Modern.az

Zəhraya ağlayanlar və “Popito”ya  rəqs edənlər....

Zəhraya ağlayanlar və “Popito”ya  rəqs edənlər....

Media

6 İyul 2017, 09:30

Anar Bayramoğlu

 

Məlum, gecəmiz qaraldı. Düşmənlər, ermənilər 30 ilə yaxındır etdiklərini təkrarladılar, Alxanlını atəşə tutdular, dinc sakinlərimiz öldü, yaralanan oldu. Səhər isə, separatçıların gülləsindən ölən mülki vətəndaşlarımızın meyitlərinin şəkilləri tüklərimizi qaldırdı, gözümüzdən axan yaşımız ürəyimizə damdı. O foto isə.. Hə, hə, o fotonu deyirəm, erməni gülləsindən həlak olan 2 yaşı belə, tamamlamamış Zəhranın, ZƏHRAMIZIN fotosunu. O nə dəhşətli foto idi ilahi. Normal insanı o foto məhv edir. Amma məhv olduqmu? Məncə yenə də yox. Onsuz da, bir neçə gündən sonra unudacağıq, yaddan çıxaracağıq. Biz nələri yaddan çıxarmadıq ki...


Biz Xocalıda öldürülən 63 körpəni yaddan çıxaran toplumuq, bunu da unudacağıq. Amma... Amma həmin gün, heç olmasa bircə gün unutmamalı idik. Həmin gün, sadəcə bir gün ZƏHRAMIZ üçün ağlamalı idik. Amma biz nə etdik...?!

ATƏT-in Minsk qrupu adlı bir inistitutu var. Allah qoymasa guya bunlar Qarabağ düyününü açmaq üçün çaba göstərirlər. Yalansa... Bu inistitut yarandığı gündən bu yana turistlik fəaliyyəti göstərən təşkilat funksiyasındadır, nəinki münaqişə ilə bağlı hansısa iş görürlər. Bu təşkilatın “üçlük”dən ibarət diplomatları ildə bir neçə dəfə səyahət xarakterli səfərlər təşkil edirlər, bəyanat verirlər, sülh çağırışı edirlər. Təmas xəttində erməni güllə atanda, Azərbaycan Ordusu cavabını verəndə isə, tez-tələsik bəyanat verirlər – “atəşi dayandırın”, “sülhə gəlin”, “snayperləri çəkin” və s. bu kimi çağırışlar. Hə, bir də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik adlı bir diplomat var. Turistlərdən biri də odur. Arada monitorinq keçirir, gərginlik yarananda hadisə yerinə gedir, hesabat xatirinə qeydlərini götürüb, sonra da yallah, gəldiyi yerə geri dönür. Necə ki, Zəhra dəfn olunan zaman, cənazəsinin qarşısından keçib getdi hadisə olan yerə, qeydlərini götürüb, yenidən qayıtmağa. Bunların məqsədi aydındır, Ermənistana xristian təssübkeşliyindən doğan himayədarlıq etmək, işğalçı atəşkəsi pozanda, Azərbaycan tərəfinə çağırış etmək, Qafqazdakı ümumi maraqlarını qorumaq, status-kvonu bu cür də saxlamaq. Sözümün canı odur ki, bunlar bizə yanan deyil, ZƏHRAMIZA yanan deyil.

Bəs biz nə edirik axı...? Dərd orasıdır ki, heç nə etmirik, çoxluq olaraq. Azlıqların fəaliyyətinə isə dəstək vermirik.

ZƏHRAMIZIN o qanlı fotolarına baxıb, gözlərim yaşarandan sonra, gənclərin, vətənpərvər insanların yaratdığı, erməni genosidini təbliğ edən, erməni vandalizmini yaymağa çalışan haştaqlarına qoşuldum, paylaşım etdim. Reaksiya demək olar ki sıfır. Elə bu məqamda “Feysbuk”un ümumi səhifəsinə nəzər salırdım ki, nə görsəm yaxşıdı?

Demək bir düşük qız dodağını büzüb, qaşını qaldırıb, və ya güzgünün qabağında şəkil çəkdirib, "dosilər necəyəm?!" yazıb. Milçək mundar ətə daraşan kimi, daraşıblar şəkilin altına, "gözəlsən", "harikasan" və.s komplimentlər yazırlar. “Ürək”, “göbək” işarələri də ki öz yerində. Mindən çox reaksiya....

Amma erməninin Alxanlıda törətdiyi vəhşilikdən yazırsan, haştaq edirsən, etiraz bildirirsən, 5-10 adam reaksiya verir ya yox.

Bu mənfur ermənilər, 2 yaşlı uşağı öldürdülər cəmi iki yaşlı körpəni... Siz erməni gülləsindən ölən 2 yaşlı ZƏHRAMIZIN şəklini görmədiz? Dodağı slikonlunun, səviyyəsizin şəklini görürsüz, qan içində olan o körpənin şəklini görmürsüz? Heç tükünüz biz dayanmadı o mələyin şəklini görəndə?

Bir az da lenti yuxarı qaldırdım, videoda bir qardaş bar-bar bağırır. Eynən bu cür deyirdi - “şərəfiniz olsun, orda erməni 2 yaşlı uşaq öldürüb, siz burda konsert verirsiz, utanmırsız?!”. Baxdım ki, Bakı bulvarında ZƏHRAMIZ torpağa tapşırılanda paytaxtda vur-çatlasındı.

Xırdalanda “AAAF Park”da isə adını bilmədiyim bir xarici müğənninin konserti idi. “Popito” oxuyur, Xırdalan əhli də şənlənir, oynayan kim, gülən kim.

Telekanallarımızdan isə danışmağa dəyməz. Onlara illərdir irad bildirilir, onsuz da öz bildiklərini edirlər. Yenə belə bir gündə proqram dəyişilmir, çal-çağır davam edir, müğənnilər boşanmalarından, ərlərinin xəyanətlərindən, nişanlıları ilə münasibətlərindən danışıb hırıldaşırlar.

Niyə axı? Niyə biz bir gün, bircə gün şəhidimizə, düşmən gülləsindən ölən körpəmizə yas saxlaya bilmirik, kədərimizdə birlik ola bilmirik?

Halbuki biz həmin gün hamımız balamızı itirmiş kimi olmalı idik. Biz hamımız Zəhranın atası olmalı idik. Biz hamımız həmin gün Zəhranın atası, anası, qardaşı, bacısı,  babası, nənəsi və bütün qohum-əqrabası olmalı idik. Və biz hamımız həmin gün ZƏHRA olmalı idik... Təəssüf, həm də çox təəssüf...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır