Modern.az

Bu kino ki var, çox qəliz məsələdi...” - Stalin də belə düşünürmüş

“Bu kino ki var, çox qəliz məsələdi...” - Stalin də belə düşünürmüş

7 İyul 2017, 01:22

Ayrı-ayrılıqda hər bir insana özünəməxsus yanaşma tərzi olan İosif Stalinin incəsənət nümayəndələrinə qarşı da fərqli münasibəti olub. Rəhbərin yaradıcı insanlarla görüşü az-az baş tutsa da bu görüşlərin hər biri maraqlı hadisəyə çevrilib.

Modern.az saytı Stalinin incəsənət nümayəmdələri ilə münasibətlərindən bəhs edən yazını təqdim edir.

Öz dövründə SSRİ-də çəkilən filmlər ilk olaraq Stalin üçün nümayiş etdirilib. Stalin ilk tamaşaçı, ilk tənqidçi olmaqla filmin kütləvi nümayişinə icazə verən şəxs olub. Ümumiyyətlə isə o, kinoya böyük maraq göstərib və filmləri həvəslə seyr edib. Məşhur filmdə deyildiyi kimi, Stalin kinonu qəliz, həm də vacib məsələ olduğunu düşünüb.

Kremldə növbəti dəfə Capayev haqqında film nümayiş etdirilib. Filmin nümayişində Stalinlə yanaşı filmləri ona təqdim edən Kino Yaradıcılığı Birliyinin sədri və iki nəfər filmin rejissorları iştirak edib. Vasilyev qardaşları kimi məşhur olan bu rejissorlar əslində qardaş olmayıblar. Soyadları eyni olduqlarından onları məhz belə adlandırıblar. Film sona çatdıqdan sonra Stalin rejissorlara öz fikrini söyləyib:

- İndi biz sizinlə möhtəşəm bir filmi izlədik. Çox gözəl filmdir. Ölkəmizin fəhlə və kolxozçuları bu filmi ruh yüksəkliyi ilə qarşılayacaqlar. Bizim partiya belə sənət əsərlərini çoxdan gözləyir. Mübaliğəsiz demək olar ki, sovet xalqı “Çapayev” filminin nümayişini bayram kimi qəbul edəcəklər. Ancaq burda kiçik bir düzəlişə ehtiyac var. Polkovnik Kappelin komandasının Qırmızı orduya hücumu səhnəsi. Bu səhnə filmdən çıxarılmalıdır.

Kremli tərk etdikdən sonra Kino Yaradıcılığı Birliyinin sədri ilə rejissorlar arasında mübahisə başlayıb. Rejissorlar sədri məcbur etmək istəyiblər ki, həmin səhnə çıxmadan film kütləvi nümayişə buraxılsın. Sədr isə bu mübahisəni qısa bir fikri ilə bitirib:

- Mənim ailəm və uşaqlarım var. Mən yaşamaq istəyirəm. Stalinlə görüşdən sonra siz başınızı itirmisiniz. Heç bilirsiniz Stalinin göstərişini yerinə yetirməmək nə ilə nəticələnir?..

Bir neçə müddət ötdükdən sonra rejissorlar yenidən sədrin yanına gəliblər. Uzun-uzadı izah ediblər ki, bu film həmin səhnəsiz heç bir maraq kəsb etmir. Nəhayət sədri yola gətiriblər ki, Stalin bu filmə təkrar baxsın. Sədr razılaşıb. Daha bir müddət ötdükdən sonra Stalin yenidən filmə baxıb. Filmin nümayişində yenə də eyni adamlar iştirak ediblər. Vasilyev qardaşları elə düşünüb ki, Stalin fikrini dəyişə bilər. Ancaq yanılıblar. Filmdən sonra Stalin eyni sözləri təkrar edib:

- İndi biz sizinlə möhtəşəm bir filmi izlədik. Çox gözəl filmdir. Ölkəmizin fəhlə və kolxozçuları bu filmi ruh yüksəkliyi ilə qarşılayacaqlar. Bizim partiya belə sənət əsərlərini çoxdan gözləyir. Mübaliğəsiz demək olar ki, sovet xalqı “Çapayev” filminin nümayişini bayram kimi qəbul edəcəklər. Ancaq burda kiçik bir düzəlişə ehtiyac var. Polkovnik Kappelin komandasının Qırmızı orduya hücumu səhnəsi. Bu səhnə filmdən çıxarılmalıdır.

Stalin fikrini qurtaran kimi rejissorlardan birinin ürəyi gedib və o nümayiş otağında, rəhbərin gözü qarşısında yerə yıxılıb. Stalin qəlyanını tüstülədərək üzünü sədrə tutub:

- Bunun ürəyi polkovnik Kappelə görə getdi? Belədirsə onda siz deyən olsun. Səhnəni filmdən çıxarmayın.

Stalin qapıdan Kino Yaradıcılığı Birliyinin sədrini və rejissorları yola salarkən sədrin qulağına pıçıldayıb:

- Növbəti dəfə filmləri tək gətir. Rejissorlarsız. Bunlar çox zəif adamlardır...

***

Digər bir filmin nümayişi isə Kreml məmurlarını qorxuya salsa da sonluq xoşluqla bitib.

Stalin qısamüddətli ezamiyyətdə olarkən Kreml məmurları akademik Pavlov haqqında çəkilmiş filmin ekranlara buraxılmasına icazə veriblər. Rəhbər ezamiyyətdən sonra xidməti avtomobili ilə Kremlə gedərkən afişalara rast gəlib: “Yeni film-Akademik İvan Pavlov”.

İş otağına keçən kimi Stalin Siyasi Büronun üzvlərini təçili kabinetinə yığıb. Girişsiz-filansız birbaşa mətləbə keçib:

- Mən bir az əvvəl afişalarda Pavlov haqqında filmin nümayişi ilə bağlı elanlara rast gəldim. Filmin kütləvi nümayişinə kim icazə verib?

Ürək parçalayan qısamüddətli sükutu əvvəlcə Molotov pozub:

- Yoldaş Stalin, siz məzuniyyətdə olarkən görkəmli rus alimi, akademik Pavlovun yubileyi keçirilirdi. Belə bir fikir var idi ki...

Stalin Molotovun sözünü yarımçıq qoyub:

- Kim icazə verib?

Bu dəfə Voroşilov ayağa qalxıb:

- Yoldaş Stalin, Siz bilirsiniz ki, mən yalnız hərbi məsələlərlə məşğul oluram. Mən başqa adamların işinə müdaxilə etməyi xoşlamıram.

Növbə Lavrenti Beriyaya çatıb:

- Yoldaş Stalin, mənim ümumiyyətlə bu kino işindən anlayışım yoxdur. Kinosuz da başım kinogöstərən çarx kimi qarışıq olur. Elə dünən antisovet təbliğatı aparan...

Stalin Beriyanın da sözünü yarımçıq kəsib və daha ciddi şəkildə soruşub:

- Sualıma cavab verin, kim icazə verib?

Şerbakov ayağa qalxıb:

- Yoldaş Stalin, bu olduqca güclü bir vətənpərvərlik mövzusunda olan filmdir. Filmdə göstərilir ki, rus alimi öz vətənini tərk etmir, burjua sədəqəsinə ehtiyac duymur.

Voroşilov ikinci dəfə qalxaraq müdaxilə edib:

- Mən belə şeyləri anlamıram. Əmr, göstəriş olmadan bir işi özbaşına necə görmək olar? Mən ürəyimlə hiss edirəm ki, bu gün aramızda kimsə ən ağır cəzasını alacaq.

Jdanov ayağa qalxaraq münasibətini bildirməyə çalışıb:

- Yoldaş Stalin, bu film rus elmini, elm xadimlərimizi tərənnüm edir. Bu filmlə biz öz elmimimizi nümayiş etdiririk.

Səbri tükənən Stalin qəlyanını stolun üstünə ataraq bir daha əsəbi şəkildə soruşub:

- Mən sizdən bu filmin mahiyyətini soruşmuram. Sizdən soruşuram ki, filmin nümayişinə kim icazə verib?

Vəziyyətin gərginliyini görən Molotov, Jdanov və Şerbakov ayağa qalxıb bir ağızdan cavab veriblər:

- Biz icazə vermişik yoldaş Stalin.

- Düz eləmisiniz, buna görə sizi mükafatlandırmaq lazımdır.

***

Stalinin sağlığında onun filmlərdə rolunu Mixail Gelovani oynayıb. Rəhbərin obrazını məharətlə yaratdığından Gelovani məşhur aktyorlardan biri sayılıb. Günü-gündən populyarlığı artan aktyor yuxarılardan xahiş edib ki, o Stalinlə görüşmək istəyir. Belə əsaslandırıb ki, obrazı daha dolğun yaratmaq üçün bu görüşlər vacibdir. Gelovani xahiş edib ki, o tez-iez Stalinin bağında, mənzilində və iş otağında olsun, rəhbərin həyat yolları və fəaliyyəti ilə bağlı daha çox bilgilər əldə etsin. Təbii ki, məmurlardan kimsə bu istəyi Stalinə çatdırmağa çətinlik çəkib, daha doğrusu cürət etməyib. Amma bu çətinliyə baxmayaraq məclislərin birində Stalini bu haqda məlumatlandırıblar. Stalin Gelovaninin istəyinə “böyük hörmətlə” yanaşıb və bu istəyi hətta alqışlayıb:

- Mən Gelovaninin fikrini dəstəkləyirəm və bəyənirəm. Mənim obrazımı yaradan mənim həyat yollarıma bələd olmalıdır. Bu yaxşı haldır. Onda Gelovani elə birinci Turuxan sürgünündən başlasın.


İlham Cəmiloğlu

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır