Modern.az

Azərbaycanda telefon dəbi “ölüb” - SƏBƏBLƏR

Azərbaycanda telefon dəbi “ölüb” - SƏBƏBLƏR

26 İyun 2017, 10:28

Mobil telefonlar və internet  həyatımızın ayrılmaz parçasına çevrilib. Hazırda dünyada 5 milyarddan çox mobil telefon, 2 milyarddan çox internet istifadəçisi var. Azərbaycanda da əhalinin əksəriyyəti mobil telefon istifadəçisidir. İndi “ağıllı telefonlar” sayəsində istənilən məlumata çata, sürətli internetdən rahat istifadə edə bilirik.

Mobil telefonların “yarışan” vaxtları var idi. Qonşudan geri qalmamaq üçün qiymətindən asılı olmayaraq, telefon alanlar az deyildi. Lakin son zamanlar bahalı mobil telefonlara sanki maraq azalıb. Yeni modellər üçün gün sayanlar indi telefon mağazasına girməyə belə, ərinir. Bir neçə mobil telefon mağazası ilə əlaqə yaradıb satışların hansı səviyyədə olduğunu soruşanda, satış menecerləri əvvəlki kimi yaxşı olmadığını bildirdilər. Hətta nəinki telefon, digər texnoloji alətlərə də marağın azaldığını qeyd etdilər. Bu səbəbdən hazırda bəzi telefonların qiymətində 10-20 faiz arasında azalma müşahidə edilir.

Bəs mobil telefonlara marağın azalmasının səbəbi nədir?

İqtisadçı-ekspert Vüqar Bayramov Modern.az-a açıqlamasında məsələnin iqtisadi tərəfləri ilə yanaşı digər səbəblərini də bildirib:

“Telefon bazarının zəifləməsinin həm iqtisadi, həm də müasir dəyişikliklərdən asılı olan səbəbləri var.  İlk növbədə iqtisadi səbəbləri qeyd etmək lazımdır. Əvvəllər telefonları uyğun olan kreditlərlə almaq mümkün idi. Bahalı telefonları bu yolla almaq daha asan idi. Bu gün baxmayaraq ki, telefonların kreditlərlə satılması mexanizmi qalır, amma  əvvəlki kimi cəlbedici görünmür. Bankların da bir qismi eyni zamanda kreditlərlə telefonların satışında maraqlı deyil. Hazırda bahalı telefonların kreditlə alınmasının çətinlikləri var və bu da telefonlara marağın azalmasına gətirib çıxarır.
İkinci səbəb manatın devalvasiyasıdır. Telefon idxal edilir və onun xərci dollarladır. Əvvəllər manat dollardan güclü idi. Məsələn, yeni istehsal olunmuş 1000 dollarlıq telefonun manatla qiyməti 380 manat idi. Həmin qiymətə vətəndaş telefonu ala  və ya kreditə götürə bilirdi. Amma artıq 1000 dollarlıq telefonun qiyməti 1700 manatdır. Bu isə o deməkdir ki, telefonun qiyməti iki dəfədən artıq qalxıb. Nəticə olaraq manatın devalvasiyası telefon idxalı sahəsinə birbaşa təsir edir.

Üçüncü səbəb vətəndaşların yığıma üstünlük verməsidir. Yəni əvvəllər vətəndaş telefonunu tez-tez dəyişirdisə, indi belə deyil. Çünki son devalvasiya, neftin qiymətinin aşağı düşməsi gəlirlərə təsir göstərib. İndi əksəriyyət telefonu yalnız  sıradan çıxdığı halda dəyişməyin tərəfdarıdır. Lakin öncələr vətəndaş telefonun bir-iki ay istifadə edilməsinə baxmayaraq, yeni telefonlar ala bilirdi. Sadaladığım bu üç səbəb məsələnin iqtisadi tərəfləridir”.

İqtisadçı düşünür ki, vətəndaşların mobil telefonlarına münasibəti də dəyişib:

“Əvvəllər insanlar telefonlara bir dəb kimi baxırdılar. Hətta bahalı telefon istifadə etməklə fərqləndiklərini düşünürdülər. Lakin indi bu cür yanaşma yoxdur. Bugünkü dövrdə bahalı telefonlardan istifadə edən şəxs heç də digərlərindən fərqlənmir. Artıq dəb də, telefona münasibət də dəyişib. Bu səbəbdən mobil telefonlar insanlara cəlbedici gəlmir və maraq azalıb”.

"İrşad Electronics" şirkətinin marketinq şöbəsinin rəhbəri Elnur Kərimov mobil telefon satışlarının xüsusilə yay aylarında azaldığını qeyd edib:

“Yay aylarında adətən telefon satışları zəifləyir. Mobil telefonların satışı  daha çox mart və dekabr aylarında güclənir. Bunun səbəbi isə bayramlardır. Lakin yay aylarında əhali dincəlməyə üstünlük verdiyi üçün bu, birbaşa telefon bazarına təsir edir.

Devalvasiyadan öncəki illə müqayisədə hazırda telefon bazarı zəifdir. Düzdür, hazırda bir qədər artım olsa da, amma həmin illərdəki səviyyədə deyil. Mobil telefonların qiyməti həmişəki kimidir.  Gəlirlə fərd balans yaratdığı halda telefon alış-verişinə üstünlük verilir. Əksi olduğu təqdirdə isə qənaət etmək insanların əsas seçimlərindəndir”.


Günay RƏSULQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi