Modern.az

AMİP-in siyasətdən getməyən keçmiş sədri: “Siyasətçinin 4-5 üzü olmalıdır” - MÜSAHİBƏ

AMİP-in siyasətdən getməyən keçmiş sədri: “Siyasətçinin 4-5 üzü olmalıdır” - MÜSAHİBƏ

29 İyun 2017, 14:39

Yusif Bağırzadə: "Prezident seçkilərində iştirak etmək ambisiyam yoxdur" 

 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) keçmiş sədri Yusif Bağırzadə Modern.az-a müsahibə verib.

 

- Yusif bəy, qəfildən siyasi arenadan getdiniz. Buna səbəb nə idi?

 

- Siyasətdə də ardıcıllıq olmalıdır. Siyasi aləmdən qəfil getməyimin səbəbi o idi ki, ailəmlə, problemlərimlə məşğul olmaq zamanı idi. Ona görə də AMİP sədrliyindən getməli oldum. 5 ilə yaxın AMİP-də fəaliyyət göstərdim. Düşündüm ki, AMİP qurultaya getsəydi, daha cavan kadrlar qurultaya gələrdi. Partiyanın da fəaliyyəti cavanlaşardı. Bu məqsədlə də partiyadan getdim. 30 yaşımdan siyasətdəyəm. Bir məqam da var ki, həyatda yaşamaq da lazımdır. Uşaqlar böyüyürlər. 2 oğlum xaricdə təhsil alır.

 

- Hazırda nə işlə məşğulsunuz?

 

- Qazaxıstan, Orta Asiya, Avropa ölkələrində çalışıram. İşimlə əlaqədar tez-tez bu ölkələrə getməli oluram. Amma Azərbaycan vətəndaşıyam. Belə deyək də, partiyanın sədrliyindən getsəm də, siyasətdən getməmişəm.

 

- Bilmək olarmı, adını çəkdiyiniz ölkələrdə məşğul olduğunuz sahə nə ilə bağlıdır?

 

- Biznesin bir neçə sahəsi ilə məşğulam.

 

- Amma partiya sədrliyindən getdiyiniz ərəfədə səhhətinizdə ciddi problemlərin olduğu deyilirdi. Hətta, partiyadan da sizi soruşanda belə deyirdilər. Səhhətinizdə nə baş vermişdi?

 

- Əslində, tam sağlam adam tapmaq mümkün deyil. 56 yaşım var. Səhhətimdə narahatlığın yaranması normaldır. Həmin ərəfədə səhhətimdə problemlər vardı.

 

- Hazırda siyasətçi dostlarınızla əlaqəniz varmı?

 

- Əlbəttə var. Əlaqələr yerindədir.

 

- Bayaq dediniz ki, partiya sədrliyindən getsəniz də siyasətdən getməmisiniz. O zaman siyasi prosesləri yaxından izlədiyinizi demək olarmı?

 

- Əgər siyasi fəaliyyətimə nəzər salsaq görərik ki, Milli Məclisin birinci çağırış deputatı olmuşam. O vaxtkı Milli Məclisdə yüksək vəzifələr tutmuşam. Hüquq və dövlət  quruculuğu komissiyasının sədr müavini olmuşam. İndi isə həmin qurum komitə kimi fəaliyyət göstərir. Bir çox qanunları Milli Məclisə təqdim etmişəm. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının ilk üzvlərindən olmuşam. Mərkəzi Seçki Komissiyasının üzvü olmuşam. Sonrakı fəaliyyətim  AMİP-in sədrliyi ilə bağlıdır. Həyatın çox hissəsini siyasi fəaliyyətlə məşğul olmuşam. Çox istərdim ki, gələcəkdə Azərbaycanda daha güclü islahatlar aparılsın. Əslində, yeni yaranan dövlətlərin islahatlara hər zaman ehtiyacı var. Türkiyəni götürək. Parlamentli respublikadan prezidentli respublikaya keçid etdi. Günün nəbzi bundan ibarət idi. Çünki Türkiyənin parçalanma təhlükəsi vardı. Rəcəb Tayib Ərdoğan bu cür hərəkətləri gördü və Türkiyənin yeganə çıxış yolu prezidentli respublika idi. Ərdoğan da bu yolu tutdu.

 

- Biznes əlaqələri qurduğunuz ölkələrdə siyasətçilərlə söhbətləşməyə, prosesləri analiz etməyə vaxtınız olurmu?

 

- Vaxtım olmur. 

 

- Maraqlıdır, sədrlikdən gedən Yusif Bağırzadəni 2018-ci il prezident seçkilərində müstəqil namizəd kimi görə biləcəyikmi?

 

- 2018-ci il prezident seçkilərində iştirak etmək ambisiyam yoxdur. Partiya sədri olanda belə bir ambisiyam var idi. İndi isə yoxdur.

 

- Adətən, sizin kimi siyasətçilər aktiv proseslərdən uzaqlaşaraq, passiv mövqe sərgiləyirlər. Bir müddət sonra yenidən aktiv siyasətə qayıdırlar. Siyasətdən getməyən Yusif Bağırzadəni nə vaxtsa yenidən siyasətdə görə biləcəyikmi?

 

- Ola bilər. Dediyiniz hal günün nəbzindən,  Azərbaycandakı siyasi durumdan və mənim şəxsi fikrimdən asılıdır. Hazırda siyasətdə olan bir çox insanlarla təmasdayam, görüşürəm. Amma bu gün üçün siyasi ambisiyam yoxdur.

 

- Bayaq qeyd etdiniz ki, ailə problemlərinizi qaydaya salmaq üçün biznes işinə baş vurdunuz. Bilmək olarmı, övladlarınız nə işlə məşğuldur?

 

- 2 oğlum var. Hər ikisi Böyük Britaniyada təhsil alır. Böyük oğlum İngiltərənin sabiq baş naziri Toni Bleyer, Böyük Britaniyanın ilk qadın baş naziri olmuş Marqaret Tetçerin təhsil aldığı universitetdə oxuyur. Nüfuzlu universitetdir. Oğlum yüksək qiymətlərlə magistraturaya qəbul olunub. Kiçik oğlum isə həmin universitetin 2-ci kursunda oxuyur.

 

- Övladlarınızın siyasi marağı hansı səviyyədədir?

 

- Böyük oğlum siyasətə daha çox maraq göstərir. Siyasi iqtisad fakültəsində oxuyur. Siyasətə və ictimai proseslərə meyllidir. Aktiv münasibət göstərir.

 

- 2 ilə yaxındır ki, biznes sahəsində çalışırsınız. Sizcə, siyasətlə məşğul olmaq çətindir, yoxsa biznes işi ilə?

 

- Siyasətlə məşğul olmaq daha çətindir. Siyasətçinin 4-5 üzü olmalıdır. Biznesdə isə uğur və uğursuzluq var.

 

- Sirr deyilsə, biznes sahəsindən əldə etdiyiniz qazanc sizi qane edirmi?

 

- Pis deyil. Allaha şükür, ailəmi, uşaqları dolandıra bilirik.

 

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı