Modern.az

Gəncədə dindarların sayı kəskin AZALIB

Gəncədə dindarların sayı kəskin AZALIB

30 İyun 2017, 10:28

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təxmini hesablamalarına görə, ölkə əhalisinin təxminən 96 faizi müsəlmandır. Müsəlmanların isə təxminən 60-65 faizi şiə, 30-35 faizi sünni məzhəbindəndir. Rəsmi məlumata görə, ümumilikdə qeyri-ənənəvi xristian sektalarına qoşulanların sayı 6000-dən çox olmayıb.

Bəs ölkənin ikinci böyük şəhəri olan Gəncədə vəziyyət necədir? Dindarlar və ateistlərin say nisbətində fərq varmı?

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif  Əliyev Modern.az-a deyib ki, Gəncədə dindar əhalinin sayı o qədər də çox deyil:

 

“Statistik məlumatlara görə Gəncənin əhalisinin sayı 335 min nəfərdir. Onlardan da təxminən  5 min nəfəri dindar sayılır. Bu isə Gəncə əhalisinin 1.5-1.6 faizini təşkil edir. Bununla yanaşı, deyə bilərəm ki, şəhərdə ateistlərin sayında artım müşahidə olunmayıb”.

Komitə rəsmisi bildirib ki, Ramazanda iki mindən çox dindar bayram namazı qılıb:

 

“Gəncədə 6 məscid var. Bu il Ramazan bayramında iki mindən çox əhali bayram namazı qılıb. Ümumilikdə Gəncə şəhəri üzrə həftənin cümə günləri 1000-1100 dindar cümə namazlarında iştirak edir”.

 

A.Əliyev bildirib ki, şəhərin icra başçısı vətəndaşlar üçün iftar süfrəsi açdırıb:

 

“Bu bayram Gəncədə xüsusi qeyd edilir. Gəncənin icra başçısı Elmar Vəliyev iyunun 23-də İmamzadə dini kompleksinin mərasim zalında şəhər ictimaiyyət nümayəndələrinin, dindarların və ziyalıların iştirakı ilə iftar süfrəsi verib. Bu il əvvəlki illərlə müqayisədə Ramazan ayında oruc tutanların sayında artım müşahidə edilib. Buna Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı təqvimlərin sayına istinadən demək olar. Əvvəllər bu təqvimi yalnız dindarlar götürürdü. Bu il isə məscidlərə ibadətə gələn və sıravi vətəndaşlar təqvimə çox müraciət etdi. Ümumilikdə oruc tutanların sayında artım olduğunu deyə bilərəm”.

 

Gülşən RAUFQIZI

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir