Modern.az

Dövlət Əmək Müfəttişliyi istilərlə əlaqədar işəgötürənlərə xəbərdarlıq etdi

Dövlət Əmək Müfəttişliyi istilərlə əlaqədar işəgötürənlərə xəbərdarlıq etdi

İqtisadiyyat

3 İyul 2017, 11:09

Havanın temperaturunun + 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) işəgötürənlərə müraciət edərək bildirib ki, yay mövsümündə kəskin isti hava şəraitinin mövcud olduğu vaxtlarda işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən zəruri tədbirlər görülsün. 

 

Bu barədə Modern.az-a ƏƏSMN-nin İctimaiyyətlə əlqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.


O qeyd edib ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır:

“Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə onlara sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli və işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında fasilənin sayı, müddəti müəyyən olunmalı, eyni zamanda iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməlidir. Həmin fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir”.

 

E.Babayev bildirib ki, iş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir. 


Dövlət Əmək Müfəttişliyi Xidməti havanın temperaturunun + 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin tələblərinə riayət olunmasını işəgötürənlərin diqqətinə çatdırır.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyulun 3-də havanın temperaturunun 42 dərəcəyədək yüksələcəyini açıqlayıb.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır