Modern.az

Azərbaycanda kitab oxuyanlar çoxalıb - Kitablar da var, şərait də...

Azərbaycanda kitab oxuyanlar çoxalıb - Kitablar da var, şərait də...

4 İyul 2017, 13:43

İnsanlar iki kateqoriyaya bölünürlər: kitab oxuyanlar və kitab oxuyanlara qulaq asanlar. Nahaq yerə demirlər ki, nə qədər çox kitab oxusan, o qədər çox biləcəksən. Kitab oxumaq heç vaxt gec deyil, istər uşaq, istər gənc, istər qoca olsun, yetər ki kitaba həvəslə, sevgiylə yanaşasan...
Bugünkü  Azərbaycan cəmiyyətində kitaba maraq hansə səviyyədədir?

Sosial şəbəkələrdə yalan və ya gerçək oxuduqları kitablardan sitat gətirənlər, şəklini paylaşanlar, doğum günü üçün hədiyyə kimi kitab istəyənlər az deyil. Elə kitab mağazalarında da qələbəlik müşahidə olunur... Nəticədə deyə bilərik ki, son zamanlar Azərbaycanda kitab oxuyan insanların sayı artıb. Bunu kitaba maraq da adlandırmaq olar.

“Hazırkı gənclər kitabın kefiyyətinə önəm verir”

Sumqayıt və Bakıda yaxşı tanınan kitabçı Xan Rəsuloğlu Modern.az-a bildirib ki, nəinki son zamanlar, bütün dövrlərdə Azərbaycan gənclərinin həmişə ədəbiyyata, kitab oxumağa marağı olub:

“Sadəcə olaraq bizdə zaman-zaman kefiyyət dəyişməsi müşahidə olunub. Bu da internet dövründə yaşadığımıza görədir. Yəni kitabdan  internet dövrünə keçid vaxtında yeni nəsil bir müddət texnologiyaya meyl etdiyi üçün kitablara həvəs azalmışdı. Eyni zamanda, Azərbaycanda əlifbanın dəyişikliyi ilə bağlı nəşriyyat sisteminin köklü qurulmasından asılı olaraq, bir növ yeni kitabların olmadığı vaxtları da unutmaq olmaz. Tərcümə edilən, təzə əlifbaya çevrilən kitabların yoxluğu maraqsızlığa səbəb olur və internet kitabları üstələyirdi. Lakin indi suların durulma prosesi gedir, deyə bilərik.

Hazırkı gənclərimizin ən çox sevdiyim xüsusiyyəti oxumaq istədikləri kitabın kefiyyətinə önəm verməkləridir. Bizim dövrümüzdə bu belə deyildi, əlimizə nə keçirdi oxuyurduq. Lakin indiki gənclər axtarıb soraqlaşırlar, hətta kitabların siyahısını tutub gətirirlər”.

“Kitab oxuyan adam öncə düşünməyi öyrənir”

Kitabçının sözlərinə görə, kitab oxumaqla əlaqədar müəyyən ənənələr formalaşdırmaq lazımdır:

“İnsanlara kitab sevgisini aşılamaq prosesi birinci ailədən başlayır. Daha sonra isə məktəb müəllimlərinin üzərinə böyük yük düşür.  Pedaqoji  təcrübəmə arxayın olub deyə bilərəm ki, müəllimlər kitabları sevəndə şagirdlər və ya tələbələr də sevə bilir. Bədii ədəbiyyat təkcə bədii zövq demək deyil, həm də təfəkkür dəyişməsidir. Kitab oxuyan adam öncə düşünməyi öyrənir. Belə olduğu halda insan cəmiyyəti formalaşdırmaqda, özünü inkişaf etdirməkdə irəliləyiş əldə edir.

Kitab oxumaqla əlaqədar müəyyən ənənələr formalaşdırmaq lazımdır. Bunun üçün həm dövlət, həm də gənclər aktiv olmalıdır. Məsələn, xarici ölkələrdə cəza müəssisələrində oxuduğun kitabın sayından asılı olaraq məhkumluq müddəti də azaldılır.

Hazırda  dünyada ən çox oxunan, yaxşı kitablar qısa müddətdə Türkiyədə çap olunur. Bu biznes bizim həm xoşbəxtliyimizdir, həm də bədbəxtliyimiz.  Türk dili bizə yaxın olduğu üçün bunu sevindirici hal hesab etmək olar. Amma bu ənənənin bizdə olmaması təəssüfləndirici vəziyyətdir. Məhz bu səbəbdən bizimkilər daha çox türk dilli ədəbiyyat oxuyurlar”.


“Bugünkü oxuculardan çox razıyam”

“İndi Azərbaycanda mövcud olan gözəl ənənə var. “Qanun”, “Alatoran”, “Hədəf”, “Kitabklub” kimi nəşriyyatlar artıq tərcüməçilərlə birlikdə işləyirlər. İnsanlar üçün gərəkli, onların məhz intellektinə, bədii zövqünə müraciət edə biləcək kitabları çap etdirirlər. Bu çox gözəl tendensiyadır. Bugünkü oxuculardan çox razıyam.

Məsələn, Elmlər Akademiyasının qabağında bir aya yaxındır ki, “Hədəf”in, “Kitabevim.az”ın, “Əli və Nino”nun yarmarkası keçirilir. Bunlara şəraitin yaradılması böyük irəliləyişdir. Əvvəllər belə şeylər yox idi.

Bu günə qədər mən “Xan xəzinəsi kitab evi”ndə hələ də ziyanla çalışıram. Amma gənclərlə işləyir və hətta kitablarımdan hədiyyə verirəm ki, onlar bu cür kitab yerləri aça bilsinlər. Bu cür şəraiti hamı bir-birinə yaratmalıdır. Kitab oxumaq gözəl həyat yaşamaq deməkdir”.

 

Günay RƏSULQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi