Modern.az

İnsan meymun növüdür – Təkamülün DƏLİLLƏRİ 

İnsan meymun növüdür – Təkamülün DƏLİLLƏRİ 

Mədəni̇yyət

29 İyun 2017, 11:29

Təkamül nəzəriyyəsi haqqında çox danışılır. Bilən də danışır, bilməyən də.

 

Öncəliklə deyək ki, təkamül inkişafın bir nəticəsi olaraq növlərin dəyişməsini və yeni növlərin meydana gəlməsini, bu dəyişməyə təsir edən faktorlar və bu faktorları iyirmidən çox mexanizmlərlə açıqlayan elmi bir nəzəriyyədir.

 

Bununla yanaşı təkamül nəzəriyyəsi növlərin meydana gəlməsinə dair nöqtələri son elmi araşdırmaların gətirdiyi nəticələr və yeni tapıntılar ilə izah etməyə çalışır.

 

Təkamül nəzəriyyəsi biologiyanın təməlidir. Bununla yanaşı, tibb elmləri, antropologiya, arxeologiya, anatomiya, astrobiologiya, bakteriologiya, biocoğrafiya, biofizika, biokimya,genetika, mikrobiologiya, molekulyar biologiya, nevrobiologiya, paleontologiya, parazitologiya, entomologiya, ekologiya, biotexnologiya və sair kimi onlarca elm sahəsi tərəfindən dəstəklənir.

 

 

Canlı növləri, xromosom strukturları, zülal strukturları, anatomik və fizioloji xüsusiyyətlərinə görə təsnif edilib və bu təsnifatlandırma bir başa təkamül nöqteyi nəzərdən gerçəkləşir. İnsan bu təsnifatlandırmada primatlar dəstəsinə aid edilib və bizim binominal nomenklatura adımız Homo Sapiensdi.

 

Bu gün dünyanın ən nüfuzlu Oksford, Kembric,Yale, Harvard, Berkeley və sair kimi yüzlərlə təhsil ocağında təkamül nəzəriyyəsi tədirs edilir və bu elm ocaqlarında fəaliyyətdə olan təkamül araşdırma şöbələri var.

 

Elm dünyasının da təkamül nəzəriyyəsi, atom, qravitasiya, hüceyrə nəzəriyyəsi kimi qəbul edilir və üzərində araşdırmalar davam etdirilir.

 

Təkamülün 20-dən çox mexanizmi olsa da əsas mexanizmi təbii seçmədir. Hər nəsildə doğan balalar, valideynlərindən bir azca fərqli xüsusiyyətlərə sahibdirlər. Bu xüsusiyyətlərin bəziləri, bəzi fərdlərə çatışmazlıq təmin etdiyi halda, bəzi xüsusiyyətlər digər fərdlərə həyatda qalmada üstünlük verir.

 

Üstünlük əldə edənlər daha çox həyatda qalar, daha asan törəyər və özlərini üstün edən genləri gələcək nəsillərə daha çox ötürə bilirlər. Beləcə populyasiya və nəsil əsasında baxdığımız zaman, üstün xüsusiyyətlər sayca artar.

 

Buna  təbii seçmə deyilir. Bu cür seçim nəticəsində təkamül edən bütün xüsusiyyətlərə adaptasiya deyilir.

 

Meymun-insan münasibəti

 

Təkamül nəzəriyyəsi dediyimiz zaman insanlar arasında başa düşülməyən bir nöqtə var- insan və meymun münasibəti.

Əvvəlcə onu bilməliyik ki, təkamül nöqteyi-nəzərdən eyni zaman dilimində yaşayan bir canlının digər bir canlıya dəyişməsi mümkün deyil və bu özü təkamül nəzəriyyəsinin prinsiplərinə ziddir. Məsələn böyük pişiklər dəstəsinə aid olan aslan dönüb pələng ola bilməz, bir momont çevrilib fil ola bilməz, eyniylə şimpanze də dönüb insan ola bilməz. Təkamülün işləmə mexanizmlərini, xüsusən də növləşməni öyrəndiyiniz zaman bu daha aydın olur.

 

İnsan bizim bildiyimiz heç bir meymun növündən yaranmayıb. Biz nə şimpanzelərdən, nə bonobolardan, nə oranqutanlardan, nə də qorilladan yaranmışıq. Bu canlılar özləri də zamanla təkamül etmiş müasir növlərdir. İnsan onlarla ortaq əcdada sahibdir. İnsan və şimpanzenin son ortaq əcdadı 6-7 milyon il əvvəl yaşayıb, elə ondan da yaranmışıq.Bioloji taksonomiya nöqteyi-nəzərindən bu ortaq əcdad primatlar dəstəsinə, qıyıqburunlu meymunlar qrupuna aid idi. Amma taksonomiya nöqteyi-nəzərindən insan meymundan yaranmayıb, elə özü meymun növüdür. Burda elmi dərgilərə istinadən müəyyən bir şeyləri göstərmək istərdik.

 

Taksonomik sıra ilə gəldiyimiz zaman insanın canlı aləmində aid olduğu yer və təkamül tarixi aydın bir şəkildə görünür. Bizlər insan olaraq nüvəlilər domeninə aidik. Bu da o deməkdir ki, orqanizmimizi təşkil edən hüceyrələr nüvəyə sahibdir (prokariotlardan fərqli olaraq). Hər birimiz bir heyvanıq, bitki deyilik. Əsl çoxhüceyrəli alt aləminə aidik, yalançı orqanlarımız yoxdur. Xordalılardan onurğalılara təkamülləşib onurğaya sahib olmuşuq. Bir məməli olduğumuz üçün döş nahiyəmizdə məmələrə sahibik. Ördəkburun və yexidnadan fərqli olaraq doğaraq nəsil artırırıq, yəni doğan məməlilərik. Hamiləlik dövründə embrionlar plasenta (cift) üzvünə sahib olur. Bir primatıq. Sadəcə biz deyil, xalq arasında meymun adlanan bütün canlı növləri primatdır. Primatlardan ayrılan quru burunlu meymunlar, sonrasında meymunlar və qədim dünya meymunları qollarına aidik.

 

Qədim dünya meymunlarından təkamülləşərək insanabənzərlər, böyük insanabənzərlərə, daha sonra isə Homininae fəslinə, yəni şimpanze, qorilla və bizim ortaq əcdadlarımıza qədər varlığımız davam edib. Sonra Hominini adlanan və qorillaları artıq ehtiva etməyən şimpanze və insanın ortaq əcdadları təkamülləşib. Hominini tribası Hominina yarımtribasına, yəni bütün insan növlərinin ortaq atasına təkamülləşib. Daha sonra Homo, yəni insan cinsi və bundan Homo Sapiens və Homo Sapiens sapiens, yəni bizlər təkamülləşmişib.

 

Təkamül keçmişimizi göz önünə aldıqda “İnsan meymundanmı təkamülləşib?” sualı verilir.  Biz meymunlardan təkamülləşmişik. Sadəcə biz deyil, şimpanzelər, oranqutanlar, qorillalar və bizlə onların ortaq əcdadları da meymundan təkamülləşib. Yəni bir nöqtədə bizim atalarımız meymun idi. Əgər təkamül keçmişimizdə geri səyahət etsək, qarşımıza sıra ilə insan və şimpazenin əcdadı Hominini, sonra insan, şimpanze və qorillanın əcdadı Homininae, daha sonra sıra ilə böyük insanabənzərlər, insanabənzərlər, qədim dünya meymunları, meymunabənzərlər, quru burunlu meymunlar və meymunlar çıxacaq. Yəni təkamül prosesində uzun zaman öncə əcdadlarımız qəti bir şəkildə meymun idi.

 

Çox zaman qeyd olunur ki, insan və şimpanzelər 98% ortaq gen daşıyıcısıdır. Genetik müqayisə yalnız gen təkrarlamalarının və mutasiyaların təbiətilə əlaqədar deyil, daha dəqiq nisbət təxminən 85-99% arasındadır. Nisbət fərqliliyi analizlərin metodlarına görə dəyişir. Lakin bütün canlılara hər hansı bir metodu tətbiq edib nəticələri ölçsək, yenə də şimpanzelərin genetik olaraq bizə ən yaxın qohum olduğunu görəcəyik. Bu nisbət nəticəli müqayisə, nöqtəvi mutasiya kimi mutativ dəyişmələri çıxdaş edib gen funksiyalarının bənzərliyi və homoloq genlərin strukturu göz önünə alınaraq edilir.

 

Şimpanzelər insandan iki ədəd artıq – 48 xromosoma malikdirlər. Belə hesab olunur ki, bu, Roberston yerdəyişmə mutasiyası nəticəsində insan əcdadında iki cüt xromosomun bir cütdə birləşməsi ilə əlaqədardır. Maraqlıdır ki, insanlar bütün heyvanlarla müqayisədə ən az genetik variantlara malikdir, buna görə də yaxın qohumlarla nəsil artırma genetik problemlerə səbəb ola bilir. Hətta iki, tamamilə qohum olmayan insan bacı-qardaş olan iki şimpanze ilə müqayisədə genetik olaraq daha oxşardır.

 

Təkamülü görmək üçün çox uzağa baxmaq lazım deyil. Damarlarımızda dayanmadan axan qanı araşdırmaq belə kifayətdir. Məsələn, B tipli qan qrupu Orta Asiyalı insanlar arasında çox məşhurdur, ancaq digər ərazilərdə bu qan qrupuna daha seyrək rast gəlinir. Bundan əlavə, ABO tipi qan qrupu sistemi xaricində, yeni qan qrupu sistemləri də kəşf edilib və bunların hər biri müəyyən ərazilərdə daha tez-tez görülür. Bunlardan ən məşhur və maraqlı olanı “Duffy” qan qrupu sistemidir. Bu sistem içərisində, eynilə ABO sistemindəki kimi 3 gen variantı var. Bunlardan bir dənəsinə “boş Duffy” adı verilib və Səhra-altı Afrikada yaşayan insanların 95%də bu qan qrupu mövcuddur. Bu coğrafiya xaricindəki insanlarda bu qan qrupuna demək olar ki, heç rast gəlinmir. Bu vəziyyət, təbii seçmənin bariz bir şəkildə coğrafiya-xüsusiyyət əlaqəsini dəstəklədiyini təsdiqləyir.

 

Təkamülə inanmayanlar üçün...

 

İnsanın şimpanzelərlə genetik olaraq 98 faiz oxşar olduğunu qeyd etdik. İnsan bədənində ümumi 50 trilyona qədər hüceyrə olduğu təxmin edilir. Hər hüceyrənin nüvəsində 46 xromosom var. DNT zənciri bu xromosomların üzərinə sarılmış bir şəkildədir. Hər xromosomdakı nukleotidin sayı dəyişikdir (250 milyondan 15 milyona qədər dəyişir). DNT, nukleotid dediyimiz 4 dəyişik quruluş daşından ibarətdir. Adenin, Timin,  Quanin, Sitozin. Genlər, DNT zəncirinin üzərində yerləşir və 600, 700, 1000 1500, 5000, 6000, 15000 kimi çox fərqli uzunluqda olur.

 

Tək bir hüceyrədə təxminən 3 milyard nukleotid var. Bu ədədin nə ifadə etdiyini belə bir nümunə ilə izah edək: tək bir hüceyrənin içindəki 3 milyard nukleotidi 1 mm ard-arda düzmüş olsaq 3000 km uzunluğunda bir yol edər. Və bunu bədənimizdəki hüceyrə sayına,  50 trilyona vursaq. Fantastik bir rəqəm alınacaq.

 

İndi fərqli bir şey deyək. İki oyun zərinin eyni anda 6 gəlmə ehtimalı 1/36dir, yəni 1/6 x 1/6 = 1/36. İnsanla şimpanze arasında genetik oxşarlıq isə 98 faizdir. Riyazi olaraq 3 milyard insan nukleotidinin, 98 faiz şimpanze nukleotinə bənzəmək ehtimalıdır (1/4 x 1/4 x 1/4 ...). Bu, 3 milyardı  1/4-inn bir-biri ilə hasili mənasını verir ki, bunu hesablasanız əldə etdiyiniz rəqəm dənizlərdəki bütün qum dənələrinin sayından çox olacağına əmin ola bilərsiniz. Belə bir ehtimalın reallaşması, təyyarədə gedərkən, dünyanın hər hansı bir yerinə atılan bir iynəni axtarıb tapmaqdan daha çətindir. Riyazi olaraq beləsinə qeyri-mümkün deyiləcək qədər kiçik bir ehtimal deyilir. Sizcə necə olur ki şimpanze və insan DNT-sində 98% nisbətində reallaşa bilir?

 

Taryel Abdullayev 

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar