Modern.az

Hansı deputatlar qanun layihəsi hazırlayıblar...  

Hansı deputatlar qanun layihəsi hazırlayıblar...   

8 İyul 2017, 14:23

 Milli Məclisin deputatlarının vəzifələrindən biri də qanun layihəsi hazırlamaqdır.

Maraqlıdır, hansı deputatlar fəaliyyət dövründə qanunvericilik təşəbbüsü ilə çıxış edib, fərdi şəkildə qanun layihələri hazırlayıblar?

Modern.az saytının əməkdaşı bu sualla bəzi deputatlara müraciət edib.

 

Milli Məclisin Müdafiə,  təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü  Zahid Oruc deyib ki, qanun layihəsi təşəbbüsü parlamentdə hər bir millət vəkilinin konstitutsion hüququdur.

“Bununla bağlı geniş prosedurlar müəyyənləşib. Mən lobbiçilik fəaliyyəti qanunvericiliyindən tutmuş, işğal altında olan rayonlarımız haqqında, həmçinin Xocalı soyqrımının tanıdılması ilə bağlı layihəyə qədər müxtəlif məsələlərlə bağlı təkliflər irəli sürmüşəm. Yaxud parlamentdə müzakirələr zamanı müxtəlif qanun layihələrinin dəyişdirilməsi  və ya onlara əlavə, yeniliklərin gətirilməsi istiqamətində təkliflərim olub. Bizim fəaliyyətimizi bir qədər yaxından izləyənlər bilirlər ki, parlamentdə fəal şəkildə milli mənafelərə dayanan, dövlət quruculuğumuzun tələbləri ilə uzlaşan təklifləri gündəmə gətirənlərdən biriyəm.  Mənim hərbi qanunvericilikdə, sosial məsələlərdə, təhsillə bağlı irəliyə sürülən təşəbbüslərin bir çoxunda imzam, iştirakım var.  Yaxud bir neçə deputat bu məsələlər ətrafında öz təşəbbüslərimizi göstərmişik. Ona görə də hansısa qanunu birbaşa olaraq adımızla indeksləndirmək doğru yanaşma olmaz. Hüquq yaratmaq sənəti kollektiv zəhmət tələb edir”.

 

Müdafiə,  təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, konkret olaraq müəllifi olduğu qanun layihəsi yoxdur.

“Amma xeyli sayda qanun layihəsi ilə bağlı təkliflər irəli sürmüşəm. Mən “Elm  haqqında” qanunda özəl sektorun elmin inkişafına cəlb edilməsi ilə bağlı müəyyən təkliflər vermişəm. Bildirdim ki, elm artıq təkcə dövlətin dəstəyilə inkişaf etmək dövrünü keçib. Artıq özəl sektor elmin inkişafında maraqlı olmalıdı. Eyni zamanda, bu maraqlar üst-üstə düşməlidir”.

 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib ki, müəllifi olduğu qanun layihəsi yoxdur.

“ Amma mən istər komitə, istərsə də plenar iclaslarda müxtəlif qanun layihələrinin müzakirəsi zamanı iştirak etmişəm və təkliflər irəli sürmüşəm. Onu da deyim ki, mənim təkliflərimin çoxu da deputatlarımız tərəfindən yaxşı qarşılanıb. Hətta bir neçə qanunlara əlavə də edilib. Həmçinin,  parlamentin iclaslarının çoxunda müzakirələrdə fəal iştirak etmişəm.  Cinayət, Mülki Prosessual məcəllələrə və bir çox qanunlarla bağlı xeyli sayda təkliflərim olub. Düzünü desəm, müəllifi olduğum qanun layihəsi isə yoxdur”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa hazırda heç bir qanun layihəsi hazırlamadığını bildirib.  

“Çünki mənim hazırladığım bir neçə qanun layihəsi müzakirəyə çıxarılmadı. Ona görə də yeni qanun layihəsi hazırlamıram.  Hazırladığım qanun layihələri bunlardır: “Deputat statusu haqqında”, “İşğal olunmuş əraziilərdə mülki əhalinin sığortalanması haqqında”, “Əvvəllər prezident seçilmiş şəxslərin hüquqlarının təminatı haqqında”, “Hərbi münaqişə zamanı vətəndaşların icbari sığortası haqqında”, “Diffomasiya haqqında” qanun layihələri. Amma çox təəssüflər olsun ki, bu qanun layihələri müzakirəsiz qaldı. Yeni qanun layihələri hazırlamasam da, parlamentin istər komitə, istərsə də plenar iclaslarında müxtəlif təkliflərlə çıxış edirəm”.

Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib ki,  “Körpələrin və azyaşlı uşaqların qidalanmqası haqqında” qanun layihəsinin müəllifidir.

“Bu qanun 2002-ci ildə qəbul edilib. Bundan sonrakı vaxtlarda “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Dərman vasitələri haqqında”, “İnsanın immunçatışmazlığı sindromu xəstəliyi ilə mübarizə haqqında” “Psixiatriya yardımı haqqında”, Əmək Məcəlləsi, Ailə Məcəlləsi və s qanunlar mənim müəllifliyim, təklifim, yaxud yaxından iştirakım ilə hazırlanan və qəbul olunan sənədlərdir”.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, həmkarı Əli Məsimli ilə birikdə “Reklam haqqında” qanunu hazırlayıb.

“Həmçinin  hər zaman  istər komitə, istərsə də plenar iclaslarda müxtəlif qanun layihələrinin müzakirəsi zamanı iştirak etmişəm və təkliflər irəli sürmüşəm. Təkliflərimin çoxu da həmkarlarım tərəfindən yaxşı qarşılanıb. Hətta mənim təklifimlə  bir neçə qanunlara əlavə də edilib”. 


Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir