Modern.az

Milli Məclisdə QALMAQAL: “Surət Hüseynov dar ağacı qurmuşdu, Heydər Əliyev müxalifəti xilas etdi”

Milli Məclisdə QALMAQAL: “Surət Hüseynov dar ağacı qurmuşdu, Heydər Əliyev müxalifəti xilas etdi”

30 İyun 2017, 13:36

“Yeni Azərbaycan Partiyası hər bir kəsin xidmətini yüksək qiymətləndirir, xidməti olan hər kəsin adının əbədiləşdirilməsinin tərəfdarıdır”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

 

Deputat bildirib ki, həmkarı Qüdrət Həsənquliyevin dediyindən fərqli olaraq ulu öndər Heydər Əliyevin digərləri ilə müqayisə edilməsi düzgün deyil.

 

“Çünki ulu öndəri Azərbaycan xalqı hakimiyyətə qaytarıb. Xaosun, seperatizmin, ölkəmizin müstəqilliyinin  təhlükə altında olduğu zamanda ulu öndər hakimiyyətə gələrək Azərbaycanı xilas etdi. Ulu öndər hakimiyyətə gəlməklə tək Azərbaycanı deyil,  eyni zamanda bugünkü və o zamanki hakimiyyətdə olan müxalifəti xilas etmiş oldu.

Yəqin ki, Sürət Hüseynov tərəfindən Azadlıq meydanında dar ağacları qurulması və o ağaclardan kimlərin asılacağı bəlli idi. Odur ki, ümummilli lider müxalifətdə olanları xilas etdi. Buna görə də ulu öndərin adı əbədiləşdirilməli,  onun adına məktəb, universitet olmalıdır. Çünki ulu Öndər xalqın ən ağır vəziyyətində onların yanında olub” .

 

Qeyd edək ki, iclasda çıxışı zamanı deputat Qüdrət Həsənquliyev bildirib:

 

“Gələn il müstəqil Azərbaycan dövlətinin yaradılmasında xidmətləri olan iki tarixi şəxsiyyətin Əbülfəz Elçibəyin 80, Heydər Əliyevin 95 illiyi qeyd olunacaq.

 

Bundan bir il sonra isə Məhəmməd Əmin Rəsulzadənin 135 illiyi keçiriləcək. Mən keçən dəfə də çıxışımda dedim ki, biz universitetlərin, alimlərin və tələbələrin sayına görə dünya ölkələrindən geri qalırıq. Bunu ardan qaldırmaq üçün söylədiyim hər üç tarixi şəxsiyyətin adına yeni universitetlər aça bilərik. Bu, çox müsbət hal olar. Həm o şəxsiyyətlərin ruhu şad olar, həm də Azərbaycanda yeni universitetlər yaradılmış olar”.

 

Q.Həsənquliyev deyib ki, bəzi YAP-dan olan deputatlar Əbülfəz Elçibəylə bağlı biraz fərqli düşünürlər.

 

“Onu nəzərə almaq lazımdır ki, milli birliyə yol açacaq belə qərar çox vacibdir. Mərhum Prezident Heydər Əliyev Əbülfəz Elçibəyə onun dəfn mərasiminə qatılmaqla öz hörmətini və ehtiramını bildirdi. Eynilə də ölkənin ən ağır vaxtlarında Heydər Əliyevi ölkəni fəlakətdən qurtarmağa dəvət etməklə Əbülfəz Elçibəy öz hörmətini və ehtiramını bildirdi”.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir