ay görünərsə, 25-i oruc tutmayacağam. Ümumi İslam həmrəyliyi baxımından bayramın Türkiyə və Ərəbistanla bir qeyd olunmasının tərəfdarıyam. Bizim fərqlənməyimiz düzgün deyil”.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...