Modern.az

Həmkarlar İttifaqları Konfederasiyası: “İşəgötürənlər işçilərin sağlamlığına görə məsuliyyət daşıyırlar” - XƏBƏRDARLIQ  

Həmkarlar İttifaqları Konfederasiyası: “İşəgötürənlər işçilərin sağlamlığına görə məsuliyyət daşıyırlar” - XƏBƏRDARLIQ   

5 İyul 2017, 10:57

İyulun ilk günlərindən başlayaraq ölkə ərazisində isti və günəşli hava hökm sürür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasına görə, bu cür hava şəraiti iyulun 6-dək davam edəcək. Məlum olduğu kimi, yay mövsümündə kəskin isti hava şəraitində işçilərin həyat və sağlamlığının qorunması zərurəti yaranır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov Modern.az-a bildirib ki, Milli Hidrometeorologiya Departamenti havanın kəskin istiləşəcəyi haqda proqnozu açıqladıqda dərhal bütün işəgötürənlər bu barədə məlumatlandırılmalıdır.

Şöbə müdirinin sözlərinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, temperaturun 41 dərəcədən çox olduqda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində, yəni hava şəraitini süni surətdə tənzimləmək mümkün olmayan yerlərdə bütün növ işlərin görülməsi dayandırılmalıdır:

“İşçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli, dincəlmələri üçün üstüörtülü yerlərdə şərait yaradılmalı, həmçinin sərinləşdirici içkilərlə təmin olunmalıdırlar”.

N.Ağamirov bildirib ki, bütün işəgötürənlər işçilərinin sağlamlığına görə məsuliyyət daşıyırlar:

“Bu proseslərə nəzarəti isə Dövlət Əmək Müfəttişliyi həyata keçirməlidir. Əgər işlər dayandırılırsa, bu, işçilərin günahı olmadan işin dayandırılması kimi qiymətləndirilir və əmək haqqının 2/3-si həcmində işçilərə əmək haqqı ödənilməlidir. Günün müəyyən vaxtlarında temperaturla bağlı işə fasilə verilirsə, bu halda fasilələr iş vaxtına daxil edilir və əmək haqqı 100 faiz ödənilməlidir.

Açıq şəraitdə işləyənlərə isə tikintilərdə yuxarı mərtəbələrdə çalışanlar, yolda asfalt çəkilişində işləyənlər və digər bu kimi işdə çalışanlar aid edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları reydlər aparır, əgər temperaturun normadan artıq olduğu halda açıq şəraitdə iş yerlərində işçilərin işləməsi faktı aşkarlanarsa, həmin işəgötürənlər İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsinə əsasən cərimələnirlər. Belə hallar üçün 1000 manatdan 2000 manata qədər cərimə nəzərdə tutulub”.

Qurum rəsmisinin sözlərinə görə, belə ekstremal vəziyyətlərə ictimai nəzarəti həyata keçirmək üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında, eləcə də sahə həmkarlar ittifaqlarında texniki əmək müfəttişləri və həmkarlar ittifaqı təşkilatı olan müəssisələrdə ictimai müvəkkillər fəaliyyət göstərirlər:

“Əmək müfəttişləri və ictimai müvəkkillər nəinki belə şəraitdə, il boyu istehsalat sahələrində, tikintilərdə, müəssisələrdə iş şəraiti, əməyin mühafizəsi ilə bağlı monitorinqlər aparır, işəgötürənə aşkar olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tövsiyə və təkliflərini yazılı təqdimat şəklində verirlər. Həmin təqdimatlar işəgötürən tərəfindən nəzərə alınmadığı təqdirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edirlər. Müəssisələrdə, istehsalat sahələrində belə monitorinqlər vaxtaşırı aparılır. Temperaturun normadan çox olduğu hallarda isə monitorinqlərin aparılması daha operativ əhəmiyyət kəsb edir.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir