Modern.az

9 illik təhsildən kolleclərə sənəd verənlər - ballar bu qayda ilə hesablanacaq

9 illik təhsildən kolleclərə sənəd verənlər - ballar bu qayda ilə hesablanacaq

Aktual

24 İyun 2017, 17:46

Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanında (cari ilin məzunları üçün buraxılış imtahanında) imtahan nəticələri hər fənn üzrə 100 ballıq qiymət şkalası ilə qiymətləndirilir. Səhv cavablar abituriyentin ümumi balına təsir etmir. Abituriyentin ümumi balı hər fənn üzrə topladığı balların cəminə bərabərdir. Mümkün maksimal bal 200-dür.

Modern.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzi (DİM) bəyan edib. DİM balların hesablanma qaydasını ada açıqlayıb:


İmtahanın I mərhələsində imtahan iştirakçılarına Azərbaycan dili (rus dili) fənnindən 10 açıq və 10 qapalı tipli, riyaziyyat fənnindən 10 açıq tipli olmaqla, ümumilikdə, 30 test tapşırığı təqdim olunur. Balların hesablanması qaydasına görə iştirakçıların Azərbaycan (rus) dili fənni üzrə açıq tipli tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı test tapşırıqlarının hər biri 1 balla qiymətləndirilir. Riyaziyyat fənni üzrə isə açıq tipli tapşırıqlardan toplanılan ballar cəmlənir və 3-ə vurulur. Beləliklə, imtahanın birinci mərhələsində Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 30-a, ümumi bal 60-a bərabər olur.

İmtahanın II mərhələsində abituriyentlərin hər bir fənn üzrə 30 qapalı test tapşırığı təqdim olunur. Balların hesablanma qaydası isə aşağıdakı kimidir:

30:3x7=70

Beləliklə, imtahanın ikinci mərhələsində Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 70-ə, ümumi bal 140-a bərabər olur.

Qeyd edək ki, ixtisas seçimi qəbul imtahanı (hər iki mərhələ üzrə) başa çatdıqdan sonra həyata keçirilir. İxtisas seçiminə ümumi balı 40-dan və hər bir fənn üzrə balı 20-dən az olmayan abituriyentlər buraxılır.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı