Modern.az

Atalar və övladlar - Famil Mehdinin oğlu: “Atam xəstə olduğundan dissertasiyasını Xəlil Rza oxudu” - LAYİHƏ

Atalar və övladlar - Famil Mehdinin oğlu: “Atam xəstə olduğundan dissertasiyasını Xəlil Rza oxudu” - LAYİHƏ

Reportaj

26 İyun 2017, 18:37

Modern.az saytının “Atalar və ovladlar” layihəsində tanınmış ziyalılar - elm, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimləri, eləcə də, ictimai, siyasi simalar onları böyüdüb, boya-başa çatdıran atalarının həyat hekayətini danışırlar. Bir növ, atalarının keçdiyi ömür yolunu xarakterizə edirlər. Təkcə yazının deyil, həm də fotoların diliylə...

Həmçinin, dünyadan köçmüş hər hansı tanınmış ziyalının övlad atası haqqında xatirələrini bölüşür. Bu dəfəki qonağımız kimi…


Layihəmizin növbəti qonağı mərhum professor, şair-publisist Famil Mehdinin oğlu Şamil Mehdidir. O, dillər əzbəri olan şeirlərin müəllifi, maraqlı şəxsiyyət  olan atası Famil Mehdi haqqında xatirələrini danışıb, ürək sözlərini sizinlə bölüşəcək.

Sizi Şamil Mehdi və onun atalı söhbətləri ilə baş-başa buraxırıq:

Giriş, yaxud, ömrün “Çin səddi”

- Qarabağ hadisələri atamın həyatında sərhəd, ömrünü iki yerə ayıran bir sədd oldu. Ona qədərki həyatınə tamam başqa, ondan sonrakı isə tamam ayrı cür yaşadı. “İkinci ömür” təxminən, 1987-ci ilin sonlarından başlayır.


Ana torpaq ağuşu

- Babamla nənəm qonşu kənddən olublar. Atamgilin ailəsində torpağa bağlılıq bir neçə nəsildən etibarən, ötürülə-ötürülə gəlirdi. Bir məsələni həyatımın sonrakı dövründə  anlamağa başladım: Biz balaca olanda həmişə imkan düşən kimi mütləq iki-üç günlük də olsa, bizi kəndə aparardı. Böyük qardaşı - Fikrət əmim orada yaşayırdı. Sonradan başa düşdüm ki, atam bunu özünün istirahət  tələbatı, kənd, təbiət sevdası ilə bərabər, həm də bizim üçün edirdi. Uşaq çağımızdan bizi kəndə alışdırmaq, ora bağlamaq istəyirdi. Çünki kəndi, kəndlinin zəhmətini ancaq ora tez-tez gedib-gələndən sonra anlamaq olar.

Atam məlum  hadisələr başlanandan, 1993-cü il iyulun 23-nə kimi - yəni Ağdam işğal olunan günə qədər  tez-tez ora gedib - gəldi, əsgərlərə baş çəkdi, yerli əhali ilə görüşdü. Qohumlar danışırdılar ki, onu iyulun 23-ü günorta ərəfələrində zorla maşına oturdub uzaqlaşdıq.

Bu müddətdə Bakıdan çox, elə oralarda olurdu. Təxminən, 1991-ci ilin sonu 1992-ci illərin əvvəllərində artıq Ağdama müxtəlif silahlarla  atmağa başlamışdılar. Amma biz yenə də ailəliklə kəndə gedirdik. O vaxtı nəvələr də dünyaya gəlmişdi. Onları da özümüzlə aparırdıq. Atam bu ənənəni onlarla da davam etdirmək istəyirdi. Bir faktı deyim sizə: atamın evində 1987-ci ildən 1992-ci ilin noyabrına qədər  10 nəfər ailə üzvü yaşayırdı; mən öz ailəmlə, atamgil, nənəm və bibimiz də bizimlə qalırdı. Mən sonradan öz evimə köçəndə ailəmi, uşaqları birbaşa Sarıhacılı kəndindən təzə evə apardım.


Küsəyən ümidlər


- Atam heç vaxt inamırdı ki, belə bir şey ola bilər: Ağdam gedər, torpaq itirilər. Bunu ağlına belə gətirmirdi. İnanırdı ki, bu problemin həlli tapılacaq. Amma hər şey əksinə oldu. Həm Ağdam, həm də başqa rayonların getməsi atama zərbə vurdu. Onu tanıyanlar yaxşı bilər, o hadisələrdən sonra bir növ, həyatda küsdü. Heç vaxt da kimisə günahlandırmırdı. Yenə inanırdı ki, xalq, millət bu məsələlərin çözülməsinə nail olacaq.

”Lokomotiv”

- Bu gün keçmişə baxanda, o zaman baş verənlər adama dəhşət kimi gəlir. Amma o zaman bizlər  üçün bütün bunlar çox adiləşmişdi. İndi bu haqda danışmaq belə mənim üçün çətindi.... Fevral ayında bütün rayonlardan, ətraf şəhərlərdən qəzəbli camaat Ağdamda yürüş edirdi. O yürüşün önündə gedənlərdən biri atam idi. Həmin yürüşün, proseslərin qarşısını alan rus tankları, əsgərləri oldu. Onlar camaata mane olur, yürüşlərin qarşısını alırdılar. Bəzən, silahlar hesabına bunu edirdilər. Belə olanda zərbə birinci qarşıda gedən adamlara dəyə bilərdi. Amma atam bu barədə heç düşünmürdü də...

Xocalı faciəsi baş verəndə atam rayonda idi. Hadisələr  yeni başlamışdı. Səhərə yaxın xəbər gəldi ki, birinci yaralı dəstə gəlir. Amma sonradan məlum oldu ki, bu nə boyda miqyasda imiş... Ondan əvvəl bir neçə kənddə insanları qətl edirdilər. Amma 1992-ci ilin fevralında Xocalıda baş verən hadisədə yüzlərlə insan qırıldı. Ondan sonra əli silah tutan yaşlı-qoca, könüllülər  birləşib hücum təşkil etdilər. O zaman əsgərlərlə birlikdə öndə gedənlərdən biri də atam oldu. Allah rəhmət eləsin, Xəlil Rzanın oğlu Təbriz də həmin döyüşdə idi. Ondan az sonra bu səpkidə növbəti döyüş yaşandı və məşhur döyüşçü Yaqub Rzayevin oğlu Canpolad həlak oldu.

Ömür uraları

- Famil müəllimin, səhhəti cavanlıqdan  yerində olmayıb. Amma heç zaman açıq şəkildə bildirmirdi. Biz elə bilərdik ki, sapsağlamdı. Uşaqlıq çağında səhhətinə təsir edən ağrı-acılı və qorxulu məqamlar çox olub. Qida, ərzaq baxımından yəni maddi anlamda o qədər də çox çətinlik yaşamayıblar. Əksinə, kənddə çox ailələrə, uşaqlara qucaq açıblar, vaxtaşırı onlara yemək də veriblər. Mənəvi mənada onun sağlamlığına təsir edən səbəblər olub. Ana tərəfi imkanlı ailə olub. Ona görə də sovet gücləri hər zaman bu ailəni təqib edib. Bir yerdən başqa yerə köçməli, təqiblərlə üzləşməli olublar. Kənd camaatı bu ailəyə hörmət etsələr də müxtəlif səbəblərdən onlarla yaxınlaşmağa ehtiyat ediblər. Ona görə də atam uşaqlıqda xeyli mənəvi sarsıntılar yaşayıb.

Evlənəndən sonra da- 1960-cı illərin əvvəllərində ağır ürək əməliyyatı keçirməli  olur. Uzun müddət xəstəxana şəraitində qalır. Təsadüfən dissertasiyasının müdafiəsi də həmin vaxta düşür. Dissertasiya çıxışının mətnini yazsa da, onu tribunada səsləndirmək üçün gücü olmayıb. Həmin çıxışı onun yerinə Xəlil Rza oxuyub.

 

Qəribə dünyanın qonaqları

- Azərbaycanın elə bir guşəsi yox idi ki, bizi aparıb gəzdirməsin. Bunu istirahət məqsədi ilə də etmirdi. Vətəni tanımaq və bizi torpağa bağlamaq üçün belə edirdi. Elə vaxt olurdu səhər gedib, axşam qayıdırdıq. Bizlərdə adətdir, qonaq getdiyin yerlərdə adamın göz yemək axtarar. Bizdə isə əksinə olardı: Atamın sayəsindıə bizi dağlar, düzənliklər, təbiət maraqlandırırdı. Köhnə SSRİ-nin müxtəlif kurort yerlərinə də gedərdik. Amma 1975-ci ildən etibarən ən çox getdiyimiz yer Kəlbəcər tərəfdəki Dəlidağ olub. Demək olar ki, hər il ora gedərdik. Atamgilin qohumları orada yaşayırdı. Ora birinci dəfə gedəndə bizə hər şey qəribə gəlirdi. Sanki ayrı dünyaya düşmüşdük; elektrik yox, su bulaqdan gəlir, hər şey təbii-tər...  Oralara gedəndə biz həyatın tamam başqa üzünü görürdük. Təbii şəraitdə insanların həyat tərzini orada gözlərimizə görürdük. Oralarda demək olar ki, sovet qanunları işləmirdi. Cəmiyyətin, ağsaqalların qanunları hökm sürürdü. Bir ağsaqqalın sözü ilə ortadakı qan götürülür, aradakı narazılıq qaldırılırdı. Orada avqustun 5-də qar yağdığının şahidi olmuşam. Nə deyim, ora başqa dünya idi. İnsanların özü də bambaşqa idi. Bizdə hər zaman o insanlarla görüşməyin, danışmağın tələbatı olub... Snradan anadım ki, atam bizi hər il ora bilərəkdən aparardı. O fərqli dünyanın təzəliyi, saflığı hər zaman bizdə olsun deyə...

 


“Ədalət, ax ədalət”

- Atamda ifrat dərəcədə ədalət hissi var olub.  Heç kimin haqqının tapdanmasına imkan verməzdi. Bu ola bilsin, uşaq vaxtı gözünün qabağında olan və ailəsinin yaşadığı haqsızlıqlardan yaranmışdı. Böyüyəndən sonra onda dərin iz buraxmışdı. Hər zaman tanıdı-tanımadı, haqqı tapdanan hər kəsə yardımçı olmaq istəyirdi.

Bir dəfə ailəliklə Ağdama yola düşəcəkdik. Atam getdi ki, maşına yanacaq vursun. O zaman yanacaqdoldurma məntəqələri də uzaqda idi. Xeyli gözlədik. Amma atam gəlmədi. Bir neçə saatdan sonra gördük ki, qayıtdı və maşının arxasında yüngül bir əzik yeri var. Bildik ki, maşınla kimsə arxadan toqquşub. İş elə gətirdi ki, atam elə həmin qəzada tanış olduğu, yəni onun maşınını əzən adama sonradan hansısa probleminin həllində kömək etdi. Bu xeyli sayda faktlardan yalnız biridir. Yəni, onun üçün əsas ədalət anlayışı idi. O yerindədirsə, vaxtı ilə maşınını əzən adama da kömək edərdi.

Binadakı uşaqlarla məcburən dostluq, yoldaşlıq edirdik. Çünki bizdən arxada dağlı məhəllələri idi və tez-tez dalaşardıq. Bir dəfə də bizi milis idarəsinə apardılar. Atam onda da əvvəlcə kimin haqlı olub-olmadığını dəqiqləşdirdi, sonra bizi idarədən çıxardı.

Dərs dediyi və kafedra müdiri olduğu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində də atamı bu xüsusiyyətinə görə çox yaxşı tanıyırlar. İndinin özündə də vaxtilə atamla birlikdə işləyən yaşlı müəllimlərdən bu haqda soruşsanız sizə ürəkdolusu danışarlar. Haqqı tapdanan, yardıma ehtiyacı olan tələbəyə heç zaman əlindən gələn köməyi əsirgəməzdi.

1990-cı illərin əvvəllərində bir qəzet yayımlanırdı. Qəzetdə müəyyən həqarət elementləri olduğu üçün əməkdaşları məhkəməyə vermişdilər. Fakültə müəllimlərindən də  məhkəmə üçün ekspert rəyi almaq istəyirdilər. Ekspert qrupunun içində atam da var idi. Yəni, onlar konflikt yaradan materialı oxumalı və həqiqətən də orada təhqirin olduğunu deməli idilər. Amma başda atam olmaqla hamısı məqalədə təhqir yox, tənqidin olduğunu yazdı. Kimsə məqalədə təhqirin olduğunu demədi. Məhkəmə üçün ekspert rəyini başqa istisas sahibi olan bir müəllim yazdı.

 

“Şadlıq sarayı”

 

- Atam 1976-cı ildə elmlər doktoru dərəcəsini müdafiə etdi. Bunu ona görə deyirəm ki, o vaxt indikindən fərqli olaraq elmlər doktoru çox yaxşı maaş alırdı. Atamın maaşı 550 manat idi ki, o zaman üçün yüksək gəlir hesab olunurdu. Yəni dolanışığımızı özümüz təmin edirdik. Nə artığımız olardı, nə də əskiyimiz... Hərdən qohumlara da əl tutardı. Bir faktı deyim sizə: bir neçə dəfə ona torpaq sahəsi vermək istəyiblər. Amma götürməyib. Həm ehtiyacı olan başqa adamları nəzərə alıb, həm də düşünüb ki, yalnız Ağdamda doğma kəndlərində ev tiksin, uşaqlarını ora ilə bağlasın. Tikdi də, lakin sona çatdırmadı. Fərqli layihə ilə tikilən ev içindəki əşyalarla o torpaqların aqibətini yaşadı.... Amma bu haqda atam heç vaxt danışmazdı. Atamı ağrıdan o torpaqlar, o ağaclardan, təbiətdən uzaq düşməsi idi.

 

Nədən danışırdıq? - Moskvada başqa yerlərdə kitabları çıxardı, burada da məqalələrlə çıxış edərdi ki, onların da qonararı dolanışıq üçün bəs edərdi. Əlindən gələn yardımı əsirgəməzdi. Fakültədə də bəzən, tələbələrə mənəvi dəstək olmaqla yanaşı, maddi yardım da edərdi. Düzdü, çox olmazdı, amma əlindən gələn nə idisə onu da peşkəş edərdi. Bir neçə dostunun, tanışının toyu bizim evdə olub. O zaman toylar indiki kimi dəbdəbəli olmazdı. Get-gedə biz də artıq buna öyrəşdik. Elə bildik ki, elə belə də olmalıdır. Bizim evdə bir qutu var ki, hamısı ancaq toy şəkillərindən ibarətdir. Atam xeyir işlərdə çox yaxşı iştirak edərdi. Bəzən, evdəki iş otağına çəkilib bu barədə atamdan məsləhət alanlar da olardı. Böyük məmuniyyətlə nə bacarırdısa, o cür də kömək edirdi. Bizdə o məktub hələ də durur. Rəhmətlik jurnalist Alı Mustafayevin xeyir işinə də buradan durub rayona getmişdi. Çünki qızı vermirdilər.


“Dilən, professor, utanma, dilən”

 

- Atamın şeirlərinin hamısı ictimai yüklə yazılıb. Məşhur “Dilən, professor, utanma, dilən” misrası ilə başlanan şeiri də bir hadisə yox, bütünlüklə o dövr yazdırdı. Amma bir əhvalat sonuncu mürəkkəb oldu:
1993-cü ilin sonundan sonra çox çətin iqtisadi dönəm yaşandı. Allah sizə o günləri nəsib etməsin. Mənim üçün çox dəhşətli illər idi. Hətta SSRİ-nin dağıldığı ildə belə qıtlıq olmamışdı.Amma 1994-cü ildə həddindəna artıq kütləvi qıtlıq yarandı. Atamın o ildə Bakı Dövlət Universitetindən aldığı maaş 9 “şirvan” idi. Bir kilo ətin qiyməti isə 5 “şirvan”... Bayaq mən atamın aldığı maaşı elə-belədən demədim. Müqayisəyə özünüz diqqət edin. Atamın 1994-95-ci ildə bir aylıq əmək haqqı heç 2 kilo ətə də çatmırdı. Ona görə də məcbur olub 3 yerdə dərs deyirdi. Məşhur şeirin yaranması  üçün son damla olan hadisə universitetin yanında baş verib: çox yaxşı tanıdığı, ləyaqətinə hörmət etdiyi bir professor yaxınlaşıb 1 “şirvan” pul istəyib. Özü də borc yox, aza qala, dilənmək formasında... Bu hadisə atama pis təsir etdi. Bu da o şeirin sonuncu damcısı oldu. Bahalaşma, qıtlıq get-gedə artır, amma ən böyük yükü çiyinlərində daşıyan müəllimlər, həkimlət demək olar ki, maaş almırdılar. Məsələn, bizim bir qonşumuz çox güclü həkim idi. O cəmi 3 “şirvan” maaş alırdı. Aldığı pul onun aylıq çörəyinə də çatmırdı. Amma atamı bunlarla bərabər, daha çox mənəvi tərəfi ağrıdırdı.

 

“Şairdən cəbhəyə...”

- Xocalı faciəsindən sonra evdə nə var idisə, hamısını yığıb apardı. Qarabağa yardım üçün “Nicat” cəmiyyəti yaratmışdılar. Birbaşa kafedraya gəlirdilər ki, Famil müəllim, filan yerə filan kömək lazımdı və s. “Zabitlər bağı”nda memorial abidə kimi köhnə tank qoyulmuşdu. Rəsmi müraciət edilib həmin tankı götürdülər və təmir edəndən sonra cəbhəyə aparıdlar. Bu atamın təşəbbüsü ilə oldu. Köhnə də o zaman üçün böyük şey idi. Çünki camaat ov tüfəngi ilə döyüşə gedirdi...

 

Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı