Modern.az

Əbülfəz Elçibəy yaddaşlarda necə qalıb? - Siyasətçilərin XATİRƏLƏRİ

Əbülfəz Elçibəy yaddaşlarda necə qalıb? - Siyasətçilərin XATİRƏLƏRİ

24 İyun 2017, 14:29

Bu gün Azərbaycan ın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin doğum günündür.

 Ə. Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. O, 1988-ci ildə Azərbaycanda başlayan xalq hərəkatının öncüllərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.

 1992-ci ildə prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə gedib. Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.

 Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında dünyasını dəyişən Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.

Ə.Elçibəy yaddaşlarda necə qalıb?

Elçibəyi çoxdan tanıyan siyasi partiya təmsilçiləri onunla bağlı xatirələrini Modern.az-la bölüşüblər.


Klassik Xalq Cəbhəsi Patiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib ki, Əbülfəz Elçibəy ləyaqətli insan, Azərbaycan Respublikasının müstəqilliyinə imza atan prezident, milli kimliyi özünə qaytaran dövlət başçısı, Milli Ordunun yaranmasında iştirak edən və ona imza atan şəxs kimi yaddaşlarda qalıb.

“ Bu gün Azərbaycanda hansı layiqli addımlar varsa, onun hər birində Əbülfəz Elçbəyin imzası var. O həmçinin Azərbaycanın milli və dövlət bayramlarını bərpa edən şəxsdir. O, Azərbaycanın milli dəyərinə çevirilən şəxsdir. Onun haqqında danışmaq çox çətindir. Danışdıqca bitməz”.

 

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib ki, Əbülfəz Elçibəy Azərbaycanın sabiq prezidenti, milli azadlıq hərəkatının lideri və Azərbaycan Xalq Cəbhəsinin sədri kimi həmişə xatırlanacaq.

“Təbii ki, onun siyasi baxışlarına, fəaliyyətinə münasibətdə müəyyən fərqliliklər olsa da, bütövlükdə hər kəs onun təmannasız olaraq millətinə xidmət etdiyini qəbul edir. Əbülfəz Elçibəy milli azadlıq hərəkatının rəhbəri, Azərbaycan Xalq Cəbhəsinin sədri kimi çox əhəmiyyətli rol oynayıb. Hesab edirəm ki, onun fəaliyyəti dövründə Azərbaycan çox önəmli qərarlar alıb. Ona görə də onun xatirəsini Azərbaycan xalqı həmişə əziz tutur və yüksək qiymətləndirir”.


AXCP sədri Əli Kərimli: “Yaşasaydı, 79 yaşı olacaqdı. Ancaq 17 ildir ki, Əbülfəz Elçibəy aramızda yoxdur, dünyasını dəyişib. İllər keçsə də, Əbülfəz Elçibəy unudulmur. Unudulmayacaq da. Bəy xalqımızın heç zaman unutmayacağı böyük şəxsiyyətlərdəndir”.

Yeni Azərbaycan Partiyasının  Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri  Aydın Mirzəzadə qeyd edib ki, Əbülfəz Elçibəy tariximizin bir səhifəsidir.

“ Əbülfəz Elçibəy 1988-1993-cü ilin xarakteristikasından biridir. O, özünün düşündüyü kimi hərəkət etməyə çalışırdı. Amma nə isə alınmadı. İlk növbədə bu onun dövlət idarəçilik təcrübəsinin çatışmazlığı və işlək komandasının olmaması ilə bağlıydı. Ancaq yaddaşlarda demokratik dşüncəli filosof kimi qalıb”.


AXCP-dən ayrılan qrupun rəhbəri Razi Nurullayev: “Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyi fəxr və qürurla anır, ruhuna dualar edirik. Ölməsəydi, 79 yaşı olacaqdı. Biz bu müqəddəs, gözəl, səmimi ruhlu insana siyasi cəhətdən sahib çıxmış və çıxmaqda davam edəcəyik.

Əbülfəz Elçibəy Azərbaycan xalqının gözündə təmizlik, saflıq, dürüstlük və siyasi vicdanlılıq mücəssiməsidir. Xalq onu sevir və adı gələndə hörmətlə anır.

İnsanın bu dünyadan aparacağı mal-mülk onun şərəfli həyatı, dürüstlüyü, vicdanı və humanistliyidir. Heç kim villalarını, bahalı maşınlarını, milyardlarını kürəyinə çatıb o dünyaya aparmayıb. Yalnız üç metr ağ kəfən. Əbülfəz Elçibəy ağ kəfənin içində ruhunu sakitləşdirəcək dəyərlər aparıb. O dəyərlər də elə ruh kimidir. Gözə görünməz, kürəyə çatılmaz, mülk kimi miras verilə bilməz.

Kaş bütün dəyərli insanlara Elçibəy kimi xalq məhəbbəti qazanmaq nəsib olsun.

Biz Elçibəyin ruhunu daima yaşadacağıq. Onun bizə miras qoyub getdiyi AXCP timsalında”.

 

 

Mirmahmud KAZIMOĞLU

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır