Modern.az

Astroloji proqnozlara maraq niyə azalır? - Səbuhi Rəhimli: “Falçılıq şeytan işidir”

Astroloji proqnozlara maraq niyə azalır? - Səbuhi Rəhimli: “Falçılıq şeytan işidir”

Mədəni̇yyət

29 İyun 2017, 11:53

“Görəsən, bu gün işlərim necə gedəcək?”, “Gün ərzində əlimə pul gələcəkmi?”, “Bəlkə, bu gün səfərə çıxmayım?”... Bu cür ifadələr çoxumuza tanışdır. Ya hansısa qəzeti vərəqləmək, ya da ekran qarşısında əyləşməklə ulduzların nə vəd edəcəyini səbirsizliklə gözləyən kəslərin olması heç kimə sirr deyil.

Əksər hallarda əli hər şeydən üzülən insanların ümid yeri astroloji proqnozlara baş vurmaqda olur. Qəzetlərə marağın daha çox olduğu vaxtlarda proqnozlara da xüsusi maraq vardı. Daha sonra televiziyaların gündəlik qoroskoplar haqqında rubrikaları bu marağı daha da artırdı.

Onu da qeyd edək ki, bu sahəyə maraqlı olan təbəqə əsasən qadınlardır.

Amma son vaxtlar astroloji proqnozlara marağın azaldığı müşahidə olunur.

Bəs hazırda astroloji proqnozlara maraq göstərən insanların reytinqini müəyyənləşdirmək mümkündürmü? Əsasən insanlar hansı zamanlarda öncəgörənlərə, ulduz proqnozlarına üz tuturlar?

Tanınmış astroloq, “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli Modern.az-a açıqlamasında deyib ki, bu sahəyə marağın azalıb-çoxalmasını müəyyən etmək çətindir.

“Falçılıq şeytan işidir”

“İnsanların astroloji proqnozlara marağının azalması, yaxud da, çoxalması ilə bağlı reytinqi müəyyənləşdirmək çətindir. Çünki bu suala cavab vermək mənim üçün çətindir. Astroloq olaraq mənim əsas işim elmi araşdırmalar və mətbu fəaliyyətdir, insanları qəbul edib fərdi məsləhətlər vermirəm ki, statistikasını bilim. Həm də bu, vaxt aparan şeydir, bir adam haqqında astroloji xəritə qurmaq onun haqqında kiçik elmi iş kimidir. Üstəlik, insanlar bu elmi hələ tam mənimsəmədiyi üçün “ulduz falı” adlandırırlar. Fal sözünü bu qədim elmə yapışdırmaq isə olduqca gülməlidir. Falçılığın şeytan işi olmağından və dinimizdə həmin adamlar üçün xüsusi cəza tətbiq edildiyindən də xəbərimiz var. Fal deyilən söz qara rəngdən ibarətdir. Yaxşı olar ki, insanlar ağ işlərlə məşğul olsunlar. İnsanlar astrologiya elmi ilə ulduz falını eyniləşdirirlər. Halbuki, bunun əsası yoxdur. Çünki Azərbaycanda astroloq yox dərəcəsindədir. Ulduz falı tərcümə xətasıdır və astrologiya elminə aidiyyatı yoxdur”.

 “İnsanlar hər yola əl atırlar”

Səbuhi Rəhimli deyir ki, insanlar müxtəlif səbəblərdən falçılara üz tuturlar. “Əgər cəmiyyətdə durğunluq varsa, şeytani qüvvələr idarəetmədə yer alırsa, əxlaqsızlıq, ədəbsizlik, maliyyə böhranı varsa, bir çox insanlar hər yola əl atırlar. Hətta, ümid yeri kimi falçılara üz tuturlar. Bəzi insanların Allahdan üzü dönən bir dövrdə, ateistlərin sağa-sola hücum çəkdiyi, məmurların çoxunun ateist-Allahsız olduğu bir vaxtda insanlar Allaha pənah aparmaqdan çəkinirlər. Ona görə də mistik qüvvələrdən yardım gözləyirlər. Belə dövrlərdə insanlar pulunu dağıda da bilər. Qeyri-müəyyən bir dövrdə insanların reallıqdan çox mistikaya üz tutmasına gətirib çıxarır”.


 Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi