Modern.az

Cümhuriyyət nazirinin Beriya səhvi: “O cani  ilanı tanımayıb qoynumuzda bəslədik” – QANLI TARİX

Cümhuriyyət nazirinin Beriya səhvi: “O cani  ilanı tanımayıb qoynumuzda bəslədik” – QANLI TARİX

Ədəbi̇yyat

1 İyul 2017, 00:38

Lavrenti Beriya... Uzun müddət bu şəxsi Stalinin sağ əli kimi tanıdılar. Bəzən, hətta qəddar Stalinin bağışladığı, ölümə məhkum etmədiyi insanları onun özü şəxsən öldürmək istəyirdi. Gürcü Beriya ölümə susamış bir psixopat idi. Stalin ən çətin və amansız tapşırıqları onun əli ilə həll etməyə çalışırdı. Buna nail də olurdu. Baş Dövlət Təhlükəsizlik Komissarı olan Beriya Stalinə başqalarından bir köynək daha yaxın idi. Hətta  diktatorun sonuncu  dəhşətli ideyası olan nüvə silahına da o rəhbərlik edirdi.

Modern.az Beriya  və onun Azərbaycanla bağlılığı, daha doğrusu, xalqımıza aid olan dərin nifrəti barəsində yazını təqdim edir. Əvvəlcə ondan başlayaq ki, sən demə, Lavrenti Beriya güc sistemlərindəki fəaliyyətinə Azərbaycandan başlayıb. AXC-nin Əksinqilab Mübarizə İdarəsinin rəisi Nağı bəy Şeyxzamanov  gənc gürcünü bəyənərək işə götürüb. Elə Nağı bəyin xatirələrində bu barədə oxuyuruq:

 

“Beriya “Hümmət” partiyasının zəmanəti ilə Əkinqilab ilə Mübarizə Təşkilatına işə götürülmüşdü. O zamanlar sərhədlərimizi çar generalı Denikin hədələyirdi. O, rus çar üsul- idarəsinin yenidən bərpasını istəyirdi. Beriya sosialist kimi bu üsulun qatı əleyihə idi. İşimizə yarayacağını bildiyimizdən onu işə qəbul etmişdim. 21 yaşında ciddi görkəmli bir şəxs idi. Onu senzura şöbəsinə götürmüşdüm. Az sonra  işinə çox can yandırdığını görüb şöbəyə şef təyin etdim. O, bir anası olduğunu və çox kasıb yaşadıqlarını mənə bildirmişdi. İdarədən aldığı maaş və ərzaqla vəziyyətini bir az düzəldə bilmişdi. Təmiz işi, enerjisi, qafqazlı gürcü olması və ruslara qarşı son dərəcə nifrəti ilə özünü mənə sevdirmişdi”.

 

 

 

Lakin Nağı bəy çox keçmir ki, təəssüratlarında aldandığını görür. Azərbaycanın ilk peşəkar çekisti olan Nağı bəy üçün bunu anlamaq çox da çətin olmadı:

“Xəzər dənizi ilə limanımıza gələn paraxodların sərnişinlərindən ələ keçirdiyi məlumatları mənə raport verirdi. Bir sabah mənə belə bir raport verdi: “Bunu bir sərnişinin əşyaları içərisindən tapmışam. Məktub müəllifinin bir tələbə olması aydınca hiss olunur. Oğlu tərəfindən anasına yazılıb: “Ana çox yaxında rus ordusu müzəffərana Bakıya girəcəkdi. Şəhərin bütün binaları ikibaşlı qartal bayrağımızla bəzənəcəkdi. Çox keçmədən Tbilisi də gürcü bayrağı yerinə rus bayrağı dalğalanacaq”.

Məktubun sonunda da onu gətirəcək paraxodun nömrəsi yazılmışdı. Beriya məndən xahiş etdi ki, tələbəni o qarşılasın. Qəbul etdim. 15 gündən sonra tələbəni qarşılayıb idarəyə gətirdi. İfadəni oxudum və tələbəni qəbuluma gətirmələrini söylədim. İçəri bənizi saralmış 17 yaşlı bir rus uşağı girdi. Uşağı sərt nəzərlə süzüb dedim: “Sən hansı ədəbiyyat müəllimindən o sözləri öyrəndin və bunlarla məktubu bəzədin?!”. Uşağın qorxudan cavab verəcək halı qalmamışdı. Onu  başqa otağa keçirib anası ilə bacısını içəri dəvət etdim. Onlar içəri girər-girməz ayaqlarımıza düşüb yalvarmağa başladılar. Ana “bircə oğlumu öldürməyin”, qız da “qardaşımı öldürməyin” deyib ağlamağa başladılar. Mən onlara “ağlamayın və məni yaxşı dinləyin. Madam ki, oğlun uşaqdır, biz də vəhşi heyvanlar deyilik, qorxulu bir şey yoxdu. Ancaq oğlunuzun nə işlə məşğul olduğunu söyləyin” dedim.  Qadın “Tələbə idi. Amma mənə qulaq asmayıb qaçdı, orduya könüllü yazıldı. İndi çox peşman olub. Xahiş edirəm onu bağışlayasınız”,- dedi.

Qadın kirayədə yaşadıqlarını və başqalarının evində xidmətçi işlədiyini də əlavə etdi.  Qadına “indi də gedin hazırlaşın və üç gündən sonra yanıma gələrsiniz. Sizə oğlunuzu təhvil verdikdən sonra paraxoda mindirib Rusiyaya göndərərik” dedim. Ana və qızı çox sevindilər. İki gündən sonra hər üçünü paraxoda mindirib Rusiyaya yola saldıq. Beriya bu hərəkətimi bəyənməmişdi. O, mənə “Nağı bəy,  sizin rus düşmənliyinizi çox zəif gördüm. Nə üçün siz o ilan balasını cəzasız buraxdınız?-deyərək xəbər aldı. Mən də ona “Beriya səni bu qədər vəhşi və qəddar bilməzdim. Sənin haqqında əldə etdiyim məlumata görə, sən hələ məktəbdə oxuduğun zaman dostlarına böyüyəndə Amerikaya gedib orada Qanqster olacağını demişdin.Demək, sən belə rus daşıyırsan!”,- dedim.

Hələ bu harasıdır ki... 1920-ci illərin ağır günlərində- bolşeviklərin hücum və tənələrinin ard-arası kəsilmədiyi bir zamanda Beriya Cümhuriyyətin orqanı olan Əksinqilabla Mübarizə Təşkilatından qaçır. Nağı bəy isə Bakıda qalan qoca anasına oğlunun “əmək haqqısı”nı verir. Qoymur ki, ac qalsın. Daha sonra AXC devrilir və bolşeviklərin hegemona çevrildiyi bir zamanda Nağı bəy qəflətən Beriya ilə rastlaşır:

“Bir zamanlar gəldi, biz artıq fəaliyyətimizi bolşeviklər tərəfə çevirməli olduq. Amma mən Beriyanı hələ işdən çıxarmamışdım. Bolşeviklər də bizə qarşı fəaliyyətə keçmişdilər. Biz də onları daimi təqib edir, göz açmağa imkan vermirdik. Bu zaman Beriya yoxa çıxdı. Onu bir müddət axtardım, ancaq ondan bir soraq verən olmadı. Nəticədə belə bir qənaətə gəldim ki, o respublikada yoxdu. İki aylıq maaşını isə anasına göndərdim.

Elə bir vaxt gəldi ki, Azərbaycan bolşeviklər tərəfindən işğal edildi və mən Gürcüstana keçməyə məcbur oldum. Beriya ilə bir şirniyyat mağazasında rastlaşdıq. Məni görən kimi yaxınlaşdı, əl verib salamalaşdıq. Hiss etdim ki, bu görüşə məmnun deyil. Ancaq xoş münasibətimi görüb bir az toxdadı. Ondan soruşdum: “Beriya, mənə deməmiş niyə Gürcüstana keçdiniz?”.  Belə cavab verdi: “Hiss edirdim ki, sizin tərəfdən kommunist yoldaşlarım təqib olunurlar. Ona görə də bu təşkilatda qalmağımın mümkün olmadığını anladım. Artıq sizinlə yolumuz tamamilə ayrılmışdı. Anama maaşımı verdiyiniz üçün təşəkkür edirəm”,- dedi.

 

 

Mən yola düşmək üçün hər hazırlığımı tamamlamışdım. Ancaq hələ qəti qərara gəlmədiyimi söylədim. Beriya “Nağı bəy, inanın mənə. Yaxınlarda bolşeviklər bura da gələcəklər. Sizə buradan uzaqlaşmanızı tövsiyyə edirəm”. O zaman ona sual verdim: ”Beriya sən kommunistsən. Məni də özün qədər tanıyırsan. Təsəvvür et ki, mən müttəhiməm , sən ittihamçı. Məni hansı əsasa görə cəzalandıracaqsan?! Nə ilə ittiham edəcəksən?! Heç bir kasıbı varlının ayağına vermədim. Daima yardım etməyə çalışdım. O sualıma həmən cavab vermədi. Fasilədən sonra dilləndi: “Bu bolşevik inqilabıdır. İçərilərində bəlkə, günahsız 100 nəfəri də öldürəcəklər”.

Son sözümü dedim: “Beriya bu gələn rusdu. Nə rəngə bürünürlərsə bürünsünlər, rusluqlarını edəcəklər. Buna əmin ol ki, öldürülmək növbəsi sən Beriayaya da çatacaq”.

Çox gec də olsa, Beriya dediyim sözləri özümüzünkülər tərəfindən güllələndiyi zaman yada salmışdı.

Amma bu çox gec oldu. Nağı bəy Beriyaya bu sözləri 1920-ci ildə demişdi. Amma o, 1953-cü ilə qədər at oynatdı. Kölgəsinə sığındığı Stalin ölən kimi onun da havası çalındı. Bu 23 il ərzində isə çox qansızlıqlar etdi. Bunların əksəriyyəti isə Azərbaycan və onun vətəndaşlarına qarşı oldu. Nağı bəy o zaman mühacir həyatı yaşayırdı. Sonda səhvini belə etiraf edəcəkdi:

 “Beriyanı lənətləyərək, onunla bağlı xatirəmi də lənətləyirəm. Əksinqilab ilə mübarizə idarəsinin senzor şöbəsində çalışırdı. O cani ilanı tanımadan, bilmədən, öyrənmədən bəslədik”.

 

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir