Modern.az

Xeberle.com-un 5 yaşı tamam oldu: “Sumqayıtla bağlı ilk xəbərləri biz yayırıq”

Xeberle.com-un 5 yaşı tamam oldu: “Sumqayıtla bağlı ilk xəbərləri biz yayırıq”

29 İyun 2017, 15:23

Xeberle.com saytının 5 yaşı tamam olub. 2012-ci ilin iyun ayının 28-dan etibarən fəaliyyət göstərən sayt ötən 5 il ərzində regional mediada özünəməxsusluğu ilə seçilib.

Bununla bağlı Xeberle.com saytının baş redaktoru Elnur Ağayev Modern.az-la öz təəssüratlarını bölüşüb:

“Xeberle.com saytı artıq beş ildir ki, fəaliyyət göstərir. Bu sayt Sumqayıtda Elnur Ağayev, Kamal Almuradlı və Ramil Zeynallının təşəbbüsü ilə təsis edilib. Mətbuat  inkişafının bir hissəsi regionlardan başlayır. Biz düşünürdük ki, Azərbaycanda milli mətbuat bu istiqamətdə bir qədər axsayır. Bildiyiniz kimi, bütün media orqanları və media-holdinqlər paytaxtda cəmləşib. Bu səbəbdən Sumqayıtda güclərimizi birləşdirib regional media qurumu açmağa və əhalini Sumqayıtda baş verən xəbərlər, hadisələrlə bağlı məlumatlandırmağa qərar verdik.

Bu beş ildə çox uğurlarımız olub. Sumqayıtla bağlı ilk xəbərləri biz təqdim edirik. Dəfələrlə müxtəlif media qurumları bizə istinad edərək materiallar veriblər. “Karvan” ticarət mərkəzi yanan zaman onunla əlaqəli eksklüziv xəbəri biz vermişik. Şəhərin ekoloji problemlərini işıqlandırmışıq. Məsələn, zibil poliqonunun yanmasını gündəmə gətirib məsul şəxslər vasitəsilə bu cür hadisələrə son qoyulmasına səbəb olmuşuq. Yaxud aprel döyüşləri  zamanı nə qədər ağrılı olsa da, şəhidlər haqqında saytımız və Facebook səhifəmiz vasitəsilə məlumatlar təqdim edirdik. Saytımız vasitəsilə Sumqayıta gələcək olan şəhidlər barədə əhali məlumat alır və bir yerə toplaşıb şəhid ailəsinə dəstək verə bilirdilər”.

Elnur Ağayev bildirib ki, saytın əsas məqsədi Sumqayıtda baş verən hadisələrin ilk ötürücüsü olmaqdır:

“Əsas hədəfimiz regiondan, o cümlədən Abşeron, Bakı daxilindən də xəbər verməkdir. Amma çox istərdik ki, Sumqayıtda baş verən bütün  xəbərlərin əsas ötürücüsü biz olaq. Bizim artıq gündəlik 10-15 min oxucumuz, sosial şəbəkələrdə aktiv istifadəçilərimiz var.

Azərbaycanın ən böyük regional saytı olduğumuz üçün qürur duyuruq. Çünki heç bir regionda bu cür böyük sayt fəaliyyət göstərmir.  Bu, bizim çiynimizə əlavə məsuliyyət qoyur. İnanırıq ki, bundan sonra da oxucularımızı daha çox xəbərlər, maraqlı reportajlar, informasiyalarla təmin edəcəyik”.

Günay RƏSULQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir