Modern.az

“Elçibəy məni nazir müavini təyin etdi, istəmədim, səfir göndərmək istədi, razılaşmadım”

“Elçibəy məni nazir müavini təyin etdi, istəmədim, səfir göndərmək istədi, razılaşmadım”

Hadisə

24 İyun 2017, 14:21

Bu gün Azərbaycan ın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin doğum günündür.

 Ə. Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. O, 1988-ci ildə Azərbaycanda başlayan xalq hərəkatının öncüllərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.

 1992-ci ildə prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə gedib. Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.

 Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında dünyasını dəyişən Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.

 

Ə.Elçibəy yaddaşlarda necə qalıb?

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Elçibəyi çoxdan tanıyan siyasətçilərdəndir. O, mərhim eks-prezidentlə bağlı xatirələrini Modern.az-la bölüşüb.

 “1979-cu ildən isə onunla bilavasitə təmasda oldum. Naxçıvana gələndə görüşürdüm, ya da Bakıda bir neçə dəfə bizim qeyri-rəsmi görüşlərimiz oldu.  Mən əsasən onunla qeyri-rəsmi görüşlər keçirirdim. O hakimiyətdə olanda mənə bir neçə dəfə vəzifə də təklif etmişdi. Mən də o zaman partiya quruculuğu ilə məşğul olurdum.  Mənim xarici işlər nazirinin birinci müavini təyin edilməyimlə bağlı sərəncam imzalamışdı. Getdim Xarici İşlər Nazirliyinə, nazir Tofiq Qasımovla görüşdüm. Onunla fikirlərimizin üst-üstə düşmədiyini gördüm və vəzifəmdən istefa verdim. Axı mən həkiməm. İnsanları daha yaxşı tanıyıram.

Daha sonra isə mən Elçibəylə ildə bir neçə dəfə görüşürdüm. Bir dəfə mənə dedi ki, “Sərdar səni ABŞ, İran, Türkiyə, Rusiyadan birinə səfir təyin etmək istəyirəm”. Mən də ona dedim ki, “Əbülfəz bəy, məni ölkədən qovmaq istəyirsiniz?”. Cavab verdi ki, “Sərdar, Azərbaycanın varlığı üçün bu ölkələrlə güclü əlaqə çox vacibdir. Hansını istəyirsən seç, səni ora səfir təyin edim”. O zaman  Azərbaycanın bu ölkələrdə səfirlikləri yox idi. Mən də gənc idim, fikirləşirdim ki, məni niyə qovmaq istəyir ölkədən?  Daha sonra başa düşdüm ki, düz deyir.

Əbülfəz Elçibəy çox dərin düşüncəli insan idi. O hər şeyi öncədən görə bilirdi. O qədər abırlı adam idi ki, heç zaman paltarının qolunu çırmamazdı. O, prezident olanda da, prezident omayanda da görüşürdük. Hətta mən onun evinə getmişdim. Bir dəfə gördüm ki, belini bağlayıb. Dedim, “Əbülfəz müəllim, həkimə gedin. Heç yaxşı görünmürsünüz”. O qədər abırlı insanıydı ki, xəstəliyinin pis olduğunu bilə-bilə demirdi. Daha sonra o rəhmətə getdi və onunla görüşə bilmədim. Mən onun yas mərasimində də iştirak etdim. Əbülfəz Elçibəy Azərbaycanın milli dəyərinə çevrilən şəxsdir”.


Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi