Modern.az

Qüdrət Həsənquliyev: "Heç vaxt kiminsə sifarişi ilə çıxış etmirəm"

Qüdrət Həsənquliyev: "Heç vaxt kiminsə sifarişi ilə çıxış etmirəm"

8 May 2011, 15:39

"Pənah Hüseyn Milli Məclisdə Prezidentin istefası barədə danışanda... Rövnəq Abdullayev sakitcə prosesləri seyr edirdi"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə verdiyi müsahibəsində son günlər mətbuata verdiyi açıqlamaların ayrı-ayrı siyasi qüvvələr tərəfindən, məqsədyönlü şəkildə yanlış istiqamətə yozulmasından danışıb.

- Qüdrət bəy, Milli Məclisdəki çıxışınız böyük rezonansa səbəb olub. Bunu Kəmaləddin Heydərov və Bəylər Əyyubov qarşıdurmasının təzahürü kimi qiymətləndirirlər. Bu barədə nə deyə bilərsiniz?

- Mən həmişə çalışmışam ki, Milli Məclisdə xalqımızın maraqlarından çıxış edim. Təəssüf ki, bu çıxışlardan bəzən ayrı-ayrı siyasi qüvvələr öz korporativ maraqlarına uyğun istifadə etməyə çalışırlar. Məsələn, kimsə mənim TQDK-nın ünvanına söylədiyim tənqiddən, yaxud dövlət quruculuğu və hüquq komitəsinin iclasında dövlət qulluğunda yaş həddinin məhdudlaşdırılması ilə bağlı çıxışımdan, həmçinin Haxçıvanla bağlı dediklərimdən narazı qalır, amma bunları yox, Neft Şirkəti barəsindəki tənqidi fikirlərimi qabardır.

Kəmallədin Heydərov və Bəylər Əyyubov qarşıdurması barədə deyilənlərə gəldikdə isə mən onları dost kimi tanıyıram. Elçibəy komandasında öz prezidentlərinə bu şəxslər kimi sadiq bir neçə yüksək vəzifəli şəxs olsaydı Elçibəyi heç kim devirə bilməzdi. Mən heç vaxt kiminsə sifarişi ilə çıxış etmirəm. Bunu yazanlar sifarişlə yazanlardır.

- Siyavuş Novruzovun Sizi ittiham etməsini necə qiymətləndirirsiniz?

- Qəlbində o da bilir ki, mən haqlıyam. YAP Siyasi Şurasının üzvü Siyavuş Novruzovun məntiqilə yanaşsaq, onun Milli Məclisdə AZAL və Nəqliyyat Nazirliyi barədə söylədiyi kəskin tənqidi fikirlər də şəxsi inciklikdən qaynaqlanır. Amma hansı motivlə deməsindən asılı olmayaraq, dedikləri doğru olduğu üçün mən Siyavuş Novruzovdan sonra çıxış edərək onu dəstəklədim. O da, mən də bilirik ki, onun əleyhimə danışmasının kökündə tamam başqa məsələ dayanır.

- Rövnəq Abdullayevin adamları Sizi həm də Pənah Hüseyni müdafiə etməkdə suçlayırlar...

- Rənah Hüseyni hanısısa məsələdə haqlı sayıramsa niyə müdafiə etməyim?! Pənah Hüseyn Milli Məclisdə Prezidentin istefası barədə danışanda mən onu haqsız saydığımdan kəskin tənqid etdim. Bu zaman Rövnəq Abdullayev sakitcə prosesləri seyr edirdi. Onun Pənah Hüseynlə eyni düşərgədə təmsil olunduğu heç kimə sirr olmayan insanlara etdiyi köməklər barədə də məlumatlıyam, amma bundan qətiyyən narahat deyiləm.

- Qüdrət bəy, islam fundamentalistlərinin Təhsil Hazirliyi qarşısında aksiyaya BAXCP-dən başqa heç bir siyasi partiya sərt təpki göstərmədi. Bəlkə partiya bu yanaşmada haqlı deyil?

- Azərbaycan konstitusion quruluşuna görə dünyəvi dövlətdir, din təhsildən ayrılmışdır. Bunu piket keçirənlər də gözəl bilirlər. Onları buna təhrik edirlər, Azərbaycanda sabitliyi pozmaq istəyirlər. Əgər radikal müxalifət partiyaları hakimiyyətə gəlmək üçün ermənilərlə əməkdaşlıqdan çəkinmirlərsə, yaxud ermənidən pul almaq üçün Gürcüstana adam göndərirlərsə, o zaman onların dini faktorlardan da istifadə etməyə çalışmaları qətiyyən şübhə doğurmur. Bir qrup fikirləşir ki, iqtidara qarşı olanlara qarşı olmaq doğru deyil. Ancaq yanılırlar, çünki bu aksiyalar dövlət quruluşuna qarşıdır. Bir başqaları dindar olduğu üçün bunu etmir. Digərləri isə ancaq vəzifə barədə düşünür və bu vəzifəni islam respublikasında da tutmağa hazırdırlar. Bizim partiya haqlıdır. Dini ekstrimizmə qarşı mübarizə gücləndirilməlidir. Bu məsələdə biz iqtidarın, o cümlədən, hüquq-mühafizə orqanlarının prinsipial mövqeyini dəstəkləyirik.

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı