Modern.az

Böyük yaradıcılığın zirvəsində

Böyük yaradıcılığın zirvəsində

3 İyul 2017, 12:45

Əli İldırımoğlu bizim yeniyetməlik və gənclik illərimizin yaradıcı insanlarındandır. Mətbuatda daim və yaddaqalan imzası olan bir jurnalistdir və həm də yazıçıdır. Əli müəllim araşdıran, bütün detallarıyla mətləbləri açmağı bacaran və bəzən də bunu oxucunun ixtiyarına məharətlə  buraxmağı bacaran  jurnalistdir, yazıçıdır. Onun haqqında təkcə jurnalist kimi danışmaq olmur. O, yazıçıdır, hekayə ustasıdır, romanlar müəllifidir.  Yaradıcılığı genişdir, əhatəlidir, insanı çəkib uzaqlara aparır, onları oxuyanda bir anlıq uşaq da olursan, gənc də, qoca da. Əli İldırımoğlu hadisələrin lap içinə girir və səni də ora aparmağı bacarır. Yaşayırsan o hadisələrlə, o adamlarla birgə və sonda düşünürsən, yazarın böyüklüyünə, həssaslığına, müşahidə qabiliyyətinə heyran olursan. Felyetonlarının, oçerklərinin sayı-hesabı yoxdur, eləcə də hekayələrinin. Əli müəllim  romanlar, povestlər müəllifidir. Bütün bunlar onun on iki cildliyində toplanıb. Bu uzun illərin yaradıcılığıdır. 70 ildən çox qələmi əlindən yerə qoymayan bir yazarın yaradıcılığıdır. Bu yazıçının dəyanətidir, yazmaq yanğısıdır.


Bu uzun illər ərzində “Dərd”, ”Çinarlı”, ”Mayaklar”, ”Silinməz izlər” və s. kitabları çapdan çıxıb, eyni zamanda müəllifin “Daş yağan gün”, ”Aqibət”, ”Zorən jurnalist”, “Mənim rəncbər atam” və s. kimi romanları çapdan çıxmışdır. Əslində siyahı çox uzundur, yazmaqla bitmir. Müəllif cildlərinin birində yazır: “Yazıb-yaratdıqlarım mənim sevincim, kədərim, giley-güzarım, sevgim, nifrətim, etirazım, istehzam və tövsiyyələrimdir.... Onu qələmimin dili ilə kağızlara nəql etmişəm”.


Əli İldırımoğlunun qəminin dili kağızları yandırıb-yaxıb, ürəklərə yol açıb. Müşahidə qabiliyyətinin yüksək olması, böyük həssaslığı nəticəsində meydana çıxan hər bir əsəri həcmindən asılı olmayaraq insanı cəlb edir ona görə ki, bu adamları biz hər gün görürük. Müəllifin məhəbbətini, kinayəsini, nifrətini də bu yazılarda tapa bilirik. Onun istehzasına, kinayəsinə tuş gələn hadisələr, adamlar yaşadığımız dövrdən də əvvəllərə gedib çıxır, müəllifin özünün uşaqlıq, gənclik illlərinə, lap özündən əvvəlki dövrləri əhatə edir. Bu onun istedadının böyüklüyündən, hadisələri, insanları hamıdan daha çox fərqli müşahidə qabiliyyətindən irəli gəlir.  Ona görə də xalq yazıçısı Anar Əli İldırımoğlunu Azərbaycan nəsrində realist yönün ən fəal və usta təmsilçilərindən biri kimi dəyərləndirib.


Əli İldırımoğlu ömrünün böyük bir hissəsini mətbuata həsr edib. O, Sovet dövrünün ən məhşur qəzetlərindən olan “Kommunist”də çalışıb. Jurnalistikaya yenilik gətirən, cəsarətli, söz deməyi bacaran, qorxmaz, iradəli yazar olub.  Amma ədəbi fəaliyyət onu daim müşayiət edib, özü də ardıcıl şəkildə bədii yaradıcılıqla məşğul olub və romanlar, povestlər , hekayələr yazıb. Əli İldırımoğlunun yazdığı olduqca zəngin və maraqlı xatirələr kitabı əlindən yerə qoymağa imkan vermir. Onun yaddaşına, həssaslığına heyran olursan. Əli İldırımoğlunun bədii yaradıcılığında elə sırf bədiilik var, publisistika bura qarışmır. Bəzən elm adamı, və ya jurnalist bir bədii əsər yazanda hiss edirsən ki, əsərdə  bədiilik bəzən önə çəkilir, bəzən heç olmur, ya da orta vəziyyətdə olur ki, bu da əsərin məziyyətlərini heçə endirir. Amma Əli İldırımoğlunun yaradıcılığında  romanlar, hekayələr, povestlər elə sırf  bədii əsərdir. Bu da onun böyük istedadının nəticəsidir. Bu əsərlərdə Qarabağ var, bu əsərlərdə itirdiyimiz torpaqların həsrəti var. Elə bil bu həsrət ağrı-acıya dönüb canımıza hopur. Bu gün bu əsərlər daha da qiymətlidir, daha da düşündürücüdür. Keçilən yolun böyük xatirələridir bu əsərlər.  

Yaradıclığının mahiyyətini təşkil edən bu xatirələr sevinci, kədəri, kinayəsi ilə də  oxucunu cəlb etməyi bacarır. Bu xatirələr şirindir, acıdır, amma həyatın özüdür, dilimizin rəngarəngliyidir, gözləlliyidir. Əli İldırımoğlunun romanlarından, povestlərindən çox yazmaq olar və yazıblar da. Onun əsərləri təhlil olunub, qiymətini də alıb. Əsərləri barədə 2006-cı ildə tənqidçi Bəsti Əlibəylinin, 2009-cu ildə filologiya elmləri namizədi Qurban Bayramovun "Milli-mənəvi dəyərlərin bədii salnaməsi" monoqrafiyaları nəşr olunmuşdur.

 
Onun əsərlərində hər sənət sahibi  mütləq nəsə tapa bilir. Xalq artisti   Rasim Balayev Ə.İldırımoğlunun yaradıcılığına belə yanaşır:  “Əli müəllim mənə “Mənim rəncbər atam” kitabını verdi. Mən də düşündüm ki, kitabı yavaş-yavaş oxuyaram. Amma kitabın ilk vərəqini çevirdiyim andan məni elə çəkib apardı ki, əlimdən yerə qoya bilmədim. Əli müəllimin bir yazıçı kimi uğuru da məhz elə bundadır – yazı dilinin axıcı olmasında, əsərlərinin oxunaqlı alınmasında. Əli müəllimin əsərlərində mən həm də kino sənəti, rəssamlıq sənəti görürəm. O, istedadlı yazıçı olmaqdan başqa, şəxsiyyət kimi də mükəmməl bir insandır. Onun həyat, insanlar haqqındakı dərin bilgiləri hər birimiz üçün bir məktəbdir. Mən çox istərdim ki, Əli müəllimin əsərlərindən ssenarilər hazırlansın və filmlər çəkilsin”. Və mən fikirləşirəm ki, bu əsərlərdən çəkilən filmlərdə Azərbaycan bütün adət-ənənəsi ilə,  itirdiklərimizlə, Qarabağı ilə, zəngin dili ilə gözümüz önündə bir daha canlanar. Onun təsvir etdiyi çöllər, bulaqlar, yollar, ağaclar bu gün dil açıb danışır, bizdən imdad diləyir. Əli İldırımoğlunun  doğulduğu torpaq bu gün düşmənin işğalındadır.   O filmlər də gərək o torpaqlarda çəkilsin. Qarabağımız düşməndən azad olandan sonra yəqin ki, bu mövzu aktual olacaq.

 
“Mənim rəncbər atam”, “Zorən jurnalist”, “Aqibət” və başqa əsərləri haqqında dəyərli fikirlər yazılıb. Tərcüməçi Rövşən Qafarovun yazdıqlarından: “Milli söz sənətimizin ustadlarından biri olan Əli İldırımoğlunun “Aqibət” romanının tərcüməsini öhdəmə götürüb əsəri mütaliə etməyə başlayanda, açıq desəm, bir az məyus oldum. Məni pərt edən, hər şeydən öncə, yerinə yetirəcəyim işin çətinliyi idi, çünki xalq dili stixiyasının sadəcə dekorativ bir ibarəpərdazlıq deyil, əsərin birbaşa mahiyyətini təşkil etdiyi bu qədər təkmil mətnin tərcüməsi ilə ilk dəfəydi ki, rastlaşırdım. Mətnin formal quruluşu da işimi bir yandan məhdudlaşdırırdı. Müəyyən standart düşüncəyə malik bir adam kimi, mən romandakı hərəkətin “kitab” sistemi ilə təşkilinə vərdiş etmişəm – “hissə”, “fəsil” və sair və ilaxır. Kifayət qədər mürəkkəb məzmunlu və elə bir onca da böyük həcmə malik “Aqibət” romanından belə bir bölgünü gözləməkdə haqlı idim. “Aqibət”in strukturu isə fərqli ölçülərdə olan, ulduzlarla ayrılmış başlıqların sadə zəncirindən ibarət idi. Yalnız mətnlə dərindən tanış olduqdan sonra başa düşdüm ki, müəllif “xətası”, Qorkinin təbiri ilə desək, “müəllif etinasızlığı” ilə bağlı əvvəlcədən gəldiyim qənaət, əslində, əsərin orijinal üslubi priyomu imiş. Ona görə də, “Aqibət”in ruscaya tərcüməsi (“Vozdayanie”) işıq üzü gördükdən sonra Əli müəllim özünün digər romanının – “Zorən jurnalist”in şərhini mənə etibar edəndə, qeyd etdiyim məsələ ilə bağlı heç bir şübhəyə yol vermədən işə başladım”. Əli İldırımoğlunun yaradıcılığı o qədər zəngin, o qədər dərin, özəl xüsusiyyətlərə malikdir ki, romanları dünya ədəbiyyatının məşhur yazarları ilə müqayisə olunur: “Fikirlərin sərbəst uçuşuna imkan vermək – Əli müəllimin bədii metodunun əsasında bu dayanır. Buna görə, əgər ciddi desək, ustadın roman mətnlərinin hətta ən sadə sistemləşdirilməsini belə qaydaya uzaqbaşı könülsüz güzəşt kimi qiymətləndirmək lazım gəlir. Əgər belə demək mümkünsə, o, hər hansı əsərini bircə abzasa “yerləşdirə” bilər. Amma yazıçı özünün bu hipotetik, xəyali abzasını müəyyən hissələrə bölməklə müəllifi cəlb edən “marafon məsafəsinə” çatmaqda oxucuya, elə bil ki, nəfəsdərmə imkanı verir. Roman nəsrinə məxsus bu özəlliyi Əli İldırımoğlunu Ceyms Coys və Tomas Vulfa yaxınlaşdırır və bu, şübhəsiz ki, Azərbaycan yazıçısının sözügedən yazıçıların roman dərslərini mənimsəməsi və həyata keçirməsini göstərir”.


Təbiət təsvirləri, özü də necə təsvirlər... adama elə gəlir ki, bu saat təbiətin qoynundasan, hardansa  bir şirinlik, nostalji hisslər bürüyür səni. Bu yazıçının ustalığıdır, bir rəssamın fırçasıdır bu sanki, özümüzü təbiətin qoynunda hiss edirik:


“Nazim İlham prokurordan ayrıldıqdan sonra adəti üzrə əlini belinə vurub tək-tənha şəhərdən xeyli aralandı. Qızlarquşunun və göy qarğaların dəlmə-deşik etdikləri yarğanların dibindən axan çayın sahilinə endi. Onsuz da həmişə bulanıq axan çay, yazqabağı olduğundan indi çamır gəlirdi. Quzey tərəfdəki daşların arasından pıqqıldayıb çıxan bulağın dumduru suyu çaya qarışanda öz şəffaflığını itirirdi. Nazim bu qovuşan suların təzadını öz romantik aləmində başqa cür yozurdu. Bulaq sanki sahilə yayılan ləpələri durultmaq istəyir, lakin məcrasına sığmayan çayın girdabında burularaq, saflığını itirib özü də çirkablaşırdı. Neçə-neçə büllur çeşmə qızmış nər kimi ağzı köpüklənə-köpüklənə aşıb-daşan bu xırsız selin burulğanında necə də bulanıb çirkab olurdu...” (“Zorən jurnalist”).

Bu il Əli İldırımoğlunun 12 cildlik “Seçilmiş əsərləri” çapdan çıxıb. Oxuculara təqdim olunan bu cildlərdə yazıçı-jurnalistin müxtəlif  illərdə qələmə aldığı felyetonları daxil edilib.  Şair, tərcüməçi Əhəd Muxtarın yazdığı “Reallıq və mübariplik mövqeyindən” adlı məqaləsində Əli İldırımoğlunun jurnalistlik yaradıcılığına bir daha nəzər salınır və yüksək dəyərləndirilir. Müəllif qeyd edir ki, “Əli İldırımoğlu qələm əhlidir. Özü də qələminə hörmət edən jurnalistlərdəndir. Odur ki, ömrü boyu yaza-yaza – uğurlardan danışanda da, nöqsanları tənqid edəndə də bir məqsədə, müqəddəslik axtarışına xidmət etmişdir. Qurani-Kərimin İbrahim surəsində deyilir:”Kökü yerə möhkəm işləyən, budaqları göyə ucalan bir ağac kimidir gözəl kəlam. Vaxtə çatanda rəbbinin iznilə meyvə verərə o ağac”. Bax, Əli İldırımoğlu kəlamı da belə bir köklü-köməcli, qollu-budaqlı bar verən ağacdır. Əli müəllimin məqalələri, oçerkləri, felyetonları, povestləri, romanları zaman-zaman insanların qəlbini xilas edir, ömür yoluna işıq salır, onların milli mənlik hissini, vətəndaşlıq duyğularını oyadır, bəşər övladını müqəddəs amallara səsləyir”.

Əli İldırımoğlunun müxtəlif  illərdə yazdığı bu felyetonları oxuduqca görürük ki, o zamankı hadisələr elə indi də baş verir. İnsanlar da zamanın dəyişməsindən asılı olmayaraq elə həmin insanlardır. İnsan cəmiyyətində baş verən eybəcərliklər elə indi də baş verir:

“Bünövrəsi əyri qoyulan evin,
Bir gün dörd divarı uçacaq, yəqin”.

Bütün yaramazlıqların, eybəcərliklərin bünövrəsi əyri qoyulur və bir gün mütləq bu bünövrə uçub dağılır. Əli İldırımoğlu bunu müxtəlif məzmunlu  felyetonlarında yerli-yataqlı sübut edir.  “Qızım, səni ərə verim” felyetonu 1972-ci ildə yazılıb. Əli müəllim elə bil bu günü görüb yazmışdı  o felyetonu. 13 yaşlı məktəbli qızını güclə ərə verən valideynlərdən söhbət açılır. Bu qısa felyetondakı hadisələr bu gün də öz qüvvəsində qalır. Məktəbli Fəridə ilə ilə anası arasındakı dialoq bu gün də davam edir və günümüzün aktual məsələlərindəndir:


“-Yəni Bürcəli əmini deyirsən?

-Əmi yox, o, sənin ərin olacaq! Aranizda elə bir fərq yoxdur. Bir də ki, elə ər yaşlı olsa yaxşıdır. Eşitməmisən ki, cahıla gedən yumruq yeyər, ahıla gedən quyruq”.

Qızlarına təhsil verib ləyaqətli, millətin gələcəyi üçün savadlı ana yetişdirmək əvəzinə onları kor-koranə böyüdüb savadsız, səviyyəsiz vəziyyətdə ərə vermək bu gün də ölkəmizdə problem olaraq qalır. Savadlı ana savadlı, səviyyəli bir vətəndaş yetişdirib cəmiyyətə verə bilər. Vaxtilə Nəriman Nərimanov da bu barədə çox yazırdı. Əli İldırımoğlunun felyetonlarında cəmiyyətimizdə tüğyan edən eybəcərliklər bu gün də, sabah da olacaq.  Bu gün də Əli müəllimin felyetonları üzərində düşünmək lazımdır. Əli İldırımoğlu Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Əbdürrəhimbəy Haqverdiyevin davamçısıdır. Onun felyetonları heç vaxt bir-birini təkrarlamır.  “Ağcaqanad”, “Tərif pərdəsi”, “Kiçik müdir”, “Yazım, yazmayım!”, “...Hər cürə böhtan olsun”, ”Tərif pərdəsi”, “Balıq başdan iylənər”, “Millətin “öndərləri”, ”Telepat”, “Bir telefon, bir möhür”, “Nazir gəlir”, “İyirmi bir cib” və s. felyetonları hər zamanın səsinə səsə verən əsərlərdir.   Əli İldırımoğlunun satira yaradıcılığında felyetonlar önəmli rol oynayır. Bu felyetonları oxuyanda görürüsən ki, Əli müəllim üçün mövzu qıtlığı yoxdur. Çoxlu sayda satirik lövhələrlə zəngin olan bu felyetonlarda cəmiyyətdə baş verən mənfiliklərin mənzərəsini yaradır. Əli İldırımoğlu yazdığı felyetonlarla bağlı belə deyir: “Düzü, felyeton yazıb birinin qəlbinə toxunanda ürəyim ağrıyır. Ancaq təsəllim odur ki, bir neçə nəfəri narazı salsam da, minlərlə adamın mənafeyinə xidmət edirəm”.  Bu cəmiyyətdəki naqisliklərlə, eybəcərliklərlə barışmayan mübariz bir qələm sahibinin etirafıdır.  


Bu cildlərdə məni cəlb edən “Əmrahsız qalan dağlar” (XI cild) romanıdır. Bu əsər Qarabağdır, işğal olunmuş Azərbaycan torpaqlarıdır, Bu torpağın naləsidir, şəhidlərimizdir. Bu romanda erməni xisləti, uğurlarımız, səhvlərimz və daha nələr yoxdur: “Əmrahın qayğılı baxışları bir anlığa ətrafı dolaşdı. Yaxınlıqdakı Çopur qayanın çuxurunda pərgarı pozulmuş qartal yuvası diqqətimi cəlb etdi. Qartal həftələlə dərələri, təpələri, çölü, çəməni cövlan edibçör-çöp toplayıb, nə zillətlə özünə yuva qurub. Ancaq onun da taleyi bəd gətirib. Zavallı quşcığazın yuvasından əsər-əlamət qalmayıb. Andranikin, Dronun, Nijdenin silahlıları bu yerlərə hücum çəkib, atdıqları topun qəlpələri qatratın yuvasından da yan keçməyib, hamısını tar-mar eləyib. Pərgarı pozulub qartal yuvasının, Qartal, üstündə əsim-əsim əsdiyi balaları ilə birlikdə al-qana boyanıb. Göyə sovrulmuş yuvada bir neçə çör-çöp və bir də ki, uzun lələklər gürünürdü. Erməni qəddarlığının ucbatından daha o yuvadan qartal pərvazlanmayacaq, dağlar qartalı bir də Əliquluuşağının səmasında qanad çalmayacaq”.


Bu münaqişəyə, erməni qəddarlığına dərindən bələd olan Əli İldırımoğlu hadisələri bütün reallığı ilə təsvir edir və burada insanı kövrəldə, ağrılı-acılı çox həqiqətlər vardır. Burada öz doğma torpağına sevgi və bu sevgidən doğan böyük bir həsrət, ağrı-acı var. O, tariximizin qanlı-qadalı illərini, günlərini vərəqləyir. Onun bütün əsərlərində olduğu kimi burada da Vətən, onun  övladları, dağı, çəməni, bulağı ön plandadır. Əsər boyu işğal edilmiş torpaqların həsrəti duyulur, hadisələr dərindən təhlil edilir. Bu romanda tarix var, bu romanda üzə çıxarılan həqiqətlər var. Dünyagörmüş, Vətəninin hər qarışına bələd olan bir yazıçının bu romanında tarix də var, siyasət də, bədiilik də. Sonralar başa düydüyümüz həqiqətlər açılır bu əsərdə:


“Bu süfrənin başınada nə kimi məkrli söhbətlər gedirdi – onu bir Xaçaturyanlar, bir də ki, Gevorkovla Fransadan təşrif gətirən erməni daşnakları bilirdi. Bəli. Əslində saman altından yeridilə sudan xəbərsiz idik, çox xəbərsi!!Bir də ki, sadəlövhcəsinə başa düşdüyümüz bu sakitlik heç də Boris Gevorkovun ədalət naminə dəridən-qabıqdan çıxıb, erməni millətçilərini yerində oturmaq hesabına deyildi. Bu zahiri sakitlik əslində erməni araqızışdıranlarının nazı ilə oynamağımız hesabına başa gəlirdi.

-Stepanakertə dəmir yolu çəkilməlidir!!

-Baş üstə!

-Vilayətdə pedaqoji məktəb açılsın!!

-Baş üstə!

-Azərbaycan radiosunda və televiziyasında  erməni dilində verilişlərə geniş yer ayrılsın!!

-Baş üstə!

-Əsgəran ayrıca rayon olsun!!

-Baş üstə!


Bu müti “baş üstə”lər, güzəştə getmələr mühitində “Krunq” mahnısı balayanların, siva kaputikyanların tərəfindən məharətlə improvizasiya olunurdu”.


Əli İldırımoğlu içəridən gələn yanğı ilə hadisələri təsvir edir. “Baş üstə”lərin faciəsini açıq-aydın, sadə dillə oxucuya çatdırır. Bu “baş üstələr” bizi ancaq böyük faciələrə aparıb həmişə. Elə indinin özündə də bəzi adamlar ermənini əzizləyib gətitirirlər ölkəyə, erməni üçün dəridən-qabıqdan çıxırlar az qala. Elə bil ki, qəbahətli işimiz var onların yanında. Sonra başlayırlar danışmağa ki, nə bilim erməni xalqı  neyləsin, bunu edən erməni millətçiləridir. Bəs o millətçilər kimin övladıdır? Onlar da xalqın içindən çıxıblar da...  Əslində bu sadəlövh adamların fikridir, bu o milləti tanımayanların fikridir. Romanda çox məsələlərə toxunulur, amma bütün bunlar hər bir halda işğal olunmuş torpaqlarımızla bağlıdır, bütün hadisələrin bir ucu Qarabağa çatır, başımıza gətirilən fəlakətlərə çatır. Ermənilərin boş hay-küyünə inanalar da az deyildi.  Hətta bundan istifadə edib xırda bir hadisəni dramatikləşdirirdilər. Guya Azərbaycanın bütün əraziləri sosial-iqtisadi baxımdan güclü inkişaf etmişdi, təkcə Dağlıq Qarabağ yaddan çıxmışdı, əhali xoş güzaran içində üzürdü, təkcə ermənilər acından ölürdü və s. Halbuki o zamanlar da Ermənistan bütün Sovet İttifaqi kimi  elə də xoş güzaran görmürdülər. nBütün o boyda nəhng dövlətin yaşayış tərzi çox aşağı idi. Bunu statistik rəqəmlər də göstərirdi. Bu erməni hiyləsinin məkrli şüarı çox uzaqlara gedib çıxmışdı. İş orasındadır ki, buna inananlar da vardı və “sosial-iqtisadi vəziyyətlə” bağlı çox sözlər deyilirdi, əslində isə  çox yanlış bir fikir idi bu. Kimlərinsə hakimiyyətdə qalıb guya ermənilərin yaşadığı bu ərazini cənnətə döndərməsi haqqında çox mənasız və gülün fikirlər dolaşırdı. Əli İldirımoğlu bu əsərdə sual yeri qoymur, hamısını cavabını  verir, hamının qiymətini çox ustalıqla verir. Kimin kim olduğunu məharətlə açıb göstərir. Bu əsəri oxuyanda düşünürsən ki, qoy indiki nəsillər bu kitabı oxusunlar ki, gələcəkdə bu səhvlər olmasın, bu dərəcədə sadəlövh olmasınlar. Nəticəsi ağır olur, çıxılmaz vəziyyət yaranır, torpaqlarımız basqı altında qalır. Azərbaycan əleyhinə olan hər bir şey, ən xırda hadisə belə xəyanətdir. Müəllif bunu sübut edir, başa salır, təki başa düşən olsun: “Gülməlidir, həm də ağlamalı... Bir nəfər naxələf, nakəs barədə qanuni tədbir görmək istəyəndə, okeanın o tayında, bəzi Avropa ölkələrində haray-həşir salırlar ki, qoymayın, Azərbaycanda insan haqları pozulur. Bəs onda özünü insan azadlığının sipəri kimi təqdim edənlər bir miliyondan artıq azərbaycanlı qaçqının məruz qaldığı müsibəti niyə qulaqardına vurur? Məgər onlar insan deyil?! Dünyanın taleyini həll edənlər yüzlərlə Azərbaycan kəndinin viranəyə çevrilməsindən niyə narahat olmur? Ancaq respublikanın imicinə zərər vurmaq istəyən nakəs adamlar barəsində qanuni tədbir görəndə onu insan haqlarının pozulması kimi dəyərləndirir və bu barədə aləmə car çəkib əsassız ittihamlar irəli sürürlər”.


Azərbaycan Əli İldırımoğlunun baş qəhrəmanıdır. Dövlətçilik, xalq, Qarabağ onun bu əsərində əsas amildir. Əli müəllim xalqımızın mentalitetinə yad ünsürlərin soxulmasına dözə bilmir. Nəyinsə təbii və ya qeyri-təbii olub-olmaması barədə danışmırıq, amma bu məsələlərin şişirdilib yüksək həddə çatdırılması dözülməzdir. Əli müəllim bunlara etiraz edir: “...eyni cinsdən olanların nikah kəsdirməsini insan azadlığının təntənəsi kimi təqdim edənlərdən bundan artıq nə gözləmək olar?!

İlahi, hifz et bizi, insan əxlaqsızlığını insan azadlığı kimi başa düşənlərdən. İlahi, hifz et bizi, azərbaycanlı adını daşıdığı halda, əcnəbi ölkələrdən “qrant” alıb, xaricdəki bədxahlarımızın çırağına yağ tökən “həmvətənlərdən”!!! O həmvətənlərdən ki, Bakıya ayaq basan əcnəbi nümayəndələrini yanlayıb, onların qulağına doldururlar ki, Azərbaycanda insan haqları tapdanır, demokratik qaydalara əməl edilmir. Yaxşımızı isə dilə gətirmirlər”.


“Əmrahsız qalan dağlar”da maraqlı bir başlıq altında Əli İldırımoğlunun maraqlı kəlamları var: “Hər bir adamın təbibi onun dərrakəsidir”, “Əl tutanda xeyli yüngülləşirəm. Əlimdən tutanda arzumca olmayan minnət yüküm ağırlaşır və qəlbimin həssaslığında əzaba çevrilir”, ”Çəkdim cəfasın səfasın çəkdiklərimdən, Gördüm səfasını cəfasını çəkmədiklərimdən”, ”İnsan üçün ən müqəddəs olan vicdan qanunudur. Yalnız o qanunla gedənlər Tanrıya yaxınlaşırlar”, “Var-dövləti dərrakəsindən  artıq olanların axır-aqibəti faciədir”. 


Bu kəlamların içində belə bir kəlam da var: “Həyatdan gələn ədəbiyyat kitablardan törəyən ədəbiyyatdan mənalı və məzmunludur”.
Bəli, Əli İldırımoğlunun yaradıcılığı birbaşa həyatdan gəlib, bu yaradıcılıq Vətən torpağının gülündən, çiçəyindən, insanından gəlib. Orda süni, bəzək-düzəkli heç nə yoxdur. Bu əsərlərdə yazıçı səni danışdırır, səni dinləyir, bu əsərlərdə  canlı həyat var, insanpərvərlik var, torpağa, elə-obaya  sevgi var və bunu elə ilk andaca hiss edirsən.  Əli İldırımoğlu yazır: “Ömrümün ahıllıq yoxuşunu qalxdıqca taqətim tükənir, qəm yüküm ağırlaşır, kədərim artır, sevincim qeybə çəkilir. Ancaq dayanmadaqn gedirəm. Qocalığın dözümünə bax e....”.


Qocalığın dözümü də hamıda olmur. Müdrik qocalıq da hamıda olmur, bu da bir xoşbəxtlikdir. Qoca keçdiyi şərəfli yollara baxanda o şərəf də, o vüqar da onun xoşbəxtliyidir. Əli İldırımoğlu sonra yazır: “Bəzən yazı masamdan uzaq düşürəm. Bir ay, beş ay... Masam mənə baxır, mən də ona. Küsgün, qəmgin, nisgilli. Bizi qovuşduran qüvvənin rəhmini gözləyirəm. O qüvvəni hiss etməsəm, masama səmtiyə bilmirəm. Yaxınlaşsam nə fayda?!


Gözəgörünməz qüvvə axır ki, dadıma yetir. Məni qələm-kağızla ünsiyyətə sövq edir. Onda sevinirəm, rahat nəfəs alıram. Gözümə işıq, qoluma qüvvət, dizimə taqət, qəlbimə təpər gəlir. Düşünürəm ki, yaşamağa dəyər”.


Bəli, yaşamağa dəyər Əli müəllim, qələm-kağızı ilə rahat nəfəs alan bir yazıçı-jurnalist kitablarına baxanda yaşamağa dəyər. Yazıçı bunu özü də hiss edir ki, bu kitablar onun həyatıdır, onun qoyub getdiyi böyük izdir. Hiss olunur ki, Əli İldırımoğlu poeziyaya da biganə qalmayıb:

Həyatda qalmadım heç vaxt nagüman.

Ümid ulduzumun sönsə birisi,

Günəştək nur saçar o dəm qeyrisi.

Bi yandan bağlayan, bir yandan açar,

Tanrı yaratdığın qoyarmı naçar?!


Kitabın sonunda müəllif mərd, ellər oğlu,  igid Əmrahın ruhuna dua oxuyur. Bu Əli İldırımoğlunun torpaq nisgilli duasıdır, Vətən nisgilidir: “Bir də ki... Bir də ki... bizim el-obanı tərk edib xan Araza qovuşanda Çay bağlarında budaqdan-budağa qonan rəngbərəng quşların nəğməsini, ətir saçan gül-çiçəklərin rayihəsini Tinli çöllərinə ərmağan et ki, Əmrahın ruhu şad olsun! Qoca dağlarımıza nusgil olan Əmrahım!...” .

Əzəmətli yaradıcılıq yoluna qolunuza qüvvət, gözünüzə işıq Əli müəllim.


Həlimə Mehdiyeva,
Mehdi Mehdiyev

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi